Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / “Çox ciddi sınaq qarşısındayıq” – Arzuxan Əlizadə

“Çox ciddi sınaq qarşısındayıq” – Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının Sədr əvəzi Arzuxan Əlizadə Azinforum.az-ın suallarını cavablandırıb. Sözügedən müsahibəni təqdim edirik:

Cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyev bir sıra vacib məqamlarla yanaşı siyasi partiyalarla dialoqun başlanması, əksər müxalifət partiyaları tərəfindən buna müsbət yanaşılmasından danışdı və bu prosesin sürətlə getməsini arzuladığını dilə gətirdi. Necə bilirsiz, partiyalar bu prosesə hazırdırlarmı?

İlk növbədə onu deyim ki, biz AMİP olaraq mövcud problemlərin qarşılıqlı anlaşma, konstruktiv müzakirələr və diqloq mühitində keçirilməsinin tərəfdarı olduğumuzu  hər zaman səsləndirmişik. Bu bizim fəaliyyət prinsipimizdir və bu anlamda Prezidentin səsləndirdiyi fikirləri olduqca pozitiv qiymətləndiririk. Ölkə başçısı bundan əvvəl parlamentin yeni tərkibdə keşirilən ilk iclasında da çıxışının bir hissəsini siyasi partiyalara və dialoqun vacibliyinə həsr etmişdi. Eyni zamanda prezident aparatının siyasi partiyalarla iş şöbəsi ilə keçirilən görüşləri bilavasitə  diqqətdə saxladığını vurğulamışdı. Son müşavirədə etdiyi çıxışında Prezidentin başlanılan bu prosesin daha sürətlə getməsini arzuladığını deməsindən sonra o zaman bildirdiyim fikri bir daha təkrarlamağı vacib bilirəm ki, siyasi partiyaların ölkə həyatında iştirakı ilə əlaqədar Prezidentin şəxsi iradəsinin ortada olması bu prosesin həqiqətən də davamlı olacağı və bütövlükdə ölkə üçün faydalı nəticələr verə biləcəyi ilə əlaqədar nikbin proqnozlar verməyə imkan verir. Mən tam qətiyyətlə deyirəm ki, biz bu prosesdə maraqlıyıq. Əlbəttə ki, aparılan hazırki siyasət kampaniya xarakteri daşımayacaqsa və davamlı olacaqsa bu yöndə atılacaq addımları dəstəkləyəcəyik.

Lakin, Prezidentin də dediyi kimi, dialoqdan imtina edən qüvvələr də vardır.

Bəli, təəssüflər olsun ki, var və mən bu mövqeyi yanlış, hətta hazırki dönəmdə ziyanlı hesab edirəm. Çünki, istisnasız olaraq bütün siyasi qüvvələr tərəfindən ölkədə köklü siyasi islahatların həyata keçirilməsinin vacibliyi vurğulandığı indiki zamanda  siyasi islahatlara birbaşa qapı açan dialoqlardan imtina heç bir halda başa düşülən deyil və hətta bu mövqeyin arxasında başqa maraqların dayandığı ehtimalını yaradır. Birmənalı olaraq hesab edirəm ki, dövlətçilik və milli maraqlar naminə islahatların həyata keçirilməsi, həmçinin mümkün çatışmazlıqların aradan qaldırılması üçün bütün məsələlərin birgə müzakirə edilməsinin alternativi yoxdur.  

Son zamanlar ölkə xaricindən yayımlanan bəzi internet resurslar və sosial şəbəkələr vasitəsilə aparılan təhqir və söyüş kompaniyasınından yəqin ki, xəbərdarsınız, hətta bunu alternativ mübarizə üsulu kimi qəbul edən qüvvələr də yox deyil.

Mənim belə “mübarizə” üsullarına münasibətim birmənalıdır. Siyasi mübarizədə heç bir halda təhqirə yer olmamalıdır. Söyüş isə əxlaqsız və tərbiyəsiz varlıqların işidir və belələrinə ümumiyyətlə siyasi arenada nəinki yer verilməməli, bu ritorikanı özünə peşə seçənlər birdəfəlik bu məkandan süpürülüb atılmalıdır. Bu xalqımızın nə əxlaqına, nə milli dəyərlərinə uyğun deyil. Təəssüflər olsun ki, bəzi internet resurslarda və sosial şəbəkə istifadəçiləri arasında belə davranış sərgiləyənlər, təhqir və söyüşdən istifadə edənlər var. Amma, bir məsələni deyim ki, biz bir ara partiyada sosial şəbəkələrdə bu yöndə aktiv olan istifadəçilərin monitorinqini apardıq və məlum oldu ki, belələri göründükləri qədər də çox deyil. Sadəcə bəlli bir siyasi qrupa mənsub olan həmin istifadəçilərin hər birinin istifadəsində onlarla internet ünvanı var və onlar vahid mərkəzdən aldıqları komandaya uyğun olaraq eyni zamanda hər hansı bir obyektə qarşı total hücum təşkil etməklə internet məkanında fikir formalaşdırmaq taktikası yürüdürlər. Belələri hətta bir çox hallarda üzərinə hücum cəkmək üçün tapşırıq aldıqları şəxsin hansı fikirləri dediyinin də fərqində olmurlar, elə adını və ya şəklini görən kimi içlərindəki çirkabı boşaldırlar. Azərbaycan cəmiyyəti  ictimai qınaq yolu ilə bunları sıradan çıxarmalıdır. Bunun üçün isə ölkənin sivil yolla inkişafında maraqlı olan siyasi qüvvələrə normal fəaliyyət göstərmək imkanları tanınmalıdır ki, bu yolunu azmışların da demeyə və yazmağa əlavə sözləri qalmasın.

Siyasi qüvvələrdən söz düşmüşkən, Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyanın mövcudluğu bəlli idi. Ötən gün daha 2 partiyanın qeydiyyatdan keçməsi barədə xəbər verildi. Sizcə ölkədə partiyaların sayı çox deyil ki? Olaya münasibətinizi bilmək istərdim.

Münasibətim çox yaxşıdır. Qeydə alınan partiyalardan birinin rəhbəri olan Sülhəddin bəyi də kifayət qədər yaxşı tanıyıram və xəbəri alandan sonra təbrik edərək fəaliyyətində uğurlar arzuladım. Səhv etmirəmsə son dəfə 2010-cu ildə Fərəc Quliyevin sədri olduğu MDHP-dən sonra ölkədə heç bir partiya dövlət qeydiyyatına alınmırdı. Bu iki partiyanın qeydə alınması bu sahədə də ciddi dəyişikliyin olmasından xəbər verir. Hesab edirəm ki, siyasi təşkilat ölkə qanunvericiliyində göstərilən tələblərə cavab verirsə qeydiyyata alınmasında da heç bir maneə olmamalıdır. Onsuz da partiyaların fəaliyyəti xalq tərəfindən qiymətləndirilir. Bu halda obyektiv qiymətləndirmə isə yalnız ədalətli seçkilər vasitəsilə mümkündür. Ümid edirəm ki, siyasi islahatlar çərçivəsində proporsional seçki sisteminin bərpasının da şahidi olacağıq və ondan sonra ölkə gündəmində olan mövcud siyasi təşkilatların yeri və rolu barədə müəyyən fikir yürütmək imkanımız da olacaqdır. Şübhəsiz ki, bu halda heç bir fəaliyyəti olmayan, seçkilərdə iştirak etməyən, ölkə gündəminə təsir imkanları olmayan partiyaların mövcudluğu da şübhə altına alına bilər.  

Bu gün bütün dünya “COVİD-19” pandemiyası ilə mücadilə edir. Bununla əlaqədar ölkədə karantin rejimi tətbiq edilməklə yanaşı Azərbaycan hökuməti davamlı olaraq bir sıra qabaqlayıcı tədbirlər görməkdədir. Mövcud durumla bağlı nə demək istərdiniz?

Çox ciddi sınaq qarşısındayıq. İlk dəfədir ki, dövlət və millət olaraq belə geniş miqyası pandemiya ilə üz-üzə qalmışıq və düzü hökumətin ekstremal vəziyyətdə belə çevik addımlar atması, pandemiyanın qarşısının alınması üçün gördüyü qabaqlayıcı tədbirlər yaxşı mənada məni təəccübləndirdi. İlk başlanğıcda sərhədlərin, xüsusilə də İranla sərhədin bağlanmasında ləngimə olsa da sonradan görülən digər qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasını önlədi və şükürlər olsun ki, hazırda Azərbaycandakı vəziyyət hətta bir çox inkişaf etmiş ölkələrlə müqayisə edilməyəcək dərəcədə yaxşıdır. Buna görə də atılan addımları əlbəttə ki, təqdir edirik. Lakin, bir sıra çatışmazlıqlar da var və biz bununla bağlı da mütəmadi olaraq fikirlərimizi bildiririk. Pandemiya eyni zamanda bir çox əyər-əskikləri də üzə çıxardı. Məsələn, ölkədə işsizliyin və yoxsulluğun səviyyəsinin rəsmi statistik məlumatlarda göstərildiyindən daha artıq olduğu üzə çıxdı. Biz bu və digər çatışmazlıqları hər zaman desək də səsimiz çox vaxt eşidilməz olub. Yeri gəlmişkən deyim. Əgər fikir verdinizsə Prezident müşavirədə bir vacib məqama da münasibət bidirərək dedi ki, müxalifət nümayəndələri bəzən iqtidar mənsublarının görmədiyi qüsurları görürlər, dilə gətirirlər, diqqətə çatdırırlar və bunu müsbət hal kimi qiymətləndirdi. Biz də uzun illər ərzində gördüyümüz problemləri və onların həlli yollarını diqqətə çatdırmışıq. Amma təəssüf ki, bir çox halda qüsurları deyənlərə düşmən münasibət sərgilənib. Unutmaq lazım deyil ki, bu vətən hamımızındır. Vətənini sevən hər kəs də iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq ümumi qüsurların aradan qaldırılmasını istəyir. Ümid edirəm ki, Prezidentin bu fikirlərindən sonra çatışmazlıqları dilə gətirən müxalifət nümayəndələrinə münasibət də dəyişəcək. Əlbəttə ki, müxalifətdə və ya iqtidarda olmasından asılı olmayaraq hər kəs də ilk növbədə dövlətçiliyə sadiq olmalı, yaranmış vəziyyətdən siyasi məqsədlər üçün sui-istifadəyə yol verməməlidir. Dövlət maraqları və milli maraqlar hər zaman şəxsi və siyasi maraqların fövqündə dayanmalıdır.

Biz AMİP olaraq ilk gündən pandemiyanın nəticələrinin aradan qaldırılması üçün hökumətə dəstək verməyə hazır olduğumuzu bildirmişik. Eyni zamanda gələcəkdə yarana biləcək problemləri önləmək məqsədi ilə bir sıra addımların atılmasının məqsədəuyğun olduğunu hesab etdiyimizi də diqqətə çatdırmışıq. Bu gün də hesab edirik ki, ilk növbədə əhalinin, xüsusilə də aztəminatlı təbəqənin ehtiyaclarının qarşılanması, bir sıra sosial və kommunal güzəştlərin tətbiq edilməsi, bank kreditlərinin müəyyən dövr üçün dondurulması, həmçinin, iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun, paralel olaraq kiçik sahibkarlığın inkişaf etdirilməsi, rüşvətin və korrupsiyanın səviyyəsinin minimuma endirilməsi sahəsində ciddi strategiyanın işlənib hazırlanması hökumətin fəaliyyətində prioritet təşkil etməlidir.  

Vidadi, Azinforum.az

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …