Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən, 60 və 82 millimetrlik minaatanlardan (cəmi 18 mərmi), həmçinin D-44 toplarından da (cəmi 2 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 126 dəfə pozub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Çıraqlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.