Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Hacı Əbdül: “Prezident seçkilərinə getməliyik ki, quruldayanı udsun…”

Hacı Əbdül: “Prezident seçkilərinə getməliyik ki, quruldayanı udsun…”

Tofiq Köçərli: “Hərbi məğlubiyyətimizin başlıca səbəbi daxili vəziyyətdir…”

26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi. Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər. Həmin günlər ölkənin siyasi  idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.
Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü qoruyub saxlayır…
1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmiş  deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dən  mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyi  bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.
(Ali Sovetin 1992-ci il martın 24-25-də keçirilmiş fövqəladə sessiyası. Davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın: (http://www.moderator.az/news/219752.html)
Tofiq Köçərli:”Belə bir təsəvvür yaranır ki, Qarabağ problemi arxa plana keçib…”
Deputat Tofiq Köçərli(mərhum akademik, “Qarabağ”, “Yaddan çıxmaz, Qarabağ” və s. kitabların müəllifi-S.L.) qeyd etdi ki, Prezidentlik institutunu ləğv etmək üçün referendum keçirilməlidir.
“…Çünki prezidentlik institutu referendum vasitəsilə bəyənilmiş, Konstitusiya aktında təsbit edilmişdir. Əgər Ali Sovet qərara gəlsə ki, Prezident institutu ləğv edilməlidir, onda qərar çıxarılmalıdır. Referendumun günü, referenduma qoyulan sual müəyyənləşdirilməlidir. Və yalnız ondan sonra Prezident institutunun ləğvi haqda söhbət gedə bilər.
İclaslardakı çıxışlara diqqətlə qulaq asanda, mətbuatı oxuyanda, televiziyaya baxanda bəzən belə təsəvvür yaranır ki, Dağlıq Qarabağ problemi arxa plana keçib, belə bir problem, ümumiyyətlə, yoxdur…
“Bütün insani ehtiraslardan hakimiyyət hərisliyi qədər bəşəriyyətə qan və əzab gətirən bir şey yoxdur…” 
Hərbi məğlubiyyətimizin başlıca səbəbi daxili vəziyyətdir. Çoxdan deyilib, bütün insani ehtiraslardan hakimiyyət hərisliyi qədər bəşəriyyətə qan və əzab gətirən bir şey yoxdur. Nə qədər ki, müxtəlif ictimai siyasi-qüvvələr, ayrı-ayrı siyasi xadimlər əsas məqsədlərinə – ali dövlət icra hakimiyyəti aləminə yüksəlməkdə bəxtlərini demokratik seçki yoluyla sınamayıblar, bir o qədər də dinclik olmayacaq, gərginlik qalacaq və daha da artacaq. Nazirlər Kabinetnin simasızlaşdırılması və hakimiyyətsizləşdirilməsi Prezidentlik institutunun fəaliyyəti dövründə daha da dərinləşmişdir. Təklif edirəm ki, Prezident seçkiləri Konstitusiyada müəyyən edilmiş müddətdə keçirilsin…”
Şadman Hüseynov:”Milli Şurada o səviyyə yoxdur ki, ölkəni idarə edə bilsin…”
Deputat Şadman Hüseynov göstərdi ki, mən də Milli Şuranın və “Müstəqil Azərbaycan” deputat blokunun üzvüyəm. Bununla yanaşı, Azərbaycan Milli İstiqlal Partiyasını təmsil edirəm. Partiyanın həmtəsisçilərindən, həm də təşkilat komitəsinin  üzvlərindən biriyəm. Ona görə mən fikrimi həmin partiyanın mövqeyindən çatdırmaq istəyirəm ki, Prezident seçkiləri keçirilməlidir. Söhbət hakmiyyətin Milli Şuraya verilməsindən gedir. Milli Şuranın üzvü kimi mən sizə açıq deyim ki, bizim hal-hazırkı Milli Şurada o səviyyə yoxdur ki, respublikanı idarə edə bilsin. Ayrı-ayrı şəsxlərin hakimiyyətə gəlməsi heç kəsi qorxutmasın…
Bu başdan da xalqımızı qarşıdurma ilə qorxutmaq… Nə bilim,  Ketavanini, Şevardnadzeni Arif bəy xatırlatdı… Bu, Azərbaycan xalqıdır. Biz öz xalqımızı başqa xalqla müqayisə etməməliyik, həmin adları burada çəkməməliyik…
Mətləb Mütəllimov:”Əvvəlcə Qarabağ məsələsini həll edək…”
Deputat Mətləb Mütəllimov söylədi ki, əvvəlcə Qarabağ problemini həll edək və qüvvələrimizi ilk növbədə ona sərf edək. Bu məsələ səsə qoyulanda adbaad səsə qoyulsun. Və qoy camaat görsün ki, kimlər vəzifə davasına gedirlər, kimlər sabitliyə can atırlar…”
Hacı Əbdül:”Allah tərəfindən bir hacıleylək göndərilir, hansı qurbağa “qurr” edən kimi…”
Deputat Hacı Əbdül çıxışında dedi:
”… Prezidentin getməsini Konstitusiya ilə düzgün saymıram və mənim üçün bu iş qaranlıqdır. Bir icra hakimiyyəti başçısını misal çıkim. Misal üçün, götürək, bizim Xızı Rayon İcra Hakimiyyəti başçısını(bu kitabın müəllifini nəzərdə tutur, müəllif həmin dövrdə Xızı rayon icra başçısı işləyib-M.M.). Bu yaxınlarda eşitdik ki, həmin rayonda şəhər soveti seçəcəklər. Uşaqlarla cəmləşdik, getdik, görək necə seçiləcək. Rayon mərkəzində heç kəs yox idi Oradan geri qayıdanda yolda icra başçısı ilə rastlaşdıq. Soruşdum ki,  eşitmişik şəhər soveti seçiləcək. Dedi ki, var elə söhbət, olmalı idi, amma olmadı. Dedi ki, mən heç kəsdən qorxmuram, kimi istəsəm, onu da qoyacağam. Mən ona cavab vermədim… Əlbəttə, belə icra başçıları çoxdur… Mən bunu ürəyimdə saxlaya bilmədim, gəldim, Ağayev Rüfət müəllimə dedim ki, bəs mənimlə belə bir söhbət oldu…
Sözüm ondadır ki, qardaşlar, siz Prezidenti bu yolla, bu qayda ilə yola saldınız. Narahat olmayın, heç darıxmayın. Bir göldə qurbağalar həmişə quruldayırdı. Deyərdilər: özümüzə bir padşah seçək. Özlərinə bir padşah seçirlər. Üç gündən sonra yenə quruldaşma başlanır. Deyirlər, nədir, nə olub yenə? Cavab verirlər ki, bu padşah laldır, elə dinməzcə oturub baxır. Başqasını seçməliyik.. Yenə də başqasını seçirlər. Yenə də quruldaşma başlanır.  Bu dəfə Allah-Təala tərəfindən bir hacıleylək göndərilir, o da olur padşah. Hansı qurbağa başını qaldırıb “qur” edən kimi tutur yaxasından…
İndi qardaşlar, nəzərinizə çatdırıram ki, bu gün Prezidentn iki yolu var: ya gərək biz hamımız Prezidentimizi götürək, gələk oturdaq, ya da Prezident seçkilərinə getməliyik ki, quruldayanı götürüb udsun. Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuh…”
 
(Maksim Musayev, “Milli Şura parlamenti”, Bakı, 2001. səh.117-120)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …