Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Müğənni Rahidə Baxışova: “Mənə pul qarşılığı “sevgilim ol” deməyib”

Müğənni Rahidə Baxışova: “Mənə pul qarşılığı “sevgilim ol” deməyib”

Müğənni Rahidə Baxışova musavat.com saytının suallarına cavab verib. Onunla yeni yaradıcılıq işlərindən, şou-biznesdəki qalmaqallardan və şəxsi həyatından danışdıq: “Klarnetçi Hüseyn Məhəmmədoğlu ilə Hakan Altunun “Telefon” mahnısını yazdırmışıq. Hüseyn klarnetdə gözəl ifa edir. Fikir onun idi, dedi ki, gəl, bərabər çalışaq. Razılaşdım. Indi səslənmə işləri gedir. Hüseynlə işbirliyimiz davam edəcək.Yeni mahnılar üzərində çalışırıq”.

– Bəstənin müəllifi  Hakan Altundan icazə almısınızmı?

– Bu sualı türk qarmon çalan da Hüseynə verdi. Hüseyn də gözəl cavab verdi ki, onlar bizim mahnıları oxuyub, anonim yazırlar.

Biz isə hər yerdə onların mahnılarının müəllifini qeyd edirik. Onlar anonim yazırlar, biz etiraz etmirik.  Bəlkə də, bizimkilər Türkiyədə mahnılarının məşhur olmasını istədikləri üçün susurlar. İnanıram ki, gələcəkdə bu məsələlər həllini tapacaq.

– Son günlər qalmaqallar gündəmdən düşmür. Sizin münasibətiniz necədir?

– Mən qalmaqaldan qaçan adamam.
– Niyə qaçırsınız, gündəmdə qalmağın bir üsuldur.

– Son illər başa düşmüşəm ki, qalmaqal sənətçi üçün çox vacibdir. Əvvəllər bizə qalmaqal lazım olmayıb, işimizlə gündəmdə idik, yaddaşda qalırdıq. Indi nə oxusan da xeyri yoxdur, bir söz deyirsən, olursan günün qəhrəmanı.

– İndi tanınmışların tribunası çoxdur. O zaman tanınmaq çətin idi. Amma yadda qalandan sonra unudulmurdun.

– Gərək zamanın tələbinə uyğunlaşasan. Mən kiminsə haqqına girməkdən qorxuram. Amma kimsə damarıma basanda artıq susmuram. Keçən dəfə verilişdə də mən Fatimə ilə aramızda olan xoşagəlməz halı dilə gətirmədim. Amma o zəng edib, danışdı və mən də cavab verdim. Sonda məsələni xoşluqla bitirdim.  Aramızda qan davası olmayıb. Bir-birimizi anlamamışıq.

– Xına  evi açmısınız. Fatimə ilə problem də buradan yaranıb.

– Xına evini çoxdan açmışam, indi dilə gətirirəm. Həmişə Allahıma deyirəm ki, nə zamansa məndə paxıllıq hissi olacaqsa, al qopart. Mən tək başına çalışıb, bu yerlərə çatmışam. Düzdür, kömək edən dostlarım var, amma işin əsas yükü mənim çiynimdədir. Mənə kimsə gətirib 1 manat vermir. İstəmirəm də. Iki övladın yükü üzərimdədir. Onların gələcəyini qurmağa çalışıram.

– Keçmiş həyat yoldaşınız kömək etmir?

– Əlbəttə, kömək edir. Mənim üzərimə maddi və mənəvi daha çox iş düşür. Allah övladlarımıza dəyməsin. Mən o yükü daşımağa hazıram.

– Oğlunuz böyükdür. Fotonuzu görənlər elə bildilər ki, sevgilinizdir. Oğlunuz işlərinizə qarışır?

– Oğlum işlərimə qarışmaz. O bilir anası həm qadındır, həm kişidir, həm dostu, həm bacısıyam. Mənim xoşum gəmir ki, övlad valideynin işinə qarışsın. O mənə deyə bilməz ki, filan yerə getmə, onu geyinmə. Seçim mənimdir.

– Azərbaycanda oğlan uşağını böyüdəndə tez-tez deyirlər ki, sən atandan sonra evin kişisisən. Ana-bacına nəzarət etməlisən” və s.

– Mən də deyirəm ki, həm atamsan, həm qardaşımsan, həm oğlumsan.  Amma heç vaxt işimə qarışmaz. Bəzən evə nə isə lazım olur, yorğun olub, ala bilmirəm. Gəlib, oğluma deyirəm, alıb gətirir. O zaman Allaha dua edirəm ki, yaxşı ki, övladım var.

– Hər zaman sakit təbiətli görünürsünüz. Nələr sizi özünüzdən çıxarır?

– Haqsızlığa dözə bilmirəm. Özümdən çıxanda heç kim məni saxlaya bilmir. Tez əsəbləşən biri deyiləm, səbirliyəm. Amma üzərimə çox gələndə sərt reaksiya verirəm.

– 3 il sənətdə fasilə verdiniz. Yenidən qayıdanda tamaşaçılar sizi qaldığınız yerdən qəbul etdi. Amma həmkarlarınız haqqında bunu deyə bilmərik.

– Mən yeni başlayan müğənni olsaydım, bəlkə də, qəbul olunmayacaqdım.  Illərlə səhnədə olduğum, tanınıb, sevildiyim üçün unudulmadım. Məni insanlar yenidən bağına basdılar. Dedilər ki, yaxşı ki, qayıtdın, yerin görünürdü.  Amma bəzi həmkarlarım dönüşümdən narahat oldular.

– Fərqli görünüşdə qayıtdınız. Hətta, burun-çənə əməliyyatı etdirdiyiniz iddia olunurdu.

– Çənə əməliyyatı etdirməmişəm. Çənəmlə bağlı kompleksim olmayıb. Burun əməliyyatı etdirmişəm. Üzüm çox dəyişdi. Burnum kəsiləndən sonra dodağım da dəyişdi.

– Məşhur xanım olmaq elə də asan deyil. Tanınmış xanımlar da etiraf edir ki, müxtəlif kateqoriyalardan bəylərin diqqətindədirlər. Onlara sevgililik qarşılığı dəstək, sponsor olmaq təklifləri gəlir.  

– Əlbəttə, gözəl xanıma, bəyə qarşı həmişə diqqət olur. Amma mənə sponsor olmaq istəyən olmayıb. Heç kim dəstək, pul qarşılığı “sevgilim ol” deməyib.

– Qadınların hər zaman sevgiyə, diqqətə ehtiyacı var. Şəxsi həyatınızda kimsə var?

– Əlbəttə, sevgiyə ehtiyac var. İbrahim Tatlısəsin həyatında çox qadın olub. Amma o bir dəfə dedi ki, qəlbim boşdur. O qədər qadınla birlikdə olan birinin sevgisizlik çəkməsi acı gerçəkdir. Qadın sevəndə xoşbəxt olur, üzü gülür.

–  Bu yaxınlarda Aygün Kazımova dedi ki, onun həyatında kişi olanda  çalışa bilmir. Sizdə vəziyyət necədir?

– Aygün xanıma qatılıram. Sevəndə mənim də fikrim qarşı tərəfdə qalır. Onu düşünürəm.

– Son günlər qalmaqallardan demək olar ki, şou-əhlinin başı açılmır. Röya-Nigar, Aygün-Röya, Xatun-Fatimə və başqaları ard-arda  gündəmə gəldi. Qalmaqallar əsasında da qruplaşmalar yaranır. Siz hansı qrupdansınız?

– Qalmaqallarla bağlı xəbərlər “İnstagram”da qarşıma  çıxır, oxuyub keçirəm. Mən hansısa qruplaşmada deyiləm. Hamısını çox istəyirəm.

 İlhamə Quliyevanın ölümündən sonra şou-biznesdə tac davası gedir, çoxları hegemonluğu ələ almaq istəyir. Sizin belə iddianız yoxdur?

– Novruz bayramı ilə əlaqədar çəkilişdə mən də tac qoymuşdum. Mənim tacım İlhamə xanımın tacından deyil. Kiminsə hegemonluq etməsi düzgün deyil. Hamımızın öz ağlı var. Əvvəllər mənim də əlimdə böyük güc olub. Lakin heç vaxt ondan istifadə edib, kimisə əzməmişəm, yolunu kəsməmişəm. .

– İlhamə Quliyeva şou-biznesi idarə edirdi. Sizcə, ondan sonra bu sahəyə rəhbərlik edəcək biri var?

– Mən heç o idarəçiliyi hiss etməmişəm. Məni tədbirlərin birində görüb dedi ki, Rahidiçka, efirlərlə bağlı problemin yoxdur? Olsa , mənə de. Mənim problemim olsa da, İlhamə xanıma deməmişəm. Özüm həll etməyə çalışmışam.

– Qadağada olduğunuz telekanal var?

– Yoxdur. Şükür, hamısı ilə münasibətlərim yaxşıdır.

– Xarici ölkələrdə məşhurlar müəyyən yaşdan sonra siyasətə qarışır. Sizin belə istəyiniz var?

– Siyasətdən anlayışım yoxdur. Nə zamansa siyasətə qarışmaq istəmirəm. Müğənnilikdən başqa restoran sahibi olmaq istəyərəm. İş qadını olmaq arzum var.

– Hələ də müğənnilərimizin klubda konsert verməsinə münasibət birmənalı deyil.  Lakin xarici ölkələrdə klublardakı kiçik konsertlərdən müğənnilər yaxşı gəlir əldə edir.

– Bir müddət öncə dostumuz Caba mənə dedi ki, klubumuzda hər həftə bir müğənni konsert vermək istəyir. Sən də gələ bilərsən? Tərəddüd etdim, getmədim. Biz öyrəşməmişik. Klub deyəndə ağıla çılpaq rəqs edən qızlar gəlir. Ona görə də biz orada konsert verəndə birmənalı qarşılanmır.

– Bir az da geyimlərinizdən danışaq. Geyimlərə çox pul xərcləyirsiniz?

– Əvvəllər xərcləyirdim. Amma mən başqaları kimi deyə bilmərəm ki, bir paltara 10 min verdim, bir ay paltara 60 min xərcləyirəm. Bütün paltar, ayaqqabılarımı toplasan, 60 min manat edər. Artıq sosial şəbəkələrdə mağazalardan reklam qarşılığı geyim alırıq. Ona görə geyimə çox pul xərcləmirəm.

Könül,
Musavat.com,
Fotolar Elçin Əkbərindir.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …