Ana səhifə / Müsahibə / “Dövlət pul ayırır, amma oğru məmur basıb yeyir“ – Qulu Məhərrəmli

“Dövlət pul ayırır, amma oğru məmur basıb yeyir“ – Qulu Məhərrəmli

Əməkdar jurnalist Qulu Məhərrəmlinin Yenisabah.az-a müsahibəsi:

– Qulu müəllim, ötən gün bir daha dövlət qurumları ilə mətbuat arasında rabitəsizliyin hökm sürdüyünü gördük. Sizcə, bunun səbəbi nədir?

– Əsas səbəb odur ki, dövlət qurumları, məmurlar mətbuatla işi düzgün qura bilmirlər. Hər hansısa bir hadisə baş verəndə olayı təhrif olunmuş formada çatdırmağa çalışırlar. Dünyada qəbul olunmuş qayda var, hər şeyin doğrusunu demək lazımdır. Əgər hansısa bir obyektdə qəza baş verirsə və ya təbii fəlakət baş verirsə, bunu olduğu kimi mediaya çatdırmaq lazımdır. Müəyyən manipulyasiya elementləri olanda və təbii olaraq media alternativ mənbələrdən məlumatlar alanda bu cür qarşıdurmalar yaranır. Dünən yaşanan hadisə ilk dəfə baş vermirdi. Əvvəllər də mediaya təhrif olunmuş məlumatlar verilib. Lakin elə şeylər var ki, onları gizlətmək mümkün deyil. Ona görə də arzulanan odur ki, bütün qurumlar mətbuatla doğru çalışsın, məlumatları dəqiq versin, yaranmış suallara aydınlıq gətirsin. Belə olsa, bu cür xoşagəlməz hadisələr yaşanmaz.

– Bəzi jurnalistlər niyə mətbuat katibİ vəzifəsinə təyin olunduqdan sonra məmur kimi davranmağa başlayır?

– Platforma, iş şəraiti, yanaşma dəyişir, şəxs başqa şərtlər altında işlədiyi üçün mövcud şəraitə uyğunlaşmalıdır. Amma vəziyyət bu cür də olmamalıdır. Mətbuat xidmətləri ondan ötrüdür ki, ictimaiyyətə məlumat versinlər, doğru olanı çatdırsınlar. Düzü, prinsipcə bu qərarları mətbuat xidmətinin özü vermir, yəni bunlar onun psixologiyasında baş verən dəyişikliklə bağlı deyil, sadəcə qurumlar bu cür mətbuat xidməti istəyirlər. Gedən adamlar da şəraitə uyğunlaşır, nəticədə belə vəziyyət yaranır.

– Bəs niyə mətbuata açıq olmayan qurumda işləməyə razı olurlar? Nə üçün özlərini çərçivəyə salırlar?

– Bu artıq insan xisləti, sosial düşüncə və təfəkkürlə bağlı olan bir məsələdir. Hər kəs bu barədə özü qərar verməlidir, biz bunun çox dərin səbəblərini bilmirik. Amma onu bilirik ki, vəzifəyə dəvət olunan insanlar öz sosial həyatında, ictimai mövqeyində dəyişiklik etmək istəyirlər və bu məqsədlə gedirlər, sadəcə bəzən istəkləri baş tutur, bəzən isə tutmur.

– Ölkədə ictimaiyyətlə əlaqələr mexanizminin düzgün şəkildə qurulmaması nə ilə bağlıdır?

– Bunu onlardan soruşmaq lazımdır ki, siz niyə PR-ı, ictimaiyyətlə əlqələri, marketinqi düzgün qurmursunuz, ümumiyyətlə, niyə düzgün informasiya siyasəti aparmırsınız? Mənə elə gəlir ki, bunların hamısı ilk növbədə sistemin doğru çalışmaması ilə bağldır. Niyyətlər doğru deyil, ona görə də belə hallar baş verir.

– Bildiyiniz kimi, bəzən elə hadisələr baş verir ki, orada jurnalist mütləq rəsmi açıqlamanı paylaşmalıdır. Dünən də belə bir vəziyyət idi. Lakin fikrimcə, yaranmış narahatlığı aradan qaldırmaq üçün TV-lər ən azı canlı yayım edib insanlara ümumi məlumat verə bilərdi. Bu isə olmadı. Sizcə, TV-lərə maddi-texniki bazanı gücləndirmək üçün lazımi maliyyə ayrılmır, yoxsa media kapitanları ayrılan vəsaiti düzgün xərcləməyi bacarmır?

– Hansısa sahə olub ki, bizim media orada parlaq görünsün? Bunlar, ümumilikdə, mətbuat, ictimaiyyət, məlumatlandırma, informasiyalaşdırma işinin mahiyyəti ilə bağlıdır və burada heç də elmi-texniki  təminatdan söhbət getmir, söhbət işin düzgün qurulmasından və məqsəddən gedir. Biz nə istəyirik? Biz, doğrudan da, cəmiyyətə doğru informasiya vermək istəyirik, yoxsa manipulyasiya ilə məşğuluq, hökumətin tapşırıqlarını, istəyini yerinə yetiririk? Bunun üzərində ciddi düşünülməlidir ki, mətbuat öz funksiyasını yerinə yertirə bilsin, nə biznes qurumlarından, nə də hökumət qurumlarından, nə məmurlardan, nə müxalifətdən, nə də iqtidardan asılı olsun. Media müstəqil çalışanda və o doğruçu media olanda bu sualların heç biri ortaya çıxmır.

– Azərbaycan televiziyalarının nə vaxt fövqəladə vəziyyətdən çıxış imkanı əldə etmək üçün dronu, helikopteri olacaq?

– Onlar artıq futuroloji məsələlərdir ki, biz bunu görəcəyik, yoxsa yox. Amma istənilən televiziya, o cümlədən xəbər televiziyaları dediyiniz imkanların hamısına yiyələnməlidir. Yəni yaxşı xəbər televiziyasının helikopteri də, birbaşa bağlantı üçün texniki imkanları da olmalıdır. Bunların dron kameraları olmalıdır, rahat işləyə bilməlidirlər. Bunun nə vaxt olacağını demək isə çətindir. 10 il ərzində AzTV-yə hökumət 1 milyarda yaxın pul verib, amma onlar bu gün 96-cı ilin kameraları ilə işləyir. Dövlət nə etməlidir ki? Dövlət vəsait ayırır, amma orada hansısa oğru məmur o pulları basıb yeyir, sonra hadisə olanda da biz başqa səbəblər axtarmağa başlayırıq. Ona görə də düşünürəm ki, hər şey düzgün qurulmaqdan və sistemin düzgün çalışmasından asılıdır.

– Dünənədək mətbuatın bu gündə olmasında KİVDF, Əli Həsənov günahkar idi, bəs bu gün günahkar kimdir?

– Elə bu gün də Əli Həsənov və ondan qalma sistem günahkardır. Hələ də vaxtilə yetişdirilib ortaya çıxarılan adamlar-media rəhbərləri, trollardır idarə edənlər. Yeni heç nə yoxdur. Media olduğu yerdə qalır. Yeni olan odur ki, “Media haqqında” Qanunun təzələnməsidir, amma iş sistemi, çalışma, yanaşma və adamlar eynidir. Ona görə burada hələ ki başqa səbəblər axtarmağa ehtiyac yoxdur.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …