Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Bu ölkəni neçə dəfə dağıdıblar, qışqıranlar elə dağıdanlardır” – Fikrət Qoca

“Bu ölkəni neçə dəfə dağıdıblar, qışqıranlar elə dağıdanlardır” – Fikrət Qoca

Tarixən ölkədə gedən proseslərə reaksiya verən kəsim arasında yazıçılar, şairlər böyük rol oynayıb. Lakin hazırda vəziyyət bir qədər fərqlidir. Belə ki, pandemiyanın yayılması yaradıcı insanları da aktiv həyat tərzindən uzaqlaşdırıb. Xüsusilə, kütləvi tədbirlərin ləğv olunması bu kateqoriyadan olan şəxsləri bir növ arxa plana keçirib. 

Budəfəki müsahib Xalq şairi Fikrət Qocadır: 

– Fikrət müəllim, bildiyiniz kimi, artıq karantin qaydaları yumşaldılıb. Bugünədək sizin üçün ilin ən gözəl fəslini dörd divar arasında keçirmək çətin olmadı? 

– Biz bu dünyaya gələndə bilmişik ki, heç nə elə-belə olmayacaq, müəyyən çətinliklərlə qarşılaşacağıq. Biz bu günə bütün çətinlikləri keçə-keçə gəlmişik. Bizdən qabaq yaşayanlar da çətinliklərlə üzləşib. Hazırda müvəqqəti problem var, bir gün kronavirus olmayacaq, ona görə də qaydalara əməl etmək lazımdır. Əgər sənə evdə otur deyiblərsə, evdə oturmalısan. Adam çox şeyi özündən öyrənir. Hər kəs özünü sorğulamalı, ələkdən keçirməlidir. Adam özündən bir adam düzəldər, beləliklə də böyük bir iş görmüş olar. Çünki yaxşı adam cəmiyyətə lazımdır. Özünü yaxşı adam edən biri ətrafındakılara da yaxşılıq edər. 

– Koronavirus sizi yaradıcılıqdan geri qoymayıb ki? Yazı-pozu işlərinə əvvəlki həvəslə davam edirsiniz? 

– İşləmədiyim gün mən ölmüşəm deməkdir. Ömrümün o anı olmayıb ki, işləməyim. İnsanlara işləməməkdən heç bir xeyir gəlməyib. Ona görə də həmişə, hər yerdə işləmişəm. Karantin dövründə də şeirlər yazmışam, hətta şeirlərim qəzetlərdə də çıxıb. Bəzən tək-tək, bəzən bir neçə şeirim birgə çıxır. 

– Vaqif Səmədoğluya bir gün sual verirlər ki, darıxırsızmı? O da cavabında “57 ildir ki, darıxıram” deyir, yəni doğulduğu gündən… Bəs Fikrət Qoca nə vaxtdan darıxır, ümumiyyətlə darıxırmı? 

– Qətiyyən, heç vaxt darıxmamışam, çünki vaxt olmayıb. Mən elə qəliz zamandan keçmişəm ki, darıxmaq yadıma düşməyib. 1935-ci ildə doğulmuşam, 1937-ci ildəki represiyalar mən körpə olanda baş verib, daha sonra İkinci Dünya Müharibəsini görmüşəm. Atam müharibədə yaralanıb gəlmişdi. Uşaqlığım belə çətin günlərin şahidi olaraq keçib. Həyatın hər üzünü görmüşəm. Ağrıları yaşamışam. Müharibə dövründəki aclıq illərini görmüşəm. İndi koronavirus da bu çətinliklərdən biridir. Sadəcə iradəli olmaq, mübarizə aparmaq lazımdır. 

– Şeirlərinizin bir neçəsinə müsiqi bəstələnib. Sizin ən çox bəyəndiyiniz hansıdır? 

– Şeirlərimin çoxunu sevirəm, çünki müxtəlif məsələlərə toxunmuşam, kimin nə dərdi varsa, o dərdi şeirə çevirmişəm. “Ayrılıq var, görüş var”. Həmçinin musiqi baxmından da çoxunu bəyənirəm. 

– Yazıçı Anar sizin haqqınızda danışanda deyib ki, Fikrət 20-25 yaşında da gənc şair idi, 80 yaşında da gənc şairdir. Biz də elə düşünürük. Amma sizin bir “Yaş o yaş deyil ki” şeiriniz var. Deyəsən, siz belə düşünmürsüz… Mühit şeirlərinizi qocaldıbmı? Son vaxtlar hansı mövzulara daha çox üstünlük verirsiz? 

– Gözəllik mənim üçün çox önəmlidir. Gözəlliyə həmişə toxunmağa çalışmışam. Bunu pis yerə yozmaq lazım deyil. 80 yaşında kişi də dənizə baxmağı xoşlayır, 25 yaşındakı gənc də… Çünki dəniz də gözəllikdir. Allahın yaratdığı nemətdir. Sevməmək, sevilməmək günahdır. Deməli, sən heç nəyə yaramayan adamsan ki, sevilmirsən. Həmçinin əgər sən sevə bilmirsənsə, deməli, heç nəyə yaramırsan. İnsan məhəbbətdən dünyaya gəlir. Məhəbbət də gözəllikdir. 

– Fikrət müəllim, müsahibələrinizin birində demisiz ki, biraz da yaşasam, ağlayanım olmayacaq, axı siz yaradıcı insansız. Bu pessimistliyin səbəbi nədir? Şeir yazmaq üçün yaşadığınızı demişdiz, artıq şeir yazmaq istəmirsiniz? 

– İnsan dolana bilməyəndə uşaqlarının, ailəsinin dərdini çəkir. Mənim uşaqlarım böyüyüb gedib. Maşallah, nəvələrim də böyüyüb. Öz taleləri özlərindən asılıdır artıq. Ona görə də yaxşısı budur ki, insan yaşı çatanda hörmətlə ölsün, çox yaşayanda hörmət də itər. Mən çox qocalmışam. Şeirlərim qalır da, onları oxuyub məni xatırlayarlar. Şeir elədir ki, ona ehtiyac var. Nizamini, Füzulini, Nəsimini niyə oxuyurlar? Çünki ona ehtiyac var. İnsan özü ölsə belə, arxasında yaxşı nələrsə qoymalıdır. 

– Sizin bir şeiriniz var, babalarımız haqqında…

Biri qaçaq olub, mərd olub

Biri qoçaq olub, mərd olub

Biri kasıb olub, mərd olub

Bəs namərdlər hardandı?

Bax, bu mənə dərd olub. 

Bildiyim qədərilə, şeiri dövrün tələbi ilə yazmısınız. Amma bu şeir bütün zamanlar üçün aktuallığını qoruyur. Bildiyiniz kimi, hazırda ölkədə korrupsioner, rüşvətxor məmurlara qarşı mübarizə aparılır. Necə düşünürsüz bu xalqın malını talayanlar hardan çıxıb, onları biz özümüzmü yetişdirmişik? 

– Mən hələ 1961-ci ildə bizim rüşvətxorlara şeir yazmışdım, yaxşı şeir idi. Hələ o dövrdə rüşvətxorluqla bağlı məqalə çap olunmuşdu və mənim şeirimdən də sitat gətirilmişdi. “Rüşvət xəyanətin ocağı və kürəyimizə sancılan xəncərdir” cümləsi o məqalədə əks olunub. Rüşvət doğrudan da kürəyimizə sancılan xain bıçağıdır. Mən hələ o vaxt fikrimi demişəm. Bu, təzə şey deyil, bizim xalqın yaratdığı şeydir. Rüşvət də koronavirus kimidir, yayıldıqca yayılır. Amma arada bir müddət fasilə yaranmışdı, sonra yenə rüşvətxorlar üzə çıxdı. Biz müstəqillik qazandıq. Heydər Əliyevin bacarığının nəticəsi idi, Allah bəlkə də onu bu vəzifə üçün yaratmışdı. Həmin dövrlər yaxşı idi. Amma sonra vəzifəlilər arasında rüşvət yenə yarandı, büdcə boşaldı, çətinlik oldu, acgözlər artdı. Nəticədə də bu həddə çatdı. Rüşvət artıq kök atıb. Biz də günahkarıq, onların yetişməsində rol oynamışıq. Lakin ən böyük rolu rüşvətxorun özü oynayıb. Rüşvətxor elə rüşvətxor yetişdirib. Mənim Amerikada yaşayan qızım rüşvətxorlara münasibət bildirib. Yəni xaricdə Azərbaycan ruhu ilə yaşayanlar ölkədə baş verən proseslər yaxından maraqlanır. 

– Korrupsioner, rüşvətxor məmurlara qarşı mübarizəni, hüquq mühafizə orqanlarının həyata keçirdiyi silsilə həbsləri necə qiymətləndirirsiniz? 

– Bu bir xəstəlikdir və biz onunla ciddi vuruşmalıyıq. Vəzifədə gərək təmiz adam olsun ki, dövlətə, xalqa fayda dəysin. Həmçinin elə olsa, rüşvət verən rüşvət verməyə cəhd edə bilməz. Susmaq lazım deyil. Bəzən biri digərinin rüşvət aldığını bilir, amma işini itirməmək üçün səsini çıxarmır, qorxur. Hər kəs özünü tərbiyə etməlidir. Azərbaycan dünyanın ən gözəl ölkəsidir. Biz başda özümüzü yetişdirən zaman ilk rüşvətxorun yetişməsinə imkan verməməliydik. Bütün ilahi kitablar rüşvəti haram buyurur. Haram çörək yemək olmaz. Rüşvət yolu ilə status əldə etmək olmaz. Çox vaxt aciz adam rüşvət alır. Aciz olmamaq lazımdır. 

– Bəziləri düşünür ki, yaradıcı insanlar, cəmiyyətdə sözünün çəkisi olan adamlar proseslərdən kənarda qalmağa üstünlük verirlər. Sizcə, ziyalılar Prezidentin “savaş açdığı” korrupsioner məmurlarla mübarizədə niyə fəal deyillər? 

– Bu məsələdə, qışqırıb-bağırmaq, atılıb düşmək lazım deyil, ayıbdır. Ancaq boş adamlar elə işlərlə məşğuldur. İş görmək lazımdır. Çünki sözü əmələ tökmək önəmlidir. Sənin, mənim gördüyüm cuzi iş belə prezidentin işini yüngülləşdirir. Əgər dövlət üçün nəsə eləmək istəyirsənsə, işini görməlisən. Nə vaxtsa rüşvətxorluq görəndə onu ifşa et, artıq onda səni tanıyacaqlar. Yoxsa yalandan qışqırmaqla heç nə olmur. Bu ölkəni neçə dəfə dağıdıblar, qışqıranlar elə dağıdanlardır. 

– Maraqlıdır, gələcək yazılarınızda mövcud vəziyyətlə bağlı məsələlərə toxunulacaqmı? 

– Mənim yazdıqlarım baxdığım, gördüyüm şeylərdir. Bu, bizim həyatımızdır. Ona görə də təbii ki, şeirlərimdə bu məsələlərə toxunuram.  Yenisabah.az

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …