Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / “İstəyir, “Qarabağ”ın yox, lap Roma Papasının təyyarəsi olsun”-Başıbəlalı Kamil Zeynallı ilə – MÜSAHİBƏ

“İstəyir, “Qarabağ”ın yox, lap Roma Papasının təyyarəsi olsun”-Başıbəlalı Kamil Zeynallı ilə – MÜSAHİBƏ

Etdiyi az qala hər açıqlamasından sonra qalmaqal yaşayan Kamil, nə qədər xeyirxah işlər görsə də ən çox tənqid olunan məşhurdur, bəlkə də. Kamili uzun müddət tanıyan biri kimi şəxsi fikrimi bildirəcəm. O, aqressiv olduğu qədər də kövrəkdir. Sadəcə emosional və bəlkə də də kişiyə yaraşan, yumşaq desək nisbətən ağır xasiyyəti var. Onun bu çılğınlığından yəqin özündən çox həyat yoldaşı, muğam ifaçı Gülay Zeynallı əziyyət çəkir. Ancaq dərindən düşünəndə, Kamilin ünvanına deyilən bəzi təhqirləri özünə hörmət edən heç kim qəbul etməz. Jurnalisti təhqir etdiyini istisna etsəm, bir çox hallarda söyüşlərinə haqq qazandırmışam da. Axı, sənin ailəni, valideynlərini kim təhqir etsə, sən də səhayət etdiyin təyyarənin hansı futbol klubuna məxsus olduğunu unudarsan.
Tanınmış fitness məşqçi Kamil Zeynallı PrimeTime.Az saytının “Tet-aTet” rubrikasının qonağıdır.
–   Bu qədər qınanmağınızın səbəbini bilirsiz?
–  Məni qınayanlar arxalarındakı torbanı, burnunun ucunu görməyən insanlardır. Kamil söyüş söyəndə elə reaksiya verirlər ki, sanki bunlar heç vaxt söyüş və təhqir eşitməyiblər. Elə bil mələk olub qanadla göydən yerə eniblər. Mən hansısa bir səhv edəndə daş olub düşürəm başlarına. Onların məni qınamaqları sanki vərdiş halına çevrilib. Bilmirəm niyə məni qarabaqara izləyirlər və  gözdən salmaq istəyirlər.
Amma onların haqqımda mənfi fikir deməsi mənim üçün önəmli deyil. Çünki onlar monitor arxasında yaşayan insanlardır. Onların heç biri sosial şəbəkədə yazdığı sözü real həyatda üzümə deyə bilməzlər. Həmin kəslər insanabənzərdi. İnanmıram ki, həmin adamların həm kişisin də, həm də qadınında şərəf və qeyrət olsun.
– Çoxları sizi sərt və aqressiv biri kimi tanısa da yaxın ətrafınız kövrək və yumşaq qəlbə sahib olduğunuzu deyir. Mən özüm də bu halları sezmişəm…
– Hər bir insanın zəif nöqtəsi və onu kövrəldəcək məqamlar olur. Misal üçün, yolda gedərkən yaşlı bir qadının aciz vəziyyətdə qalması, hansısa bir xəstəni görmək, kasıb və ya atasız uşaqla rastlaşmaq, valideynin övladına bir şeyi ala bilməməsi adama toxunur. Düşünürəm ki, belə insanları görüb kövrəlməyən biri yoxdur. Mən nə qədər sərt və acıdil olsam da çox kövrək və yumşaq qəlbə sahib biriyəm.

– Gördüyünüz xeyirxah işlər belə insanlarda qıcıq yaradır. Deyirlər ki, Kamil özünü reklam edir.
– Qurban olum Allaha, mən kiminsə yanına və ya uşaq evinə gedəndə vəsaitin hamısını öz cibimdən xərcləmirəm. Məmin ətrafım, dost-tanışlarım var. Aramızda pul yığıb edirik. Sadəcə olaraq mənə deyirlər ki, sən üzdə olan adamsan. Vasitəçilik et ki, səndən götürsünlər.
Adicə bir misal gətirim. Neftçilər xəstəxanası ilə üzbəüz bir qadın buz kimi betonun üzərində otururdu. Deyə bilmərəm doğrudan da imkansız idi ya yox. Onu Allahı və özü bilsin. Amma ayaqlayın otururdu. Hamı deyirdi ki, qadın dələduzdur, özünü bilərək o günə qoyur. Bilərək ayaqqabısını çıxarıb. Başa düşmürəm ehtiyacı olan adam salonda bəzənib sonra dilənməlidir? Bilirsiniz, düşünürəm ki, dilənçi elə dilənçidir. Ehtiyacı var ki, pul dilənir. Misal üçün o qadına ayaqqabılarımı və 20 manat da pul verdim. Halal xoşu olsun. Mən bunu ictimailəşdirdim. Hamı mənə deyir ki, Kamil sənin imkanın var da. Bunu hər bahalı maşın sürən edə bilər. Demirəm ki, avtobusdan istifadə edən biri köməklik etsin. Söhbət imkanlı şəxslərdən gedir.
Uşaqlar evinə gedirəm, çəkib yayımlayıram. Həmin videodan sonra uşaq evindən bir neçə körpə yeni ailəyə qovuşdu. Məndən sonra o uşaqların yanına nə qədər şirkətlər getdi. Mən buna görə edirəm. Yoxsa bu yolla reklam edənin başına dəysin etdikləri. Məmin reklama ehtiyacım var?
Yığışıb inək kəsirik, deyirlər ki, apar 7 qapıya payla. İnstagramda görüb götürənlərin imkanı var ki, telefon istifadə edirlər. Mən axı qeyd edirəm ki, imkansız qonşu və qohumlarınız üçün götürün. Əgər ət almağa gücü çatan biri götürürsə onu rahatlıqla necə yeyə bilər?
– Qeyd etdiniz ki, üzdə olan birisiniz. Məşhurluğunuza görə peşman olmusunuz?
– Populyarlığıma görə heç vaxt peşman olmamışam. Bilirsiniz, insan istədi-istəmədi alnına nə yazılıbsa o da olacaq. Hətta etdiyim hansısa bir hərəkətimə görə də peşman deyiləm. Çünki bilirəm ki, mən səhv etmərəm. Söyüş söysəm də, döysəm də səhv deyiləm. Bilirsiz niyə? Çünki mənim durduğum yerdə heç kimlə işim olmaz. İnsan nə qədər anormal olar ki, onunla işi olmayan birini söysün?  Yəni mən o qədər düşüncəsizəm? İndiyə kimi heç bir hərəkətimə görə peşman olmamışam. Əksinə deyirəm ki, az etmişəm, gərək çox söyərdim.
– Keçək başıbəlalı təyyarə məsələsinə. Birinci dəfə təyyarədə kağız paket partladanda bu qədər söz-söhbətə səbəb olacağını bəlkə də düşünməmişdiniz. Qınağa tuş gəlməyiniz məhz bundan sonra başladı.
– Hadisə dostlarımla İstanbula dincəlməyə gedəndə baş vermişdi. Arxada oturmuşduq. Təyyarədə 70 adam var idisə 20-si biz idik.
O hərəkəti edəndə kiməsə zərər və ya ziyanım dəyib? Əgər belə bir şey olsaydı kimsə narazılığını bildirərdi, mən də həmin adamdan üzr istəyərdim.
Gördüm ki, hamı məni qınayır. Dedim ki, əccəb etmişəm. Bunu yazanların qardaşı, atası, əri, dostu kollektivlə harasa gedəndə yolda zarafat etməyiblər? Camaat təyyarə partladır, ay qardaş,  mən isə paket partlatmışam. Bunun nəyini şişirdilər ki?

– O zaman qınaqlardan təngə gəlib növbəti dəfə bilərəkdən, qıcıq yaratmaq üçün bunu etdiniz.
– İkinci və üçün dəfə acığa etdim. Dedim ki, əcəb etmişəm. Gedin nə danışırsız danışın. Vecimə deyilsiz.
– Hava nəqliyyatı ilə son vaxtlar problemləriniz bitmək bilmir. “Qarabağ”ın təyyarəsinə buraxılmamaq xəbərini kim və niyə yaydı?
– Bir gün qabaq hamı yazdı ki, Kamil “Qarabağ” təyyarəsinə buraxılmayıb. Əslində isə mən bir ay qabaq “Beşiktaş” “Monoko” oyununa bilet almışdım. Bilirsiniz ki, Çempionlar Liqasına bilet almaq bir iki günün işi deyil. Öncədən düşünmüşdüm ki, Madridə “Qarabağ”la gedirəm, ordan da İstanbula yola düşəcəyəm. O oyuna da baxıb vətənimə geri dönəcəyəm.
Bir gün qabaq Madriddə oteldən 3 video paylaşmışdım. Orada mənim əleyhimə qara PR aparanlara, qınayanlara öz sözümü demişdim. Yerindən asılı olmayaraq istəyir “Qarabağ”ın  olmasın, Roma Papasının təyyarəsi olsun. Əgər kimsə şərəf və ləyaqətinə toxunulubsa ona cavab verməmək kişilikdən olmaz. Bunu normal adam sakit qarşılaya bilməz. Ən azından təhqir etməlisən.
Mənim sözlərim onları incitmişdi. Səhəri gün təyyarə enəndə dedilər ki, Kamil yoxdur. Onu da yaydılar.
– Kamil Zeynallının fitness zaldan başqa hansı biznesi var?
– Zaldan əlavə turizm şirkətim var. Amma əsas Fitness zala köklənmişəm. Dostumla birlikdə işlədirik. Şükür Allaha ki, işlərimiz qaydasındadır.
– Zalda xanımlara məşq dərsləri keçirsiniz. Bu hal ailədə qısqanclıq yaradır?
– Fitnesslə məşğul olmaq üçün 1000 nəfər qadın müraciət edirsə, onların hamısı ilə mən məşğul olmuram. Kişilər var ki, bir qadınla bacarmır. Mən isə o qədər qadına məşq keçirəm. Mənim işim budur. Əgər sevdiyin şəxs sənin sənətini də qəbul edibsə burada nə problem ola bilər ki?

– İnvestisiyanı daha çox nəyə yatırırsınız?
– Vallah ələ gələn pul necə gedirsə, xəbərim də olmur.
– Sosial şəbəkələrdə hər kəsə cavab vermək sizi yormur?
– Hər kəsə cavab vermək deyəndə ki, mənə 99 faiz izləyicim xoş söz yazır. Onların hamısına cavab verə bilmərəm. Amma yerdə qalanlar, hansılar ki, acı söz yazır bax onların cavabını vermək asandır.
– Bu vaxta kimi sizi təhqir edənlərdən “razborka”ya çağırdıqlarınız olub?
– O qədər olub ki… 1000-dən çoxunu “razborka”ya çağırmışam. Onlardan biri və ya ikisi gəlib. Durduğu yerdə kiməsə qarşı söyüşdən istifadə edən adam bilir ki, bunun cavabı gələcək. Deməli o, ana-bacısının, yaxınlarının söyülməsini gözə alıb. Belələri şərəfsizdir.
– Siz və Gülay xanım aktiv həyat tərzi sürürsünüz. Qızınız Sahilə ilə kim məşğul olur?
– Səhər açılır, aparıram baxçaya. Ordan qayıdanda yenə zala yanıma gəlir. Burada bir-iki saat yanımda olduqdan sonra evə, anasının yanına yollayıram. Əgər hər ikimiz də məşğul olsaq o zaman nənələrinən biri onunla maraqlanır.

– İdmanla məşğul olmağınıza baxmayaraq qəlyandan da istifadə edirsiniz. Bunun səhhətinizə ziyanı yoxdur?
– Bu dəqiqə Bakıda olan cavanların 80-90 faizi qəlyan çəkir. Qəlyandan istifadə etmək olar, amma eyni zamanda da sağlamlığına nəzər yetirməlisən. Vaxtında müayinələrdən keçmək lazımdır.
– Tanınmışlar arasında rəqbətin olması danılmaz haldır. Sizin rəqabət apardığınız və ya sizinlə rəqabət aparan biri var?
– Mənim rəqabət apardığım bir kəs yoxdur. Amma mənimlə rəqabət aparanlar çoxdur. Onlar mənim hərəkətimi təkrarlayır, paxıllıq edirlər. Oğlanlar var ki, səhifəmdə yatırlar ki, görək Kamil bu gün nə etdi.
Biz gözümüzü açıb ana-nənəmizdən görmüşük ki, oturub dedi-qodu edirlər. Kiminsə dalınca danışmaq bugünkü gün oğlanların peşəsinə çevrilib. Hərdən eşidirəm ki, arxamca nəsə deyirlər, amma üz-üzə gələndə mənə dostum, qardaşım deyib qucaqlayıb öpürlər.
– Arxanızca danışan dost-tanışlarınızı yola verib münasibəti saxlayırsınız ya əlaqələri birdəfəlik kəsirsiniz?
Onları yola vermək məcburiyyətindəyəm. Bilirsiz niyə? Ona görə ki, həmin adamlar ən təhlükəli insanlardır. Onların üzünə tüpürsən, silib deyəcək ki, mən deyildim.

– İnstagramın aktiv istifadəçisisiniz. Ən çox nə tip mesajlar alırsınız?
– Son zamanlar kömək tipli mesajlar alıram. İnsanlar məndən inciyir ki, niyə bizim yazdıqlarımızı oxumursan? Bir körpəyə kömək etdim. İnstagram üzərindən ilk dəfə idi ki, uşağa görə o qədər vəsait yığılırdı. Allah şəfasını versin. Atası ilə hər gün danışıram. Bundan sonra istər işyerim olsun, istər instagram, istərsə də anamın rəfiqələrinin köməyi ilə onun nömrəsini tapıb müraciət edirlər ki, Kamil bizim xəstəmizin şəklini paylaşsın.
Bildirmək istəyirəm ki, bir müddətlik bu işə ara vermişəm. Çünki xəstələr çoxdur. Birinin fotosunu yayımlasam gərək hamını paylaşım.
– Son zamanlar ölkəmizdə artan məşqçilərə və açılan zallara münasibət necədir?
– Deyirlər ki, Kamilin reklamı var. Ola bilər ki, reklamım telekanallarda yayımlanıb və yanıma minlərlə adam gəlib. Sizi inandırım ki, onlar keyfiyyət görməsəydi bir aydan sonra zala gəlməzdilər. Əgər boş reklamdan söz gedirsə o zaman niyə yanıma gələnlər sonradan öz yaxınlarını da gətirir?
Bədən şişirdib məşqçi olurlar.  Məndən iriləri də var. 60 kiloluq birini iynə dərmanla dağ boyda etməyə nə var ki? Ağıl işləməyəndən, proqramları dərindən bilməyəndən, ən əsası videoya baxıb əzbərləyəndən sonra nə isə gözləməyə dəyməz. Məşqçi gərək yanına gələnin xəstəliklərini öyrənsin. Ondan sonra proqram qursun. Elə adamlar var ki, məşqçinin səriştəsizliyi ucbatından qarın boşluğunda yırtıq, onurğasında problem əmələ gəlib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …