Ana səhifə / Müsahibə / Hacı Şahin Elmar Vəliyevə edilən sui-qəsddən danışdı: “Birmənalı olaraq islamla əlaqələndirilməsinin əleyhinəyəm”

Hacı Şahin Elmar Vəliyevə edilən sui-qəsddən danışdı: “Birmənalı olaraq islamla əlaqələndirilməsinin əleyhinəyəm”

Bir qədər əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücumla bağlı birgə məlumat yaydı. Məlumatda qeyd olunurdu ki, Rusiya vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır.

Belə ki, o, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

Bəyanatda Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olduğu vurğulanıb.

Baş verən hadisələrə, eləcə də güc strukturların Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənlinin fikirlərini aldıq. O, deyir ki, Yunis Səfərovun Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı törətdiyi sui-qəsdin dinlə heç bir əlaqəsi yoxdur.

– Hacı, Gəncədə baş verən hadisə ilə bağlı güc strukturlarının yaydığı birgə bəyanatda “Müsəlman birliyi hərəkatı”nın və sədri Taleh Bağırzadənin adı çəkildi. Necə hesab edirsiniz, bu cür hadisələr radikal qrupların yenidən fəallaşmasına işarə ola bilərmi?

– O cür hərəkətlərin bundan sonra təkrarlanacağını gözləmirəm. Çünki buna zəmin görmürəm. Eyni zamanda, bu tip hərəkətlər heç bir nəticə verməyib. Yəqin ki, orada dəqiq nəyin baş verdiyini istintaq, hüquq-mühafizə orqanları müəyyənləşdirəcək. Azərbaycanda müəyyən qüvvələr var ki, dövlət-din münasibətlərinə, dini dözümlülüyə zərbə vurmağa cəhd göstərirlər. Amma mən həmişə qeyd etmişəm ki, ölkəmizdə radikallığın ciddi sosial bazası yoxdur. Onların ciddi destruktiv fəaliyyət göstərəcəyinə də inanmıram. Hər bir halda, heç bir dövlət bu cür cəhdlərdən sığortalanmayıb.

– Necə hesab edirsiniz, Gəncədəki inanclı insanlarımızın bu cür hallara reaksiyası necə olacaq? Proseslərin sonunu necə görürsünüz?

–  Birmənalı şəkildə qeyd etmək istəyirəm ki, bu cür hadisələrin dinlə əlaqələndirilməsi kökündən yanlışdır. Dində sui-qəsdə hər hansı yer ola bilməz. Din bu cür hərəkətləri qəbul etmir. Kimsə öz hərəkətlərini dinlə əlaqələndirməyə çalışırsa, bu, birmənalı olaraq yanlışdır. Din insanları zorakılığa, sui-qəsdə dəvət edə bilməz. İslam dini peyğəmbər zamanından terrora, sui-qəsdə qarşıdır. Əslində tarix boyu islam böyüklərinin özləri terrora məruz qalıblar. Ona görə də bu cür hərəkətlərin din pərdəsi altında verilməsi heç zaman dindarlar tərəfindən qəbul edilə bilməz. Azərbaycanda dindarların mütləq əksəriyyəti konstruktiv mövqedə dayanan, Azərbaycan dövlətinə bağlı insanlardır. Gəncəlilər də bu cür hərəkətlərə qarşı olan insanlardır, onların bir çoxunu şəxsən tanıyıram. Gəncədə və digər bölgələrimizdə bu cür hərəkətlərin bundan sonra rəvac tapmasını mümkünsüz hesab edirəm. Ümumiyyətlə, radikal cərəyanların, radikal yanaşmanın Azərbaycanın heç bir bölgəsində sosial bazası olmayıb. Bu gün də yoxdur.

Biz imkan verməməliyik ki, heç bir şəxs öz destruktiv əməlləri üçün dindən istifadə etsin. Birmənalı olaraq kəskin mövqe ortaya qoyulmalıdır. Azərbaycan dindarlarının ortaq mövqeyi budur ki, din barışdırıcı mövqedə dayanır. Bu, xalqımızın əsrlərlə yaşatdığı bir dəyərdir. Sünnilik də, şiəlik də Azərbaycanın ənənəvi məzhəbləridir. İndiyə qədər ölkəmizdə dini zəmində münaqişə olmayıb. Bəli, rəsmi məlumatda qeyd olunur ki, sui-qəsdi təşkil edən şəxs özünü dindar kimi təqdim edir, həmin insanın dini dövlət qurmaq məqsədi ilə bu cür addımlar atdığı ortaya çıxıb. Bu mənada, heç kimə imkan verilməməlidir ki, öz destruktiv fəaliyyətlərini islam dini ilə əlaqələndirsin. Bu cür hərəkətlər dinə ziddir. İslam dünyagörüşündə zorakılığa yer yoxdur.

– Bu hadisədən sonra hansısa maarifləndirici çıxışlar, dindarlara ünvanlanmış konkret mesajlar vermək fikriniz varmı?

– Qafqaz Müsəlmanları İdarəsi dini radikalizmə qarşı Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirir. Bu cür tədbirlərdə çoxsaylı dindarlar iştirak edir. Bundan başqa, Dini Qurumlar üzrə Dövlət Komitəsinin bu yöndə tədbirləri olur. Özüm də bu tip tədbirlərdə iştirak etmişəm. Hərbi hissələrdə, cəzaçəkmə müəssisələrindəki tədbirlərə qatılmışam. Bölgələrdəki dindarlarla geniş əlaqələrimiz var. Gələcəkdə də bu kimi tədbirlər sistemli olaraq keçiriləcək. Gəncədə baş verən hərəkətin qarşısını almaq lazımdır və buna qətiyyən yol vermək olmaz. Bu məsələdə Azərbaycanın inanclı insanları yekdildir. Birmənalı olaraq sui-qəsdlərin, zorakılığın islamla əlaqələndirilməsinin əleyhinəyəm.

– Məlum oldu ki, hadisəni törədən şəxs Azərbaycandan kənarda dini təhsil alıb. Bu cür halların kökündə Azərbaycanda dini təhsilin arzuolunan səviyyədə olmaması dayana bilərmi?

– Çalışmalıyıq ki, Azərbaycan vətəndaşları dini təhsil almaq istəyəndə xarici ölkələrə üz tutmasınlar. Azərbaycanda İslam Universiteti var. Bu təhsil ocağının onlarla məzunu müxtəlif bölgələrdə dini müəssisələrdə fəaliyyət göstərirlər. Bu yaxınlarda Azərbaycanda İlahiyyat İnstitutu yaradıldı. Həmin müəssisənin rektoru ilə görüşüb ölkəmizdəki dini təhsilin perspektivlərini müzakirə etdik. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda dini təhsilin səviyyəsi bundan daha yüksək səviyyədə olacaq. Amma bu, bir günə həll ediləcək məsələ deyil. Davamlı prosesdir. Sovet dönəmində Azərbaycanda demək olar ki, dini təhsil yox idi. Sıfırdan başlanılan iş qısa müddətdə Azərbaycanda 2 dini təhsil müəssisəsinin formalaşması ilə nəticələndi. Bu da müsbət göstəricidir. Həm də strateji məsələdir. Çünki bu gün din faktorundan siyasi alət kimi istifadə edən qruplar var. Bunun qarşısını almaq üçün dini maarifləndirmənin səviyyəsi, keyfiyyəti yüksəldilməlidir. Bu işi isə peşəkar mütəxəssislər həyata keçirə bilər. Həmin peşəkarların Azərbaycanda yetişməsi üçün ciddi cəhdlər göstərilir.

Bizim ayıq-sayıq olmağımız əsasdır. Azərbaycanda dini mühitin mənfi təsirlərdən sığortalanmasına çalışmalıyıq. Məlumatsızlıq olan yerdə sui-istifadə də ola bilər. Müasir dünyada bir dövlətin digər dövlətə təsirindən sığortalanmaq mümkün deyil. Bu təsirləri minimuma endirmək üçün Azərbaycanda dini ehtiyacları ödəyəcək insanların yetişməsinə çalışmalıyıq. Bu istiqamətdə də müəyyən addımlar atılır.

musavat.com

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …