Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Dövlət qurumlarının hamısında narkomaniya bəlası var, lakin gizlədilir”

“Dövlət qurumlarının hamısında narkomaniya bəlası var, lakin gizlədilir”

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın “Yeni Sabah”a müsahibəsi:

– Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları narkoloji testdən keçirilib. Siz də bir müddət əvvəl dövlət qurumlarında çalışanların narkoloji testdən keçməsini təklif etmişdiniz. Sizcə, bu təklifinizə niyə soyuq yanaşıldı?

–  Bilirsiniz, mənim təklifimə, nəinki soyuq yanaşıldı, hətta bu məsələyə müxtəlif qurumlardan sərt reaksiya da gəlmədi. Təsəvvür edin ki, bu addımlar illər öncə atılsaydı, müxtəlif qurumlarda bu cür narkotik aludəçisi olan insanların təmsil olunması dayandırıla bilərdi. Təəssüf ki, bu istiqamətdə geniş ictimai dəstək də olmadı. Amma belə bir addım atılıbsa, mən bunu müsbət qarşılayıram.

Əslində, nəinki DGK-da, o cümlədən digər bütün dövlət orqanlarından bu testin tətbiq olunması aşağıdan yuxarıya qədər ümumi cəmiyyətin sağlamlığı və idarəetmənin keyfiyyəti fonunda vacibdir. O cümlədən müxtəlif vəzifəli şəxslərin və bu xəstəliyə aludə olmuş insanların səlahiyyət sahibi olaraq bu vərdişi yaymasının qarşısını da alarıq. Çünki imkansız adamların bunu yayma imkanları elə də böyük deyil. Amma vəzifəli şəxslər olanda onlar tabeliyində olan işçilərin də daha çox bu xüsusiyyətə nail olmasına maraqlı görünürlər. Ona görə də bu tip məsələlərdə prinsipial mövqe tutmaq lazımdır.

Baxın, bu, Vəlinin, Əlinin, o birinin məsələsi deyil, bu, bütövlükdə cəmiyyətin taleyi ilə bağlı olan bir məsələdir və bunu da hər zaman söyləyəndə bizə daha çox iradlar bildirilirdi ki, konkret hansı qurumda nələr varsa, onu danışmalısınız. Mən də izah edirəm ki, kiminsə narkoman olduğunu müəyyən edən şəxs deyiləm. Mən problem olaraq məsələyə yanaşıram və problem varsa, bunun ən yaxşı yolu kimsə qorxmursa, yoxlamalara başlamaqdır. Hətta mən onunla razıyam ki, elə hər kəsi – Milli Məclisdən tutmuş digər qurumlara qədər, heç kimə istisna olmadan bütün ali dövlət, icra, qanunvericilik və məhkəmə orqanlarında bu test tətbiq olunsun. Kim özündən qorxmursa, niyə narahatdır?!

– Bu təkliflə çıxış edəndə əlinizdə hansısa faktlar var idi, yoxsa intuisiyanıza arxalanmışdınız?

– Əlbəttə, mənim əlimdə faktlar olmadan mən söz söyləmirəm. Faktların olması ilə bağlı dediyiniz məsələ də öz təsdiqini tapıb. Ona görə də bu kimi məsələlərdə mənim fikrimcə, hansısa bir şəkildə yayınmaq olmaz. Bu, gələcəyimiz üçün təhlükəlidir. Narkomaniya artıq Azərbaycanda cəmiyyəti böyük bir fəlakətə gətirməkdədir. İnsan alverinin, əxlaqsızlığın, hamısının təməlində narkomaniya problemi yatır. Bunun da qarşısını almaq üçün hamı səfərbər olmalıdır. Çünki çevrəmizdə, qohumlarımızda, yaxınlarımızın içində də bu bəlaya yoluxmuş insanlar var, ailələr dağılır, böyük faciələr yaşanır. Bunu hamılıqla gizlətmək yerinə həll etmək yolunu düşünməliyik.

– Bundan sonra digər dövlət qurumlarında da belə yoxlamalr olmalıdır?

– Bilirsiniz, bu yoxlamalar olsa belə formal xarakter daşıyacaq. Yoxlama nədir ki? Elə bil ki, kimisə qoyacaqsan və bu da kampaniya xarakterli bir şey olacaq, nəticə də çox vaxt ortaya çıxmayacaq. Hərənin də bir himayəçisi var deyə öz qurumunu gizlədəcək. Bu, hələ məsələnin həlli yolu deyil. Çünki burada həm də siyasi iradə lazımdır. Biz bu xarakterdə olan bütün xəstəliklərin üzərinə gedilib onların dövlət orqanlarında yayılmasının qarşısını almalıyıq. Bu niyyət olandan sonra bunu həll etməyə nə var ki?! Biz korrupsiyaya qarşı da mübarizə aparırıq, amma gördüyünüz kimi, yenə də elementlər qalıb. Yaxud da deyək ki, məmur özbaşınalığı və s.

Yəni bir sözlə bunların hamısı gərək kampaniya xarakteri daşımasın. Bunlara qarşı kəskin mövqe qoyulmalıdır. İndi başqa məsələlərdə bir az yayınmaq, laqeydlik etmək olar, amma bu məsələ çoxsaylı imkanlı adamların faciəvi problemidir. Təkcə bu, yoxsulların da problemi deyil ki?!

-Sizcə, DGK-da baş verən hadisələrin digər dövlət qurumlarında təkrarlanması mümkündürmü?

– Nəinki təkrarlana bilər, hamısında bu bəla var, lakin gizlədilir. Bunu da açmaq lazımdır. Açmaq üçün də prinsipial, vicdanlı mövqe tutulmalıdır, vəssalam. Bunun əvvəl-axır qabağını almalıyıq.

Məsələn, mən bilirəm ki, DİN-də, DTX-da bu məsələylə bağlı çox sərt bir mübarizə aparılır və bu, yenilik deyil. DGK-da da bu istiqamətdə addımlar əvvəl də olub, indi də bu addımların atılması çox müsbət bir haldır, təqdir edilməlidir. Medianın dəstəyi çox önəmlidir. Lakin mən Milli Məclisdə çıxış edəndən sonra medianın dəstəyini görmədim. Bəlkə bunu daha çox qabartsaydılar, kampaniya şəklində etsəydilər başqa cür olardı.

Baxın, məsələn, taksi şoferlərinin bir qismi narkomandır. Çünki o, məcburdur, saatlarla çöldə qalır, gecə maşın sürür. Ona görə də onlar da yoxlanmalıdır. Yoxlamadan yayınmağın yolları da var ki, onlar məharətlə bundan yayına bilirlər. Yaxud avtobus sürücüsü yoxlanmalıdır, eləcə də hərbi hissədəki hərbçilər. Hərbçilər içində də yoxlanma olmalıdır. Burada ayıb bir şey yoxdur ki?! Kimsə üstünə götürür ki, bizim qurum niyə yoxlansın? Çünki bu qurumlardakı müəyyən dərəcədə səlahiyyət sahibi olan bəzi şəxslər bu problemin yayılmasında maraqlıdırlar. Kimsə narkotikdən pul qazanır, kimsə özü çəkir, özü istifadə edir və s.

– Dediyiniz kimi, bu yoxlamaların formal xarakter təşkil etməməsi üçün nə edilməlidir?

– Formal xarakter olmaması üçün ictimai hərəkətlənmə olmalıdır. Məsələn, hansı qurum bunu edirsə, öz İctimai Şurasını bu işə cəlb etməlidir. Onlar da bu məsələylə bağlı bilgiləri cəmiyyətə verməlidir. QHT-lər işə cəlb olunmalı, onlarla müqavilə bağlanmalı, lazım olsa vəsait də ödənməlidir. Onların bu sahədə dəstəklərini cəlb etmək lazımdır. Məsələn, deyək ki, narkomaniyaya qarşı mübarizə üçün bir sıra QHT-lər var ki, reabilitasiya ilə məşğuldurlar. Onların imkanlarından istifadə etmək lazımdır.

Bütövlükdə burada cəmiyyətə hərəkətə gətirməliyik. Bu, kiminsə kiməsə xəbər etməsi, satqınlıq etməsi deyil. Xəbər verməyəcəksən, bildirməyəcəksən, sabah öz oğlun, qızın bu bəlaya yoluxacaq. Yaxud qonşundan xəbər verməyəcəksən ki, qonşudur ayıbdır, birdən gəlib apararlar və s. Belə olan halda o da sənin “podyezd”ində gəlib çəkəcək, sonra da oğlunu, qızını qurşandıracaq bu mərətə. Sonu budur.

Ona görə də ictimai nəzarət formalarını tapmaq lazımdır. Xeyli təşkilatlar var ki, onları cəlb etməliyik. Bununla da problemi şəffaf şəkildə araşdırmaq lazımdır. Məsələn, imkanlı adamdır, yaxını var, bunu gizlədirəm, amma yetimin biridir, bunu təqib edirəm, narkomandır işdən çıxarıram və s. Bununla olmaz. Hamıya prinsipial mövqe göstərilməlidir.

Onun üçün də mən DGK sədrini əvəz edən Şahin Bağırovun atdığı addımı birmənalı dəstəkləyirəm. Özü də bu istiqamətdə hansı qurum, hansısa bir iş görmək istəyirsə, dəstək verməyə hazıram.

– Narkomaniya əleyhinə bir çox məsələlər qaldırılıb. Lakin aktual şəkildə atılan bir addım yoxdur…

– Bəli, narkomaniya ilə bağlı onlarla məsələ qaldırılıb. Bir qurum maraqlanmayıb ki, sizin təklifiniz nədir, nə edə bilərik? Bir qurum maraqlanmayıb! Başqa yerdə belə təkliflər səsləndirilsə, adama deyərlər ki, təşəkkür edirik, amma mənə təşəkkür lazım deyil. Lakin bir nəfər maraqlanmır ki, bunu necə edək? Mən bir neçə istiqamətdə təkliflər verib, yönləndirmişəm, lakin əhəmiyyət verən yoxdur. Mənim də əlimdə elə bir səlahiyyət yoxdur ki, gedib hansısa qərar qəbul edim. Mən, ancaq bir millət vəkili kimi ictimailəşdirə bilərəm ki, bunu da gücüm çatan səviyyədə edirəm. Amma bunun ardınca hər kəs başlayır özünə götürməyə ki, bu, yəqin mənim qurumumu nəzərə alır. Mən elə orada çıxış edəndə dedim ki, gəlin, elə birinci, Milli Məclisdən başlayaq. Varsa, qoy aşkara çıxarılsın və uzaqlaşdırılsın ki, bu xəstəlik yayılmasın.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …