Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Evimizə salamat qayıtmaq üçün dua edirik” – 14 gün burada, 14 gün orada+Video

“Evimizə salamat qayıtmaq üçün dua edirik” – 14 gün burada, 14 gün orada+Video

Bu peşənin nə qədər çətin olduğunu o gün daha yaxşı başa düşdük. Həmin gün təkcə dənizdə itkin düşən neftçilərin ailəsi üçün yox, həm də xalq üçün dəhşətli keçdi. Hər kəs öz yaxınından xoş xəbər eşitməyin həyacanını yaşayırdı.

“Günəşli” faciəsindən sonra Xəzərə hər baxdığımızda bizdən aldığı canları düşünürdük. Düşünərkən də hazırda dənizdəki platformalarda ağır şərtlərə dözən neftçilərin çətinlikləri hər kəsə daha da aydın olurdu. 

Elə buna görə neftçi peşəsi dünyada mədən sənayesinin növləri içərisində ən ağır sahələrdən biri hesab olunur. Özüllərdə gərgin iş mühitində çalışmaq, odu-alovu görmək, Xəzərin amansız küləyinə sinə gərmək hər adamın işi deyil. Biz də həmin neftçiləri “dəniz cəngavərləri” adlandırırıq.

Bu qəhrəmanlar şəxsi və sosial həyatlarında fədakarlıqlar edərək iki həftə müddətinə onlardan tələb edilən işi təhlükəsiz və səmərəli yerinə yetirməyə çalışırlar. Azərbaycan büdcəsinin gəlirlər hissəsinin böyük qismi onların çətin əməyi hesabına formalaşdırılır. 

“Qafqazinfo” bu yükü 38 ildir ki, öz çiyinlərində daşıyan, Neft Daşlarındakı quyuların yeraltı əsaslı təmir sexinin ustası, neftçi Əlyar Cəfərovla söhbətləşib. 

Onu dənizdən qayıdan gün Pirallahı Hava Limanında qarşıladıq. Adətən dənizdən gəmi ilə dönən Ə. Cəfərov bu dəfə Neft Daşlarından vertolyotla qayıtdı. Biz də onunla birgə Əhmədlidəki evinə yollandıq. Yolboyu söhbətlərimizdən də məlum oldu ki, qəhrəmanımız sevdiyi işi görür. Evə çatıb ailəsi ilə görüşüb nəvələri ilə doyunca qucaqlaşandan sonra Əlyar dayı ilə müsahibəmizə başladıq: 

– Necə oldu ki, neftçi olduz? 

– Biz ailədə 4 qardaş, 3 bacı idik. Atam kolxozda traktorçu, anam isə evdar qadın olub. 8-ci sinifdə oxuyanda neftə həvəsim var idi. Kəndimizə tez-tez geoloqlar gəlirdi. O vaxtdan dedim ki, mən də gedim neft axtarım və neftçi olum. Atam məni Bakıya gəlməyə qoymurdu. Çünki kənddə mal-qaraya qulluq mənim üzərimdə idi. Ancaq mən gecənin bir vaxtı qatara mindim və Bakıya gəldim. 1974- cü ildə sənədlərimi Bakı Neft Texnikumuna verdim və qəbul oldum. 1976- cı ildə əsgərliyə getdim. 3 il əsgərlik çəkdim. Qayıdıb gələndən sonra diplomu aldım. Həyat yoldaşımla nişanlandım. Nişanlanan günü təyinatım verildi. Arzum Neft Daşlarında işləmək idi. Direktorumuz çağırdı və dedi ki, Qazaxıstan, Özbəkistan  kimi ölkələrə azad təyinat var. İstənilən birini seçə bilərdim. Qazaxıstanın Manqışlaq vilayətini seçdim. 1980-cı ilin may ayının 30-dan 1993-cü ilin noyabr ayına kimi orada işləmişəm. 1 il mədəndə neft-qaz çıxarmada işlədikdən sonra təmirə keçdim.

– Bizə 15 günlük dəniz həyatınızın bir gününü təsvir edə bilirsinizmi? Səhərdən axşama kimi hansı işləri görürsünüz? 

– Səhər saat 6-da hamımız yuxudan dururuq. İki növbəli sistem olanda gecə də işləyirik. Hamı tezbazar çay-çörəyini yeyib işə hazırlaşır. Təlimata uyğun nə iş görmək lazım olduğunu planlaşdırıram. İş olanda vaxtımız tez keçir. Darıxmırıq. Bir saatlıq nahar fasiləsində bir qədər dincəlirik. 12 saatlıq iş rejimimiz var.  Bu müddət ərzində sıradan çıxmış quyuları təmir edirik. Laylarda qumdan tutulmalar ola bilər. Onları yuyub təmizləyirik. Buna cari təmir deyilir. Qırılıb qalmış, pərçimlənmiş boruları da təmir edirik. Təmir prosesindən sonra quyunu mədənə təhvil veririk. Buna əsaslı təmir deyilir.

– Yeməkləri necə, özünüz bişirirsiniz? 

– Biz özüldə işləyirik. Kiçik meydançalar olduğu üçün yeməkxana yoxdur. Buna görə də yeməkləri özümüz bişiririk. Adətən işdən sonra yeməkləri bişiririk ki, gün ərzində ondan istifadə edə bilək. Mən özüm yaxşı yemək bişirməyi bacarıram. Bozbaşı, kartof qızartmağı yaxşı bilirəm. Çox vaxt piti də bişiririk. Bunun üçün qabımız da var. Allah verəndən yeyirik, ac qalmırıq.

– İş yoldaşlarınızla münasibətləriniz necədir? Ən çox hansı mövzularda söhbətləşirsiniz? 

– Münasibətlərimiz çox yaxşıdır. Hamımız bir-birimizə qarşı çox diqqətliyik. Böyük olduğum üçün mənə problemlərini danışırlar. Hamının ailəsi, nəvələri var. Xeyir məclislərini elə vaxta salmışıq ki, evdə olan vaxtımıza düşür. İşdə isə çox vaxt darıxmamaq üçün lətifə danışırıq.

– Siz güldürən, yoxsa gülən tərəfsiniz?

– On nəfərin içində biri mütləq ki, yumoru sevən adam olur. Adətən onu danışdırırıq ki, vaxtımız keçsin. Mən çox vaxt çalışıram ki, qulaq asım. Lətifə danışmağı çox sevmirəm.

– Dostlar arasında yaxşı səsi olan, musiqi alətində çalan varmı? 

– Eləsinə rast gəlməmişəm. İçlərində elə bir sazçalan mənəm. O da hobbimdir.

– Neft Daşlarında hansı şəraitdə qalırsınız? 

– Vaqonlarda yatırıq. 5 nəfərlik olanları da var. Usta otağı ayrıdır. İki vaqon 10 nəfərlikdir. Bütün vaqonlarda istilik var. Yayda kondisionerdən də istifadə edirik. Hər hansı problemimiz olanda gəlib həll edirlər.

– Bəs, gecə növbəsi necə çalışır?

– Küləkli hava olanda, yəni küləyin sürəti 11 metr olanda işi saxlayırıq. Mədənçilər isə mütləq quyulara baxmalıdırlar. Onlar təzyiqləri nizamlayırlar ki, quyular işləsin. Ancaq bizdə qaldırma-endirmə əməliyyatı dayandırılır. Güclü yağış, duman olanda da işləmirik.

– Tez-tez xəstələnirsiniz, yoxsa orqanizminiz artıq Xəzərin havasına uyğunlaşıb? 

– Kimsə cüzi qrip filan ola bilər. Ona qarşı da dərmanlar atırıq. Əgər çox ağırlaşma varsa, gəmi çıxarıb həmin şəxsi Neft Daşlarına göndəririk. Orada tibb məntəqəsində baxırlar. Əgər vəziyyət ağırdırsa, Neftçilər Xəstəxanasına göndərilir. Əgər deyilsə, iki gündən sonra həmin şəxs Neft Daşlarından özülə qayıdır. Hər il komissiyadan keçirik. Tam sağlam insanlarıq.

– Xüsusi qidalanma rejiminiz varmı? 

– Bizdə qazla iş olduğu üçün işçilərə süd verirlər. Hər növbəyə səkkiz paket süd paylanır. Zəhərli radioaktiv maddələrin orqanizmə təsirinin qarşınını almaq üçün süd içmək lazımdır.

– Bu illər ərzində özünüzdə nələrin dəyişdiyinizi hiss etmisiniz? 

– Yaşlanmışam. Artıq 38 il əvvəlki Əlyar deyiləm. Düzdür, bu illərdə təcrübə yığırsan, amma yaş yenə də öz sözünü deyir. Nə qədər yaşlı olsan da, gəmidən meydançalara düşürük. Bu, çox təhlükəlidir. Çox vaxt uşaqlara düşməyə mən özüm kömək edirəm, çünki elə də təcrübələri yoxdur.

– 38 ilə yaxın neftçi həyatınız var. Hansı zamanlarda neftçıxarma ilə məşğul olmusunuz? 

– 1il Qazaxıstanda neftçıxarma ilə məşğul olmuşam. Ondan sonra bu günə kimi təmirçi işləyirəm. Demək olar ki, bütün əsas işlər bizim boynumuzdadır.

– Xəzər dənizi küləkli olduğu üçün hər gün hansısa risklə qarşı-qarşıyasan. Buna necə qalib gələ bilirsiniz? 

– Əgər sənətini sevirsənsə, mən o işdə çətinlik görmürəm. İşimi həddindən artıq çox sevirəm. Uşaqlıqdan neftçi olmaq arzum olub. Həyat yoldaşımın dayısı sosial əməyi qəhrəmanı olub. Mən onun yaxasında ulduz görəndə sevinirdim ki, mən də neftçi olacam və qəhrəmanlığı qazanacam. Elə dənizdə olmaq da qəhrəman olmaq kimi bir şeydir.  İşimiz həddindən artıq ağırdır.

– Kifayət qədər riskli peşədir. Ölüm halları, təhlükələr çox olur. 2 il bundan əvvəlki “Günəşli” faciəsini hələ də unutmamışıq. Bu, sizi heç qorxutmur? 

– Yox, qorxutmur. Özüldə ən yaşlı adam mənəm. Külək əsəndə meydança elə bil silkələnir. Görürəm ki, cavanlar bir qədər qorxur. Onlara təsəlli verirəm ki, qorxmasınlar. Neçə ildir ki, mən dənizdə bu küləyi görürəm. Hamıya ürək-dirək verirəm. Ürəyimdə özüm də o qorxunu hiss edirəm. Siz “Günəşli”ni yada saldınız. O, bir fəlakət idi. Ancaq yaşayırıq da.

– Həmin günü necə xatırlayırsınız? 

– O gün biz də növbədəydik. Bizim də meydançamızın başında xırda-para şeylər uçub getdi. Amma qorxmadıq. Bizim bir iş yoldaşımız batanlardan birini görmüşdü. Çox çətindir.

– Dənizə baxanda hansı hissləri keçirirsiniz? O dəniz sizin həmkarlarınızı özü ilə aparıb…

– Çox vaxt elə bu haqda söhbət edirik. Deyirik ki, bu hadisə bizim də başımıza gələ bilərdi. 50-100 metr dərinlikdə suyun içində işləmək asan iş deyil. Ayağımız yerdə deyil ki… Elə bil ki, borunun içində dayanmısan. Evimizə salamat qayıtmaq üçün dua edirik. Çünki hamı bir tikə çörək üçün ora gedir. Çox da danışanda adam həyəcanlanır. Çalışırıq ki, başımızı işlə qataq.

– Amerika Birləşmiş Ştatlarında bir cavan neftçidən soruşanda ki, niyə neftçi işləmək istəyirsən, cavab verib ki, iqtisadiyyatın heç bir sahəsində belə gənc yaşda yüksək gəlir əldə etmək mümkün deyil. İllərinizi bu sahəyə vermiş adam kimi siz nə qazanmısınız? 

– Mən nə qazanmışam? Üç övlad böyütmüşəm. Yoldaşım, nəvələrim var. Onların sağlamlığı mənim üçün böyük şeydir. İşləyib ailəmi saxlamışam. Gəlirimiz yaxşıdır. Bir vaxtlar neftçi kimi işləmək çətin idi. Maaş ala bilmirdik. İndi vaxtlı- vaxtında maaş alırıq. Övladlarım da işləyirlər. Onlar da yaxşı maaş alırlar.

– Özülə gəmiylə getməyin hansısa çətinlikləri varmı? 

– Bizi işə aparan xüsusi gəmilər var. Pirallahıdan balaca gəmilər bizi birbaşa özüllərə aparır. Yükümüzlə bərabər gəmilərə minirik. Orada da növbə dəyişir. Dalğa olanda gəmilərin yan alması çox çətin olur. Çünki gəmi oynayır. Düşmək üçün məqamı tutmaq lazımdır. Təzə adam olanda, yaxud yaşlı olanda onlara düşməsi üçün kömək edirik. Hamı düşəndə, minəndə bir-birinə əl verir ki, heç kim xəta almasın. Elə olur ki, xəta da baş verir. Kimsə dənizə düşür, kiminsə ayağı, dizi əzilir. Hər şeyi nizamlamaq lazımdır. Bir səhvə yol versən, suyun  içindəsən. Adam var ki, gəmi aşağı gedəndə tullanmaq istəyir. Ancaq gəmi dayananda ayağını atıb rahat düşürsən. Bunlar hamısı təcrübə tələb edir.

– Bir gəmidə neçə adam olur? 

– Gəmidə 45-50-yə yaxın adam olur. Özüldə isə 10 nəfər olur. Bir briqada 12 nəfər, bir briqada 6 nəfər olur. Bu say işə görə dəyişir.

– Hava proqnozu sizə günlük verilir?

– Hava proqnozu bizim ən yaralı yerimizdir. Bütün işçilər telefona gündə on dəfə baxırlar ki, külək nə vaxt əsib dayanacaq. Əsas evə gəlməyimizə 3 gün qalmış hava cədvəlinə baxırıq ki, görəsən, hava necə olacaq, gəmi bizi götürməyə gələcəkmi? Hara gedirsən hamı danışır ki, bu gün axşama külək olacaq. Biz də açıq dənizdəyik deyə, külək bizi tutur.

– 20 il əvvəllə indiki neftçıxarma arasında hansı fərq var? Yeni texnologiyalar tətbiq olunurmu? Əməyinizdə yüngülləşmələr var?

– Bizim işdə çox vaxt əl əməyindən istifadə olunur. Boruların bağlanmasını və açılmasını əllə edirik. Texnologiyada isə irəliləmə var. İndi yeni texnologiyalar alırlar. Elə borular var ki, onu çıxartmağa gücümüz çatmır. Xüsusi avadanlıqlar vasitəsilə həmin boruları çıxarırıq. İndi də həmişə işlədiyimiz alətlərlə işləyirik.

– Təmir zamanı hansı çətinliklərlə qarşılaşırsınız? 

– Pərçimlənmiş boruları çıxaran zaman göstərilən yük əsasında manometrlə lazım olan yükü veririk. Məsələn, 10 tondursa 20 ton verə bilərik. Boru gəlmirsə, biz artıq öz rəisimizə müraciət edirik. O da bizə göstərişlər verir. Hər 1 saatdan bir dispetçerə məlumat veririk. İş həmişə çətindir, amma çalışıb öhdəsindən gəlmək lazımdır. Tutaq ki, quyuda 1800 metrlik bir boru qırılıb qalıb. O borunu çıxarmaq üçün milyon dənə proses gedir. Quyuya gillə məhlul vurulur. Avadanlıq hazırlanır və sairə.

– Qazaxıstanda vəziyyət  necə idi? 

– Orada da çətindir. Səhradır. Çöllük-biyabanlıqdır. Azərbaycana qayıdanda 1 il işsiz qaldım. Gedib şin zavodunda işlədim. Sonra Neft Daşlarında işə düzəldim. Baxmayaraq ki, mən orada 14 ilə yaxın usta işləmişdim, burada sıfırdan başlamışam. İstədilər ki, məni usta qoysunlar, ancaq fəhləlikdən başlamaq istədim. Çünki burdakı mühitə alışmadığm üçün ustalıq edə bilməzdim. 1997-ci ildən mən yenə usta keçdim.

– Maraqlıdır ki, 3 oğlunuz da neftçi  işləyir…

– Bəli. Böyük oğlum da mən qurtaran məktəbi bitirib. İndi o da Neft Daşlarında işləyir. Ortancıl oğlum da neft sahəsi üzrə məktəb bitirib. O da Pirallahıdakı qazmada nəqliyyat departamentinin maşinisti işləyir. Balaca oğlum da geodeziyanı bitirib. O da Neft Daşlarında işləyir. Şükür Allaha, balalarımdan narazı deyiləm. Hara gedirlərsə, başımı uca edirlər, sağ olsunlar.

– Ailədə 4 nəfərin də neftçi olması necə bir hissdir? 

– Bu, hamıya nəsib olan hal deyil. Mən övladlarımı bir balaca bu sahəyə yönəltmişəm. Amma istiqamətlərini özləri seçiblər. Mən də fəxr edirəm ki, neftçi ailəsinin başçısıyam. Böyük oğlum əvvəl dənizə getmək istəmirdi. Dedim bala, mən də oradayam. Niyə qorxursan ki? İndi mənə deyir ki, öz işini məndən daha çox sevir.

– Bəs həyat yoldaşınız Leyla xanımla necə tanış olmusunuz? Görürəm ki, bir-birinizlə çox mehribansınız, aranızda uzun illərin sevgisi olduğu hiss olunur… 

– Biz ikimiz də eyni kənddənik. Həm də qonşuyuq. Mən ondan iki yaş böyüyəm. O həmin vaxt məhəbbətin nə olduğunu bilmirdi. Ancaq mən onu sevirdim. Əsgərliyə getdim. Orada qardaşımın toyundan şəkil göndərmişdilər. Şəkildə də o profildən düşmüşdü. Evə xəbər göndərdim ki, bu qızı mənim üçün alacaqsız. Həm də atası kənddə usta işləyirdi. Mən də iş görəndə kömək edirdim. Kişi də deyirdi ki, kim mənim qızımı alsa bir dənə “Volqa” maşını verəcəm. Mənim də beynimdə bu “Volqa” məsələsi qalmışdı. Ancaq “Volqa” filan görmədim. (Gülür) Sonra elə qismət oldu ki, həqiqətən də bir-birimizi sevdik. Şükür Allaha xoşbəxtik. 36 ildir ki, evliyik. 5  nəvəm var.

– Bu məqamda bizimlə söhbətə Əlyar dayının həyat yoldaşı Leyla xanım qoşulur:

“Dənizdən qayıdan gün nəvələrimi götürüb avtobus dayanacağına onu qarşılamağa gedirəm. Bu, çətin işdir. Həyacanlanıram, qorxuram. Onlar üçün dua edirik. Gəldikləri gün evdə toy-bayram olur. Hər kəsin sevdiyi xüsusi yeməklər hazırlayıram. Ailədə 4 nəfərin neftçi olması məni də qürurlandırır”.

– Ailənizin yanındakı 15 gününüz necə keçir?

– 2 gün dincəlirik, yatırıq. Ondan sonra problemləri həll etməyə başlayırıq. Qayıtmağımıza 3-4 gün qalmış yenidən hazırlıqlara başlayırıq. Əvvəlcədən nə lazımdırsa onu siyahıya yazıram. Kartof, soğan, qənd, çay, ət. Hər şeyi siyahı ilə alırıq ki, yaddan çıxan nəsə olmasın. Hardasa 20 növ ərzağı özümüzlə aparırıq. Bizə yemək pulu verirlər. Meydançalar balaca olduğuna görə yeməkxana qurmaq qeyri-mümkündür. Çörəyi də Neft Daşlarından aldırıb gətizdiririk.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …