Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Fanatizmi yayan hər kəs gerizəkalıdır” – Fazil Mustafa

“Fanatizmi yayan hər kəs gerizəkalıdır” – Fazil Mustafa

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın son günlər dini mövzuda apardığı kəskin müzakirələrlə bağlı “Qafqazinfo”ya müsahibəsi:

– Siz deputat olaraq uzun illərdir ki, dini xürafatçılığa qarşı mübarizə aparırsınız. Ramazan ayı müddətində də bir neçə şəxslərlə sosial şəbəkələrdə mübahisəniz düşür.  Müzakirələrin nəticəsində  dini cəhətdən insanların fikrinin dəyişməsinə nail olursunuzmu?

– Bu gün radikal qruplaşmaların ortaya çıxmağının səbəbi xürafatın nəticələrindən biridir. Quranı hərfi mənada anlaya bilərsən, amma mahiyyət  üzrə ona əməl edə bilməzsən. Gedib Suriyada döyüşən zehniyyətlə burada özünə əzab verən, döyən insan arasında elə bir ciddi fərq yoxdur. Bunların heç biri İslamın məntiqinə uyğun deyil.  Mühakimə yetənəyinin olmaması və kütləvi psixoz altında bu insanların məqsədyönlü şəkildə bir istiqamətə yönləndirilməsi olduqca düşündürücü məsələdir. Söhbət ondan gedir ki, istənilən cinahda olan din adamları bu məsələlərdə mütləq reformçu xarakter göstərməlidirlər. Kütlənin dediyini, istədiyini yox, kütləni daha da irəli apara  biləcək, sağlam mühakimə yürütmək səviyyəsinə gətirmək lazımdır. Hamı kütlənin  arxasınca düşüb onun elədiyini təqlid etməklə məşğul olur. Bu da olduqca yanlış bir yoldur.

Bizim bu məsələlərdə açıqlamamız ona xidmət etmir ki, kiminsə dini inancını hansısa bir formada aşağılayaq. Yaxud da ona hansısa formada kənardan mənfi münasibət formalaşdıraq. Bu, qətiyyən belə deyil. Bizim dediyimiz odur ki, kim özünü döymək, ağlamaq istəyirsə bunun Quranla heç bir əlaqəsi yoxdur. Quranda deyir ki, onu başınızı üstünə qoymaq yox, qəlbinizin, dininizin içinə yığmaq lazımdır.  Adamlar əgər bunu edirlərsə, ziyalı olaraq demək borcumuz var.

İkincisi isə, bunu ölkəmizin milli təhlükəsizliyi baxımından vacib saydığımız üçün demək borcundayam. Kimsə gedib özünü  evinin içində döyə bilər. Bağıraraq hər hansı bir mərsiyə də deyə bilər. Evinin içində olanda bu şəxsi məsələ olur. Çöldə, camaatın gözü qabağında deyiləndə isə bu ideologiya olur. Bu ideologiyaya da kənardan xeyli pul xərclənir. Həmin ideologiya həm də ona yönəlir ki, Azərbaycan cəmiyyətinə göstərilsin ki, biz varıq və istənilən zaman özümüzü döydüyümüz kimi səni də döyə bilərik.  Bu, qorxu sindromunu yaratmaq üçün atılan düşünülmüş taktikadır.

Biz də deyirik ki, XXI əsrdə yaşayan insanları elmə yönləndirmək yerinə, 1000-2000 ilin hadisələri fonunda özünə əzab verən ağlamaqla sızlamaqla həyat tərzi quran insanlar yaxşıya doğru dəyişməlidirlər. Söhbət mənə münasibətdən getmir. Bunu da biz deməyə borcluyuq. Çünki bunu Axundovlar, Sabirlər, Haqverdiyevlər deyib.  Azərbaycan Xalq Cümhuriyyəti Axundovun Cümhuriyyətidir. XX əsrin əvvəllərində başını yaran, özünü döyən insanların Cümhuriyyəti deyil.

– Aydındır, yəni siz baş yarmağın, özünü döyməyin uzun illər mövhumat olduğunu deyirsiniz. Mən də onu bilmək istəyirəm ki, yəni bununla insanların fikrinin dəyişdiyinin şahidi olmusunuz? 

– Mən dəyişmək gözləmirəm ki.

– Axı bu maariflənmə ona görə aparılır ki, hansısa müsbət  nəticəyə nail  olasan..

– Baxın, mən Mirzə Cəlildən, Sabirdən ağıllı adam deyiləm. Onları daşqalaq ediblər. Onlar nəhənglərdir,  biz isə onların yanında kiçiklərik. Biz neyləmişik? Söhbət başqa şeydən gedir. Ziyalı olaraq düşünən və elmdən başı çıxan insanlar cəmiyyəti aydınlatmalıdırlar. Biz öz borcumuzu yerinə yetiririk. Mən tam məsuliyyətimlə sizə deyirəm ki, bu proseslərdə mən o qədər sağlam düşüncəli insanlarla rastlaşacağımı da təsəvvürə gətirə bilməzdim. Mən bu məsələdə o qədər insanlardan dəstək aldım ki. Mən kiminsə inancına toxunmuram. Yalandan özləri üçün başqa cür kütləni yönləndirə bilməzlər. Burada azərbaycanlı, kürd, türk mənə qarşı çıxmır. Burada türk vücudu ilə düşünən farslar mənə qarşı çıxır. Yoxsa Azərbaycan türkünün bir nəfər nümayəndəsi dursun desin ki, bunlar mənim marağımın əleyhinədir.

Cəhaləti gəlin elmlə əvəz edək. Amma sən  küçənin ortasında ağlayırsan, özünü döyürsənsə hansısa universitetdə tələbələrə dərs deyirsənsə , savadsız tələbələr  yetişdirirsənsə  və onlar da sənin mühakimənlə düşünəndə sabah da Azərbaycanın gələcəyi üçün böyük bir təhlükəyə çevrilirlər. Biz də bunun qarşısını almalıyıq. Mən millət vəkiliyəm, başımı aşağı salıb laqeyd bu məsələlərin üstündən keçə də bilərəm.

– Mərsiyə mövzusunda sonuncu dəfə Hacı Şahinlə mübahisəniz yarandı. O da sizə cavab verdi. Qeyd edirsiniz ki, bu məsələləri demək sizin  borcunuzdur. Siz bu borcu yerinə yetirərkən həm də həmin insanları qarşınıza almış olursunuz. Azərbaycan da din baxımından həssas bir ölkədir. Həyatınıza təhdidlər varmı? 

– Mən həyatıma olan təhdidlərlə bağlı heç nə danışmaq istəmirəm. Təbii ki, müxtəlif səviyyələrdə təhdidlərlə, hədyanlarla qarşılaşıram. Bu mənim üçün çox mənasızdır. Hətta məni tanıyanlar üçün aydındır ki, bunlar heç təsiredici amillər deyil. Çünki hər bir insanın öz taleyi var və öz taleyinə görə də addımlayır. Hökmü də verən Allahdır. Ona görə də bu məsələdə bizim dilə gətirəcəyimiz narahatlıq yoxdur. Mənim hər hansı din sahəsində fəaliyyət göstərən adamla bağlı hər hansı problemim yoxdur. Mən konkret olaraq bir cümlədə belə Hacı Şahinlə bağlı heç bir ifadə bildirməmişəm. Hətta o yayılan videoya münasibət bildirəndə belə bu texniki məsələ olaraq başqasının yutubda paylaşdığı məsələ olub.  Yoxsa mən kimisə hədəf alsaydım, bunu birbaşa söyləyə biləcək cəsarətə sahib olan insanam. Mən sadəcə bölücü, vəhhabi kimi  göstərilən o janrın əleyhinə fikrimi bildirmişəm. Bu adam da arxada oturub ona ağlayır. Hətta ona da mən toxunmamışam.

Hədəf olaraq Hacı Şahini seçməyə marağım da yoxdur. O baxımdan ki, o da bir cinahın müəyyən dərəcədə təmsilçisidir. Onun mövqeyini,  baxışını elmi baxımdan əsaslandırılmış saymıram. Dünənki çıxışı ilə bağlı epizodları dinlədikdə də anladım ki, dinlə bağlı baxışları doğru deyil. Ağlamaq əzadarlıq adətimizdə var, amma Quranda əsaslandırılmayıb. Mənə Quranda əzadarlıq, ağlamaqla özünə sıxıntı yaratmaq kimi bir dənə cümlə, bir ayədən misal  gətirə bilsə, o zaman mən deyərəm ki, bu mövzuda heç nə danışmaq haqqına sahib deyiləm. Özümə əmin olmasam, söyləyə bilmərəm. Bu söz oynatmaqdır ki, filan vaxtı kimsə öz kədərinə ağlayıb. Amma bu o demək deyil ki, kütləvi şəkidə insanları ağlamağa, sızlamağa, başını yarmağa sövq etməlisən. Siz təsəvvür edin ki, Moskavda Xocalı ilə bağlı tədbirə 50 nəfər azərbaycanlı yığışmır. Amma özünü döyməyə 7000-8000 adam yığışır. Şəbəkə onları yığır və özünün ordusu kimi göstərməyə çalışır. Bizim kimi adamlar  bunun qarşısında durmalıdırlar. Yoxsa gələcəyimizi riskə atmış olarıq. Əks halda, Azərbaycan qonşu ölkələrdə olan vəziyyətə düşmüş olar, elə mühitdə yaşamaq media üçün də, insanlar üçün heç uyğun olmaz.

– Siz bu mövzuda özünüzdən əmin olduğunu deyirsiniz. O zaman , məsələn, üzbəüz müzakirə üçün Hacı Şahini debata çağıra bilərsinizmi? 

– Mən özümdən yox, Allahımdan razıyam ki, mənə imkan verib ki, heç olmasa bu məsələlərdə öz sözümü deyə bilim. Mən Şeyxülsilam Hacı Allahşükür Paşazadə ilə onların bütün tədbirlərinə qatılıram. Şeyxin özünə münasibətim çox normaldır.  Onun haqqında müxtəlif şeylər deyə bilərlər. Ancaq o Azərbaycan üçün çox əhəmiyyətli adamlardan biridir və təbiətcə fanatizmə bağlı olmayan adamdır. Ola bilsin ki, onun dini baxışları müəyyən qisim insanları qane etməyə bilər. Amma cəmiyyətin bütün qütbləri ilə kontakt qurmağı bacarır  və tolerant bir davranış sərgiləyir. Onun başqa xüsusiyyətlərini bir tərəfə qoyuram. Kütlənin istədiyi şəkildə aşırılığa getmək olmaz. Görürsünüz, qan aksiyası keçirdi.

Qaldı ki, debata çağırmağa, o adamlar mənim tərəf müqabilim deyil. Onlar özləri öz problemlərini çözməlidirlər. Müasir dünyanın tələblərinə uyğun yaşamağa çalışmaq lazımdır. Tanıdığım elə şiə insanlar var ki, onlar da xürafatın əleyhinədir və məndən də çox Azərbaycan dövlətinə  bağlıdırlar.

– Siz həm də hesab etmirsiniz ki, sosial  şəbəkədə müzakirə apararkən hər hansı şəxslə razılaşmadığınız  halda kəskin mövqeyə keçirsiniz, həm də təhqir etdiyiniz bildirilir. Bu sizin deputat statusunuzla da uyğunsuzluq  təşkil etmirmi? 

– Əslinə qalsa, deputat statusu mənə fikirlərimin çoxusunu açıq şəkildə söyləməyə çox mane olur. Siz jurnalistsiniz. Azərbaycanda hər hansı bir jurnalist söyləyə bilərmi ki, kimsə mənə qarşı təhqiramiz davranmayıbsa mənə ona təhdidlə cavab vermişəm? Bizim mədəni səviyyəmiz o qədər aşağıdır ki, kiməsə təhqirlə cavab verək? Xəzər Universitetinin bir müəllimi mövhumatçılığı təbliğ edir. Tələbələrini də elə yetişdirib. Mən elə bilirdim ki, Xəzər Universitetində daha sağlam, modern insanlar yetişir. Təsəvvür edin ki, tələbələrinə müraciət edir ki, məni söysünlər. Məni söyməklə ağlınız artacaqmı? Problem üzərində düşünün. Adamlar məni təhqir edir, sonra da gözləyir ki, buna reaksiyam yumşaq olacaq. Bir çox məsələlərdə də mənim mövqeyim yumşaq ola bilər. Məsələn, Rəsul Mirşəhimli məsələsində. Gözləyirdim ki, Azərbaycan ziyalısı, az qala xalq hərəkatından çıxmış şəxs fanatizmin, xürafatın qarşısında olacaq.  Axı sən necə Mirzə Cəlil oxumusan? Statusuma qarşı bizi öyrətmək, təhqir etmək yolunu seçirsə məhz bu aspektdən sərt  cavab verirəm. Bir cümlə də belə təhqir yoxdur, orada reallıqlar  var. Bəli, fanatizmi yayan hər bir şəxs gerizəkalıdır. Onlar Azərbaycan xalqının düşmənidir.

– Bu arada, Rəsul Mirşəhimli sizi məhkəməyə verəciyini və sona qədər mübarizə aparıb qalib gələcəyini bildirib…

– Elə o xürafat sahəsində sona qədər mübarizə apardığı kimi məhkəmədə də  çalışsın aparsın. Onun hüququ savadı yetərli deyil deyə mənim statusumu məhkəməyə verir. Mənim indiyə qədər statuslarımla bağlı heç kim məhkəməyə müraciət edə bilmir. Çünki sözü harda və necə cilalamağı proqnozlaşdırmağı çox yaxşı bilən adamam. Burada hər hansı təhqir yoxdur. Təbii ki, sərt bir münasibət var. Rəsul Mirşəhimli bu qədər mənim gözümdən düşdü.

– Ümumiyyətə müşahidə edirik ki, siz Milli Məclisin deputatı olaraq  dini mövzuda  çıxışlarınızda sanki tək qalmısınız. Yəni, ancaq siz bu məsələlərə mütəmadi olaraq  toxunursunuz. İctimai sferada  dəstəkçinizləriniz çox ola bilər, amma siyasi sferada belə olmadığı hiss olunur…

– Bu həssaslıqla bağlı mövzudur.  Mən başqa mövzulara da münasibətimi bildirirəm.  Sadəcə, mən din fəlsəfəsindən müdafiə etmiş adamam. Din fəlsəfəsinə aid olan əksər ədəbiyyatları tədqiq etmişəm. Hansı cinahdan nə fikirlər söylənilməsi  barədə təsəvvürlərim var. Sadəcə mənim elmi fəaliyyətlə məşğul olmağa zamanım yoxdur ki, oturub tutarlı  geniş arqumentli cavabları vaxtında yazım. Bunu elm adamları etməlidir. Bu mövzuda da böyük əksəriyyət cəsarətli davranmır.

Kiminsə mənə dəstək verməyi də mənim üçün önəmli deyil. Cəmiyyətdə sağlam düşüncəli insanların sayı da kifayət qədər çoxdur. Mənə qarşı olan prosesin içində savadlı bir Azərbaycan türkünü tapa bilməzsiniz. İnteraz televizayası Azərbaycan əleyhinə fəaliyyət göstərən ən böyük şəbəkə idi və mənim açıqlamalarından sonra onun fəaliyyəti dayandırıldı. Gürcüstanda bir dəfə bunların şəbih qrupları “Gündüzlərimiz gecə olaydı” adlı tədbir keçirmişdilər. Gör arzuya bax e. Gündüzümüz niyə gecə olmalıdır ki, a bala? Bizim gündüzlərimiz gecə olmayacaq. Onların qarşısında mütləq günəşi, işığı düşünən insanlar durmalıdırlar. Yoxsa, sabah özümüzü qınayacağıq ki niyə Qarabağ getdi , itkilərimiz oldu, dövlətimiz zədələndi. Hamısının kökü burada yatır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …