Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular…” – Tahir Əliyev

“Ölkəyə un gətirəndə kömək etdiyim çeçenlər və dağıstanlılar mənə çox böyük dəstək oldular…” – Tahir Əliyev

Azərbaycanın sabiq müdafiə naziri, daxili işlər naziri və Dövlət Gömrük Komitəsinin sədri Tahir Əliyev Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentin bizlərə qarşı düşmənlərimiz tərəfindən təxribat xarakterli addım olduğunu bildirərək, bir neçə maraqlı tarixi hadisələri bizimlə bölüşüb. T.Əliyev qafqazlıların həmişə bir-birilərinə qardaş münasibətləri olduqlarını deyib. Ən vacib məqam isə 1994-cü ildə Azərbaycanda un qıtlığı yaşanan zaman T.Əliyevin ölkəyə un gətirməsində çeçenlər və dağıstanlılar ona yaxından dəstək olublar.  

T.Əliyev Moderator.az-a açıqlamasında həmin məqamlara toxunub:
“Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insident provokasiyadır. Bu həm də ki, düşmənlərimizin təşkil etdiyi bir təxribatdır. Biz azərbaycanlılar həmişə Şimali qafqazılarla mehriban dost və qardaş olmuşuq. Hətta SSRİ dövründə Rusiyada yaşayan qafqazlılar arasında qardaş münasibətləri olub. 1972-ci ildən Kuzbass Kemerovada daxili işlər orqanlarında rəhbər vəzifələrdə işləmişəm. O dövrdə də imkanım daxilində qafqazılara köməklik edirdim. Məhz bu köməyin nəticəsi idi ki, 1994-cü ildə Azərbaycanda un qıtlığı olanda ölkəyə un gətirmək üçün mənə vaxtilə kömək etdiyim çeçenlər və dağıstanlılar çox böyük dəstək oldular. Həmin vaxt məsələ həddindən artıq çox ciddi idi və hətta Rusiya hökuməti səviyyəsində göstəriş verilmişdi ki, Azərbaycana un buraxılmasın. Biz o yoldaşların dəstəyi nəticəsində unu ölkəyə gətirə bildik. Yəqin ki, o çətinliklərin şahidi olan insanlar bunu yaxşı xatırlayırlar”. 
Onun sözlərinə görə bir müddət sonra ermənilər onu Moskvanın göstərişi ilə çıxarıblar Qarabağdan çıxarmağa müvəffəq olublar: 
“Başqa bir faktı sizə demək istəyirəm. Bunu birinci dəfədir ki, ictimaiyyətə açıqlayıram. Kuzbass Kemerovadan Moskvaya akademiyanın birinci fakültəsinə göndərildim. Akademiyanı bitirdikdən sonra isə iş üçün Dağlıq Qarabağa göndərildim. Qarabağda 1988-ci ildə vəziyyət həddindən artıq ağır idi. Həmin vaxt azərbaycanlıları artıq Dağlıq Qarabağdan çıxarırdılar. Mən Qarabağa gələn kimi demək olar ki, azərbaycanlıların çıxarılma prosesi dayandırıldı. Bu isə erməniləri qane etmirdi. Ermənilər Moskvanın əliylə məni Dağlıq Qarabağdan çıxarmağa müvəffəq oldular. Qaldı ki, mənim Dağlıq Qarabağdakı fəaliyyətimdən “Youtube” kanalında kifayət qədər material var və buna qarabağlılar da şahiddir. Bu işdə respublika rəhbərliyi zəiflik göstərdi və məni Sumqayıt şəhərinə gödərdilər. Həmin vaxt Sumqayıt Şəhər Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində işləməyə başladım”. 
T.Əliyev ilk dəfə olaraq çeçen general Aslanbek Aslaxanovla maraqlı xatirəsindən danışıb:
“Bir gün gecə saat 12:00 radələrində bölməyə “UAZ” markalı maşın gəldi. Maşından qadınlar düşürməyə başladılar. Maraqlandım ki, bunlar kimdir. Mənə məlumat verdilər ki, bu qadınlar doğum evinin baş həkimləridir. Mən baxdım ki, maşına ancaq iki adam sığar, bunlar isə beş nəfər qadını ora doldurmuşdular. Yaxınlaşıb müstəntiqə iradımı bildirib dedim ki, bu nə hərəkətdi edirsiniz? Bunlar kimdi bura gətirmisiniz? Dedilər ki, həbsxanalarda yer olmadığı üçün qadınları Sumqayıta gətirmişik. Dedim ki, siz çox böyük səhv etmisiniz, mən bunları qəbul etmirəm. Müstəntiq ora-bura zəng vurandan sonra daxili işlər nazirinin birinci müavini V.P.Barannikovla danışdı və  bildirdilər ki, burda rəis müavini var adamları qəbul etmir. V.P.Barannikov  mənə göstəriş verdi ki, sabah saat 11:00-da onun qəbulunda olum. Səhəri gün V.P.Barannikovun qəbulunda mübahisə etdik, az qaldı ki, əlbəyaxa olaq. Bu vaxt istirahər otağından bir nəfə qafqaz xarici görünüşlü adam çıxıb dedi ki, “burda nə səs-küydü?”. Mən onda dedim ki, Heydər Əliyevin işdən çıxarılmasını bəhanə edərək Azərbaycan xalqının başına bu oyunları niyə gətirirsiniz? Beş nəfər ziyalı, həkim qadını zorla maşına mindirib Sumqayıta gətiriblər və mən də buna narazılığımı bildirmişəm. Bu sözləri deyəndə həmin adam mənim tərəfimi saxladı və dedi ki, “Axır ki, bir kişi tapılıb millətinin sözünü dedi”. Bu sözlərdən sonra mənə sarı çevrilib təşəkkür etdi. Sonradan öyrəndim ki, o adam çeçen millətindən olan general Aslanbek Aslaxanovdur. Sən demə Azərbaycanı yoxlamaq üçün göndərilən ən səlahiyyətli şəxş olub. O, məni müdafiə edəndən sonra V.P.Barannikov da geri çəkildi. Nazirliyin bir çox əməkdaşı bu hadisənin şahidi oldular. Sonradan mən daxili işlər naziri olanda A.Aslaxanova məni müdafiə etdiyi üçün bir neçə dəfə təşəkkür etdim. Ömür boyu A.Aslaxanovun bu yaxşlığını unutmayacam”.  
T.Əliyev sonda azərbaycanlılara və çeçenlərə müraciət edərək belə təxribatlara uymamağı məsləhət görüb: 
“1990-cı illərin əvvəllərində “Pravda” qəzetində “Aliyevşina” adlı məqalə çap olundu. Praktiki olaraq mənim dediklərim orda öz təsdiqini tapdı. Bunları deməkdə məqsədim odur ki, biz çeçenlərlə həmişə qardaş olmuşuq və buna general A.Aslaxanovu misal çəkə bilərəm. Sonda azərbaycanlı və çeçen qardaşlarıma məsləhət görürəm ki, təmkinli və ağıllı olsunlar və gələcəkdə bu cür provakasiyalara getməsinlər”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …