Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / İsfəndiyar Vahabzadə: “Kişi söyüş söyməz, dediyini edər”

İsfəndiyar Vahabzadə: “Kişi söyüş söyməz, dediyini edər”

“Mənim sağ əllə vurmağa ixtiyarım yoxdur”

Əvvəli burada

Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadə ilə müsahibənin üçüncü hissəsini təqdim edirik.

– Nəhayət, İran İnqilabından sonra gəldiniz Bakıya. İlk olaraq hara getdiniz, kiminlə görüşdünüz?

– O vaxt atamgil Hüsü Hacıyev küçəsində, Yazıçılar binasında yaşayırdılar. Zəngin düyməsini basdım, qapını anam açdı. Atam məni görən kimi üstümə gəlmək istədi, ayaqları tutuldu… O vaxtdan həyəcandan atamda qan təzyiqi xəstəliyi başladı. Ağladı. Gecə saat 3-dək söhbət elədik…

– Və bu cür məşəqqətli yoldan sonra Əfqanıstan həyatı başladı…

– Bəli. Məni Əfqanıstana göndərdilər. Yenicə evlənmişdim. Ailəmi qoydum, getdim. Uzun müddətdir işləyirdim. Bir gün yenə atam mənimlə danışmaq üçün zəng edibmiş. Ruslar ona deyiblər ki, “Vaqabadze”nin  – onda ruslar məni belə çağırırdılar – işlədiyi korporasiya partladılıb, artıq yoxdur. Həmin anda telefonun dəstəyi atamın əlində qalıb, dil-ağzı quruyub. O vaxtdan şəkər xəstəliyi tapdı. Mən bunu sonralar bildim. Mənə elə gəlir ki, onun xəstəliklərinə səbəbkar elə mən özüm olmuşam. Əfqanıstandan qayıdandan sonra da xəsarət aldığımdan ayağımı çəkirdim, xüsusilə də hava soyuq olanda… Belə, çox kəşməkəşli ömrüm olub. Atam dedi, ay oğul, daha bəsdir xaricdə işlədin, get elm dalınca. Amma mən həmişə ictimai işlərə maraq göstərmişəm. Ona görə yenidən komsomol işinə qayıtdım, sonra digər vəzifələrə.

Sizə bir məsələni də deyim. Əfqanıstanın prezidenti Babrək Karməl var idi, sonra Moskvaya qaçdı. Mən qısa müddət onunla Əfqanıstanda işləyən, sonra isə Azərbaycan Sov.İKP-nin ikinci katibi olan Viktor Polyaniçkonun da görüşlərini tərcümə etmişəm. O tərcüməm Polyaniçkonun xoşuna gəlmişdi. Özü də quşu gözündən vuran vaxtlarım idi. Polyaniçko Bakıya gələndən sonra məni axtarıb tapdı, vəzifəyə təyin etdi. Bilirdi ki, işimin öhdəsindən gələn adamam. Harda işləmişəmsə, çalışmışam canımı qoyum, işimin öhdəsindən gəlim.

IMG_9447.JPG (2.10 MB)

 – İsfəndiyar müəllim, sizin ailənin, özünüzün çevrəniz kifayət qədər geniş olmalıdır, kimlərlə ünsiyyət saxlayırsınız?

– Vallah desəm, inanmazsınız. Mən çox nadir hallarda evdən çölə çıxıram. Axşam saat 1-2-də bir az hərlənirəm, qayıdıram. Ümumi söhbət ki, olur, necəsən? “Normal” deyib, dərhal da ayrılıram. Heç kimlə dostluq eləmirəm. Dostluq münasibətim olan adam yoxdur. Bir nəfərlə ara-bir ova gedirik, indi o, Türkiyədədir. Gedib qaşqaldaq vururduq, mən yaxşı atıcıyam, yaxşı silahlarım da var. İdmanımı da blokda, “paradnı”da edirəm.

– Qolunuzun gücü ilə “sərhədi” keçənlərə dərs vermisinizmi?

– (gülür) Olub, bəli. 51 yaşımda. Mənim sağ əllə vurmağa ixtiyarım yoxdur. Amma gərək sərhədi keçməyəsən.

– Sağ əllə vurduğunuz adam sağ qaldımı?

– Yoox. Yüngülvari. Sığal kimi. Mən dalaşqan, vuruşqan adam deyiləm.

– Atalar-oğullar söhbəti həmişə olub. Siz Bəxtiyar müəllimlə daha çox nələrdən danışırdınız, heç mübahisələriniz olurdumu?

“Belarusda səfir olanda ermənilər mənə təhdid dolu məktublar yazırdılar, onları indi də saxlayıram”

– Nadir hallarda görüşürdük. Atamın bir qardaşı olub, adını mənə qoyublar. Əmim müharibə dövründə əsirlikdə olub, bir müddət Türkiyə, Almaniya, İtaliyada yaşayıb. Elə oldu ki, mənim də həyatım onunkuna bənzədi… Atam heç vaxt istəmirdi ki, mən məmur olum. Elə bilirdi ki, mən qeyri-adi bir adam olacağam. İndi bu kimsə deyir ki, atamla mübahisələrim olub, onunla yola getmirəm. Özümü həmin adamla müqayisə eləmirəm, gərək mənim topuğuma çatsın ki, sonra bir söz desin. Mənim atamla mübahisələrim başqa sahədə olurdu. Məsələn, mən dindar olmasam da, Allahın mövcudluğuna inanıram. Dilimdəki Allah kəlməsidir. Tolstoyun bir sözü var ki, əgər Yer üzündə din olmasaydı, insanlar Allaha daha yaxın olardılar. Bibliyanı da, İncili də, Tövratı da, Quranı da oxumuşam. Özü də dəfələrlə. Nəticə ondan ibarət olub ki, mən dindar adam deyiləm. Atamla bu sahədə mübahisəm olurdu.

– Heç sizə dəstək verməsi üçün Bəxtiyar müəllimdən xahiş etmişdinizmi?

– Bir dəfə atama dedim uzun müddətdir elmlər  doktoru, professoram, özümü Akademiyanın müxbir üzvlüyünə təqdim etmək istəyirəm. Atam AMEA-nın həqiqi üzvü idi. Dedi sənin adını birinci mən siləcəyəm, bu dəfə geri dur! Soruşdum nəyə görə? Dedi filankəs – adını çəkmirəm – daha savadlıdır. Dedim axı, savadı tərəziyə qoymurlar… Bax, belə, elmi mübahisələrimiz olub. Amma biri də deyir ki, atamı siqaret dalınca göndərdim. Amma atam dünyasını dəyişənə qədər mən onun yanında siqaret çəkməmişəm. Heç bilmirdi ki, mən siqaret çəkirəm. Siqaret çəkməyə 21-22 yaşında, xaricdə olanda başlamışam. Mən atamın yanında maykada oturmamışam, onun yanında üz qırxmamışam. Ata-oğul münasibətlərində həmişə çalışmışam ki, korrekt olum.

– Bəxtiyar müəllim sizin yaradıcılığınız haqda nə deyirdi?

– Bəzən bəyənirdi, bəzən yox. Bəzən deyirdi filan məsələ filan cür olmalıydı. “Azərbaycan” jurnalında mənim bir yazım getmişdi, “Polkovnik Matveykin”, Əfqanıstan xatirələrindən yazmışdım. Oxumuşdu, bəyənmişdi. Elə yazılarım olurdu ki, deyirdi bunu saxla! Mən Məhəmməd Hadini tam aça bilmirdim. “Bəlkə də qaytardılar” məsələsi qarşımı kəsmişdi. Bir dəfə rəhmətlik Məmmədcəfər müəllim – onun elminə, savadına səcdə edirdim – demişdi ki, mən əldə etdiyim bütün akademik, müxbir üzvü, elmlər doktorluğundan imtina etməyə hazıram, çünki Məhəmməd Hadini olduğu kimi aça bilmədim. Mənə də demişdi ki, əgər tam aça bilməyəcəksənsə, onda bu işə girişmə, ağır məsələdir. Sonra “bu yeri çıxart”, “bunu əlavə et” dedi, baxdım böyük alim, mənim rəsmi opponentim olan Əzim Rəhmətovdan çox da fərqlənmədi – özümü onunla müqayisə etmirəm, əstağfürullah. O zaman mən Türkiyədə oxuyurdum, gəlib müdafiəmi elədim və getdim.

– İsfəndiyar müəllim, söhbətimiz seçki ərəfəsində baş tutub. Gözləntilər var ki, seçkilərdən sonra hakim komandada ciddi dəyişikliklər olacaq, hətta XİN-də də. O mənada mümkündür ki, günün birində masanın üzərindəki telefon zəng çalsın və…

– (əlavə edir) Şakir Şəkəroviç…

– (gülürük) Təxminən elə.

IMG_9458.JPG (1.63 MB)

– Mən həm diplomatik, həm dövlətçilik təcrübəsində bacarığıma, qüvvəmə inanıram. Amma mən belə bir zəngin olacağına qətiyyən ümid eləmirəm. Nə gözləmirəm, nə də tələb eləmirəm. Mən Belarusda 6 il işlədim, 61 yaşımda geri çağırıldım. Artıq ən gözəl vaxtlarımda, kifayət qədər təcrübə toplamış bir adam kimi. Artıq 15-16 aydır işsizəm.

– Bu müddətdə elə Bakıda olmusunuz?

– Bir ara Türkiyədə oldum. Amma Bakıda olanda heç yana çıxmıram.

– Övladlarınız harda yaşayır, işləyir?

“Atam dünyasını dəyişənə qədər bilmirdi ki, mən siqaret çəkirəm”

– Qızım ailəlidir, Almaniyada yaşayır, işləyir. Türklə ailə qurub. İsveçrədə oxuyurdu. Sonra bura gəldi, Xarici Dillərə qəbul olundu, artıq ingilis, fransız dillərini səlis bilirdi. Moldovaya gedəndə qızımı da özümlə apardım, 6-7 ay işlədi, sonra Fransaya getdi. 7 il də orda beynəlxalq münasibətləri oxudu. Sonra bura qayıtdı, Standartlaşma Komitəsində işlədi. Ancaq maaş qane eləmədi, Almaniyaya getdi. Hazırda analıq məzuniyyətindədir. Bir nəvəm var. Oğlum FHN-də mayordur. Səhər gedir, axşam gəlir, indi işdədir.

– Son vaxtlar xaricdə yaşayanlar, təhqirlər yazanlar, deyənlərlə bağlı müzakirələr gedir. Bu məsələlərə münasibətiniz necədir?

– Mən həmişə demişəm ki, söyüş söymək acizlik əlamətidir. Söyüşün tərəfdarı deyiləm. Kişi söyüş söyməz, dediyini edər. Düzdür, interneti izləmirəm, eşitdiyimi deyirəm. Hərdən televizoru açıram, 2-3 dəqiqə baxıb söndürürəm.

– Belarus hökuməti Azərbaycanla normal münasibətdədir. Bakı Qarabağ məsələsində Minskdən necə faydalana bilər? Ümumiyyətlə, zəngin diplomatik təcrübəniz sizdə hansı qənaəti yaradır, əsl diplomat necə olmalıdır?

– Hər bir diplomatın ürəyində ilk növbədə milli yanğı olmalıdır. Təəssübkeşlik yox, milli yanğı. Əgər milli yanğı olsa, o, çox şey edər. Belarusda səfir olanda ermənilər mənə təhdid dolu məktublar yazırdılar, onları indi də saxlayıram. Mən Moldova və Belorusda işlədiyim dövrdə orada 250-dək Azərbaycan filmi göstərmişdim. Rus dilində tərcümə olunmuş variantda… Özü də elə filmlər tapırdım ki, orada Qarabağ kəlməsi işlədilsin. Həmçinin xeyli yazılarım dərc olunmuşdu. Sonra Belarus şairi Yanko Kupalonu Azərbaycan dilinə tərcümə etdim. 1941-ci ildə Əhməd Cəmil onu tərcümə etmişdi, mən yenidən tərcümə etdim. Buna görə mənə “Qızıl qələm” mükafatını verdilər. Onu da deyim ki, mən həm Azərbaycan, həm Belarus Yazıçılar Birliyinin üzvü, həm Belarus Jurnalistlər Birliyinin, eyni zamanda Moldova Kino İttifaqının üzvüyəm. Qaqauziyada Dövlət Universitetində Azərbaycan Tədris Mərkəzini yaratmışdım və orada dərs deyirdim. 4 il mühazirə oxudum. Həftədə iki dəfə 100 km yolu gedib mühazirə oxuyub, qayıdırdım. Həm səfir idim, həm də yaratdığım kafedrada müəllimlik edirdim. Xristian qaqauzların dili türk dilidir, yəqin bilirsiniz. Amma yavaş-yavaş orda islamlaşma başlayıb. Bundan sonra mənə və Süleyman Dəmirələ eyni gündə Qaqauziyanın fəxri vətəndaşlığını verdilər. Rəhmətlik ora gəlmişdi, təqdimat onda oldu, şəkillərimiz də var. Yəni səfir olaraq bütün fəaliyyətim Azərbaycanı tanıtmağa, təbliğ etməyə həsr olunmuşdu. Ölkəmin 20 faiz torpağı işğal altındadır, bunu çatdırmaq lazımdır. Üstəlik, mən Moldova pravoslav kilsəsində mühazirələr oxuyurdum. O vaxt Avropada İslam dini əleyhinə təbliğat gedirdi. Mən də 6 ay kilsədə mühazirələr oxudum. İslamın terrorla heç bir əlaqəsinin olmadığını izah edirdim, dinimizin mahiyyətini açırdım. Hətta sonra Ukraynadan Moldovaya gəldilər, mənə “2-ci dərəcəli Vladimir Kilsə” ordeni verdilər. Təsəvvür edin, qaqauzlardan bir qədər aralıda karayimlər yaşayır. Bunlar dinlərinə görə yəhudidirlər, amma dilləri türk dilidir. Təxminən 250 min ola, olmaya. Mən ilk dəfə Qaqauziyada gördüm ki, kilsə xadimi türkcə danışır. Karayimlərin içərisində olanda isə gördüm onlar türkcə bizə daha yaxın danışırlar. Onlarla əlaqələri möhkəmləndirmək lazımdır. Qaqauziya Universitetinin qarşısında Heydər Əliyevin büstünü də qoydurdum. Üzbəüzdə Süleyman Dəmirəlin büstünü Türkiyə səfirliyi qoydurdu, məndən sonra. Azərbaycan Tədris Mərkəzi isə bu günə qədər mənim adımla bağlıdır.

– Belə demək olarmı ki, qardaşınız Azər müəllim sizə nisbətən daha şanslı olub?

(Davamı növbəti sayımızda)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …