Ana səhifə / Müsahibə / “Bu qanunda kütləvi narazılıq üçün heç bir əsas yoxdur”- DEPUTAT

“Bu qanunda kütləvi narazılıq üçün heç bir əsas yoxdur”- DEPUTAT

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili geniş müsahibə verib. Gündəmin aktual məsələləri, Zəngəzur dəhlizi, azad Qarabağın yeraltı və yerüstü sərvətləri, gözlənilən büdcə müzakirələri, həmçinin parlamentdə ciddi müqavimətlə üzləşmiş qanun layihəsi ətrafında gedən söhbətimizi diqqətinizə çatdırırıq:

– Tahir bəy, Azərbaycan hökumətinin iqtisadi siyasətilə məşğul olan, iqtidar komandasında təmsil olunan şəxs kimi təbii ki, sizdən iqtisadi məsələlərlə bağlı soruşacaqlarımız var. Amma əvvəlcə əlamətdar tarixlə – 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü ilə əlaqədarqalib ölkənin zəfər qazanan ordusu barədə düşüncələrinizi bilmək istəyirik. Sizcə, qələbəmizi şərtləndirən əsas amillər hansılar idi?

– Bu gün Azərbaycan xalqı tarixinin ən şanlı, şərəfli dövrlərindən birini yaşayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və onların havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Prezident İlham Əliyev tərəfindən son 18 il ərzində həyata keçirilən “Güclü ordu – güclü dövlət” strategiyası nəticəsində ərazi bütövlüyümüz təmin edildi. Prezident İlham Əliyevin ötən 18 illik fəaliyyəti ərzində qarşıya qoyduğu əsas hədəflərdən biri məhz ölkənin hərbi baxımdan güclənməsi və bölgədə ən güclü silahlı qüvvələrə malik olması idi. Dövlət başçısı çıxışlarında vurğulayırdı ki, Azərbaycanın qarşısında hərbi büdcəni artırmaq və Ermənistanın ümumi dövlət büdcəsini keçmək vəzifəsi durur. 2004-cü ildən bəri Azərbaycan hərbi xərclərini bu hədəfə uyğun olaraq hər il artıraraq ölkə başçısının qarşıya qoyduğu hədəfə çatdı və onu ötdü. Beləliklə, son 18 ildə Azərbaycanın hərbi xərcləri dəfələrlə artmış oldu. Azərbaycan hərbi xərclərinin artım tempinə görə dünya ölkələri arasında ilk yerlərdə qərarlaşdı. Bu hədəf Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində reallaşdı. Bunu da xüsusilə qeyd etmək istəyirəm ki, güclü ordu iqtisadi inkişafın təminatçısıdır.

– Heç şübhəsiz. Qarabağın 30 ilə yaxın müddətdə düşmən tapdağı altında olması Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər vurur və zərərin hesablanmasından sonra beynəlxalq məhkəməyə müraciət edəcək. Yəqin ki, bu məsələlərlə bağlı fikirləriniz var. Eyni zamanda bilmək istərdik, torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə nə kimi imkanlar yaradacaq? Heç şübhəsiz ki, burada qeyri-neft sektorunda ciddi dönüşdən söhbət gedə bilər. Bir iqtisadçı olaraq gözləntiləriniz necədir?

– Bir zamanlar Azərbaycan iqtisadiyyatı ordumuzun inkişafına, ordumuzun güclənməsinə xidmət edirdisə, bu gün ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar, şanlı qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması iqtisadiyyatımızın güclənməsinə təkan verəcək. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, ölkəmizin iqtisadi inkişafı üçün də yeni imkanlar yaradıb. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan iqtisadiyyatının genişlənməsinə və şaxələndirilməsinə kömək edəcək. Uzun müddət işğal altında olan bu ərazilər tarixi-mədəni dəyəri, gözəl təbiəti ilə yanaşı, böyük iqtisadi potensiala, zəngin yeraltı və yerüstü təbii sərvətlərə, turizm üçün geniş imkanlara malikdir. Həmçinin kənd təsərrüfatının inkişafı üçün də böyük potensial mövcuddur. İşğaldan əvvəl Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının təqribən 35-40 faizi bu ərazilərdə istehsal olunurdu. Həmin dövrdə ümumi daxili məhsulun 24 faizi, kartof istehsalının 46 faizi, üzüm istehsalının 41 faizi, süd istehsalının 34 faizi və ət istehsalının 18 faizi məhz bu rayonların payına düşürdü. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması iqtisadiyyatın inkişafı ilə yanaşı, həm də ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına ciddi töhfə verəcək.

– İşğaldan azad olunmuş ərazilər eyni zamanda yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Artıq xarici şirkətlərlə birgə istismar istiqamətində çalışmalar başlayıb. Bu sahədəki perspektivlər nə vəd edir?

– Həqiqətən də işğaldan azad olunmuş ərazilərdə zəngin yeraltı və yerüstü təbii ehtiyatlar mövcuddur. Bölgədə qızıl, mis, dəmir, civə, mərmər, əhəng, mərmər, inşaat materialları üçün geniş xammal bazası var. Əlvan metallar və tikinti materialları ənənəvi iqtisadiyyata xas olan sahələrdir. Mövcud mənbələr bu sahələrdə yeni istiqamətlərin inkişafına imkan verəcək. Artıq Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb. Bundan sonra işğaldan azad olunan ərazilərin yeraltı sərvətləri yenidən qiymətləndirilərək Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Azərbaycan qeyd etdiyimiz mövcud təbii sərvətlər vasitəsilə bölgədə mədən və metallurgiya sənayesini inkişaf etdirə bilər.

Artıq işğaldan azad olunmuş ərazilərdə sənaye sektorunun inkişafı ilə bağlı işlərə başlanılıb. Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdi. Yeni yaradılacaq Sənaye Parkında qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar fəaliyyət göstərəcək. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulur. Ağdamda sənaye mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Kəlbəcərdə isə hasilat və turizm mərkəzi yaradılacaq. Ağdamda təməli qoyulan sənaye mərkəzində ilkin olaraq 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları və digər potensialı rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

– Azərbaycan və Türkiyə liderləri bir müddət əvvəl növbəti dəfə Zəngəzur fəhlizi ilə bağlı önəmli mesajlar verdilər. Belə görünür ki, Ermənistanın dəhlizlə bağlı anlaşmanı pozması mümkün deyil, əks halda bunun zərbəsi özünə dəyəcək. Zəngəzur səhlizinin bərpası Azərbaycan üçün hansı imkanları açacaq? Xüsusilə yükdaşımalarda tranzit ölkə olaraq Azərbaycan hansı üstünlüklər əldə edə bilər?

– Zəngəzur dəhlizi böyük iqtisadi imkanlar açacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması bölgənin nəqliyyat sektorunda yeni imkanlar yaradacaq, ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artıracaq, Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək, iqtisadi əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Zəngəzur dəhlizinin açılması eyni zamanda işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli dərəcədə təkan verəcək. Bu dəhliz Qərb və Şərq, Şimal, Cənub arasında iqtiadi əlaqələrin sürətlənməsində əhəmiyyətli rol oynayacaq. Nəzərə alsaq ki, bu dəhliz tarixən mövcud olub və təbii bir yoldur, Ermənistanın bu yolu süni şəkildə indidən sonra da bloklamağa nə gücü, nə də imkanı çatmaz. Həm də Ermənistanın özünün də iqtisadi inkişafı üçün bu dəhlizin mühüm əhəmiyyəti olacaq. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, işğaldan azad edilmiş ərazilərdə innovativ iqtisadiyyatın inkişaf etdirilməsi, Naxçıvanın blokadadan azad edilməsi, Azərbaycanın bu bölgələrinin daha böyük iqtisadi bazarlara inteqrasiyası regionun nüfuzunu daha da artıracaq, dayanıqlı sülhün təmin olunmasında, regionda inteqrasiya proseslərinin güclənməsində mühüm rol oynacaq.

– Tahir bəy, Qarabağ zəfərindən sonra Azərbaycana investisiya axınının olacağı barədə gözləntilər kifayət qədərdir. Təbii ki, indiki halda pandemiyanın mənfi təsirlərinin öz sözünü deyməsini də nəzərə almaq lazımdır. Siz qarşıdakı dönəmdə hansı sahələrə xarici investisiyaların yatırılacağını və burada hansı ölkələrin daha çox maraqlı olduğunu düşünürsünüz?

– Həqiqətən də Ordumuzun əldə etdiyi möhtəşəm qələbə sayəsində Azərbaycan investisiya üçün daha cəlbedici bir ölkəyə çevrilib. Bu gün Azərbaycan böyük investorlar üçün kifayət qədər maraqlı bir ölkədir.Regionda ədalətin bərpa edilməsi, dayanıqlı sülh üçün Prezident İlham Əliyev və Prezident Rəcəp Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi bütövlükdə regionu investisiyalar üçün daha cəlbedici etməkdədir. Ərazilərin qısa müddət ərzində bərpa olunması bütövlükdə bölgə üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu ərazilərin təbii resurslarla zəngin olması və qələbə nəticəsində əldə etdiyimiz tarixi imic sərmayə cəlbini daha da sürətləndirəcək. Ordumuzun bu qələbəsi ölkəmizdə qeyri-neft sektorunun daha sürətlə böyüməsinə təkan verəcək. Göründüyü kimi, işğaldan azad edilən ərazilərimizdəki mövcud potensial, kənd təsərrüfatı sahəsindəki imkanlar iqtisadiyyatın bərpasını daha da sürətləndirəcək. Həyata keçiriləcək kompleks tədbirlərlə azad olunmuş bölgənin ölkə iqtisadiyyatındakı payını işğaldan əvvəlki səviyyəyə gətirə və davamlı olaraq artıra bilərik. Burada dövlət təşəbbüskarlığı ilə yanaşı, dövlət-özəl sektor tərəfdaşlığı da vacibdir. Bütövlükdə bölgədə həyata keçiriləcək tikinti və bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da gücləndirəcək. Beləliklə, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək.

– Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edən xam neftin qiymətinin cari ildə təqribən 65 faiz artması və artıq 77 dollara çatması Azərbaycan dövləti və vətəndaşları üçün hansı üstünlüklər vəd edir? Qarabağdakı bərpa prosesləri, həmçinin şəhid və qazi ailələrilə bağlı dövlətin yükünün artdığı məlumdur. Bəs, digər kateqoriyalarla bağlı sosial sahədə hansı addımlar gözlənilir?

– Azərbaycan iqtisadiyyatının əsas ixrac məhsulu olan neftin qiymətinin artması istənilən halda ölkəmizin daha çox gəlir və valyuta əldə etməsi deməkdir. Bu da öz növbəsində iqtisadi sabitliyin güclənməsinə, qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların maliyyələşməsinə, daha geniş sosial proqramların maliyyələşməsinə gətirib çıxarır. Azərbaycan indiyə qədər əldə etdiyi neft gəlirlərindən ölkəmizdə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin sosial vəziyyətinin daha da gücləndirilməsi, ordumuzun gücləndirilməsi, qaçqın və məcburi köçkün ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün istifadə edib. Ölkəmizdə demək olar ki, hər il əmək haqqı və pensiya, təqaüdlərin artmasının şahidi oluruq. Bu istiqamətdə tətbirlərin davam etdirilməsi də planlaşdırılır. Eyni zamanda, işğaldan azad olmuş ərazilərin bərpa olunması, insanların öz yurdlarına qaytarılması, onların lazımi sosial və məşğulluq şəraitləri ilə təmin olunması hazırda əsas prioritetdir. Və bunun üçün əhəmiyyətli həcmdə vəsait və fədakarlıq tələb olunur. Dövlət başçısının göstərişləri ilə bu işlərin sürətlə görülməsi üçün bütün imkanlardan istifadə olunur.

– Qarşıda yeni dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi və qəbulu məsələsi var. Hökumətlə birgə müzakirələrin yekunu olaraq hansı yeniliklər ola bilər, məsələn, uşaq pulunun verilməsi, digər məsələlərlə əlaqədar?

– Növbəti ilin büdcəsinin hazırlanması prosesi yekunlaşmaq üzrədir. Bildiyiniz kimi, büdcə Milli Məclisin payız sessiyasında müzakirə ediləcək. Hələlik pandemiya şəraitində bir sabitləşmə hiss olunsa da, bir çox ölkələrdə pandemiyanın yeni dalğasının yayılması müşahidə edilməkdədir. Odur ki, növbəti ilin büdcəsində də bu risklər nəzərə alınacaq. Eyni zamanda, büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin daha da gücləndirilməsi üçün qanunvericilik aktlarında bir çox dəyişikliklərin edilməsini planlaşdırırıq. Hal-hazırda büdcə gəlirlərinin uğurla icra edilməsinin şahidiyiq. Düşünürəm ki, bu fakt da növbəti ilin büdcəsində nəzərə alınacaq. Əhaliin sosial vəziyyətinin daha da yaxşılaşdırılması və bunun mövcud imkanlar çərçivəsində müvəqqəti deyil, uzunmüddətli həlli hər zaman qarşımızda duran əsas vəzifədir. Əldə etmək istədiyimiz ən mühüm nəticə büdcə dayanıqlılığının qorunub-saxlanması ilə yanaşı, nəticəyönümlü fəalliyyətin hər kəs tərəfindən qəbul olunan bir qaydaya çevrilməsinə nail olmaqdır.

– Tahir bəy, növbədənkənar sessiyanın gündəliyində olan daha bir məsələ parlamentdə fikirayrığına səbəb oldu. Söhbət məhkəmələrlə bağlı rüsumların kəskin şəkildə artırılmasından gedir. Siz qanun layihəsini müdafiə etdiniz. Fikirlərinizi necə əsaslandırardınız? Bəzi həmkarlarınız demişkən, vətəndaşa nə isə əlavə müavinət təklif olunmadığı halda, rüsumların kəskin artımı təəccüb doğurub. Sadə vətəndaşı maraqlandıran bəsit sualı səsləndiririk: kütləvi narazılıq yarada biləcək bu dəyişikliyə niyə gedilir?

– Bu qanunda kütləvi narazılıq üçün heç bir əsas yoxdur. Tam əksinə, qanunvericiliyə edilən dəyişikliklər narazılıq yarada bilən məqamların aradan qaldırılması və maliyyələşmə mexanizmlərinin təkmilləşməsidir. Əslində məhkəmə-hüquq sistemində islahatların daha sürətlə aparılması düşünürəm ki, hər birimizin gözləntisidir. Cənab Prezidentin 2019-cu ildə imzaladığı fərman bu prossesə start verdi. Və məhkəmə iddialarının verilməsi zamanı tətbiq olunan rüsumların hesablanmasında yeni qaydaların tətbiq olunması da bu prosesin tərkib hissəsidir. Hazırki rüsumlar 2002-ci ildən qüvvədədir və keçən 19 ildə heç vaxt dəyişdirilməyib. Sosial məntiqdən çıxış etsək, keçən 19 ildə əhalinin gəlirləri 11 dəfə, minimum əmək haqqı isə 17 dəfə artıb. Yəni, düşünürəm ki, bu məsələdə sosial amili qabartmaq o qədər də düzgün deyil. Digər tərəfdən, 1000 manata qədər iddialara tətbiq olunan dövlət rüsumları da əvvəlki kimi 30 manat həddində saxlanılıb. Amma bu, bir faktdır ki, dövlət büdcəsinin gəlirlərinin bir hissəsi də dövlət rüsumlarıdır. Azərbaycan regionda büdcə gəlirlərində dövlət rüsumlarının payının ən az olduğu ölkədir – 0.6%. Məhkəmə aparatının maliyyələşməsində yığılan rüsumların payı cəmi 2%-dir. Müqayisə üçün deyim ki, bu rəqəm Türkiyədə 53%, Qazaxıstanda 45%, Ermənistanda isə 11% dir. Yəni disbalansın olması göz önündədir. Digər tərəfdən, qanun böyük çeşiddə sosial ehtiyacı olan insanları bu rüsumları ödəməkdən tam azad edir. Yəni, dövlətin sosial siyasəti bu halda da qorunur. Əlavə olaraq qeyd edim ki, məhkəmə prossesi son mərhələdir. Bu adi bir xidmət deyil. Buna qədər məsələlərin həlli üçün müxtəlif imkanlar mövcuddur, məhkəməyə qədər mübahisələrin həlli üçün Mediasiya İnstitutu formalaşdırılır. Dövlətin siyasəti həm də işlərin məhkəmələrə gəlib çıxmamasına çalışmaqdır. Bununla yanaşı, qeyd etməliyəm ki, qanun layihəsi ilə bağlı müxtəlif təkliflər bizim komitəyə daxil olub, onlara da baxılacaq… Musavat.com

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …