Ana səhifə / Müsahibə / Fəzail Ağamalı: “İlham Əliyevlə söhbətləşdikdən sonra dedim ki…”

Fəzail Ağamalı: “İlham Əliyevlə söhbətləşdikdən sonra dedim ki…”

“18 faizlik ƏDV kifayət qədər böyük rəqəmdir. Məncə, bu rəqəmi aşağı salıb, 3-4 faiz etmək olar”.

Bu sözləri News24.az-ın “millət vəkilinə 5 sual” rubrikasının növbəti qonağı olan millət vəkili Fəzail Ağamalı deyib.

Müsahibəni təqdim edirik:

– Fəzail müəllim, gəlin, əvvəlcə Brüssel görüşündən başlayaq. Bu görüşdən hansı nəticələri gözləyirsiniz?

– ATƏT-in Minsk qrupu hər zaman ermənilərin yanında olduğu üçün onlar hesab edirdilər ki, Avropa İttifaqı da eyni mövqeni nümayiş etdirəcək. Lakin bu, olmadı. Danışıqların detalları tam bəlli olmasa da, ümumən Azərbaycan qarşısına qoyduğu məqsədə nail olub. İlk şərtlərdən biri heç bir halda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməməsidir. Daha sonra status məsələsi müzakirə mövzusu deyil. Müzakirələrdə, bəyanatda Paşinyan və Mişel tərəfindən bu məsələ dilə gətirilmədi. Sülh sazişi ilə bağlı artıq irəliləyiş var. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan XİN başçılarına sülh sazişinin mətninin hazırlanması ilə bağlı tapşırıq verildi. Bu, çox böyük uğurdur. Noyabr ayında görülən işlərlə bağlı Brüsseldə şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın Baş nazirnin görüşü keçiriləcək. Həmin görüşdə sülh sazişinin ayrı-ayrı detalları müzakirə oluna bilər. Görüşdəki fotodan da aydın oldu ki, Paşinyan çox rəzil bir vəziyyətdədir. Bədən dili də onun sınmış, məğlubedilmiş vəziyyətdə olduğunu izah edirdi.

– Sizcə, mövcud şəraitdə ermənilər Azərbaycan qanunlarını qəbul edib, torpaqlarımızda yaşayacaqlar?

– Ermənilər bu torpaqlarda qalmayacaq. Ermənilər Qarabağdan köçüb gedəcəklər. Bu köç artıq başlayıb. Ermənilərin 50 yaş altında olan insanlarının mütləq əksəriyyəti yaxın 1 il ərzində köçüb gedəcək. ən yaxşı halda Qarabağda yaşlı insanlar qala bilər. Belə olan halda sülhməramlıların da Qarabağda qalmasına və ya əlavə postları qurmalarına ehtiyac olmayacaq.

Ermənistan Rusiyanın təsirindən çıxıb, Qərbə meyillənmək istəyir. Ermənilər Qərbə yönəldiyi təqdirdə Fransa və ya Amerikaya köçəcəklər. Dünyanın ayrı-ayrı yerlərində məskunlaşacaqlar. Beləliklə, Ermənistan faktiki olaraq ermənilərsiz qalacaq. Biz isə güllə atmadan, şəhid vermədən tarixi torpaqlarımıza qayıdacağıq.

– Dünyadakı ərzaq qıtlığının Azərbaycana təsirləri barədə nə düşünürsünüz?

– Azərbaycanda bəzi qida və ərzaq məhsulları xaricdən alınır. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar yaranmış qiymət artımı Azərbaycana da təsirsiz ötüşmür. Milli Məclisdə bir təklif etmək istəyirəm. Bunu ilk dəfə sizin vasitənizlə ifadə edirəm. Təklifim isə odur ki, biz ərzaq məhsullarının pərakəndə satışına əlavə dəyər vergisinin (ƏDV) həcmini azaltmalıyıq. 18 faizlik ƏDV kifayət qədər böyük rəqəmdir. Məncə, bu rəqəmi aşağı salıb, 3-4 faiz etmək olar. Qalan pul onsuz da alıcı tərəfindən digər ehtiyacların ödənilməsinə xərclənilir. Xaricdən gələn və Azərbaycanda istehsal olunmayan ərzaq məhsullarının ölkəmizə daxil olması ilə bağlı Dövlət Gömrük Komitəsinin rüsumuna yenidən baxmaq olar. Bu rüsumu ləğv etmək və ya həcmini aşağı salmaq mümkündür. Bu addımları atmaqla bahalaşmanın gücünü zəiflədə bilərik.

– Ən çox tənqid olunan deputatlardan birisiniz. Bəzən cəmiyyətdə fikirləriniz birmənalı qarşılanmır. Bunu nə ilə əlaqələndirirsiniz?

– Məni tənqid edənlər Azərbaycan dövlətçiliyini istəməyən qüvvələrdir. Azərbaycan xalqının maraqlarına zidd olan şxəslərdir. Tam məsuliyyətlə deyə bilərəm ki, dövlətimin və millətimin qarşısında alnım açıqdır, üzüm ağdır. Məni tənqid atəşinə tutanlar, təhqirə keçənlər zəkası aşağı olan, qaragüruh insanlardır. Onlar Azərbaycan dövlətini sevməyən, xaricdən idarə olunan şəxslərdir. Həmin şəxslər vəzifədə olub-olmamasının fərqi yoxdur.

– Çox yerdə danışmadığınız bir məlumatı bizimlə bölüşə bilərsiniz?

– 1998-ci ildə İlham Əliyev neft şirkətində çalışırdı. Həmin dönəmlər onunla xeyli söhbət etmişdik. İlham Əliyevlə söhbətləşdikdən sonra ona dedim ki, Heydər Əliyevdən sonra 21-ci əsrdə prezidentliyə siz hazırlaşın, çünki sizin kimi fərqli düşüncə sahibinin Azərbaycanda alternativini görmürəm. Həm müxalifət, həm də iqtidar düşərgəsini bu siyahıya aid etmişdim.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …