Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Cəbhədə toplar işə düşdü – düşmən ağır itki verdi

Cəbhədə toplar işə düşdü – düşmən ağır itki verdi

Təcavüzkar üçün “qara şənbə”; Ermənistanın təxribat hərəkətlərinin qarşısı qətiyyətlə alındı; 5 işğalçı əsgər məhv edildi; Vaqif Dərgahlı: “Onlar öz itkilərini gizlədirlər…”

Ötən həftənin son günləri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən pik həddə çatıb. İşğalçı ordunun Azərbaycan ərazisində yerləşdirilən bölmələrinin təxribatçı-diversiya hərəkətlərinin qarşısı qətiyyətlə alınıb. Bu zaman düşmənin 5 hərbi qulluqçusu məhv edilib və 8 nəfər isə yaralanıb.

 
Müdafiə Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar.
 Cəbhənin bu istiqamətində yaranmış əməliyyat şəraiti qiymətləndirilərək komandanlıq tərəfindən düşmənin müdafiəsinin ön xəttində və dərinliyində əvvəlcədən müəyyən edilmiş kvadratlara, o cümlədən mövqelərə, postlara, səngərlərə, bölük dayaq məntəqələrinə, kommunikasiya xətlərinə minaatanlar və toplardan yaylım atəşi ilə cavab zərbələri endirmək barədə qərar qəbul edilib. Erməni tərəfi növbəti dəfə itkilərini xalqından gizlətməyə cəhd etməsinə baxmayaraq, əldə olunan məlumata əsasən, düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. 
Müdafiə Nazirliyi bildirir ki, qısamüddətli şiddətli atəşdən sonra düşmən tərəfinə meyitlərini çıxarması və ağır yaralılarına yardım göstərməsi məqsədilə komandanlıq atəşin müvəqqəti dayandırılması barədə qərar qəbul edib. Məlumata görə, düşmənin atəşi nəticəsində Azərbaycan ordusunun 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb. Təxirəsalınmaz ilkin tibbi yardımdan sonra hərbi qulluqçulara daha yüksək ixtisaslı yardım göstərilməsi məqsədilə onlar hərbi tibb müəssisəsinə çatdırılıb. Həkimlərin sözlərinə görə, yüngül qəlpə yarası almış hərbi qulluqçuların vəziyyəti qənaətbəxşdir, onların həyatı üçün heç bir təhlükə yoxdur. Göstərilən tibbi yardımdan sonra hərbi qulluqçular hərbi hissəyə qaytarılıblar.
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edir ki, şəxsi heyətin mənəvi-psixoloji reabilitasiyası üzrə təşkil olunan və həyata keçirilən iş nəticəsində hərbi qulluqçuların döyüş əzmi və qələbə ruhu yüksək səviyyədədir. Nazirlikdən bildirilib ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinə və işğalçıların sıralarında baş verəcək insan itkilərinə görə məsuliyyət bütövlükdə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.  Müdafiə Nazirliyi əvvəlcədən xəbərdar edir ki, Ermənistanın hərbi rəhbərliyindəki əliqanlı yaramazları cilovlamaq məqsədilə düşmənin mövqelərinə endiriləcək zərbələr daha sarsıdıcı, təsirli və amansız olacaq. 
 
*****
Politoloq Elxan Şahinoğlu növbəti gərginliyin yaranması, düşmənin aqressiyasının artmasının səbəbləri barədə danışarkən bildirdi ki, işğaçıların adətən Ağdam istiqamətində itki verməsinin simvolik əhəmiyyəti var: “Bununla Azərbaycan ordusu göstərir ki, Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmaq əzmindədir və düşmən həmin yerlərdə özünü əsla təhlükəsiz hiss etməyəcək. Necə ki, keçən il Ağdam səmasında işğalçıların helikopteri vurulmuşdu və düşmən ciddi itkiyə məruz qalmışdı. Eləcə də işğalçıların bu günlərdə üzləşdikləri itkilər həmin strategiyanın davamıdır.
Fikrimcə, Azərbaycan ordusunun işğalçıları daima itkiyə məruz qoymasının başqa mühüm səbəbləri də var. Birincisi, Ermənistanda daxili vəziyyət gərgindir, insanlar iqtisadi və sosial tələblərlə küçələrə axışırlar. Digər tərəfdən əhalisi azalan Ermənistanın Qarabağda itirdiyi bir əsgər belə İrəvanda etiraza səbəb olur. Çünki Ermənistan vətəndaşları övladlarının işğal altındakı torpaqlarda xidmət etməsinə qarşıdırlar. Ona görə də artan itkilər Ermənistanda əsgər anaların hərəkətə keçirir”.
Ekspert deyir ki, Ermənistan hakimiyyəti bu itkiləri onların valideynlərinə izah edə bilmir: “Necə desinlər ki, sizin övladlarınızı Ermənistandan kənara göndəririk və onlar orada həlak olurlar? Bunu desələr İrəvanın beynəlxalq aləmin gözündə işğalçı olduğu bir daha sübut olunar. İndi Azərbaycan ordusu işğalçıların itkilərini artırmaqla bir növ Ermənistan ictimaiyyətinə də mesaj göndərir ki, hakimiyyətinizin işğalçılıq siyasəti davam etdikcə övladlarınızın Qarabağdakı qanunsuz varlıqları təhlükəsiz olmayacaq”. E.Şahinoğğlu baş verənlərin Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ görüşü ərəfəsinə təsadüf etməsinə də toxundu: “Sentyabr ayında BMT-nin sessiyası işə başlayacaq. Adəti üzrə həmin sessiyaya dövlət başçıları qatılacaqlar. Bu çərçivədə həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərini də görüşdürmək istəyirlər. Doğrusu, danışıqlarda irəliləyiş olmadığına görə prezidentlərin görüşündən real nəticə gözləmirəm. Belə vəziyyətdə görüşün baş tutub-tutmayacağı da sual altındadır. Azərbaycanın Ermənistandan və həmsədrlərdən əsas tələbi bəllidir: Dağlıq Qarabağ ətrafındakı torpaqlar qeyd-şərtsiz boşaldılmalıdır, bu məsələ həll planının digər müddəaları ilə əlaqələndirilməməlidir. Çünki bu torpaqların ermənilərə heç bir aidiyyəti yoxdur, bunu özləri də anlayırlar və bu məsələ danışıqlarda şantaj predmeti olmaqdan çıxmalıdır. Bunun üçün isə Azərbaycan ordusu daima Dağlıq Qarabağın ətrafını gərginlik içində saxlamlıdır ki, düşmən niyyətimizin ciddi olduğunu anlasın. Sentyabrda prezidentlərin Nyu-Yorkda görüşü baş tutacaqsa, İlham Əliyev yenidən bu mesajı erməni həmkarının diqqətinə çatdıracaq. Ona görə də BMT-nin sentyabrdakı sammitinə qədər cəbhə bölgəsində hələ çox toqquşmaların şahidi olacağıq”.
Bəzi müşahidəçilər hesab edir ki, düşmənin aqressivliyinin artmasını şərtləndirən bir neçə amil var. Onlardan biri Ermənistan daxilindəki gərgin sosial-iqtisadi və siyasi durumla bağlıdır. Erməni müxalifəti sentyabrdan davamlı etirazların bütün ölkəni əhatə edəcəyini bəyan edib. Eyni zamanda erməni dramı da devalvasiyaya uğramaqdadır, üstəlik, müflisləşmiş erməni əhalini növbəti ağır günlər gözləyir. Erməni hakimiyyəti gərginliyi artırmaqla ölkədaxili vəziyyətdən diqqəti yayındırmaq istəyir.
 
Eyni zamanda Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyətinin bu arada hərbi təlimlərə başlaması də İrəvanın cəsarətlənməsini şərtləndirir. Bu arada belə bir məlumat yayılıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yeni ortaq aviasiya qüvvələri təşkilatı yaradacaq. BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu KTMT-nin baş katibinin müavini Valeri Semerikov deyib. “Biz təşkilatın kollektiv aviasiya qüvvələrinin yaradılması barədə təklif hazırlamışıq”. Baş katibin müavini həmçinin deyib ki, kollektiv aviasiya qüvvələrinin yaradılması bu qüvvələrin təşkilata üzv olan ölkələrdən hər birinə kömək üçün göndərməyə imkan verəcək”, – deyə Semerikov bildirib. 
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan üzvdür. Lakin bu da faktdır ki, erməni hakimiyyəti Azərbaycanla savaşda xilas yolu kimi Rusiyanın himayəsinə sığınmağı özü üçün əsas nicat yolu kimi seçib, KTMT sadəcə, bəhanə rolunu oynayır. E.Şahinoğlu da şübhə etmir ki, adı çəkilən ölkələri Bunları Rusiya arxasınca sürüyür: “Ermənistandan başqa kimsə bu kimi hərbi ittifaqlarda maraqlı deyil”. 
*****
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, cəbhədə davamlı olaraq gərginlik müşahidə olunur: “Sadəcə, düşmən bu dəfə daha çox sayda minaatanlardan istifadə edib. Əvvəlki dövrlərlə müqayisədə artıq mərmilərin sayı çoxalıb. Üstəlik, atəşkəs rejiminin pozulması halları da artıb. Hər gün 100-dən artıq atəşkəsin pozulması halı qeydə alınır. Düşmən qorxur və ona görə daim gərginliyin olmasına çalışır. Heç şübhəsiz ki, bizimkilər cavab zərbəsi vururlar. Azərbaycan tərəf düşmənə zərbələr endirərkən minaatanlardan və toplardan istifadə edib. Lakin düşmən itkilərini gizlədir. Son hadisə zamanı Azərbaycan tərəfi hətta qısa müddətdə atəşi dayandırıb ki, düşmən meyitlərini götürsün. Həmçinin komandanlıq tərəfindən humanist addım atılıb ki, heç olmasa yaralılar döyüş zonasından çıxarılsın”.
MN rəsmisi Azərbaycan ordusunun Ağcabədinin Qiyaməddinli kəndi yaxınlığında itki verməsi barədə yayılan xəbərləri təkzib etdi. V.Dərgahlı təkrarən həmin bölgədəki komandanlıqla əlaqə saxladıqdan sonra bu barədə xəbəri qəti təkzib etdi: “Azərbaycan ordusunun 3 əsgəri yüngül yaralanıb, bu barədə rəsmi məlumatımızda da xəbər verilib”. 
****
Ermənistanın azğınlaşdığı bir ərəfədə Türkiyə və Azərbaycanın növbəti birgə hərbi təlimlərə başlaması ordumuzun döyüş qüdrətinin artırılması üçün önəmli faktorlardan sayılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a dedi ki, “TurAz Qartalı – 2015″ təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır. Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə ”TurAz Qartalı – 2015″ taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.
Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.
18 sentyabradək davam edəcək birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.
V.Dərgahlı onu da qeyd etdi ki, artıq uçuş heyəti bir-biri ilə tanış olur, qalxma-enmə zolaqları ilə tanışlıq prosesi gedir. Maraqlıdır, təlimlər cəbhə bölgəsini də əhatə edəcəkmi? Nazirlik rəsmisi dedi ki, döyüş təyyarələrinin və döyüş helikopterlərinin uçuşları təlimin planına və proqramına uyğun olaraq həyata keçiriləcək. 

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın