Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / “Mən demirəm ki, aktyorları öldürüb, basdırın, demişəm ki… “

“Mən demirəm ki, aktyorları öldürüb, basdırın, demişəm ki… “

Xalq artisti Afaq Bəşirqızı bu günlərdə keçirilən böyük Teatr forumu və digər məsələlər barədə Musavat.com-a danışıb. Müsahibəni təqdim edirik:

– Keçirilən böyük teatr forumundan hansı gözləntiləriniz var?

– İnamım var ki, ölkədə teatr sahəsində dəyişikliklər olacaq. Məni ən çox maraqlandıran ölkədə Teatr Xadimləri İttifaqının özünü doğrultmasıdır. Ona görə də həmin tədbirdə qeyd etdim ki, elə bir variantlara əl atmaq lazımdır ki, ayda-ildə hansısa lazımsız daxili festivallar keçirməyək. Beynəlxalq festivallar olsun, aktyorların inkişafı üçün müəyyən konsepsiyalar tutulsun. Bizim çox istedadlı aktyor və rejissorlarımız var.

Həmçinin mədəniyyət sahəsində bədii şuranın olmasın təklif etdim. Bildirdim ki, teatrların kateqoriyası məsələsinə diqqət yetirilsin, aktyorların maaşına baxılsın, onlara evlər tikilsin. Hamımız bilirik ki, bu sahədə problemlər çoxdur.

– Aktyorlar üçün xüsusi qəbirsitanlığın yaradılması ilə bağlı verdiyiniz təklif nədənsə ictimaiyyətdə birmənalı qarşılanmadı…

– Mən bu təklifi irəli sürən zaman da qeyd etdim ki, aktyor və yaxud tanınmış şəxs rəhmətə gedəndə bəzən yaxınları oturub axşam saat 6-ya qədər gözləyirlər ki, xəbər gəlsin ki, dəfni harada keçirəcəklər. Amma aktyorların xüsusi, fəxri qəbiristanlığı yaradılarsa, daha yaxşı olar. Bu təklifimi niyə birmənalı qarşılamırlar? Məgər bu təklifimdə pis nə var ki? Üstəlik, bu təklifimə xeyli sayda ziyalı, o cümlədən Aqil Abbas və digər deputatlar müsbət rəy bildiriblər. Mən demirəm ki, aktyorları öldürüb, basdırın. Sadəcə, ölüm hamı üçün var və aktyorlar rəhmətə gedəndə onların yaxınları əziyyət çəkməsin, onların harada dəfn olunacağı ilə bağlı narahatlıq keçirməsinlər.

– Bu günlərdə Xalq artisti Azərpaşa Nemətov dünyasını dəyişdi və onun rəhbərlik etdiyi Akademik Milli Dram Teatrına hələlik yeni direktor seçilməyib. Hələlik hansısa namizədlərin də adları çəkilmir. Bəs siz ana teatrda kimi rəhbər görmək istəyərdiniz?

– Sözün doğrusu bu barədə fikirləşməmişəm, heç fikirləşmək də istəmirəm. Hər halda kimi məsləhət görəcəklərsə, o da yeni rəhbər təyin olunacaq. Lakin unutmaq olmaz ki, Akademik Milli Dram Teatrı elə bir teatrdır ki, ora rəhbər təyin edəndə yüz ölçüb, bir biçmək lazımdır. Hər kəsə məlumdur ki, ana teatrda xüsusilə də repertuarla bağlı vəziyyət o qədər də yaxşı deyil. Ona görə də teatrı bilən şəxs o vəzifəyə gəlməlidir.

– Bir neçə gün sonra böyük Kino forumu keçiriləcək. Bəs bu sahədən gözləntiləriniz nədir? Sizcə milli kinomuz bundan sonra dirçələ biləcəkmi?

– Bəli, böyük Kino forumu keçiriləcək. Qeyd etdiyiniz məsələlərə gəldikdə isə, forumda gedən müzakirə və söhbətlərdən artıq bizə hər şey məlum olacaq. Milli kinomuza bu dəqiqə təcili surətdə yanar əl uzatmaq lazımdır. Bizim heç nədən nəsə yaradıb ortaya çıxarda biləcək aktyorlarımız, rejissorlarımız var. Əgər ortada maddi və mənəvi maraq, diqqət, qiymətləndirmə olarsa, həmin yaradıcı şəxslərlə yaxşı bir iş ortaya qoymaq olar. Yoxsa ki, dəmir qapını bağlayıb, yenə də yaradıcı insanları kənarda qoyacaqlarsa, mövcud vəziyyətdə heç bir dəyişiklik olmayacaq.

Bizim bədbəxtliyimiz onda oldu ki, sevib, bu sənətə gəldik. Müəyyən adamlar var ki, bunu başa düşmür, qiymətləndirmir.  Prezidentimiz İlham Əliyev iki dəfə kinomuza pul ayırıb. Bəs hanı həmin pullar?

– Bəs sizi nə zaman səhnədə görə biləcəyik? Xatırlayıram ki, ötən müsahibələrinizdə yeni tamaşalara hazırlaşdığınızı bildirmişdiniz.

– Hər halda olar. Səhnəyə çıxmağa hazırlaşıram, lakin bu hazırlaşmağım qızğın şəkildə getmir. İnanıram ki, yenidən səhnədə olacam, tamaşaçıların qarşısına çıxacam.

– Sağlamlığınız nə yerədir?

– Çox şükür ki, hər şey yaxşılığa doğru gedir, həkimlərin dediklərinə də əməl etməyə çalışıram. Əsas gənclərdir, indi söz, səhnə onlarındır… “

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …