Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Çingiz Qənizadə Ramil Usubovun yol polisi ilə bağlı qərarından danışdı – “Çox işləyirlər”

Çingiz Qənizadə Ramil Usubovun yol polisi ilə bağlı qərarından danışdı – “Çox işləyirlər”

Məlum olduğu kimi, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Dövlət Yol Polisi İdarəsində keçirilən kollegiya iclasında yol polisi əməkdaşlarına tapşırıq və tövsiyyələr verməklə yanaşı 2018-ci ili yol-patrul xidməti əməkdaşları üçün “Etik-davranış ili” elan edib. Bu sahədə ciddi dönüş yaradılmasının vacibliyini diqqətə çatdıran daxili işlər naziri vətəndaşlarla ünsiyyətdə kobudluq göstərən, sürücüyə özünü təqdim etməyən, törətdiyi qayda pozuntusu barədə ona izah verməyən, yaxud bunu bacarmayan əməkdaşlar barəsində ciddi ölçülər götürüləcəyini vurğulayıb. O, başlıca vəzifənin hərəkət iştirakçılarını cəzalandırmaq deyil, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini təmin etmək, onu kobudcasına pozanların, özünün və başqalarının həyatına təhlükə yaradanların qarşısını almaq olduğunu bildirib.
 Daxili işlər nazirinin “Etik davranış ili” elan edərək YPX əməkdaşları qarşısında sərt tələblər qoyması bu sahədə ciddi dəyişikliklərin ediləcəyindən xəbər verir.
Azinforum.az xəbər verir ki, Avtosfer.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millər vəkili Çingiz Qənizadə də bu fikirdədir.
– Bugünkü Azərbaycan polisinin vətəndaşlarla işləməsinə, vətəndaş-polis münasibətlərinə, Daxili İşlər Nazirliyinin daxili təlimatlarına və tələb olunan qaydalara uyğun davranışı əvvəlki illərlə müqayisədə qat-qat müsbətdir. İstər yol polisinin, istərsə də, polisin digər xidmət sahələrində çalışanların vətəndaşlarla münasibətinə kənardan diqqət yetirdikdə sevindirici halları çox müşahidə edirik. Amma bir şeyi unutmaq lazım deyil ki, DİN ölkəmizdə əməkdaşlarının sayına görə ən böyük nazirliklərdən biridir. Eyni zamanda, polislərin daim cəmiyyətdə və insanlar arasında hər an olmasını nəzərə alsaq vətəndaş-polis münasibətlərində bəzən xoşagəlməz halların olmasına da rast gəlinir. İş olan yerdə nöqsan və problemlərin olması da təbiidir.
Bu günlərdə DTX əməkdaşları tərəfindən Sərhəd Qoşunlarının və Xarici İşlər Nazirliyinin əməkdaşlarının Azərbaycanın qapısı sayıla biləcək hava limanında əcnəbilərdən rüşvət alması ilə bağlı videogörüntülərin ictimaiyyətə təqdim olunması və onların həbs olunması ilə bağlı keçirdikləri əməliyyat olduqca uğurludur. Bu onu göstərir ki, müəyyən neqativ hallar bir sıra qurumlarda hələ də qalmaqdadır. Mən DTX-nın bu addımını yüksək qiymətləndirir və cəmiyyətimə yad olan, ölkəmizin imicinə zərər vurar hər bir halın qarşısının vaxtında alınması ilə bağlı göstərdikləri səyləri alqışlayıram. Amma polisə yanaşmanı bir az fərqli düşünürəm. Çünki bu gün Azərbaycan polisi Əmək Məcəlləsinin tələblərindən kənara çıxaraq normadan artıq, yəni, həftədə nəzərdə tutulmuş iş saatından qat-qat çox işləyirlər. Bəzən buna görə əlavə məvacib almırlar, bir sıra hallarda ailələrində müəyyən problemlər yaşayırlar. Lakin polisin ölkəmizin ictimai-siyasi sabitliyinin qorunması ilə bağlı bu cür gərgin əməyini qiymətləndirməkdənsə, baş verən xırda bir detalı bəziləri ictimailəşdirməklə polisin imicinə zərbə vurmağa çalışırlar. Lakin bu, belə olmamalıdır. Çünki bu gün Azərbaycanda bu cür sabitliyin təmin edilməsində digər dövlət qurumları ilə yanaşı daxili işlər orqanlarının üzərinə çox böyük yük düşür. Onlar bu yükün öhdəsindən şərəflə gəlirlər. Bu gün cəmiyyətin hər bir üzvü sərbəst şəkildə, ailəsi ilə birlikdə, istər gecə, istərsə də gündüz rahat şəkildə hətta ucqar rayonlara belə gedib-gəlirlərsə, əmin şəkildə istədikləri yerdə dincələ bilirlərsə buna görə Azərbaycan polisinə borcluyuq. Polis qanunla onlara verilmiş əmək normasından artıq işləməyin hesabına qanunun keşiyində dururlar və biz bunu alqışlamalıyıq.
– Çingiz müəllim, yol polisləri ilə məsələlər bir qədər fərqlidir. İnsanlarla daha çox ünsiyyətdən irəli gələn məqamlar var…
– Konkret olaraq daxili işlər naziri, cənab Ramil Usubov tərəfindən 2018-ci ilin «Yol polisinin etik davranış ili» qərarının verilməsi yəqin ki, son vaxtlar yol polisi barədə bəzi neqativ videogörüntülərin yayılması ilə bağlıdır. Bu da təqdirəlayiqdir. Cənab nazir çox uzaqgörən və yüksək peşəkarlıqla idarəetmə qabiliyyətinə malik bir insandır. Çox güman ki, o, özünün daxili müşahidəsi və əldə olunan müəyyən məlumatlardan sonra belə hesab edib ki, bu ilin DYP əməkdaşlarının etik davranış ili elan edilməsi vətəndaşlarla yol polisi arasında münasibətləri ən yüksək səviyyəyə çatdırsın.
Yeri gəlmişkən, hazırda DYP-də vakant yerlər var və bəzi tanıdığım adamlar da sənədlərini təqdim ediblər. Onlar bildirirlər ki, ən savadlı və layiqli namizədləri seçirlər. Bu da yəqin ki, yuxarıda qeyd etdiyimiz məqsədə hesablanıb. Ümid edirəm ki, növbəti ildə biz bunları müzakirə edəndə cənab nazirin müşavirədə qarşıya qoyduğu məqsədlərin müsbət nəticələrini görəcəyik. Birdə çox istərdim respublikanın magistral yollarında yol-hərəkət nişanlarının və sürət həddinin ciddi monitorinqi aparılıb onlara yenidən baxılsın.
– Siz özünüz də avtomobil idarə edirsiniz və yəqin ki, yol polisləri ilə ünsiyyətdə olursunuz. Sizcə, yol polisi-sürücü münasibətlərində çatışmayan nə var? Neqativ hallar nədən yaşanır?
– Düşünürəm ki, DYP əməkdaşları sərxoş sürücüyə heç bir güzəşt etməməlidir. Eyni zamanda əsaslı oldu-olmadı, sürücüləri saxlamamlıdırlar. Son bir ayda mən sükan arxasında olmasam da, xidməti avtomobilimi bir neçə dəfə DYP əməkdaşları saxlayıb. Maşında olduğumu bildikdən sonra sanki heç nə olmamış kimi uzaqlaşmağa cəhd ediblər. Lakin dəvət edib hansı əsasla saxladıqlarını soruşmuşam. Haradansa çörək yeməkdən çıxırıqsa elə hesab edirlər ki, sanki sürücü sərxoşdur. Bu cür artıq hərəkətlər çoxsaylı yaxşı polislərimizin imicinə də xələl gətirən hallardır. Belə halların bir neçə dəfə şahidi olmuşam. Bu yaxınlarda elə xanım millət vəkillərinin biri ilə bağlı da qanunsuz hadisə yaşandı. Biz bununla bağlı DYP rəhbərliyinə müraciət etdik. Hətta həmin əməkdaşlardan biri işdən azad edildi. DYP əməkdaşları hər hansı restoran və ya yeməkxananı gün ərzində nəzarətdə saxlayaraq oradan çıxan avtomobilləri saxlamamalıdır. Amma bu cür hallar tək-tək olur. Ona görə də belə fərdi halları ictimailəşdirməklə deyil, polisin yaxşı hərəkətləri ilə onun işinə qiymət vermək lazımdır. Çünki belə hallar həmişə olub və yəqin ki, olacaq da. Odur ki, bunu ictimailəşdirib çoxsaylı polis əməkdaşlarının imicinə xələl gətirmək haqsızlıqdır.
– Bəzən belə fikirlər səslənir ki, Azərbaycanda yol polisi ləğv edilməlidir. Sizcə, bizim sürücülərin, piyadaların, ümumiyyətlə, bütün hərəkət iştirakçılarının qanuna münasibəti dəyişibmi? Yəni, yol polisi olmasa hər şey qaydasında olacaqmı?
– Bu cür fikirlər ortalığa atılır. Amma görünür ki, bunun təhlilini aparmayıblar. Bizdə təəssüf ki, insanlarda təfəkkür hələ o həddə deyil ki, qanunun aliliyini tam şəkildə qəbul etsinlər. Azərbaycanda bəzilərinin hələ də avtomobildə kəməri taxmaq, piyadaya yol vermək, avtomobilləri qanunauyğun idarə etmək  mədəniyyəti o qədər də yüksək səviyyədə deyil. Bəzi sürücülər tərəfindən avtoxuliqanlıq hərəkətləri edilir. Bəzi “papanın gül balaları” tərəfindən bahalı avtomobillərə əcaib səs boğucu və siqnalları qoymaqla, şəhərdə şütüməklə həm insanların rahatlığının pozulması, həm də digərlərinin əmlak və həyatının təhlükə altında qoyulması halları var. Hələ bu qədər YPX əməkdaşı ola-ola onlara qarşı mübarizədə əziyyət çəkirik. Odur ki, yol polisinin ləğvi məsələsini heç dilə belə gətirmək istəmirəm. Bunu tam məsuliyyətimlə deyirəm ki, əgər bu gün polis, xüsusilə yol polisi olmasa bəzi qeyd etdiyim harınlamış şəxslər  öz bahalı avtomobillərini sadə insanların üstünə belə sürməkdən çəkinməzlər.
– Son günlər yenidən gündəmdə olan daha bir məsələ yol polisinin sürücünü təqib etməsidir. Sizcə, yol polisi əmrə tabe olmayan, “saxla” işarəsinə əhəmiyyət verməyən sürücünü təqib etməlidir, ya yox?
– Əgər DYP əməkdaşı kəmər bağlamamağa görə avtomobili “qovursa” burada polis haqlı deyil. Amma yol polisi görəndə ki, kimsə avtoxuliqanlıq edir, yol hərəkəti qaydalarını kobudluqla pozur, əminlik yoxdursa ki, sürücü sərxoş deyil və kimisə vurmayacaq, o halda baş verə biləcək hadisələrin, xətaların, cinayətlərin qarşısını almaq üçün o maşını mütləq qovmaq bahasına olsa belə saxlamalıdır. Aydınlaşdırmalıdır ki, bu adamın şüuru yerindədirmi, narkotik maddənin və ya spirtli içkinin təsiri altındadırmı, sürücülük hüququ varmı və s. Axı biz əmin deyilik ki, həmin avtomobil qarşıda hansısa piyadanı vurmayacaq. Bizdə təəssüf ki, elə hallar tez-tez baş verir. Ona görə də hesab edirəm YPX əməkdaşı belə hallarla qarşılaşdıqda həmin avtomobili saxlamalı, cərimə meydançasına aparmalı, sürücü barədə inzibati qaydada tənbeh tədbiri görməlidir.
– Çingiz müəllim, son vaxtlar Azərbaycanda çəkilən komediya filmlərində, seriallarda polisi acız, cinayətkarlığa qarşı mübarizə aparmaq gücü olmayan bir formada təqdim edirlər, ələ salıb gülüş obyektinə çevirirlər. Sizcə, bu, nə dərəcədə doğru yanaşmadır?
 – Əlbəttə, bu məni çox incidir. Çünki hüquq-mühafizə orqanları mənə  çox  əziz olan bir qurumlardır.  Lakin belə halları görəndə təəssüf hissi keçirirəm. Çünki bu qədər çətin və ağır bir vəziyyətdə çalışan insanların imicinə elə bizim bəzi qurumlarım laqeydliyi ilə zərər vurulur. Xüsusilə də, “Bozbash pictures” adlı qrupun çəkilişlərində polisi aşağılayan kadrların olması anti-polis təbliğatı kimi dəyərləndirilməlidir. Bəzən çəkilişə polisin köməyini istəyirlər və sonra da polisin də imicinə zərər vuran kadrlar çəkirlər. Belə olduğu halda Daxili İşlər Nazirliyi bu cür filmlərin çəkilişinə kömək etməzdən əvvəl mütləq ssenarini əldə edib baxmalıdır. Əgər filmdə şou xatirinə dövlət orqanlarını aşağılacıyı hansısa fraqmentlər  varsa, mütləq çıxarılmalıdır. Ucuz şou xatirinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını aşağılayan bir saniyəlik də kadr olmamalıdır. Odur ki, bu cür çəkilişlərlə bağlı icazə və kömək istəyəndə bu qurumun əməkdaşları mütləq ssenari ilə tanış olsalar yaxşı olar. Şou xatirinə polisin aşağılanması yolverilməzdir.
– Sosial şəbəkələrdə də bəzən real, bəzən saxta profillərdən istifadə etməklə polisə qarşı sərt təbliğat aparılır, onlar açıq-aşkar təhqir olunur. Təkcə polis deyil, bəzən konkret şəxsləri təhqir edirlər. Bu sahədə qanun da qəbul edildi ki, saxta profillərə qarşı mübarizə aparılacaq. Vəziyyət nə yerdədir?
– Sosial şəbəkələrdə bu cür qanunazidd hərəkətlərlə bağlı biz qanuna dəyişikliklər etmişik. Baş prokuror cənab Zakir Qaralovun təşəbbüsü ilə qanun layihəsi Milli Məclisə daxil olmuşdu. Qanunu qəbul etdik və artıq qüvvəyə minmişdir. Saxta profillərlə dövlət orqanlarını aşağılayıcı hərəkətlər edənlərin tapılıb məsuliyyətə cəlb edilməsi üçün hüquq mühafizə orqanlarına  səlahiyyət verilib. Düzdür, bunu aşkar etmək bir az çətin olsa da, hüquq-mühafizə orqanlarında olan son texnoloji qurğular buna imkan verir. Mən elə sizin vasitənizlə müraciət edərək bu cür məsuliyyətsiz  insanları belə mənasız yoldan çəkinməyə çağırıram. Belə bir deyim var ki, “mənim polisim, məni qoruyur.” Amma biz də polisi qorumalıyıq, onlara hörmətlə yanaşmalıyıq. Hətta onların qanunsuz olsa belə tələblərinə tabe olmalıyıq. Məsələn, polis səni qanunsuz qovursa, saxla, tabe ol, sonra görsən ki, sənə qarşı haqsızlıq olub, o zaman şikayət edərsən. Onun hər bir əmrinə tabe olmalısan. Polislə konfliktə getmək yolverilməzdir. Polis çiynində dövlətin atributlarını daşıyır. Onunla konflikt yaradıb məsələni böyütmək, sonra da bunu ictimailəşdirmək olmaz.
Arzulayıram ki, polis və vətəndaş arasında ziddiyyətli, anlaşılmayan məqamlar olmasın. Vətəndaşlar qanuna və polisə hörmətlə yanaşsınlar, onların göstərişinə tabe olsunlar. Polislər də pozuntular o qədər də ciddi deyilsə vətəndaşa güzəştə getsinlər. Belə olarsa hər şey qaydasına düşəcək.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …