Ana səhifə / Müsahibə / “İlham Əliyev bütün bunları əla bilir və bu varianta getməyəcək”

“İlham Əliyev bütün bunları əla bilir və bu varianta getməyəcək”

Gündəmin ən aktual mövzusu ətrafında tanınmış konfliktoloq Elxan Mehdiyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
– Elxan bəy, Prezidentin birinci mərhələdə beş rayon və sonrakı mərhələdə iki rayonun qaytarılması haqqında bəyanatını Qarabağda gedən müharibə fonunda diplomatik gediş hesab etmək olarmı? Sizin fikriniz necədir?
– Mən hesab edirəm ki, indiki dönəmdə Prezident İlham Əliyev bu varianta razı olmamalıdır. Və 5 rayon və sonra 2 rayon yox, əvvəlki tutduğu mövqedə durmalıdır. Yəni, ermənilər bütün rayonlardan tezliklə çıxmalıdır və bunun üçün qrafik verilməlidir. Nöqtə. Və bu qrafik ayları və illəri əhatə etməməli, çox qısa zaman kəsiyində həll olunmalıdır. Bizim atəşkəs şərtimiz budur. Biz nəyə görə öncədən 5 rayon deməliyik?  Sülh danışıqları başlamadan 5 rayon söyləsən, erməni də 2 rayon deyəcək. İkinci tərəfdən, ideal halda 5 rayondan çıxsa da, sonrakı iki rayonu, Laçın və Kəlbəcər rayonunu alver mövzusuna çevirəcəklər. O zaman bu məsələ yenidən uzanacaq. Çünki ermənilər bu rayonlardan çıxmağı statusla bağlayacaq və istədiyi statusu verməsən bu rayonlardan çıxmayacaq. Bu rayonların ərazisi elə Dağlıq Qarabağın ərazisi qədərdir. Rusiya bizi elə bu şərtlərlə danışığa çəkib yenidən bu məsələni uzatmağa çalışır. 
Məsələ burasındadır ki, bu baza prinsipləri və altı element erməni işğalının nəticəsində ortaya çıxıb. Və bu elementlər və 3 prinsipin ikisi və onlarla bağlı rayonların nə şəkildə azad edilməsi ermənilərin həmsədrlərə diktəsi əsasında hazırlanmış və məsələnin faktiki olaraq hərbi yolla həll variantı idi. Yəni, deyirlər ki, DQ – ın Azərbaycandan ayrılmasını tanıdığınız halda, biz Kəlbəcərdən də çıxa bilərik. Laçın isə bizi Ermənistana birləşdirən yoldur. İkinci bir tərəfdən, indiki zamanda da danışıqlar nəticəsində ermənilər bu 5 rayondan qeydsiz şərtsiz qoşunlarını çıxarmayacaq, onlar bu rayonların tamamilə demilitarizasiya edilməsini, yəni Azərbaycan ordusunun ora yerləşdirilməməsini tələb edəcək və bu tələbi həmsədrlər də dəstəkləyəcək və sülh məramlı qüvvələrin bu rayonların ətrafında yerləşdirilməsini tələb edəcəklər. Növbəti mərhələdə sülh danışıqları status üzərində gedəcək və bu məsələ yenidən çox uzanacaq. Dediyim kimi, ermənilər istədiyi statusu almasalar bu torpaqlardan dinc yolla çıxmayacaq. Bu baxımdan, indiki dönəmdə status kvo-nun dəyişdiyi və təmas xəttinin darmadağın edildiyi bir şəraitdə, əvvəlki işğala əsaslanmış plana qayıtmaq nə dərəcədə Azərbaycanın bu ölüm – dirim savaşına uyğundur? Mən ümid edirəm ki, bu bəyanat da indki vəziyyətdə diplomatiyanın bir gedişidir. Amma, ona əsaslanıb bizi yenidən tələyə sala bilərlər. 
– Bəs Madrid prinsipləri nə deyir?
– Madrid prinsipləri nədir? Bu prinsiplər həmsədrlərin 2006-cı ildə verdikləri bəyanat idi və o da 2007-ci ildə ATƏT XİN-nin Madrid görüşündə bəyənildi və belə adlandı. Bu Praqa prosesinin məhsulu idi. Həmsədrlər həmin bəyanatda açıq söyləyirdilər ki, bizim bundan artıq edəcəyimiz bir sey yoxdur və tərəfləri bu planı qəbul etməyə çağırırdılar. Beş rayon söhbəti də bu plandan çıxdı, çünki onlar bəyan etdilər ki, erməni tərəfinin Kəlbəcər və Laçın ilə bağlı şərtləri var (ingiliscə ”modalities” deyirdilər) və onlara  ayrı müstəvidə sonra baxılacaq. Sonra da aydın oldu ki, istədikləri status verilməsə onlar bu rayonlardan çıxmayacaq. Serj Sarkisyan bu işi 10 il imitasiya müstəvisinə çevirdi və nəticədə heç bir rayondan da çıxmadı və bu rayonları da Ermənistanın vahid xəritəsinə saldı. Və əgər biz indi də bu yolla getsək, indıki şəraitdə ermənilər maksimum olaraq yuxarıda qeyd etdiyim təhlükəsizlik şərtləri ilə 5 rayondan çıxa bilər, amma Laçın və Kəlbəcəri statusla bağlayıb çıxmayacaqlar. Mən düşünürəm ki, İlham Əliyev bütün bunları əla bilir və bu varianta getməyəcək. Ancaq bu variantı indi səsləndirmək belə bizim məqsədlərimizə xidmət etmir. Biz faktiki olaraq düşmənə deyirik ki, 5 rayonu indi qaytar, iki rayonu isə sonralar. Bu cür yanaşma nə Prezidentin, nə ordunun, nə də xalqın qətiyyəti ilə uyğun deyil. Bütün işğal edilmiş rayonlardan ermənilər tezliklə çıxmalıdır – Prezidentin bu ifadəsi hakim olmalıdır, 5 rayon yox…

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …