Cümə , Aprel 26 2024
Ana səhifə / Müsahibə / “Müsavat Partiyası və AXCP də özünü buraxmalıdır” – Musa Musayev

“Müsavat Partiyası və AXCP də özünü buraxmalıdır” – Musa Musayev

Məşhur YAP-çı, keçmiş icra başçısı Musa Musayevin “Yeni Sabah”a müsahibəsini təqdim edirik:

– Son 2-3 ayda Azərbaycanda 22 siyasi partiyanın fəaliyyəti dayandırılıb. Bu tendensiyaya münasibət bildirməyinizi istəyirdik…

– Bu, tamamilə qəbul olunan bir məqamdır. Çünki keçid dövründə 50-dən çox partiya yaranmışdı. Bu partiyaların əksəriyyətinin də bir peçatı, bir sədri, bir blankı, bir də portfeli var idi. Yəni əksəriyyətinin üzvləri yox idi. Ona görə də “Siyasi partiyalar haqqında” qanunun qəbul olunması qənaətbəxşdir.

Mənə elə gəlir ki, o partiyalar yavaş-yavaş səhnədən getməlidir. Ya bunlar özlərinə potensial qüvvə toplamalı, tərəfdarları olmalıdır, yaxud da ki, bunların bir neçəsi birləşib saya uyğun partiya yaratmalıdırlar. Ona görə də bu, qəbulolunandır.

– Sizcə, siyasi proseslərə təsiri olmayan partiyaların ləğvinə ehtiyac vardımı? Zərurət haradan yarandı? Eləcə də bu qərar ölkənin siyasi həyatında süstlüyə gətirəcəkmi?

– Ləğv olunan partiyaların hamısı heç vaxt nə bələdiyyə, nə parlament, nə də prezident seçkilərində iştirak etməyiblər, namizədləri olmayıb. Əgər onlar seçkilərdə iştirak etmirlərsə, onda bu partiyaların fəaliyyət göstərməsinin mənası nədən ibarətdir?

Bu partiyaların əksəriyyəti, hətta vəsiqə belə verməyiblər. Əgər partiya mövcuddursa, eləcə də bunun sədri, blankı və peçatı varsa, onun üzvlərinə niyə vəsiqə vermirlər? Ona görə vəsiqə verə bilmirlər ki, orada say görünür və bunlar da, yəqin partiya tərəfdarlarının sayını göstərmək istəmirlər. Çünki bunların partiyalarındakı tərəfdarlarının sayı azdır. Onun üçün də bir iki partiyanı çıxmaqla – başda YAP olmaqla – heç biri üzvlərinə vəsiqə verməyib. Yəni onların 99%-nin vəsiqəsi yoxdur. Bu da o deməkdir ki, bunların üzvləri yoxdur və üzvlərinin sayı çox aşağı səviyyədir. Çünki vəsiqələrdəki nömrələrdə üzvlərin sayı göstərilir.

– AXCP və Müsavat Partiyasının hansı addımı atacağını gözləyirsiniz? 

– AXCP-Müsavat cütlüyünə gəldikdə isə bunlar guya ki, özlərini öncül partiya adlandırıblar. Amma 1993-cü ildən bu tərəfə bunlar seçkilərdə iştirak etsələr də, heç bir qələbə qazana bilməyiblər. Mənə elə gəlir ki, onlar da səhnədən silinib gedəcəklər. 30 il müxalifətdə olmaqmı olar?! Müxalifət partiyası o deməkdir ki, müəyyən dövrdən sonra bir müddət iqtidarda təmsil olunsun. Amma AXCP-Müsavat cütlüyü 1992-1993-cü illərdə 12 ay hakimiyyətdə oldular, sonra da siyasi səhnədən silinib getdilər. Ondan sonra bütün seçkilərdə iştirak ediblər, amma heç birində uğur qazana bilməyiblər.

– Yəni sizin qənaətinizə görə AXCP və Müsavat ləğv olunmalıdır…

– Əlbəttə ki, onlar artıq ləğv olunmalıdır. Çünki partiyalara inam azalıb. İkincisi də dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər partiya yoxdur.

– Az öncə siz partiya üzvlərinin sayından söz açdınız. Yeri gəlmişkən, ReAl sədri İlqar Məmmədov deyib ki, partiyasına 5 min üzv yığa bilmir. Bu açıqlamanı necə dəyərləndirirsiniz?

– İlqar Məmmədovun ReAL Partiyası neçə ildir mövcuddur, amma o partiyanın potensialı yoxdur. Əgər o sayı düzəldə bilmirlərsə, bu partiya nəyə görə qeydiyyatdan keçməlidir? Yəni bunlar 7 milyona yaxın seçicisi olan respublikada 5 min nəfəri partiya sıralarına qəbul edə bilmirlərsə, habelə rayon təşkilatlarını yarada bilmirlərsə, o partiyalar kimə və nəyə lazımdır?!

– Tez-tez sosial şəbəkələrdə və mediada siyasətçilər tərəfindən belə bir təklif irəli sürülür ki, parlament buraxılmalı və yenidən parlament seçkiləri keçirilməlidir. Buna münasibətiniz?

– Düşünürəm ki, parlamentin buraxılmasına ehtiyac yoxdur. Parlament normal fəaliyyət göstərir, demokratik seçki yolu ilə vaxtından əvvəl parlament seçkiləri keçirildi və YAP 70 nəfərlə Milli Məclisdə təmsil olunur. Fikrimcə, parlamentə vaxtından əvvəl seçkilərin keçirilməsi mümkün deyil. Mənə elə gəlir ki, buna ehtiyac da yoxdur.

– Müğənni Nura Suri deputatlığa namizədliyini vermək və seçilərsə, parlamentdə təmsil olunmaq istədiyini dilə gətirib. Ümumiyyətlə, şou biznes-nümayəndələrinin deputat seçilmək həvəsini bəs necə qiymətləndirirsiniz?

– Mənim Nura Suridir, yoxsa Sura Nuridir, onun haqqında məlumatım yoxdur. Amma xatırladım ki, SSRİ Xalq artisti Zeynəb Xanlarova vaxtilə parlamentdə təmsil olunub. Hətta Zeynəb Xanlarova “91”lərdən – o vaxtı Heydər Əliyevin ölkəyə dönməsi üçün ona müraciət edən şəxslərdən biri olub. Onun parlamentdə özünəməxsus dəsti-xətti mövcud olub ki, bununla da Zeynəb xanım hər zaman sözünü deyib.

İndi bu, o demək deyil ki, müğənniləri bəyənən adamlar varsa, bunlar da deputat olmalıdır və s. Namizədliklərini verə bilərlər, çünki qanunvericilikdə də yazılıb ki, 18 yaşından yuxarı hər bir kəs deputatlığa namizədliyini verə bilər. Sadəcə olaraq, onun tərəfdarı, seçicisi olacaq, ya yox, bu, artıq sual altındadır. Yoxsa ki, istənilən Azərbaycan vətəndaşı parlament seçkilərində iştirak edə bilərlər. Yəni bu qanunda sədd yoxdur. O cümlədən də Nura Suri namizədliyini verib özünü sınaqdan keçirə bilər. İndi ona kim səs verəcək-verməyəcək, bunu seçki göstərəcək.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …