Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Müsahibə / “Evə gəlib uşaqların üzündən öpüb getdi…” – Şəhid zabitin həyat yoldaşı

“Evə gəlib uşaqların üzündən öpüb getdi…” – Şəhid zabitin həyat yoldaşı

Aprel döyüşlərində qəhrəmancasına həlak olan igidlərimizdən biri də şəhid zabitimiz Baş – leytenant Novruzov Mirzə Sərvər oğludu.
Biz  Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid zabitimizin ailəsi ilə görüşmək üçün Yasamal rayonundakı evlərinə yollandıq. Bizi şəhidimizin həyat yoldaşı Əfsanə xanım, oğlu Nihat və qızı Nuray qarşıladı. Söhbətimizə şəhid zabitimizin həyat yoldaşı Əfsanə xanımla başladıq:
Əfsanə xanım:
 
“Toyumuza üç – dörd saat qalmış Mirzənin atası hamamda dəm qazından boğularaq dünyasını dəyişdi…”
“Danışmağa çox çətinlik çəkirəm inanın. Onun ölümünü qəbul edə bilmirəm. Elə bilirəm ki, harasa gedib, gələcək. Mirzə ilə 2006 – cı ildə tanış olduq. Onda mən Azərbaycan Neft Akademiyasıda təhsil alırdım. 2006 – cı ilin dekabrın 30 – da toyumuz oldu. Mirzəyə babasının adını qoyublar. Babası da cavan dünyasını dəyişib.
Toyumuza üç – dörd saat qalmış Mirzənin atası hamamda dəm qazından boğularaq dünyasını dəyişdi. Onda bunu bizdən gizlətdilər. Toyumuz davam elədi, amma toyun axırında bildik ki, bu hadisə olub. Toyda bizə dedilər ki, narahat olmayın xəstəxanadadı, vəziyyəti yaxşıdı. Sən demə Mirzənin atası dünyasını dəyişib.
 
“Sonra Tapqaraqoyunlu kəndində ev kirayələyib bizi də ora apardı…”
2008 – ci ildə oğlum Nihat dünyaya gəldi. İndi üçüncü sinifdə oxuyur. 2011 – ci ildə isə qızım Nuray dünyaya gəldi. Hər ikisi Anadolu liseyində oxuyurlar. Mirzə leytenan kimi işə başlayanda Goranboyun Tapqaraqoyunlu kəndinə yollandı. Sonra Tapqaraqoyunlu kəndində ev kirayələyib bizi də ora apardı. Elə oğlum Nihat birinci sinifə həmin kəndə getdi. Sonra Naftalan rayonunda işə başladı və bizi də götürüb bu dəfə Naftalanda ev kirayələdi. 2006 – cı ildən Mirzə xidmət edirdi. O, topçu idi.
 
“Paltarını dəyişib uşaqları öpdü və bir az evə pul qoyub getdi…”
Mirzə çox vaxtı evə gec gəlirdi. Aprel döyüşlərinə yaxın isə demək olar ki, evə günlərlə gəlmirdi. Atışma səsinə öyrəşmişdik. Çünki hər axşam atışma olurdu. Amma aprel döyüşləri zamanı çox güclü atışma səsləri eşidirdik. Mirzə mənə dedi ki, narahat olma, bizim atdığımız silahların səsidi, məsafə yaxın olduğu üçün çox bərk eşidilir. Aprelin 3 – də 4 – nə keçən gecə evə gəldi və gördüm ki, suyun içindədi. Paltarları bütün su idi. Paltarını dəyişib uşaqları öpdü və bir az evə pul qoyub getdi. Gördüm ki, bizə qonşularım gəlib. Dedilər ki, Əfsanə, Mirzə yaralanıb uşaqları da götür Bakıya gedirik. Sonra qaynım Ramil gəlib bizi Bakıya gətirdi. Aprelin 4 – də Mirzənin cənazəsini evə gətirdik. Axşam evdə saxladıq aprelin 5 – də isə Mirzəni İkinci Fəxri xiyabanda dəfn etdik.
Arzularımız var idi. (Ağlayır) Neçə il idi kirayələrdə qalırdıq. Dedi ki, burda xidmətimi Başa vurum Bakıya qayıdarıq orda ev alıb yaşayarıq. Uşaqların gələcəyini qurarıq. Amma çox təəsüf elə olmadı”.
Şəhidimizin oğlu Nihat atasının şəhid olmağını bilir. Bacısı Nuray isə hələ də elə bilir ki, atası yaralanıb və sağalıb gələcək. Nihat atası haqda bunları deyir:
Oğlu Nihat:
 
“Atam həmin gecə evdən çıxanda məni öpüb getdi…”
“Atam həmin gecə evdən çıxanda məni öpüb gedib. Mən onda yatmışdım anam deyir ki, ata səni də öpdü getdi. Atam mən nə istəsəm bizə alırdı. Vaxt tapanda bizi gəzməyə də aparırdı. İndi bizə çox çətindi. Hər dəfə məzarını da ziyarət edirik. Məktəbimizdə atamın şəhid olduğunu bilmirdilər. O gün məktəbdə ailə haqqında inşa yazanda sinif yoldaşlarım da bildilər ki, mən şəhid Mirzə Novruzovun oğluyam”.
Şəhidimizin anası Rüxsarə xanım özəl klinikalardan birində çalışır. Söhbətimizin bu yerində qapı açılır və Rüxsarə xanım işdən evə gəlir. Söhbətimizə şəhid anası ilə davam edirik:
Rüxsarə xanım:
 
“Martın 21 – də Naftalana Mirzəgilə qonaq getmişdim…”
“İki oğul anasıyam. Mirzə böyük oğlum idi. Elə uşaqlıqdan məqsədi oxuyub irəli getmək idi. Mirzə 1984 – ci ildə anadan olub. 286 saylı orta məktəbdə təhsil aldı. Dedi ki, zabit olmaq istəyirəm. Biz də etiraz etmədik. Səkkizinci sinifi bitirdikdən sonra sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verdi və qəbul oldundu. Üç il orda təhsil alandan sonra sənədlərini Hərbi Akademiyaya qəbul olundu. Akademiyanı bitirdikdən sonra Goranboyda və Naftalanda xidmət edib. Özünə çox hörmət qazanmışdı. (Ağlayır) Martın 21 – də Naftalana Mirzəgilə qonaq getmişdim. Nəvəm Nurayın ad günü idi. Onda balalarım bir yerə yığılmışdı. Onda çox ürəyim açıldı.
“Bu xəbəri mənə deyən kimi ürəyim getdi…”
Aprel döyüşlərində biz də eşitdik ki, döyüşlər gedir. Aprelin 3 – də axşam Mirzəyə zəng vurdum. Dedi ki: “Ana, sən məni narahat eləmə. Mən işdəyəm hər şey yaxşıdı. Sən zəng vur həyat yoldaşımla danış. Mən işdəyəm danışa bilmirəm”. Aprelin 4 – də məni mənə baldızım Lalə zəng vurub dedi ki, sən hardasan? Sənin başına daş düşüb e. (Ağlayır) Mən klinikada işdəydim. Bu xəbəri mənə deyən kimi ürəyim getdi. Həkimlər məni ayıldıb təcili tibbi yardım maşınına mindirib evə gətirdilər. Sonra Mirzənin cənazəsini gətirdilər. Mənə deyirdilər ki, yaralanıb narahat olma. Amma, küçəmizdə millət var idi. Evimiz də adamla dolu idi. Yenə özümə təsəlli verirdim ki, Mirzəyə heç nə olmaz.
“Yasamal rayon İcra Hakimiyyəti bizimlə maraqlanmadı…”
Bizə çox diqqətsizlik göstərdilər. Amma biz harasa şikayət etmədik. Yasamal rayon İcra Hakimi Mirzənin dəfn günü iştirak elədi. Qalan vaxtdı heç kim gəlmədi. Mirzənin ad günündə bizim qapımızı belə açan olmadı. Dəfn günü dedik ki, yolu təmir elətdirin burda çadır qurulacaq. Bizə dedilər o bizim səlahiyyətimizdə deyil. Məcbur olub özümüz yolu təmir elətdirib yas çadırını qurdurduq. Budur şəhid ailəsinə diqqət və qayğı?
 
“Xətai rayon İcra hakimiyyəti məni qəbul etmədi…”
Mirzənin ailəsinə ev verdilər. Çünki iki uşaq bir ana küçələrdə qalası deyil ki. Mən cənab prezidentə müraciət etdim və cənab prezidentin göstərişindən sonra Xətai rayonu ərazisindən iki otaqlı ev verildi. Bu evi almaq üçün on dəfə Xətai rayon İcra Hakimiyyətinin qəbuluna getdim. Məni qəbul etmədi. Təsəvvür edirsiniz bir şəhid anası olaraq bilmirəm oğlumun dərdin çəkim, yoxsa onun uşaqlarını yerbəyer edim. İcra hakimiyyətləri şəhid ailələrinə çox hörmətsizlik edir. Belə hörmətsizliyi bizə də adını çəkdiyim iki icra hakimiyəti etdi. Belə olmaz”.
Söhbətimizə şəhid zabitimizin qardaşı Ramil qoşulur:
Qardaşı Ramil:
 
“Telefonda danışanda hiss etdim ki, Mirzəyə nəsə olub…”
 
“Mirzəni 199 – cu ildən bəri ancaq gec – gec görürdüm. Çünki o, hərbi məktbədə oxuduğu üçün ancaq həftədə bir dəfə görüşürdük. Həmin gün mənə Mirzənin qonşuları zəng vurdu. Telefonda danışanda hiss etdim ki, Mirzəyə nəsə olub. Mən də təcili Naftalana yollandım. Hospitala getdik və orda dedilər ki, ola bilsin Gəncəyə yola salınıb. Dəqiq bir söz deyən olmadı. Mən də Mirzənin ailəsini götürüb Bakıya qayıtdım. Bir neçə yaxın qohumum isə Gəncəyə yola düşdü. Sonra Mirzəni gətirdilər. (Gözləri dolur)
Sonda şəhidimizin ailəsinə Allahdan səbr, bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyib getmək üçün izin istəyirik. Şəhidimizin anası Rüxsarə xanım Mirzəni xatırladığımıza görə bizə minnətdarlıq edir: “Mirzə haqqında yazmağınız mənim üçün çox böyük təsəllidi. Çox sağ olun ki, gəldiniz”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın