Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Fransanın xarici işlər naziri: “Rusiya nə istədiyinə aydınlıq gətirməlidir”

Fransanın xarici işlər naziri: “Rusiya nə istədiyinə aydınlıq gətirməlidir”

Paris le 17/01/2018
Photo François Bouchon / Le Figaro

İzabel Lassere

Le Figaro” qəzeti

 

Fransanın xarici işlər naziri Jan-İv Le Drian (Jean-Yves Le Drian) kimyəvi silah tətbiq edənlərin cəzasız qalmaması üçün təşəbbüsə start verib. 2013-cü ildə əldə olunan sazişə baxmayaraq, Suriya rejimi öhdəliklərini yerinə yetirmir.

 

– “Le Figaro”: Beynəlxalq diplomatik səhnədə hansı strategiyanı dəstəkləyirsiniz?

– Jan-İv Le Drian: Mənə elə gəlir ki, ən vacib məsələ birbaşa fransızlara, xüsusilə onların təhlükəsizliyinə xidmət edən diplomatiya həyata keçirə biləcəyimizi göstərmək idi. Xaricdəki münaqişələrin tənzimlənməsi – necə ki Sahel, Liviya və Suriyada buna nail olmaq istəyirik –  birbaşa və dərhal ölkədəki vəziyyətə təsir edir. Ölkə xaricində iqtisadi maraqlarımızın irəlilədilməsi Fransada məşğulluğun təmin olunması deməkdir. Avropanın möhkəmlənməsi də bizim iqtisadiyyata təsir göstərir. Bütün bu işi Fransadan yüksək gözləntilər fonunda həyata keçirirəm. Şərhlərlə məhdudlaşmayan, çərçivələri aşmayan və düzgün fəaliyyət göstərən xarici siyasətə can atıram.

— Donald Trampın (Donald Trump) tələb etdiyi kimi İranın nüvə proqramı üzrə sazişi yenidən nəzərdən keçirməyə ehtiyac varmı?

— Fransanın mövqeyi sərt və balanslaşdırılmışdır. Balans 2015-ci il iyul sazişinin vədlərinin yerinə yetirilməsi deməkdir. Niyə? Çünki saziş davamlıdır, İran isə öz öhdəliklərini yerinə yetirir. Sənəd ölkədə nüvə silahının yaradılmasına imkan vermir. Əks təqdirdə, bu, bütün region üçün faciəvi nəticələrə səbəb ola bilərdi. Əgər ölkə verdiyi sözdən imtina edirsə, deməli həmin sözün dəyəri itir. Sərtlik İran raket proqramının məhdudlaşdırılması deməkdir. Bunu isə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi tələb edir. İran millətlər birliyinə qayıtmaq istəyirsə, onda bütün bu məsələlər üzrə əməkdaşlıq aparmalıdır. Əks halda ölkə nüvə silahı yaratmaq cəhdlərində haqlı olaraq şübhəli bilinəcək. Biz İranla raket proqramı və regional məsələlər üzrə dialoqa başlamışıq. Həmçinin ölkənin Yaxın Şərqdə sabitliyi pozan təsirini, Livanın “Hizbulla” qruplaşmasına və Yəməndə husitlərə maliyyə dəstəyini müzakirə etmək istərdik. Məhz bu səbəbdən martın 5-i İrana səfər edəcəyimi xəbər vermək istərdim. Həmkarım Cavad Zəriflə ötən ilin may ayı başladığım açıq xəttə sadiq qalacam.

— Suriyada hələ də döyüşlərin getdiyini nəzərə alaraq, ölkədə keçid prosesini necə görürsünüz?

— Bu gün döyüşlər İdlib, Afrin və Şərqi Qutada aparılır. Xüsusilə Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əməliyyatlar fonunda münaqişənin tədricən dəyişdiyini görürük. Qutaya gəldikdə, orada rejim müharibənin bütün qaydalarına rəğmən dinc əhali üçün təhlükə yaradır. Bütün bu hadisələri nəzərə alaraq, Fransa Təhlükəsizlik Şurasının təcili təşəbbüsünə müraciət edib. Əvvəlcə vəziyyəti sabitləşdirmək, daha sonra konkret tədbirlər görmək lazımdır. Sonra yeni şərtlər daxilinda seçki keçirmək mümkündür.

— Buna inanırsınız?

— Sülh prosesinin uğurlu olmasına şans verə biləcək yeganə qərar seçkilərin keçirilməsi və yeni konstitutsiyanın hazırlanması üçün sabit mühitin formalaşmasıdır. Belə bir addım ruslar da daxil olmaqla, konsensus üçün zəmin yarada bilər. Prezident inklüziv siyasi proses üçün şərtlərin yaradılmasının vacib olduğunu bildirir. Dəqiq olmaq gərəkirsə, Fransa seçki prosesi üçün sabit və neytral mühit əldə etməyə çalışacaq. Bu, mühasirələrin ləğv olunması, hərbi əməliyyatların dayandırılması, əsirlərin dəyişdirilməsi, kimyəvi silahdan imtina deməkdir. Özü də beynəlxalq nəzarət altında.

— Bu təşəbbüs Cenevrə prosesinə uyğun gəlirmi?

— Bu, BMT-də danışıqlar üçün stimuldur. Ruslar razıdırsa, lap yaxşı. Onlar Suriya nümayəndələrini Soçidə bir araya gətirmək istəyir. Nədən olmasın?! Bu, Cenevrə proseslərinə zidd deyil. İstənilən halda, əsl inklüziv siyasi həllə keçmək lazımdır.

— Rusiya, İran və Türkiyə müstəqil şəkildə Suriyada sülhə nail olacaqmı? Necə düşünürsünüz?

— Kollektiv dinamika çox vacibdir. Sülh ABŞ, Avropa və region ölkələrinin iştirakı olmadan davamlı və ədalətli ola bilməz. Rusiya həmişə Cenevrə danışıqlarına hörmət etdiyini, Astana prosesinin isə yalnız ona hazırlıq olduğunu deyir. İstənilən halda, Rusiya təkbaşına münaqişəni tənzimləyə bilməyəcək. Bir gün Suriyanı bərpa etmək lazım gələcək, Rusiyanın isə buna vəsaiti çatmayacaq. Avropa isə yalnız əsas hüquqlar baxımından hakimiyyəti məqbul hesab edilən zonalarda sabitləşmə və bərpa prosesində iştirak edəcək.

— Çərşənbə axşamı Parisdə kimyəvi silahların tərksilahı üzrə konfrans keçiriləcək. Bu Suriyadakı vəziyyətlə bağlıdır?

— Suriyada kimyəvi tərksilah alınmadı. Rejimin hələ də ehtiyatı var və 2013-cü il saziş imzaladıqdan sonra öz öhdəliklərini pozaraq, kimyəvi hücumlar həyata keçirib. Fransa prezidenti təkrar əməliyyatlarla bağlı Dəməşqə xəbərdarlıq edib. Belə bir vəziyyətdə sabah Parisdə otuz dövlətin iştirakı ilə kimyəvi silah tətbiqində cəzasız qalan günahkarlarla mübarizə aparmalı olacaq təşəbbüsün işə salındığını elan edəcəyik. Həmin dövlətlərdən hansı istəsə şübhəli bilinənlərin siyahısını tərtib edəcək. Bununla yanaşı Fransa kimyəvi silahın yayılmasına aidiyyatı olan şəxslərə vizaların verilməsinə qadağa qoyulmasını və aktivlərinin dondurulmasını nəzərdə tutan sanksiya tədbirləri qəbul edib. İlk dəfə belə bir əsasla tədbir həyata keçiririk. Qətiyyətlə çalışırıq ki, bu dəhşətli cinayətlərdə günahı olanlar nəticə etibarilə əməllərinə görə cavab versinlər.

— Şimali Koreya məsələsində Fransa hansı rolu oynaya bilər?

— İki ziddiyyətli mesaj görürük. Bu, Seul tərəfdən Pxenyana qarşı münasibətdə sərgilənən açıqlıqdır. Bu ya Şimali Koreyanın Olimpiya Oyunlarında iştirakı, ya da hərbi əlaqələrin bərpası ilə əlaqədardır. Belə mövqeni yalnız alqışlamaq olar. İstənilən halda, Kim Çen In (Kim Jong-un) nüvə silahı və raketlərinin “kütləvi istehsalını” işə salmaq istəyini gizlətmir. Koreyanın nüvə silahı ilə bağlı danışıqlara yardım etmək, ancaq eyni zamanda sanksiya məsələsində sərt mövqeyini qoruyub saxlamaq lazımdır. BMT Təhlükəsizlik Şurasının və nüvə silahının yayılmaması haqqında sazişin üzvü kimi Fransa Şimali Koreya münaqişəsinin həllinə yardım göstərməyə hazırdır. Tezliklə Fransa nümayəndə heyəti ilə Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Cənubi Koreyaya yola düşəcəm. Orada hazırkı gərgin vəziyyəti sabitləşdirməklə bağlı əvvəlcə Yaponiya, daha sonra Cənubi Koreya ilə detallı müzakirə aparmaq imkanım olacaq.

— Donald Tramp hansı sahələrdə Fransa üçün çətinlik yaradır? Bəs onunla hansı məsələlərdə əməkdaşlıq etmək asandır?

— İqlim sazişi və İranın nüvə proqramı üzrə müqavilə ilə bağlı onunla fikir ayrılığımız var. Trampın Qüds bəyanatı ilə də razı deyilik. Biz də praqmatiklərik. Amerikanın bəyanatlarına şərh verməyəcəyik, onlarla səhnə arxasında dialoq aparacağıq. Bu mənada sabah Parisə gələcək Reks Tillersonla (Rex Tillerson) yaxşı münasibət qurduğumuzu qeyd etmək istərdim.

— Emmanuel Makronun (Emmanuel Macron) xarici siyasəti Fransua Ollandın (François Hollande) kursundan nə ilə fərqlənir?

— Vəziyyəti müqayisə etmək qeyri-mümkündür. Avropa daha əvvəlki kimi deyil və prezident bu dəyişikliklərdə əsas rollardan birini oynayır. Böyük Britaniya, İspaniya və Almaniya bu gün tamamilə fərqli vəziyyətdədir. ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi də çox şeyi dəyişib. Yəni, indiki dövr qeyri-adi dövrdür. Emmanuel Makronun qələbəsindən sonra Fransa da fərqli vəziyyətə, beynəlxalq diqqət mərkəzinə düşüb. Bu iki məqam bir-birinə təsir göstərir. Ölkəmizin enerjisi həyəcana səbəb olur və insanları özünə cəlb edir. Bundan maksimum faydalanmalıyıq. Bu, sadəcə əladır. Bu gün bizim çoxdandır malik olmadığımız gücümüz və təsirimiz var.

— Dəqiqləşdirmək lazım gəlsə, bu güc və təsir özünü necə göstərir?

— Livan buna yaxşı nümunə ola bilər. Emmanuel Makronun təsiri Hariri məsələsini həll etməyə imkan verdi. Fransa prezidenti Parisdə Livana dəstək qruplarını toplamaq qərarına gələndə isə hamı gəldi. İkinci nümunə Çindir. XIX qurultaydan sonra daha beş il müddətinə sədr postunda təsdiqlənən Si Tsinpinin (Xi Jinping) qəbul etdiyi  ilk liderlərdən biri Emmanuel Makron oldu. Çin səfəri onun üçün də prezident seçildikdən sonra ilk səfər oldu. Avropa Makron vasitəsilə Si Tsinpinlə dialoqa girdi. Onun səfəri gələcək illər üçün proqramın ümumi şəklini cızmağa imkan verdi. Makronun xarici siyasətinin fərqləndirici xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, biz böhran vəziyyətində hamı ilə – Ərdoğanla, Trampla və Putinlə dialoqa girməyi vacib hesab edirik. Fransa prezidenti bunu açıq şəkildə, birbaşa və yalansız edir, ümumi problemlərə konkret həll tapmağa çalışır.

— Emmanuel Makronla işləmək asandır yoxsa çətin? Kifayət qədər sərbəstsinizmi?

— Çərşənbə axşamları görüşlər keçirir və daim əlaqə saxlayırıq. Hər şey əksinə olsaydı, narahatlığa səbəb olardı. O, mənə istiqamət göstərir, mən ona fəaliyyət şəkli təklif edirəm. General de Qoll tərəfindən hazırlanmış sistemdə xarici siyasət dövlət başçısının işidir. Bu, Fransa və fransızların xidmətində çox şey tələb edən, ancaq eyni zamanda əyləncəli işdir.

— Rusiya ilə kim məşğuldur? Sanki bu məsələ bir kənara atılıb…

— Emmanuel Makron Rusiya ilə birbaşa münasibətlər qurmağa çalışır. Fransa hamı ilə danışa bilirsə, deməli hər şeyi üzə deyə bilər. Özü də Fransa hesab edir ki, bu qüdrətli ölkəyə hörmətlə yanaşmaq lazımdır. Məhz bu səbəbdən seçildikdən sonra Makron Putini Versala dəvət etdi. Son həftələr ərzində rus həmkarımla tez-tez görüşürəm. İstənilən halda, Rusiya nə istədiyinə aydınlıq gətirməlidir. Qıcıqlandırıcı məqamlar da kifayət qədərdir. Ukrayna məsələsi hələ də həll edilməyib. Eynilə Suriyada kimyəvi silah problemi kimi. Rusiyanın Suriya böhranında hansı yolu seçəcəyini söyləmək çətindir. Aydınlıq gətirilməlidir… Bütün bunları müzakirə etməyə hazırıq. Rusiya isə bu müzakirədə iştirak etməyə hazır olduğunu təsdiqləməlidir.

— Bəs sizin üçün əhəmiyyətli olan Yəmən məsələsi haqda nə deyə bilərsiniz?

— Yəməndəki müharibə faciədir. İştirakçı tərəflər Səudiyyə Ərəbistanının sərhədlərinin saxlanması və Yəməndə normal hökumətin bərpa edilməsi ilə həll yolu tapmağa söz veriblər. Fransa bu məsələdə də rol oynamağa hazırdır. Bu mərhələdə bütün diqqətimi humanitar məsələlərə ayırıram və koalisiyanı hadisə yerində vəziyyəti yaxşılaşdırmaq üçün lazımi tədbirlər görməyə çağırıram.

— Bütün bu istiqamətlər üzrə fəaliyyət göstərməklə Fransa başından yuxarı tullanmağa çalışmırmı?

— Prezidentin fəaliyyəti Avropa prosesinə uyğun gəlməsəydi, belə bir şey söyləmək olardı. İstənilən halda, Emmanuel Makron suverenlik məkanımız kimi yeni Avropa konsepsiyasından danışanda Avropa tərəfdaşlarımız təşəbbüsləri dəstəkləyirlər. Bu, o deməkdir ki, Fransa irəliyə hərəkət etmək istəsə, bunu Avropa çərçivəsi daxilində etməlidir. Bununla da təşəbbüslərinin gücünü artıra bilər.

Xpressa.net

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …