Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / “Məmmədyarovun kəlməsi ilə Lavrovun dedikləri bir-biri ilə tamamilə ziddiyyət təşkil edir”

“Məmmədyarovun kəlməsi ilə Lavrovun dedikləri bir-biri ilə tamamilə ziddiyyət təşkil edir”

Politoloq Qabil Hüseynli Teleqraf.com saytına müsahibə verib. Müsahibəni təqdim edirik.

– Qabil müəllim, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla görüşdən sonra keçirilən mətbuat konfransında dediyi “Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılığın rəsmiləşdirilməsi mümkün deyil. Ermənistan onu sadəcə, imzalamaz. Və biz bunu nəzərə alırıq” fikirləri necə qymətləndirirsiniz?

– Çox pis. Rusiya tərəfi artıq açıq kartlarla oynamağa başlayıb. Yəni, separatçı rejimin danışıqlar prosesinə daxil edilməsi kimi Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəmlədiyi fikirləri indi Lavrov-Kələntəryan sərsəmləməyə başlayıb. Bu həmin Lavrovdur ki, uzun illərdir danışıqlar prosesini düyünə salıb. İndi isə İrəvana gedir, orada mətbuat konfransı keçirir, ermənilərin maraqlarına uyğun açıqlamalarla çıxış edir, qondarma erməni soyqırımı abidəsinin önünə gül-çiçək dəstəkləri qoyur. Bu, beynəlxalq hüquqa meydan oxumaq cəhdi, Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönələn cəhdlərin yavaş-yavaş leqallaşdırılması formasıdır. Bu, Azərbaycan xalqı tərəfindən nifrətlə rədd edilməlidir.

– Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı ATƏT) 1992-ci il martın 24-də Helsinkidə qəbul etdiyi qərarda müəyyən edilir ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların aparılması üçün foruma çevriləcək Minsk Konfransının iştirakçıları Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə, Fransa, Çexiya, Slovakiya və İsveçdir. Bu baxımdan Lavrov məlum açıqlaması ilə həm də bu qərara qarşı çıxmayıbmı?

– Dağlıq Qarabağın erməni icması vaxtilə bu proseslərdə iştirak edib. Həmin dövrdə heç separatçı rejim yox idi. Separatçı rejimin adı ilk dəfə 1994-cü ildə imzalanan Bişkek protokolunda çəkilib, amma o zaman rəhmətlik Heydər Əliyevin təkidi ilə Bişkek protokoluna Dağlıq Qarabağın erməni icması ilə yanaşı Dağlıq Qarabağın azərbaycanlı icması kəlməsi də daxil edilib. Separatçıların hər hansı danışıqlar prosesində ATƏT, BMT xətti ilə iştirakına dair mənim heç bir məlumatım yoxdur. Çünki belə bir iştirak mövcud olmayıb.

– Bundan öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Lavrovun açıqlaması bu açıqlama ilə ziddiyyət təşkil etmirmi?

– Daban-dabana ziddir. Elmar Məmmədyarovun “danışıqlarda müsbət irəliləyiş gözləyirik” kəlməsi ilə Lavrovun dedikləri bir-biri ilə tamamilə ziddiyyət təşkil edir. Mən Məmmədyarovun bunu nəyin əsasında dediyini deyə bilmərəm. Amma əksinə, Lavrovun söylədikləri, İrəvandakı davranışları sübut etdi ki, danışıqlar prosesi də, Dağlıq Qarabağla bağlı məsələlər də daha böhranlı, daha gərgin bir dövrə qədəm qoyub.

– Dekabrın əvvəlində Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası zamanı Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın görüşündən hansı nəticələri gözləmək olar?

– Görüşün keçirilməsinə mənim etirazım yoxdur. Amma görüş ərəfəsində yaradılan ab-hava, mühit görüşün nəticəsiz görüş olacağını bəri başdan söyləyir. Ona görə mənim zənnimcə, Lavrovun tələm-tələsik İrəvana gəlməsi, Bratislava görüşü ərəfəsində belə bir bəyanatla çıxış etməsi də həmin görüşdəki kontruktiv əhval-ruhiyyəni pozmaq xarakteri daşıyır.

– Lavrovun açıqlaması münaqişənin həlli ilə bağlı Rusiyanın vasitəçilik missiyasına nə dərəcədə uyğundur?

– Bu bəyanat meydan oxumaq cəhdi, Azərbaycanın heysiyyatına toxunan bir addımdır. Rusiya həmsədr dövlət kimi bitərəfliyini qoruyub saxlamalı, beynəlxalq hüquqa söykənən fikirlər səsləndirməli idi. Ancaq o, açıq-aşkar Ermənistanı və Dağlıq Qarabağı dəstəkləyən addım atdı. Bu azmış kimi İrəvanda qondarma erməni soyqırımı abidəsinə gül-çiçək dəstələri qoymaqla Türkiyənin də heysiyyatına toxunan addımlar atdılar. Mənim zənnimcə, Rusiyanın mövqeyi bölgədə hər zaman destruktiv situasiya yaradıb. Bu destruktiv situasiyanın yaranmasında Lavrovun “xidmətləri” böyükdür. Güman edirəm ki, Lavrovun bu sayıqlamaları bölgədəki gərginliyi ölçüyəgəlməz dərəcədə artıracaq.

– Maraqlıdır ki, Sergey Lavrovun bu açıqlaması erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşır…

– Paşinyan vaxtilə “Dağlıq Qarabağın adından danışmaq hüququmuz yoxdur, Dağlıq Qarabağın adından yalnız Dağlıq Qarabağ xalqı özü danışa bilər” deyəndə belə təəssürat yaranırdı ki, Paşinyan bu sayıqlamaları ilə özünün siyasi cəhətdən korluğunu, həm də ümumiyyətlə, problemə dərindən bələd olmadığını nümayiş etdirir. Amma sən demə, bunun qulağına pıçıldayanlar var imiş. Lavrov sübut etdi ki, Paşinyanın qəribə bəyanatlarının arxasında birbaşa Lavrov-Kələntəryan dayanır. Paşinyan onun söylədiklərini əzbərləyərək, ictimai rəyə ötürərək, sonradan belə qalmaqallar yaradır. Əaltından görülən işlər bu cür faş olur və Rusiya bayaq qeyd etdiyim kimi açıq kartlarla oynamağa başlayıb.

– Danışıqlarda adətən, “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları” ifadələrindən istifadə olunur. Ancaq Sergey Lavrov açıqlamasında “Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisi…” sözləri işlənib. Dağlıq Qarabağ xalqı deyərkən isə adətən Qarabağın erməni icması başa düşülür…

– Zənnimcə, bu prosesə lap azərbaycanlı icmasını qatsaq da, proses yenə ləngər vurmağa davam edəcək. Prosesin formalaşmış bir qəlibi var idi. Danışıqlar prosesi həmin qəlibdə, həmin konsepsiya əsasında aparılırdı. Müəyyən irəliləyişlər, müəyyən razılaşmalar da var idi. İndi Rusiyanın yenidən danışıqlar prosesinə yeni çalarlar daxil etməsi, guya orada yaşayan xalqların bu prosesdə iştirak etməsini söyləməsi prosesi mürəkkəbləşdirən bir addımdır və əlbəttə ki, şiddətlə qınanılmalıdır.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …