Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Həyat ölümdən daha qorxuludur…” – Deputat

“Həyat ölümdən daha qorxuludur…” – Deputat

Bu gün millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin 40 yaşı tamam olur. Bu münasibətlə hörmətli deputatımızdan alınan geniş və qeyri rəsmi müsahibəni oxucuların ixtiyarına təqdim edirik.
– Şir bürcüsünüz…

– Bəli. Sevirəm bürcümü. Çünki maraqlı xarakteristikası var.
– Sevgi dolu bürcdür. Fəqət, haqqında danışdığınız xarakteristikanın içində ağırlığın, çətinliyin, ipə-sapa yatmamağın konturları da açıq görünür. Bunu bir çox dostların timsalında təyin etmişəm.
– İnsanlar məxsusi və inidividualdır.
– Bürcünüzü sevdiyinizi dediniz. Ad günlərini, yubileyləri necə, onları da sevirsinizmi? Üst-üstə gələn hər yaş sizdə kompleks yaratmır ki?
– Axırdan əvvələ başlayım. Tam əksi. Kompleks dəqiq yaratmır. Çünki qocalmaqdan, ölümdən qorxmuram. Məncə həyat ölümdən daha qoxuludur. O ki qala ad günlərinə…xüsusi təm-tərağı qətiyyən sevmirəm. Ailədə də hər zaman mənə irad tutulan məqam budur. Demirlər təm-təraq edək, deyirlər heç olmasa 5-10 nəfərlə yığışaq, bilək özəl gündür. Razı olmuram. Düşüncəm də ondan ibarətdir ki, əgər bu ad günü mənim ad günümdürsə, o zaman elə mənim əhvalıma, arzularıma, rahatlığıma da uyğun düzənlənməlidir. Gedib restoranda gərgin oturacamsa, evimdə rahat oturub qeyd edim.
– Bəlkə “40 yaşı qeyd etməyin düşər-düşməzi olur” – fikrinə aludə olmusunuz?
– 30-da, 35-də, 39-dadamı buna aludə idim? (gülür). Yox, təbii. Mən belə öncəgörmələrə qətiyyən inanan biri deyiləm.
– Bəy, uzun illərdir siyasətlə məşğul olursunuz. Siyasətin anlamı sizin üçün nədir?
– Siyasət mənim həyatımın ləzzət, həzz, rahatlıq nöqtəsidir. Mən siyasətlə yaşayıram. Baxmayaraq ki, ixtisasca hüquqşünasam, Bakı Dövlət Universitetinin məzunuyam, üstəlik o sənətə də böyük hörmətim var, amma yenə siyasəti seçdim. Hətta çox az müddət Baş Prokurorluqda və Ədliyyə Nazirliyində çalışmışam. Amma sonucda hər iki dövlət qurumundan öz istəyimlə ayrılaraq tamamən siyasətə həsr olundum. Yəni, illərin fikir və arzu tərəzisində siyasətçi tərəfim hüquqşünas tərəfimdən daha ağır gəldi. Bu həyatı bir dəfə yaşadığımın fərqindəyəm. Bütün hüceyrələrimlə bağlı olduğum siyasət isə mənim yaşam tərzimdir. İnanın, hətta dostlarımı da məhz siyasi mülahizəsi güclü olan insanların arasından seçirəm. Mən siyasət olmayan yerdə boğuluram, yoxam. Tanıdıqlarım deyir, sən siyasətdən danışanda gözlərin də gülür, qəribə sevinirsən, çöhrənə xoşbəxtlik çökür. Demək ki, yolumu düz seçmişəm və bu yol kənardan görünəcək, seziləcək qədər doğru seçimdir. Ayrıca, özəl gündə sizinlə bir hissimi də bölüşüm. Bax bəzən “Yeni Müsavat” qəzetinə və ya digər nəşrlərə müəllif yazısı göndərirəm. Təbii, siyasi mövzuda. Dərc olunur və…hər yazının dərcində sanki həmin yazını ilk dəfə yazıbmışam kimi sevinirəm. Uşaqtək sevinirəm. İzləyirəm. Oxuyuram. Yenidən oxuyuram. Baxış sayını 10 dəqiqədən bir nəzərdən keçirirəm. Reaksiyalar gözləyirəm. Kənardan kim dərc etsə onu axtarıram, tapıram, təşəkkür edirəm. Fikir, rəy  bölüşənləri təqdir edirəm. Və bu proses yazı saytdan çıxana qədər davam edir. Təbii, mənim jurnalistikada çox dəyərli dostlarım var və onlar mənim bir xahişimi geri çevirmirlər, fikilərimi tirajlayırlar.  Amma həmin dostlar fərqində belə deyillər ki, o yazıların qiyməti mənim üçün nədir, mən yazılarımı necə sevirəm, onları içimdə necə bəsləyirəm, onları hansı həvəslə, şövqlə, ləzzətlə yazıram.
– Neçənci cəhddə deputat seçilmisiniz?
– 3-cü.
– Əvvəlki iki cəhd sizi ruhdan salmayıb demək.
– Sevdiyin sənət seçdiyin sənətlə həmahəng olanda ruhun qalxmasından savayı alternativ olmur. Mən heç zaman deputat olmasaydım belə yenə siyasətdən eyni ləzzəti alacaqdım.
– Deputat olmağın xüsusi avantajı varmı? Sualı konkret olaraq sizin timsalınızda verirəm.
– Şəxsi anlamda xeyr. Hər şey əvvəlki kimidir. Həmin Elşənəm. Həyatımda, xarakterimdə heç nə dəyişməyib. Fəqət, qlobal anlamda – bəli. Deputat mandatı daha çox insana yardım etmək, onların dərdini bölüşmək, yaxşı, xeyirli işlərə vəsilə olmaq üçün gözəl şansdır. Üstəlik, millət vəkili olmaq həm də şərəfli, məsuliyyətli bir işdir.
– 36 yaşında millət vəkili seçilmisiniz. Ümumən maraqlıdır, Parlamentdə yaşlı deputatların cavanlara münasibəti necədir?
– Münasibət hər kəsə fərdidir və həmin münasibətin qurulma üslubu, komponentləri arasında ən son nəzərə alınan faktor yaşdır.
– Hökümətin son tərkibinin elan olunmasından sonra sosial şəbəkədə belə bir status paylaşmışdınız ki, iki yeni nazir tələbə yoldaşımdır. İnam Kərimov və Sahil Babayev. İki nazir və bir deputat. Hələ bildiklərimiz bu qədər. Şanslı qrupunuz olub.
– Şanslı və istedadlı. Həm də son dərəcə dəyərli. Fəxr edirəm ki, həmin insanlarla bərabər təhsil almışam.
– Tələbə yoldaşları bu gün dostluqlarını davam etdirirmi?
– Bütün tələbə yoldaşlarımla bir şəkildə əlaqəm var. Mütəmadi ünsiyyət saxlayırıq. Konkret olaraq  nazirləri nəzərdə tutursunuzsa, onlarla da eyni cür. İnam Kərimov mənə ailə üzvüm qədər yaxındır, qardaş statusundadır. Daim bir-birimizdən xəbər tuturuq, zəngləşirik, görüşürük. Onun uğurları ilə fəxr edirəm, qürur duyuram. Sahil Babayev də bizim əzizimizdir, son dərəcə ləyaqətli, istedadlı, işgüzar bir dostumuzdur. Allah hamısının işini avand eləsin.
– Bəy, cavanlıqda musiqi ilə peşəkar şəkildə məşğul olduğunuzu deyirlər. Doğrudurmu? 
– Doğrudur. Hətta bir dəfə bu sualı mənə Milli Məclisin foyesində əməkdaşınız, əziz dostumuz Elşad Paşasoy da verdi. Təəccüb elədim ki, haradan məlumatlısınız? Amma bu çoxdan olub. Piano ilə məşğul olmuşam. Bizim ata evimizdə bir otaq büs-bütün musiqi alətlərindən ibarət idi. Musiqini çox sevirəm. Amma atamın vəfatından sonra əlimi pianoya vurmamışam. Piano atamla bərabər dəfn olub mənim üçün.
– Siyasətdə rəqiblərinizə qarşı yetərincə aqressivsiniz. Həyatdadamı beləsiniz?
– Məni yaxından tanıyanlar bilir, nəinki həyatda, heç siyasətdə də aqressiv deyiləm və ümumən loyal insanam. Amma bəzən elə məqamlara, elə hadisələrə şahidlik edirəm, bəzən elə siyasi ünsürlər ədalətdən, ləyaqətdən, mənəviyyatdan, dövlətçilikdən danışırlar,  onlara sərt üzümü göstərməyə bilmirəm. Çünki danışdıqları haqda anlayışları belə yoxdur. Üstəlik, həmin kateqoriya ilə mübarizəm şəxsi aspektdə deyil, geniş anlamdadır. İlham Əliyev mənim siyasi rəhbərimdir, mənim mayakımdır, özümə lider seçdiyim biridir. Odur ki, onu müdafiə edirəmsə, dəstəkləyirəmsə bunu birsifətlə, kişi kimi eləməliyəm. Ortada yeyib qıraqda gəzmək prinsipi mənim üçün keçərli deyil. Ya meydanda varam ya da yoxam. Siyasi rəqiblərimlə düzənlənən debatlardan qaçmıram, kiməsə atmaca atmıram, kənardan pafos üfürmürəm. Meydandayam. Rəqibi hər zaman meydana çağırıram. Döyüşmək istəyənlə döyüşə hazır olduğumu bəyan edirəm. Lazım gələndə döyüşürəm və bu elədiklərim əlahiddə bir iş, qəhrəmanlıq deyil. Bu mənəvi borcdur, vəfa borcudur, sadə standartdır. Yəni, dediyim budur ki, bəzi yanaşmaları qətiyyən aqressiya ilə əlaqələndirməyin. Yoluna sadiq siyasətçi öz düşündüyünü açıq şəkildə deməyi, ifadə etməyi bacarmalı, birsifətlə döyüşməlidir. Fəqət, ədalət hissini itirmədən.   
– Sonuncu dəfə nə vaxt ictimai nəqliyyatdan istifadə etmisiniz?
– 3 gün öncə. Metrodan.
– İnsanların reaksiyası necədir?
– Kənar reaksiyaları izləmirəm. Sadəcə ünvana gedirəm.
– Bir dəfə müsahibələrin birində avtomobilinizin çox ucuz bir marka olduğunu vurğulamışdınız.
– Deputat olmadan öncə idarə etdiyim avtomobildir. “Nissan” markasıdır. 12 ilin maşınıdır. Dəyişməmişəm.
– Sürücünüz varmı?
– Xeyr.
– Deputatlar hazırda tətildədir. Nə əcəb kənara itirahətə getməmisiniz?
– Mənim ən gözəl istirahətim kitab oxumaq və ailəmlə zaman keçirməkdir. Bu zövqün alternativini tanımıram. Mütləq deyil harasa çıxasan. Hələ oxuyan, öyrənən, təkmilləşən vaxtımdır. Yorulanda başqa variantlar düşünərik.
– Əmək haqqlarınız daim müzakirə mövzusudur. Gerçəkdənmi 7 min manat maaş alırsınız?
– Şişirdilmiş rəqəmdir. Ən az iki dəfə.
– Bəy, dinə münasibətiniz də maraqlıdır. Ritualları icra edirsinizmi?
– Dinə münasibətim normaldır. İnanclı insanlara da hörmətim var. Amma namaz qılmıram. Tələbə vaxtı ard-arda bir neçə il oruc tutmuşam.
– 40 yaşa çatdınız. Bu müddət ərzində insanı xoşbəxt və bədbəxt edəcək əsas formulun nə olduğunu təyin edə bilmisinizmi?
– Ağıllı insanların xoşbəxtliyi nisbi olur, çünki daim axtarışdadırlar, onların xoşbəxtlik kriteriyaları tədricən dəyişir. Amma insanı bədbəxt edən əsas səbəb eqodur, mənəm-mənəmlikdir, özünəvurğunluqdur. Təbii, illərlə apardığım analizlərə, nəticələrə və şəxsi qənaətimə əsalanıb deyirəm bunları. Bəlkə də səhv qənaətdir. Amma fikrim budur. Ayrıca düşünürəm, mütləq xoşbəxtlik deyə bir şey yoxdur. Əsas şərt bədbəxt olmamaq və ən çətin anda belə hansısa qızıl və ya gümüş nöqtəni tapıb həyata bağlanmağı bacarmaqdır.
– Təhsil və tərbiyə… Hansı daha önəmlidir?
– Mənim üçün təhsildən o yana heç nə yoxdur. Təhsilin tərbiyələndirmə gücü var, tərbiyənin isə təhsilləndirmə gücü yoxdur. Tərbiyə elə təhsilin bir qanadıdır. Ziyalı insan tərbiyəsiz ola bilməz. İstəsə də ola bilməz. Təhsil bütün qaranlıq yolların açarıdır.
– Bu yubiley yaşında özünüzə ünvanlamaq istədiyiniz arzu varmı?
– Var. Dövlət və cəmiyyət üçün daha faydalı, daha yararlı olmaq. İnsanın kənar elementlərdən əsas fərqi sadəcə beyni və mükalimə qabiliyyəti deyil. İstedad da, ağıl da, status da məhz faydalılığa köklənməlidir. Faydasız oldunsa sərəncamındakı  hər şeyin mahiyyəti sıfır dəyərindədir, əlindəki, qabındakı  hər şey mənasızdır, havadadır, boşdur. Dolğun, düzgün, faydalı həyat sürmək lazımdır ki, bu dünyadan köçəndə barı 5-10 ürək göynəsin, ardınca rəhmət oxunsun, yoxluğun hiss edilsin. Ölüm hər kəs üçün var və bilmək olmaz kimin üçün hansı uzaqlıqda, hansı məsafədədir.
– Bəy, bir daha təbriklər. Yeni yaşınız mübarək olsun. Səsiniz hər zaman yüksəklərdən gəlsin…
– Təşəkkür edirəm və mən də əziz qardaşım Rauf Arifoğlu başda olmaqla, bütün kollektivinizi Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər zaman diqqətlisiniz, var olun. Sizin də uğurlarınız bol və daimi olsun.(musavat.com)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …