Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Fransızlar və ruslar Qarabağa Abxaziyadakı modeli gətirmək istəyirlər…”

Fransızlar və ruslar Qarabağa Abxaziyadakı modeli gətirmək istəyirlər…”

Həm Qarabağda, həm də Ermənistan-Azərbaycan münasibətlərində gərginliyin növbəti mərhələsi yaşanır. Xankəndində əli hər şeydən üzülən Ruben Vardanyan Azərbaycanla razılığa gəlməyəcəyini elan edir, Avropa İttifaqı(Aİ) isə Ermənistana dəstək məqsədilə bu ölkəyə Azərbaycanla sərhəd ərazilərdə monitorinq aparacaq müşahidə missiyası göndərir.

AzPolitika.info bu mövzunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

– Tofiq bəy, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərməklə bağlı qərar verib. Azərbaycan fəallarının Xankəndi-Laçın yolunda keçirdiyi aksiya və Avropa Parlamentinin məlum qətnaməsi fonunda Brüsselin Bakıya xəbər vermədən belə bir addım atmasını necə qiymətləndirmək olar?

– Bəllidir ki, onların əsas məqsədi bu və ya digər bəhanə taparaq perspektivdə biz tərəfə keçməkdir. Məncə, Aİ-nın son qərarını buna hazırlıq kimi də qiymətləndirmək olar. Əslində, noyabrda Fransa tərəfindən qəbul olunan sənəddə də bu addımların işartıları görünürdü. Həmin sənəddə qeyd edirdilər ki, Xankəndində humanitar missiya açılmalıdır. Avropanın, ilk növbədə Parisin təşəbbüsü odur ki, orada rus sülhməramlılara bu və ya digər şəkildə beynəlxalq mandat verilsin. Onlar da təxminən Abxaziyada olduğu kimi vəziyyəti formalaşdırsınlar. Qeyd edim ki, Abxaziyada rus sülhməramlılar var, eləcə də BMT-dən tutmuş ATƏT-ə qədər birgə missiya yaradılıb. Beləcə, əməkdaşlıq şəraitində orada Avropa nümayəndələri ruslarla paralel fəaliyyət göstərirlər. Bu formatı böyük ehtimalla Qarabağa da tətbiq etmək istəyirlər. Lakin Azərbaycanın razılığı olmadan ora daxil olmaq imkanları yoxdur. Qərarverici tərəf Azərbaycandır.

– Bu qərar Fransanın regionda real iştirak etmək cəhdi deyilmi?

– Sözsüz ki, əsas məqsədlərdən biri də budur. Üstəlik, Fransanın burada fəallığı ilk növbədə Türkiyəyə qarşı apardığı siyasətin tərkib hissəsidir. Onlar yaxşı anlayırlar ki, Qarabağ mövzusu Türkiyənin həm daxili, həm də xarici siyasətində əsas mövzulardan biridir. Aralıq dənizində Türkiyənin nüfuz və imkanlarının artması Parisi narahat edir. Parisin müxtəlif istiqamətlərdə Türkiyəyə problem yaratmaqla bir növ Türkiyənin artan nüfuzunun qarşısını almaq niyyətində olduğu açıq görünür.

Fransanın marağı odur ki, Cənubi Qafqazda gedən proseslərdə real imkanlara malik olsun. Amma bir daha deyirəm ki, burada Azərbaycanın mövqeyi əsasdır. Fransanı və ya bir başqasının niyyətləri, istəkləri ola bilər, ürəyi istədiyi kimi davam edə də bilər. Bu, onların işi və ya mövqeyidir. Azərbaycan isə üçtərəfli sazişə əsasən Qarabağda Rusiya-Türkiyə təşəbbüsünün zaman baxımındn sonunu gözləyir. Bu missiyanın müddəti 5 ildir, onun da 2,5 ili gedib, 2,5 ili qalır. Bu müddətdən sonra sülhməramlı missiyanın zamanını uzatmaq cəhdlərinin qarşısı alınmalıdır və alınacaq da. Deməli, münaqişəni tamamlamaq və ona son qoymaq üçün ilk növbədə prosesə beynəlxalq müdaxilənin qarşısını almaq lazımdır. Azərbaycan bu yolla gedir və bu, həm də strateji xəttdir.

Amma bir məqam xüsusilə qeyd edilməlidir. Bizim son danışığımız zamanı bildirmişdim ki, artıq Qarabağ mövzusu qapanmaq üzrədir və əsas gərginlik, münaqişə zonası Zəngəzura keçəcək. İndi görürük ki, Fransa və Avropanın Ermənistana müşahidəçilər göndərməsi onu göstərir ki, artıq münaqişə mərkəzi Zəngəzura keçir. Əsas gərginlik orada ola bilər. Oraya missiyanın gətirilməsi birinci addımdır. Onların mandatı bəlli deyil və sayları haqqında müxtəlif rəqəmlər səsləndirilir. Onların nə ilə məşğul olacaqları da aydın deyil. Mən orada iki məqsəd görürəm. Birincisi, Zəngəzur bölgəsində nəzəri baxımdan hər hansı münaqişədə Fransanın iştirakıdır. İkincisi, Zəngəzur bölgəsində Avropanın bu və ya digər şəkildə mövcudluğu onun İrana qarşı addımlarda iştirakı arzusundan doğur. Diqqət edin, bu missiya ilə paralel həm də Brüssel İran İnqilab Keşikçiləri Korpusuna qarşı sanksiyalar qəbul edib. Həmçinin, Avropa bu qurumu terrorçu siyahısına əlavə etmək istəyir. Bu da olduqca maraqlıdır. Tehran ola bilsin ki, buna diqqət yetirmir…

– İran Aİ missiyası ilə bağlı “müdrikcəsinə” susur…

– Bəli, susur, amma Tehranın ikili siyasətinin nəticəsində indi Zəngəzurda Avropa İttifaqının peyda olması açıq şəkildə baş verir. Halbuki, onlar regionda üçüncü qüvvələrin iştirakına qarşı bəyanatlar verirdilər. Məncə, Zəngəzur münaqişəsi deyilən məsələnin fəallaşmasının ilkin elementlərini qeyd etməliyik.

– Belə bir missiyanın gəlməsi bizim maraqlarımıza nə dərəcədə uyğundur?

– Buna qədər Azərbaycan-Ermənistan-“dağlıq Qarabağ” münaqişəsi adında konflikt vardı, biz daim bu mövzuda danışırdıq. İndisə mən deyən elementləri nəzərə alsaq görəcəyik ki, Azərbaycan-Ermənistan-Zəngəzur münaqişəsində beynəlxalq elementlər ortaya çıxır. Məsələn, biz Ermənistan sərhədinə gələn Aİ-nın müşahidəçiləri qarşısında məsələ qaldıra bilərik ki, Qərbi Azərbaycan toplumunun Zəngəzura qayıdışını təmin etsinlər. Bu, tamamilə məntiqli tələb olardı. Amma nəzərə almaq lazımdır ki, Ermənistan sərhədinə gələn missiyanın da mandatı yoxdur. Biz qeyd edirik ki, vaxtı ilə Azərbaycana qarşı ədalətsizlik baş verib. Bu baxımdan tələb edə bilərik ki, zəhmət çəkib Avropadan gəlmisiniz, bəyan edirsiniz ki, prinsiplər var və s. Buyurun, oranın əsl sahiblərinin geri qayıdışına töhvə verin. Amma ortada sərhəd müəyyən edilməyib. Tərəflər bir-birinin ərazi bütövlüyünü birbaşa deyil, çoxtərəfli sənədlərə istinad edərək tanıyıb. Hər halda bu, birinci mərhələdir. İkinci mərhələdə nəzərdə tutulur ki, tərəflər bir-birinin ərazi bütövlüyünü sülh sazişi çərçivəsində tanıyacaq. Əslinə qalsa, orada yalnız şərti sərhəd var. Buna necə nəzarət ediləcəyi də şübhələr doğurur. Əgər, sərhədi müşahidə edirlərsə, bunun üçün ilk olaraq sərhəd xətti olmalıdır. Sərhəd xətti olmayanda Aİ hansı sərhədə nəzarət edəcək? Rəsmi Bakı elan edib ki, Ermənistan Azərbaycan sərhədlərini tanımaqdan boyun qaçırırsa, haranı sərhəd hesab edirsə ora da çıxacaq. Belə olan halda, çıxdığımız yerlər də bizim sərhədimiz kimi tanınır.

-Moskva Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsinə necə yanaşır?

– Fransa liderıliyində bəlli qrupun Ermənistanda yerləşməsi nəticəsində rusların sülhməramlı kimi orada qalması üşün şərtlər yarana bilər. Abxaziyadakı modeli yada salsaq, görəcəyik ki, orada ATƏT və BMT adına olan nümayəndələr əslində Rusiya sülhməramlı missiyasını qəbul edirlər. BMT az qala Abxaziya ilə bağlı 38 qətnamə qəbul edib, nə oldu nəticəsi? Əvəzində, onlar uzun müddətdir Abxaziyada əməkdaşlıq formatında fəaliyyət göstərir. Biz elə fikirləşirik ki, bu missiya gələndə ruslarla az qala dava edəcəklər. Aydındır ki, Ermənistanda Aİ missiyasından əvvəl ruslar yerləşiblər. Əslində, onlar bir-birilə əməkdaşlıq edirlər. Ruslar 44 günlük müharibədən əvvəl şərti Ermənistan-Azərbaycan sərhədində görünürdülər. Hətta şərti sərhəd boyunca bir neçə zastava qurublar. İndi həmin yerə Avropadan gəlirlər. Məncə, onlar ortaq dil tapacaqlar. Bu baxımdan onların yerinə heç də narahat olmaq lazım deyil.

BMT-də olan müzakirələr də onu göstərdi ki, Fransanın təşəbbüsünə qarşı çıxan Almaniya və Birləşmiş Ərəb Əmirlikləri olub. Ruslar axırda nəsə təklif verdilər. Halbuki, bilirdilər ki, Fransanın təklifləri qəbul edilməyəcək. Bu baxımdan onların bir-birilə dil tapması istisna edilmir. İndi isə buna qarşı çıxan əsasən ABŞ-dır.

– ABŞ-ın bu məsələyə yanaşması necədir?

– Avropa açıq təklif edir ki, ruslarla bu məsələdə əməkdaşlıq edək. Baxın, Avropa Parlamentində qəbul edilən sənəddə bizə verilən təkliflər bəlkə də Ukraynaya aiddir. Unutmayaq ki, Prezident Zelenski bizim Prezidentə oxşar bəyanat verib. Yəni Avroparlamentin bu sənədi təsəvvür edin ki, gələcəkdə bir növ rusların və Avropanın mövqeyinin məşqi kimidir. Məsələn, son təşəbbüsü Marina adlı deputat göstərmişdi. Onlar bizim Prezidentin bəyanatını tənqid edirlər. Halbuki, Prezident deyir ki, kim istəyir vətəndaşlığı qəbul etsin, istəməyən qəbul etməsin. Yəni Qarabağdan gedə bilərlər. Onlar isə bu fikrə qarşı çıxır, belə yanaşmaları guya tənqid edirlər. Amma bizim dövlət başçısının bəyanatına oxşar fikirləri Prezident Zelenski də verib. Biz Latviya, Estoniya və digər ölkələrdən fərqli olaraq ərazimizdə olan və bizə qarşı silah qaldıran erməni toplumuna vətəndaşlıq təklif edirik.

Adlarını saydığım ölkələr, ələlxüsus Pribaltika dövlətləri indiyə qədər öz ölkələrində yaşayan rusdilli əhaliyə vətəndaşlıq verməyiblər, amma bizi ermənilərə görə tənqid edirlər. Biz vətəndaşlıq təklif edirik və deyirik ki, kim istəmirsə gedə bilər. Adını çəkdiyim və çəkmədiyim bəzi ölkələr rusdilli əhaliyə vətəndaşlıq da vermirlər. Yad millət kimi baxırlar. Belə sənədlə Baltikyanı ölkələrdə 100 minlərlə insan gəzir. Buradan görürük ki, nəinki ikiüzlülük, eləcə də beşüzlülük var. Bu baxımdan indi əsas oyunçu həm də Azərbaycandır. Bizim istəmədiyimiz, arzu etmədiyimiz layihə regionda həyata keçirilə bilməz.

ABŞ isə Avropadan fərqli kurs həyata keçirir, rusların bölgədən getməsində və zəifləməsində maraqlıdır. Yəni, ABŞ və Avropanın siyasətində fərqlər var.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …