Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Mənim yerimdə oturmağı məqsəd qoymasan, çox alçaqsan” – Video

“Mənim yerimdə oturmağı məqsəd qoymasan, çox alçaqsan” – Video

Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribovun “Qafqazinfo”ya müsahibəsi:

– Adil müəllim, sizinlə görüşə gəlməmişdən öncə Milli Nüvə Tədqiqatları Mərkəzinin sədrindən müsahibə alacağımı deyəndə çoxları təəccüblə soruşdu ki, Azərbaycanda belə bir mərkəz var? Niyə nüvə adı insanlara belə təəccüblü gəlir? Bu həm də mərkəz haqqında informasiyanın yetəri qədər verilməməsindənmi qaynaqlanır?

– Nüvə sahəsi ikitərəfli məna daşıyır. Bu, cəmiyyətin gələcək yeganə enerji mənbəyi olan sahədir. Digər tərəfdən də hər bir ölkənin strateji qüdrət mənbəyidir. Nüvə deyəndə kimsə ona fantastik qorxu ilə yanaşır. Dünyada hansı ölkə nüvə silahına sahibdirsə, o ölkə çox güclüdür. Baxın Amerika kimi dövlət İraqı məhv etdi, amma İrana dəyə bilmir. O cümlədən Pakistan, Şimali Koreya və sairə. Ona görə də öz dediyini başqalarına daha asanlıqla yeridə bilir.

Nüvə texnologiyası özünü dünyada açıq və qapalı şəkildə büruzə verir. Bizdə də keçmiş SSRİ-nin tərkibində olduğumuz üçün hələlik qapalı qayda özünü göstərməkdədir. Bunu çox da açıq şəkildə büruzə vermirik.

Ölkəmiz 1994-cü ildə dünyaya bəyan etdi ki, biz yalnız dinc nüvə texnologiyalarının və onun inkişaf etdirilməsinin tərəfdarıyıq. Ona görə də bu sahədə olan bütün konvensiyalara qoşulmuşuq.

Bu mərkəz 2014-cü ildə cənab prezidentin sərəncamı ilə yaradılıb. Ona görə də bu mərkəzin yaradılmasına hətta dövlət məmurlarında da baxış iki cürdür. Məmurların  da bəzisi bundan qorxur, bəzisi dayaq olmaq istəmir. Ona görə cəmiyyətimizin də, medianın da  nüvə sahəsinə bu cür baxışı var.

Amma sizin kimi mütərəqqi düşünənlər bilir ki, nüvə sahəsinin elmə nə qədər töhfələri var. Siz bilirsiniz ki, bu dünyada mütərəqqi və strateji elm sahəsidir. Ona görə də istəyirsiniz ki, bu sahədə olan məlumatları cəmiyyətə çatdırasınız. Bu, çox gözəl təşəbbüsdür. Digərləri də deyir ki, nə işimə qalıb, özümü bu sahəyə daxil edim?!

Hesab edirəm ki, nüvə elmləri ilə bağlı cəmiyyətin bütün təbəqələrində məlumat olmalıdır. Çünki dünyada baş verən hadisələrin özəyini başa düşmək üçün bu elmi bilmək lazımdır.

– Mərkəzin fəaliyyət istiqamətlərinin bir bəndində qeyd olunub ki, Azərbaycan ərazisində nüvə xammal ehtiyatları axtarılıb tapılmalıdır. Söhbət yəqin ki,  uraniumdan gedir. Azərbaycanda uranium ehtiyatı varmı? 

– Bütün ölkələr nüvə proqramı həyata keçirməyə başlayanda birinci növbədə, ölkələrin potensialları müəyyən olunur. Bunun birincisi, kadrdır. Ona görə də sərəncamda qeyd olunub ki, nüvə və nüvə texnologiyalarını inkişafı üçün kadr bazası formalaşmalıdır. İkinci məsələ, respublikanın nüvə və nüvə texnologiyasına olan ehtiyacıdır. Üçüncü məsələ isə nüvənin əsas istiqaməti olan energetikadır. 1954-cü ildə SSRİ-də ilk nüvə reaktoru işə düşəndə qeyd edildi ki, nüvənin dinc məqsədlərlə istifadəsinin ən geniş tərəfi energetikadır. Energetika sahəsində isə nüvə texnologiyasının tətbiqində birinci, ümdə məsələ əlbəttə, onun yanacağa malik olmasıdır. Burada söhbət ondan getmir ki uranium, torium ya da başqa yataqlar olsun. Söhbət ondan gedir ki, respublikada bunu əhatə edən hər hansı torpaq sahəsi, süxur, yataq varmı, yoxsa yox?

Sovetlər Birliyində bizim ölkənin ərazisi tədqiq olunub. Lakin onların çoxusu gizli qriflərlə mərkəzi aparata aparılıb. Bizim bu sahədə məlumatımız kifayət qədər deyildi. Gələcəkdə nəzərdə tutulur ki, kadr məsələsi həll olunandan sonra ölkə ərazisində nüvə xammal ehtiyatlarını axtarışı ilə məşğul olaq. Nüvə qurumu yaradırıqsa onun hər hansı xammalına görə xaricdən asılı vəziyyətdə qalırıqsa, o qurum davamlı fəaliyyət göstərən qurum olmur. Hansı ölkədən reaktoru almışıqsa, onlar istənilən anda bundan istifadə edə bilir. Bu zaman 5 milyardlıq bir qurğu boş qala bilər.

– 3 ildir ki, fəaliyyət göstərirsiniz. Bu müddət ərzində elmə nə kimi töhfələr vermisiniz? 

– Birinci növbədə, nüvə tədqiqatlarının ilkin kompleks şəkildə aparılması ilə bağlı qərar verilib. Sərəncamda da qeyd olunur ki, Azərbaycanda bu sahədə tədqiqatlar pərakəndə aparılıb. Biz sovetlərin nüvə tədqiqatında iştirak edirdik. Mən və əlavə  4-5 nəfər şəxs həmin proqram əsasında yetişmiş mütəxəssisik. Bizim cənab prezidentə müraciətimiz əsasında bəzi universitetlərdə artıq nüvə ilə bağlı ixtisaslar açılıb. Məsələn, Bakı Dövlət Universitetində nüvə fizikası ixtisası açılıb. BDU-da bu fənni bizim kadrlar deyir. Güman edirəm ki, bu sahə inkişaf edəcək. Birinci növbədə, bizim daxili mütəxəssis bazamız çox aşağıdır. Ona görə də beynəlxalq qurumlara müraciət edirik. Biz bu dəqiqə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə iki layihə aparırıq. Bunlardan biri tədqiqat nüvə reaktorunun texniki əsaslandırılmasıdır. Bu, çox mühüm məsələdir. Çünki kadr olmadığı halda MAQATE belə bir qurğunun yaradılmasına icazə vermir.

CERN-də ayrıca özümüzün iştirak etdiyi “Alice” təcrübəsi var. Biz yalnız “Alice” in üzvüyük. O təcrübədə fizika qrupunun rəhbəri də bizim əməkdaşımız olan Anar Rüstəmovdur. “Alice”in üzvü Azərbaycandan yalnız bizik. O sahə üzrə 4 əməkdaşımız var. Anar Rüstəmov Almaniyada çalışır. Həm də CERN-də bizi təmsil edir. Gələcəyin perspektivli alimlərindən biridir. AMEA gəlib məndən xahiş etdi ki, Anar Rüstəmov orada çalışsın. Onlarda da mütəxəssis yoxdur. Onlar “Atlas” proqramı üzrə iş aparırlar. O proqramı aparan alim rəhmətə gedib. Onların kadr potensialı yoxdur. Əfsuslar ki, Anar Rüstəmovu orada saxlayıb ona imkan yarada bilmədilər. Yalnız Azərbaycan dövləti və prezidenti tərəfindən dəstək kifayətdir ki, biz o təcrübədə kifayət qədər uğurla iştirak edək.

– Bilirsiniz ki, CERN-də Böyük Hadron Kollayderinin qurulması 1998-2008-ci illərdə baş tutub. Deyə bilərik ki, insanlıq tarixinin bu günə kimi inşa etdiyi ən böyük sınaq mərkəzidir. 15 milyarda yaxın vəsait xərclənib. Yerin 175 metr dərinliyində belə böyük bir qurğunun yaradılmasında dünyadan irqindən, dinindən asılı olmayaraq 10 minə yaxın alim, mühəndis iştirak edib. Bizim alimlər “Atlas”, “CMS” detektorlarının quraşdırılmasında, oradakı təcrübələrdə iştirak edibmi? 

– Bizimkilər ilkin olaraq AMEA tərəfindən “Atlas” detektorunda iştirak ediblər. Həmin proqram çərçivəsində o zaman data mərkəzin informasiyalarından istifadə edərək fəaliyyət göstərirdilər. Bunu da Dubna vasitəsi ilə ediblər. Amma onun yaradılmasında, təcrübənin qoyuluşunda iştirak etməyiblər. Yalnız müşahidəçi qismində olublar. CERN-də indiyə kimi hansısa təcrübə, ideya bizim tərəfimizdən verilməyib.

Biz iki il bundan qabaq nazir müavini Elmir Vəlizadə ilə birgə CERN-ə getmişdik. Bizim tərəfimizdən müraciət var idi ki, Azərbaycan CERN-nin assosiativ üzvü olsun. Onların rəhbərliyi yığışıb bizimlə birgə seminar keçirirdi. İlkin sualı o oldu ki, sizin istifadəçiləriniz varmı? Yəni biz ora üzv oluruqsa, orada gedən bütün təcrübələrdən faydalanmalıyıq. Əfsuslar olsun ki, bizdə istifadəçilərin sayı bir-iki nəfərdir. Ermənistandan 18-19, Gürcüstandan isə 36-37 istifadəçi var. Baxın ki, bizim nüvə elmləri sahəsinə münasibətimiz necədir? Mən də başladım çıxışımda bir az vəziyyəti bəzəməyə ki, biz Dubna vasitəsilə sizlə əməkdaşlıq edirik. 3 nəfər var. O yazıqların da heç birinin işi Azərbaycan tərəfindən təqdim olunmayıb. Mənim doktorantım olan Anar Rüstəmovun işi də Almaniyadan ora göndərilib. Biz çox acınacaqlı vəziyyətdəydik. Belə vəziyyətdə olduğumuz halda biz CERN-də hansısa təcrübənin qoyulmasında iştirak da edə bilmərik. Biz hələ onu istifadə etməyi bilmirik, nə ideya verə bilərik? Hələlik bizim orda iştirakımız üzdəniraq qonşumuz səviyyəsində də deyil. Özbəkistan, Qazaxıstan, Ermənistan, Gürcüstan bizdən irəlidir.

– Mənim üçün də üzücü olan məsələ odur ki, axtarış edən zamanı bu 10 min alimin içərisində bir dənə də olsun azərbaycanlının adına rast gəlmədim. Belə olan halda, biz necə elmin inkişafından danışa bilərik? Çünki elmi inkişafın pik nöqtəsi CERN-dir.

– Siz əgər axtarış etsəniz, hansısa məqalələrdə azərbaycanlı alimlərin adına rast gələ bilərsiniz. Mənim də adımı tapa bilərsiniz. Bu, o deməkdir ki, biz kollabarasiyaya  üzv olduğumuz üçün avtomatik bu sahədə çap olunan 200-300 alimin içərisində bir nəfəri tapa bilərik. Ancaq mən kollabarasiyanı özümə elmi əsər hesab etmirəm. Əfsuslar ki, bizim akademiyada bəzi üzvlər yalnız onunla hesabat verirlər. Onların orada bir nəfər də olsun işçisi yoxdur. Siz çox gözəl qeyd elədiniz. Mən də istərdim ki icraçı kimi kiminsə adı olsun. Hazırda bu bizdən bir nəfərdir, o da Anar Rüstəmov. Qalan hamısı yalançı pəhlivan kimi yanda gəzənlərdir. Bu sahədə mütəxəssis yetişdirməliyik. Burada daxili paxıllıq olmamalıdır. Hər kəs bilməlidir ki, o nəyi bilir, nəyi bilmir.

– Niyə bəs hər şeyə bu qədər paxıllıqla yanaşırıq, biləni irəli çəkmirik? Kimsə nəyisə bilmirsə, bilənə həmişə qısqanclıqla yanaşır… 

– Çox qısqancıq. Öz şəxsi mənafelərimiz bizə çox mane olur. Bütün ölkələrdə adamı yüksəltmək üçün onu qabağa itələyirlər. Bizdə isə deyirik ki, onu çəkim dartım aşağı yerinə oturum. Bu məsələ genimizdədir. Görürsünüz, bizdə kollektiv oyun alınmır. Futbolu yaxşı oynaya bilmirik. Ancaq güləşdə, boksda çempion oluruq. Bizdə bir-birimizə dəstək olmaq yoxdur. Futbolda kimsə topu ötürməlidir ki, qoy başqası vursun. Amma ötürmür ki, qoy özü vursun. Elmdə də elədir. Qoy alimlər kəşf etsinlər. Sən direktorsansa, imkan ver, başqası da kəşf etsin. Biz üzdəniraq hansısa yolla gəlib akademik oluruq, deyirik ki, “aha, biz daha dünyanın hər şeyini bilirik”. Axı bu, yalan sözdür. Həmin akademiklərin çoxusu ömründə akademik diplomu alandan sonra heç bir təcrübədə iştirak etmir. Yalnız onun-bunun elmi əsərinə ortaq olmaqla yaşayır.

Akademiyanın rəhbərliyində 80-85 yaşında adam var ki, ömrü boyunca 138-ə yaxın məqaləsi var. Bu adamlar hansı məhsuldar elmlə məşğul ola bilərlər? Ölkə prezidenti də deyir ki, gəlin bu reallığı qəbul edək.

Dövlət pul verdikcə elm sahəsində olan adamlar deyir ki, maaşı qalxsın. 1 adam da demir ki, dövlət pul ayırıb, gəlin elmi tədqiqat üçün şərait yaradaq.

Mən 15 il Radiasiya Problemləri İnstitutunda direktor idim. Özümü tərifləmirəm. O dövrdə dövlət tərəfindən heç bir pul ayrılmırdı. Yalnız MAQATE, NATO və digər qurumlarla əlaqə nəticəsində ən müasir labaratoriyalar yaratmışdım. Akademiyanın heç bir institutunda o cür laboratoriyalar yox idi. İndi də yoxdur. Baxmayaraq ki elə institutlar var idi ki, onlar “sevimli institut” siyahısında idi və onlara pul ayrılırdı.

Ezamiyyətlərə də həmişə cavanları göndərirdim. Bir dəfə Rəyasət Heyətinin iclasında dedilər ki, “pribor”ları alıblar, ancaq işləyənləri yoxdur. Mən də dedim ki, əlbəttə, işləyən olmayacaq. Çünki ezamiyyətə yaşı 60-dan yuxarı olan adamlar gedir. Mənim bu yaşda gedib hansısa təcrübədə iştirak etməyə səbrim və imkanım çatmaz. Ona görə də Azərbaycan elminin CERN-də iştirakı  üçün hər bir elm sahəsində dayanan adam  işinin başında məsuliyyətli olmalıdır. Bu məsuliyyət çoxumuzda yoxdur. Siz hələ böyük indeksli jurnallarda çap olunmuş məqalələrin siyahısına baxın. Azərbaycan ən axırıncı yerlərdən birindədir.

– Deyirlər ki, elmə az vəsait ayrıldığına görə vəziyyət belədir? 

– Bu sahəyə ölkə prezidenti tərəfindən normal vəsait ayrılır. Mən də akademiyanın yetişdirməsiyəm. O akademiya müəyyən miqdarda reklamla olmayan şeyi bəzəməklə ortaya çıxmalı deyil. Məsələn, Birinci Elm Festivalı keçirirdilər. Orada hansısa fokusları göstərmək üçün Rusiyadan adam dəvət olunub. Bu bizim elm festivalımız sayılır? Kimi aldadırıq? Əksinə, nəyimiz var idisə, onu göstərməliydik. Ölkə prezidentinə deməliydik ki, biz bu vəziyyətdəyik. Belə yanaşma olduğu üçün biz Ermənistandan da, Gürcüstandan da geridəyik. Baxmayaraq ki, dövlət tərəfindən maliyyəşmə bizdə onlardan on qat yüksəkdir. Amma səviyyə yoxdur. Boş-boş reklamla məşğuluq. Qurultay, festival keçiririk, hansısa texnopark yaradırıq. Bunlar hamısı boş, şişirdilmiş şarlardır. Hər il elmə kifayət qədər pul ayrılır. Onların hərəsinin neçə dənə evi, bağları var. Necə dolanırlar? İldə 3 dəfə kurorta gedirlər. Bizim akademiya rəhbərliyinin yüksək indeksli jurnalda məqaləsi varmı? Şeir deməklə məşğuldur. Cənab prezident hər şeyi çox gözəl  görür. Özlərindən də savadsız uşaqları hansı vəzifədədirlər?!. Mənim qızım mənlə dava edir ki, CERN-ə onu niyə göndərmirəm? Deyirəm ki, onlardan bir addım geridəsən, ona görə səni göndərmirəm.

Dubnada böyük impluslu nüvə reaktoru var. Azərbaycandan bizə qədər hansısa alim olubmu ki, o reaktorun impluslarının hansısa imkanlarından istifadə etsin? İndi Dubnada “Nika” proqramı keçirilir. Yenə də bizdən orada iştirak edən yeganə şəxs Anardır. Bunda kim günahkardır? Əlbəttə ki, Fizika İnstitutu. Fizika institutu ömrü boyu yarımkeçiricilər fizikası olub. O sahədən bir dənə də olsun həyata keçirilmiş layihə yoxdur. Rəhmətlik Həsən Abdullayev vaxtında Fizika İnstitutu gözəl nəticələrlə dünyaya çıxıb.

– Bir çoxları AMEA-nın saxlanılmasının da əleyhinədir. Bunu artıq xərc hesab edirlər…

– AMEA-da köklü dəyişikliklər edilməlidir. Cavanlaşdırma siyasəti aparılmalıdır. Biz yaşlılar hansısa istiqamətləndirmə və məsləhətlər verməyə lazımıq. Bizə bir qədər qəribə gəlir. Sovet sisteminə öyrənmişik. 60 yaş olsun, sonra vəzifəyə gəlinsin. Mən Fransada olanda oranın indiki prezidenti Emmanuel Makron iqtisadiyyat naziri işləyirdi. O, nüvə sərgisinin açılışına gəlmişdi. Baxdım, dedim ki, bu uşaqdır, amma onu Fransa kimi ölkəyə nazir qoyublar. Amma nə gördük, o, artıq prezident oldu. Yəni 40 yaşında adam artıq yetişmiş adamdır. Bizim akademiyada 40 yaşında bir dənə də olsun akademik yoxdur. Varsa da kiminsə adamıdır.

Məsələn, Anar kimi uşaqları akademiyaya rəhbər işçi qoymaq lazımdır. Elmə rəhbərlik edən adam özü alim olmalıdır. Hansısa bizneslə məşğul olan adam elmi inkişaf etdirə bilməz. Biləcəriyə qədər jurnallarda çap olunmuş məqalələri ilə akademiyanı idarə etmək iqtidarında deyillər.

80 yaşında adam özünə oxşayan adamları başına yığmaqla elmi inkişaf etdirə bilməz. Elmin inkişafı üçün  mobil, çevik düşünən, tədqiqat apara bilən insanları yığmaq lazımdır. Bura mən rəhbər gələndə hamı dedi ki, Radiasiya İnstitutunda 300-ə yaxın kollektivin var. Ordan özünə işçi götürərsən. Ordan götürdüklərim ən yaşlısı müavinimdir. Onun da 35 yaşı var. Bu mərkəzdə bir dənə də olsun yaşlı adam yoxdur. Bir yaşlı adam özüməm. Hərdən deyirəm ki, qocalıq nümunəsi kimi burdayam. Bu saat bizim nəticələr onu göstərir ki, mən səhv etməmişəm. İndi nə olar ki onlar lazımınca danışa bilmirlər. Amma onlar elmə daha çox sadiqdirlər, nəinki 70 yaşında olanlar. SSRİ dövründə hansısa institutda çalışıblar, o zaman beyinlərinə nə yeridilibsə indi də onla məşğuldurlar. Vallah, indi də kənara çıxa bilmirlər. Bu yaşda məni dəyişdirə bilərlər? Çətin məsələdir.

Biz qocalar nə istəyirik axı? Hökumət bizə bütün qayğını göstərib. Məsələn, mən akademikəm, professoram, əməkdar elm xadimiyəm. A balam, əl çəkin də, qoyun bu cavanlar elmi inkişaf etdirsinlər. Olan da reklam xatirinədir. Hər alimin konkret elm xarakterli jurnallarda çap olunduğu məqalələrə baxın. Mən kollabarasiyanı demirəm. Belə deyən kimi bəzi institut rəhbərləri kollabarasiyada çıxan məqalələri gətirir, soxur gözümə. Onun bizə aidiyyatı yoxdur. Bizə yalnız o aidiyyatı var ki, hər il Dubnaya az qala, 1 milyona yaxın pul keçiririk.

– Bilirsiniz, həm də iqtisadiyyatı inkişaf etdirmək, büdcəni pulla doldurmaq istəyiriksə mütləq elmi texnologiya inkişaf etdirilməlidir… 

– Biz pulu hansısa iynə düzəltməklə də büdcəyə gətirə bilərik. Azərbaycan elminin isə buna ehtiyacı yoxdur. Hansısa kustar üsulla yağ alıb satmaq və.s bunlar elmin sahəsi deyil. Elm pulu “kraska”dan qazanmamalıdır. Bizim indi 3 peykimiz göydə uçur. İndi gəlin görək hansısa elmi qurumumuz o peykin informasiyalarından istifadə edirmi? Bizim əvvəlki nazirimiz Əli Abbasov həmişə akademiyaya müraciət edib ki, bu informasiyalardan istifadə olunsun. O peyklər iqtisadi gəlir gətirir, amma elmi gəlir gətirmək üçün ondan səmərəli istifadə etmirik.

– İstəyirəm ki, yenidən Böyük Hadron Kollayderi məsələsinə qayıdaq. Bu qədər alim ona görə ora yığışıb ki, kainatın özəyini, yaradılış maddəsini tapsınlar. Çünki elm də sübut edib ki, kainat get-gedə köhnəlmə ərəfəsindədir. Alimlər maddəni tapsalar kainatın dağılmasının qarşısını alacaqlar. Sizcə, onlar buna nail olacaqmı? Bir dəfə Higgs parçaçığını tapdılar. 

– Teraelektronvolt tərtibli hissəciklər toqquşdu. Tapılan Higgs bozunu hansısa aralıq hissəcikdir. İlkin növbədə bizim başa düşdüyümüz şəkildə materiya olmayıb. Enerji və materiya arasındakı keçidi, yəni Eynşteynin düsturunu bilirik. Ancaq bu dediyimiz sadə proses deyil. Bu aralıq prosesi başa düşmək üçün həmin təcrübəni irəli sürüblər. Bu təcrübə nəticəsində çox məsələ aydın olub. Orada partlayışdan sonra bir neçə etap gedir. Soyuma prosesində, yəni enerji itirmə zamanı ən son olaraq kütlə əmələ gəlir. Nüvələri təşkil edən həmin mikrohissəciklər artıq başqa formada olur. İlkin növbədə dalğa şəklində olurlar. Axır nöqtədə kütlə halına keçirlər. Məhz bu ardıcıllığı ayırd etməkdə həmin təcrübənin böyük əhəmiyyəti var.

– Alimlərin işləri planlaşdırılan kimi getsə, onlar dünyadan başqa planetlərdə də yaşayış qurmağın mümkünlüyünü araşdıracaqlar. Hələ buna da çatmağa yəqin ki, uzun zaman var… 

– CERN-də çoxlu mürəkkəb proseslər gedir. Bunu ən yaxşı astrofiziklər cavablandıra bilər. Görürsünüz ki, tez-tez yeni qalaktikalar kəşf olunur. Qara dəliklərin təbiəti, qravitasiya dalğası artıq kəşf olundu. Bu sahədə Nobel mükafatı da aldılar. Güman edirəm ki, bunlar hamısı etap-etap getməlidir. Bunlar qlobal elmi problemlərdir. Dünya alimləri düzgün yoldadır və o yolu davam etdirmək lazımdır. 1940-ci illərdə termonüvə proseslərinin ideyası olanda bunu xəyali proses kimi görürdülər. Fransada 16 milyardlıq böyük bir kolobratik qurğu tikilir. Burada adi nüvə çevrilməsindən fərqli olaraq sintez əsasında enerji alınması məsələsi gedir. İlk reaktor yaxın gələcəkdə işə düşəcək.

– Elmlə yanaşı həm də bu təcrübələr texnologiyanı da inkişaf etdirir. Bilirsiniz ki, World Wibe Web (www) CERN-də yaranıb. Həmçinin bu gün tibbdə istifadə edilən cihazlar, kompüter texnologiyaları və. s kimi böyük texnologiyalar orada yaranıb və yaranmaqdadır. Dünyada ən böyük kompüter də ordadır…

– Bəli, ilk kompüter də orada yaranıb. CERN dünyanın düşünən beyinlərinin məhsuludur. Orada olan data mərkəzin milyardlarla qiyməti var. Elm çox kapitaltutumlu sahədir. Eyni zamanda bunun üçün fanatik olmalısan. Mənim övladlarım üzümü gecə 11-dən tez görmürdülər. İlin 9 ayını da Moskvada ezamiyyətdə olurdum. Maaş da az alırdıq. İndi xarici ölkələrdə alimlər fanatikcəsinə işləyirlər, həm də insan kimi yaşayırlar.

– Sizin mərkəzdə hazırda Sterilizasiya Məqsədli Qamma Şüalandırma kompleksi var. Bu qurğunun əhəmiyyəti nədən ibarətdir? 

– Burada ikinci mühüm sahə nüvə spektroskopiyasıdır. Yəni, hissəciklərin əsasında atomların identifikasiyasıdır. Bu sahədə mükəmməl laboratoriyamız var. Alfa, qamma, neytron spektrometrlərimiz var. Əldə gəzdirilən cihazlarımız var. Respublikada hansısa qurum tərəfindən tutulmuş qaçaqmal məhsulların analizi bu mərkəzdə aparılır. Bizim milli mərkəzin əsas fəaliyyəti innovasiya və cihazqayırmadır.

– Cihaz istehsal etmisiniz? 

– Özümüzün istehsal etdiyimiz dozimetr cihazının ilkin nümunəsi var. Cihaz istehsal edə bilərik, bunun üçün texniki imkanlar olmalıdır. Cənab prezident sərəncam verib. Amma bəzi dövlət məmurları bu sahənin inkişafı üçün şərait yaratmırlar. Bizim adicə kiçik emalatxanamız yoxdur ki, orada nəsə iş görək. Cihazqayırma şöbəmiz var, onlar beynəlxalq qurumlarla işləyirlər. Radioizotop nüvə reaktorunun yaradılması üçüncü məsələdir. Bunun üçün radiozotop istehsal olunmalı, neytron aktivasiya aparılmalıdıır. Görürsünüz, çox yerdə günəş enejisi əldə etmək üçün çeviricilər quraşdırılıb. Hər sahə üzrə 3 nəfər mütəxəssisimiz Dubnada fəaliyyət göstərir. Digər məsələ isə radiasyon və nüvə texnologiyasının Azərbaycanda inkişafıdır. İlkin növbədə radiasiya texnologiyasından başlamışıq. Sterilizasiya Məqsədli Qamma Şüalanma kompleksi qurğusunu MAQATE bizə verib. Mərkəzi özümüz tikmişik. İzotopun pulu ödənilib, ilin axırına kimi gətiriləcək. Dünyada olan bütün quru ədava, dərman bitkilərinin uzun müddət saxlanması üçün o sterilaziya olunmalıdır. Onların tərkibində olan  bakteriyaların hamısı məhv edilməlidir. Bizim toplanmış taxıllarımızın hamısı məhv  olur. Bunun da qarşısını almaq üçün sterilizasiya olunmalıdır. Biz bütün sterilizasiya üsullarından ucuzunu təklif edirik. Güman edirəm ki, bizim iş adamlarını, müvafiq nazirlikləri da bu qurğu maraqlandıracaq. Biz maliyyə, iqtisadi səmərə gözləmədən istənilən şərtlə onlara xidmət edə bilərik.

– Və son olaraq, sizlə müsahibəyə gələndə fikirləşirdim ki, qarşımda bildiyimiz akademik prototipi olacaq və siz mənə elmimizin çox inkişaf etdiyini deyəcəksiniz. Amma akademik Adil Qəribovdan həqiqəti eşitdiyim üçün çox şadam…

– Mən tək deyiləm. Azərbaycanda mənim kimi akademiklər var, amma çox deyil. Biz akademiyanın indiki rəhbərliyi tərəfindən çox da xoşagələn adamlar deyilik. Həmişə dostum, akademiyanın keçmiş prezidenti Mahmud Kərimov mənə deyirdi ki, üzüqırmızı adamam. Çünki ürəyim yanır. Artıq 67 yaşım var. Biz gedirik, amma yerimizə bir adam qoyub getmirik. Uşaqlara işə götürəndə birinci onlara demişəm ki, “əgər mənim yerimdə oturmağı qarşına məqsəd qoymasan, sən çox alçaqsan”. Bunu fikirləşən yoxdur. Qazanc məsələsi bunları məhv edib.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …