Ana səhifə / “Müharibə bitməyib, biz daim hazır olmalıyıq” – İlham Əliyev

“Müharibə bitməyib, biz daim hazır olmalıyıq” – İlham Əliyev

“Əvvəl bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40×46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışında deyib. İ. Əliyev bildirib ki, Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlayıb: “2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılmışdır və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilibdir.

Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur”.

Prezident deyib ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır: “Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək”.

Qarabağ münaqişəsi haqda danışan İ. Əliyev deyib ki, Dağlıq Qarabağ, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır: “Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir”.

İ. Əliyev deyib ki, bizim hərbi büdcəmiz kifayət qədər böyükdür: “Bu məsələ bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək”.


Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın