Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / Erməni snayper qızlar bizimlə əməlli-başlı… – Keçmiş döyüşçü

Erməni snayper qızlar bizimlə əməlli-başlı… – Keçmiş döyüşçü

Həyatda elə insanlar var ki, iki institut bitirir, amma yaşadığı cəmiyyətdə heç bir işə yaramır və ya iki cümləni bir araya gətirə bilmir. Ya da bunun əksinə, orta təhsilli biri bütün bir cəmiyyətə faydalı olur, danışığı, bacarığı ilə tam bir natiqliq nümunəsi göstərir. Bu günə qədər “Cəbhə xətti” layihəsində 243 müsahibimin ən az, 200 nəfəri orta təhsilli qazilərimizdir. Ancaq onların əksəriyyəti mükəmməl danışığı, etik hərəkətləri və vətənə, millətə faydalı olma keyfiyyətləri ilə inanılmaz təsir bağışlayır.

Bugünkü müsahibim Aftandil Həsənov da ali təhsili olmadan natiqliyi, mübarizliyi ilə seçilən vətən oğullarındandır.

Qəhrəmanımız haqda qısa arayış

Həsənov Aftandil Aydın oğlu 1974-ci il martın 12-si Ucar rayon Təzə Şilyan kəndində anadan olub. Burada boya-başa çatıb. Daha sonra 1992-ci ildə Azərbaycanda həqiqi hərbi xidmətə çağırılaraq, I Qarabağ döyüşlərində iştirak edib. Birinci qrup əlilidir. Ailəlidir, iki övladı var.

Qazinin xatirələri

– 1992-ci ildə xidmət etdiyim Qusar rayonundan bizi Qarabağa döyüşməyə gətirdilər. İlk dəfə bizi Ağdərəyə, Tərtər rayonuna apardılar. İlk döyüşlərimiz buradan başladı. İlk döyüşü heç vaxt unutmaq olmur. Dəhşətli döyüş olmuşdu. Sırxavənd, Marquşevan, Drmbon, Dovşanlıda olmuşam. Həmin vaxtlarda Ağdərə rayonunu və bu sadaladığım kəndləri ermənilərdən təmizlədik. Sonra isə oranı ermənilərə qaytardılar. Bir şeyi unutmayın: bütün torpaqlarımız satqınlıq ucbatından verilib erməniyə. Əsgər və komandirlərin çəkdiyi əziyyətlər boşa gedib. Çox gözəl komandirlərimiz vardı. Onlar hər biri ayrı-ayrılıqda qəhrəman idi. 1979-cu ildə Əfqanıstanda döyüşənləri vardı. Onlardan Nəsirov Elxan, Hüseynov Elşən, Babayev, Abdullayevi xatırlayıram (adlarını unutmuşam). Biz özümüz də Qusarda, Şahdağda yüksək səviyyəli təlimlər keçmişdik. Xüsusi təyinatlı dəstə idik. Ona görə də bütün hücum əməliyyatlarımız az itki və uğurla başa vurulurdu. Biz Qusarda qulluq etdiyimiz üçün bizə “Ləzgilər” deyirdilər. Daha sonralar Füzuli rayonunda vəziyyət gərgin idi deyə, bizi Füzuli rayonuna gətirdilər. Xocavənd rayonu boyu, Füzulinin Aşağı və Yuxarı Veysəlli kəndlərində, Hadrut ərazisində döyüşdük. 1992-ci ildə Xocavənd rayonunu ermənilərdən azad etdik. Əvvəlcə 400 əsgərlə 4 tərəfdən hücuma keçdik. Əlavə olaraq çeçenlər də bizimlə döyüşürdü. Əməliyyata tanklarla getdik. İlk işimiz apardığımız tankları qorumaq idi. Çünki bu tanklarla daha çox azad edəcəyimiz ərazilər vardı. Ancaq bir tankımız minaya düşdü. Çox şükür ki, itkimiz olmadı. Və beləliklə Xocavənd azad edildi. Ermənilər öz sakinlərini oradan qaçırırdılar. Daha sonra bizi Kürdmahmudlu kəndinə gətirdilər, üstündən heç 2 saat keçməmiş elan olundu ki, Xocavənd rayonu yenidən ermənilər tərəfindən işğal edilib. Təbii, bu da satqınlıq idi. Bu qədər əsgərin gördüyü iş heç oldu.

Türklər bizə elə hərbi təlimlər keçirdi ki…

Fərq onda idi ki, bizim əsgərlər üzbəüz daha ürəkli döyüşürdülər. Biz onlara nisbətdə daha çevik idik. Araşdırsanız, görərsiniz ki, onların əsgər itkisi bizimkindən çoxdur. Çünki onlar qorxaqdırlar. Bu müharibədə bizim mülki insanlarımız öldü, buna səbəb isə əliyalın müdafiəsiz olmaları idi. Ermənilər bizdən fərqli olaraq əclafcasına mülki camaata güllə atır, qırırdılar. Azərbaycan əsgəri isə sadəcə erməni döyüşçüləri öldürürdü. Dörd kəndi almaq üçün 10 şəhid verdik, 4 yaralımız oldu. Keşkə kimsə ölməzdi. Ancaq onu da deyim ki, hücuma keçəndə qətiyyən qorxumuz olmurdu. Şəhid və yaralılarımızı da orda qoymurduq. Türklər bizə elə hərbi təlimlər keçirdi ki, biz istənilən ərazidən meyitləri rahat götürə bilirdik.

Yoxsa çoxdan Qarabağı almışdıq…

Daha sonra isə Qubadlıya keçdik. Uğurlu əməliyyatlarımız başladı. Orada təkcə biz döyüşmürdük. Milli qəhrəman Əliyar Əliyev, Arif Paşa, Çingiz vardı. Onların yüksək səviyyəli batalyonları da döyüşürdü. İlk olaraq Səfiyan kəndi, sonra isə Aşağı-Yuxarı Fərəcan, Susdağ, Mığıdərə, Qoçaza qədər gedib çıxmışdıq. Deyilmişdi ki, oktyabrın 14-ü bizim aviasiya həmin əraziləri vuracaq, sonra artilleriya işə düşəcək və siz Laçını daha asan şəkildə alacaqsınız. Sağ olsun bizim Miq 29-lar, gəlib əvvəlcə səhvən özümüzü bombaladı, orda bir xeyli döyüşçümüz şəhid oldu. Sonra isə istiqamət düzgün təyin edildi, erməniləri bombaladılar. Biz Xankəndinin 4, Laçınla Kəlbəcərinsə 21 kilometrliyindəydik. Deyilən sözlər tutulsaydı, elə o vaxt Qarabağı alardıq. Müharibə söhbəti də bitəcəkdi. Təəssüflər olsun ki, səhər açılanda duman oldu, artilleriya həmin ərazıni vurmadı və biz əliyalın sadəcə avtomatla vuruşa-vuruşa aldığımız kəndləri erməniyə geri vermiş olduq. İstənilən qədər texnikamız olsa da, döyüş olmadı və beləcə uğursuzluqla geri qayıtdıq. Ən dəhşətlisi o idi ki, bizdə özü yeriyən toplar, tanklar, BMP-lər olduğu halda bizi bədbəxt etdilər.

Aslanın erkəyi-dişisi…

Bizdə xanım döyüşçülər də vardı. Onlar bəlkə də on nəfər kişi döyüşçüdən çox iş görürdülər. Həm döyüşür, həm də yaralara baxırdılar. Milli qəhrəman Gültəkin, Göyçay rayonundan Gülü deyilən və başqa xanım döyüşçülər də vardı. Xanımlar həmişə, hər yerdə ön sıralarda olmasalar da, həmişə faydalı olurlar. Biz onlara bir azərbaycanlı xanıma necə davranılmalıydısa, elə də davranırdıq. Axı bizim bir amalımız vardı ki, torpaqları azad edək. Xanımlarla çox səmimi münasibət var idi. Təəssüflər olsun ki, Gültəkin xanım şəhid oldu. Ancaq onun elə faciəli şəkildə şəhid olması məni çox kövrəltdi. Yolumu gözləyənə gəlincə, mənim sevdiyim orta məktəbdə olmuşdu. Hərbiyə gələndə isə sevdiyim vətən idi. Darıxmaq məsələsinə qalanda isə, səmimi etiraf edim ki, atam üçün çox darıxmışam. Atam möhtəşəm insandı. Mənə onun yerini kimsə verə bilməz. Günü bu gün də atamı hamıdan çox sevirəm. Atama oxşamışam, əqidə adamıyam. Qarşımda general belə olsa, haqqımı tələb edən biriyəm. Bu gün də, sabah da belə davam edəcəyəm.

Artilleriyamızın hədəfinə tuş gəldim

Laçın rayonunun Mığıdərə deyilən yeri var, orda ermənilər bizə güclü hücum etdi. Həmişəki kimi texnikamız geri çəkildiyi üçün 20 nəfərlə tutduğumuz mövqedə güclü yağış nəticəsində suyla dolmuş səngərdə qaldıq. İndi düşünün, günlərcə mühasirədə qaldıq. Ac-susuz. Zoğal ağacından meyvələri toplayıb yeyirdik. Sonra bizə rabitədən xəbər gəldi ki, siz yavaş-yavaş ordan çəkilin, artilleriyamız oranı vuracaq. Belə də etdik. Mən pulemyot atdığım üçün ermənini atəşə tutdum, dostlarım tək-tək oranı tərk etdi, amma özüm çıxanda pulemyot ağır olduğu üçün onu apara bilmədim. Bizim artilleriya oranı bombaladı və mən həmən bombardmandan göyə uçdum. Gözlərim tutuldu. Öz avtomatımı tapa bilməyəcək dərəcədə zədələndim. Bel fəqərəmdən zədə aldığım üçün qılçalarım da tutuldu. Dostlar gəlib məni aparanda elə bildim, hücum edən ermənilər məni əsir götürdü. Nə yaxşı ki, uşaqlar səsləndi və “qorxma” dedilər. Beləliklə, məni ordan çıxardılar, hospitala göndərdilər. Daha sonra yaxşılaşıb cəbhəyə döndüm. Şair Ramaldanovun başçılığı ilə Füzuli rayonunda möhtəşəm əməliyyatlar başladı – qısa müddətdə 22 kəndi azad etdik.

Sair Ramaldanov dedi ki, zalım oğlu…

Pulemyotçu olduğum üçün düşməni məhv etmək şərəfinə çox nail olmuşam. Füzulu əməliyyatlarında hücum etdiyimiz kəndləri ermənilər qoyub qaçanda bir atışa beş ermənini aşsüzənə çevirdim. Sair Ramaldanov da yanıma gələrək dedi ki: “Zalım oğlu, bunları heç olmaya elə vurardın ki, salamat yerləri qalardı da…” 2 erməni yerində ölmüşdü, 3-çü isə can verirdi. Həmin gün erməniləri də əsir götürmüşdük. Ancaq biz onlara işgəncə vermirdik. Kamal adlı komandir vardı, onun əsgərlərindən ermənilər öldürmüşdü. Onların qisasını almaq lazım idi. Əmr gəldi ki, iki erməni snayperi və bir neçə döyüşçü var, onları diri gətirin. Hücuma keçdik, çox çəkmədi, səngərlərinə girdik. Hamı təslim olsa da, erməni snayper qızlar bizimlə əməlli başlı əlbəyaxa oldular. Nə isə, onları da zərərsizlədirdik. Baxdım ki, bir ferma var, ordan bir erməni tir tüfəngini bizə tuşlayıb, deyir ki, gəlməyin, vuracam. Anında onu da zərəsizləşdirdik, gətirib rəhbərliyə təhvil verdik. İnan, tutduğumuz erməni donuz kimi fısıldayırdı, saç-saqqal basmışdı. Amma bizdə əsirlərlə normal davranmaq hissi vardı. Biz adamıq axı. Cocuq Mərcanlı kəndini də azad etdikdən sonra bizə əmr gəldi ki, Şükürbəyli kəndinə ermənilər hücum edib, oraya köməyə gedin. Mənim də əmim oğlu həmin gün şəhid oldu. Əsgərlərimiz maşınlara minməyə toplaşanda buna dedik, gəl gedək, qayıtdı ki, bir dəqiqə bulaqdan su götürüm, gəlirəm. Həmin əsnada da bizim tankçılar tankın yanında yemək yeyirdilər. Ermənilər də orda tank olduğunu bilib, artilleriya ilə oranı vurdular. Əmim oğlu başından qəlpə yarası alıb şəhid oldu.

Bunlar unudulmamalıdır

Aşağı Əbdülrəhmanlı kəndinə çox hücum edirdik, amma ala bilmirdik. Ancaq çətin də olsa, aldıq. Həmin vaxtlar satqınçılıqla yanvar ayında böyük itkimiz oldu. Bizə dedilər ki, Füzulini ermənilər tərk edib gedib. Girin oraya. Bizi tora salıb, maşınlar, tanklara yığıb oraya göndərdilər. Biz orda erməni artilleriyasına vurdurub, əsgərləri qırğına verdilər. Daha sonra isə bərbad hazırlanmış hücum əməliyyatı ilə bizi “Üzümlük” deyilən yerə göndərdilər. Bizdən qabaq həmən şumlanmış əraziyə ermənilər su buraxıblarmış, biz oraya gedən kimi boğaza qədər saplandıq palçığa. 93 nəfərlik rotadan 23 nəfər geri qayıtdı. “Kobra” helikopterlərimizin sayəsində ordan çıxa bildik. Qalan 70 nəfər ya yaralandı, ya şəhid oldu, ya da itkin düşdü. Sonrakı əməliyyatlarımızda şəhidlərimizi ordan çıxarıb dəfn edilmək üçün evlərinə göndərdik.
Bir uğursuz əməliyyatımız da Füzulidə olmuşdu. Ermənilərə hücuma keçəndə onlar qaçmağa başladı. Bizim uşaqlar da cəm şəklində onların dalınca ata-ata gedirdilər. Anidən T-72 tank ortaya çıxaraq bizim uşaqlara atəş açdı, onları şəhid etdi. Meyitlər orda qaldı. Çox çəkmədi, qurtarma əməliyyatına getdik, pulemyotumla erməni tərəfini atəşə tutmağa başladım və bizim meyit və yaralıları ordan çıxardılar. Eyni qayda ilə 200 əfqan ermənilərə hücuma keçsə də, ermənilər tanklarla onların 193 nəfərini öldürdü. Bax, bu şeylər unudulmamalıdır.

Göylük deyilən ərazidə erməni hədəflərini vururdum. Yanımdakı köməkçimi vurdular. Güllələr yağış kimi yağırdı. Üzümlüklərə doluşduq. Yanımdakı yaralını aparmaq üçün üzümlükdən tullananda məni göydə vurdular. Güllə qıçımdan girib, o biri tərəfdən çıxdı.

Döyüşsüz qala bilmirik…

Soruşursunuz ki, insan müharibədən sivil həyata qayıdanda özünü necə hiss edir, necə uyğunlaşır sivil həyata. Düzü, bu sual yaxşı sual oldu. Necə ki hər hansı bir şeyə aludə olan insan onsuz qala bilmir e, bax, biz döyüşçülər də döyüşsüz qala bilmirik. Bizi 10 günlük evə ezamiyyətə buraxanda üç gündən artıq evdə qala bilmirdik. 1994-cü il aprel ayında yaralandım. 1996-cı il iyul ayının 7-si ordudan tərxis oldum. Birinci qrup əliləm. Dərmanlarla yaşayıram. Ordudan qayıdıb haqqımı savaşa-savaşa icra başçısından aldım. Mənə nə ev, nə də maşın verəcəkdilər. Mehriban xanımla şəxsən görüşdüm. İlham Əliyevlə də görüşdüm, evimi, də maşınımı da Ali Baş Komandandan aldım. Hazırda prezident təqaüdü və birinci qrup əlil kimi 237 manat pensiya alıram. 19 dəfə əməliyyat olunmuşam, belimdəki zədə sağalmır.

musavat.com

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın