Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır…”

“Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır…”

YAP-ın qurucularından – məşhur “91”lərdən biri, professor Əli Əlirzayev pandemiyanın yaratdığı yeni şərait və ölkədə gedən kadr islahatları ilə bağlı Moderator.az-ın suallarını cavablandırıb.

– Əli müəllim, pandemiyanın dünya iqtisadiyyatına təsiri artıq göz önündədir. Bir iqtisadçı alim kimi, dünyanın iqtisadi mənəzərəsi və bunun Azərbaycana təsirləri barədə siz nə düşünürsünüz?

– Pandemiya dünyanın qarşısında artıq bir fakta çevrilib. Onun hansı ölkədə az, hansında çox olmasından asılı olamyaraq bu bir bəlaya çevrilib. Biz hər zaman qloballaşma şəraitində yaşamağımızla fəxr etsək də, onun da iki tərəfi var. İlk növbədə, qloballaşma elə bir prosesdir ki, ondan kənarda qala bilmərsən, iqitsadi əlaqələr və inteqrasiya olmalıdır. Digər tərəfdən, onun mənfi tərəfi də var ki, bax, bu, özünü bu pandemiyanın təzahüründə göstərir. İstər-istəməz nəqliyyat əlaqələri kəsildi, turizm sektoru dayandı, bütün bunlar hamısı onun nəticələridi. Bəzən pandemiyanı müharibə ilə müqayisə edirlər, o, müharibədən də dəhşətli bir hadisədir, ona görə ki, görünməyən bir bəladır və necə olacağını da proqnozlaşdırmaq çətindir. Pandemiyanın nəticələrini həm siyasi, həm də sosial-iqtisadi baxımdan izah edirlər və biz gündəlik bunları izləyirik. Bəzi ölkələr bundan sui istifadə edərək əlavə dividentlər qazanmağa çalışır və sair. Ona görə də pandemiyanın müxrəlif ölkələrdə müxtəlif təsirləri üzə çıxır.

Azərbaycan da elə bir məkanda yerləşir ki, tranzit ölkədir. Azərbaycanın iqtisadiyyatında da kənd təsərrüfatının müxtəlif sahələri, turizm və s. istiqamətlər idxalla bağlıdır. Buna göər də onun bizim iqtisadiyyatımıza da təsiri qaçılmazdır. Bu nə qədər olacaq, onu zaman göstərər. Pandemiyanın insan itkisi olmaqla yanaşı, iqtisadi itkiləri daha çox olur. Azərbaycan iqtisadiyyatına da vu zərbələr dəyir. Təkcə dövlət hesabına hələ ki, 3,5 milyard manat yardım paketi ayrılıb. Bu, özü itkidir. Əhalinin sosial vəziyyətinə də pis təsir göstərdi. İnsanları da qınamaq olmur, çünki işləməyəndə vəziyyətləri daha da ağırlaşa bilər.

Ümumi dinamikanı qiymtələndirərək demək olar ki, bu 3 ay ərzində insanlar çox əziyyət çəkdilər.190 manata ehtiyacı olanların nə qədər olduğu üzə çıxdı.

– Daha az zərərə düşmək üçün nə etmək lazımdır?

– Bundan sonra gələcəyi düşünmək lazımdır. Hələ heç kim də dəqiq deyə bilmir ki, pandemiya nə qədər çəkəcək, nə vaxt yox olacaq. Ona görə də proqnoz vermək çətindir. Azərbaycan iqtisadiyyatında təbii ki, ümumi daxili məhsul (ÜDM) azalacaqdır. 1-ci rübə görə artıq 1 faiz azalma olub.

Bundan başqa, bizdə turizm sektoru inkişaf edirdi, ona ciddi təsir edəcək. Türizm obyektləri istifadəsiz qalacaq, nə qədər insan işsiz qalacaqdır. Bütün bunların nəticəsində zərərlər çox olacaq.

– Neftin qiyməti də xeyli ucuzlaşıb. Bizim iqtisadiyyatımız neftdən xeyli dərəcədə asılıdr. Bu barədə düşüncəniz nədir?

– Mən əvvəllər də bununla bağlı fikrimi bildirmişəm. Sonralar neftin istehsalı ilə bağlı verilən qərarlar mənim fikirlərimi də təsdiq etdi. Mən hələ bir neçə ay öncədən deyirdim ki, neftin istehsalı azaldılmalıdır. Doğrudur, o da asan proses deyil, bunun da zərərli tərəfləri var. Ancaq başqa yol yoxdur. Ona görə də düşünürəm ki, neftin emal sahəsini də genişləndirmək lazımdır. Bu, iş yerlərini qorumağa da imkan verər. Ancaq bu da investisiya və vaxt tələb edir.

İndi Azərbaycanda ikitərəfli problem yaranıb. Bir tərəfdən pandemiyanın iqtisadiyyatın bütün sahələrində yaratdığı problemlər. Digər tərəfdən də neft ölkəsi kimi neftin qiymətinin düşməsindən yaranan çətinlik. Bizim iqtisadiyyatımızın neftdən asılı olduğunu inkar etmək doğru olmaz. Neftin olması əslində çox yaxşı haldır, amma ondan düzgün istifadə etmək vacibdir.

Belə vəziyyətdə nə etmək lazımdır? Mən düşünürəm ki, biz investisiya qoyanda elə sahələrə qoymalıyıq ki, onlar daha tez gəlir gətirsin, nəinki 5-10 il sonra. Məsələn, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına diqqət edilməlidir. Pambıqdansa, biz taxıl istehsalını artırmalıyıq. Çünki bundan sonra necə olacağını bilmirik, idxal zəifləyə bilər. Elə vəziyyət yaranar ki, biz heç kimdən bu məhsulları ala bilmərik. Ona görə də resurslarımızdan düzgün istifadə etməliyik. Yaranmış iqtisadi böhranın yaxın bir-iki ildə düzələcəyini gözləmək olmaz. Ancaq bizim bir üstünlüyümüz var ki, neftdən yaranmış ehtiyatımız kifayət qədərdir. İnvestisiyalar istehsal sahələrinə qoyulmalıdır. Kreditlər də istahlakdan daha çox özünüməşğulluq sahəsinə verilməlidir.

– Əli müəllim, siz də parlamentdə təmsil olunmusunuz. İndi ölkədə xeyli dəyişikliklər baş verir. Yüksək mövqeli məmurlar rüşvət və korrupsiyaya görə həbs edilirlər. Bu hadisələri necə qiymətləndirirsiniz?

– Mən parlamentdə iki çağırış təmsil olunmuşam. Bir dəfə müstəqil şəkildə, bir dəfə də YAP-ın xətti ilə. Bundan sonra üç dəfə də seçkilərdə iştirak etmişəm, ancaq parlamentə düşə bilməmişəm.

Məsələ ondadır ki, Azərbaycanda korrupsiya və rüşvətə qarşı Heydər Əliyev də mübarizə aparırdı. Hələ Sovet dövründə onun bu siyasəti SSRİ-də böyük reaksiya doğurmuşdu. Sosializm dövründə hesab olunurdu ki, o sistemdə rüşvət və korrupsiya ola bilməz. Amma az da olsa var idi, gizli iqtisadiyatda var idi.

İndi də Azərbaycan Prezidenti bu istiqamətdə mübarizə aparır. Mən hələ Milli Məclisdə olanda təklif edirdim ki, gəlirlərin deklorasiyası qanununu qəbul edib tətbiq etmək lazımdır. Qoy kimin nə qədər gəliri və xərci varsa, onu hamı bilsin, şəffaf olsun. O zaman çoxları bunu başa düşmürdülər və etiraz edirdilər. İndi sual yaranır ki, bu məmurlarda bu qədər pul haradan ola bilər. Sistem elə olmalıdır ki, buna imkan olmasın.

– Görülən tədbirlər, bu həbslər effektli olacaqmı sizcə?

– Düşünürəm ki, mübarizə yalnız bu metodla aparılsa, lazım olan effekti verməyəcəkdir. Bu metodla olsa, onda Azərbaycandakı bütün icra başçılarını həbs etmək lazımdır. Onların hamısı demək olar ki, eyni prinsiplə işləyir. 16 il bir adam icra başçısı olub, onun cinayətləri indi açılır. Bu, olmalı idi o ilk işlədiyi illərdə, heç olmasa bir neçə il bundan əvvəl. Necə olur ki, bütün ictimaiyyət bunu bilir, illərlə danışır, ancaq indi üzə çıxır. İnsanları vəzifəyə qoyarkən onu ciddi və hərtərəfli araşdırmaq lazımdır. Dövlət əmlakını qoruyan adamları vəzifəyə qoymaq lazımdır.

Bu dövlətin apardığı siyasətdir, ancaq bunu daha əvvəl etmək lazım idi. Niyə onlara bu qədər səlahiyyət veirlirdi ki, hətta deputat seçkilərinə də müdaxilə edirdilər. Ona görə də bu mübarizə metodunun özü mübahisəlidir.

Ən pisi də odur ki, bizim məmurların etdiyi rüşvət və korrupsiya əməli çox eybəcər haldadır, ən primitiv formadadır. Sən bir bax gör kimin pulunu yeyirsən? 190 manata ehtiyacı olan bir adamın? Belə insanların puluna göz dikən adamlardan heç vaxt dövlətə, millətə xeyir gəlməz. İndi dövlət başçısı bu məsələdə qətiyyətli mövqe qoyub ortaya. Bunu alqışlamaq lazımdır. Amma adam xaricə gedəndə utanır. Soruşurlar ki, necə oldu sizdə elə bu icra başçıları hamısı belə oldu?

Kadrları yalnız xaricdə təhsil alıb deyə müəyyənləşdirmək düzgün deyil. Kadr siyasəti özü mürəkkəb bir işdir. Kadrları təyin edərkən bu insanları ciddi araşdırmaq və öyrənmək vacibdir. Açıq demək lazımdır ki, indi məmurların böyük əlsəriyyəti belədir. Bir adam ki, rüşvət verib vəzifəyə gəlir, o, rüşvət alacaq. Başqa yolu yoxdur. Ona görə də bunun kökünü kəsmək lazımdır. Mən univeritetdə dərs deyirəm. Mənim rektorum rüşvət alırsa, mən də almalıyam. Nazir alırsa, rektor da almalıdır. Bu belə mərhələli bir prosesdir.

Əsas odur ki, əvvəldən kadrların getdiyi yola diqqət edəsən. Pula nə qədər hərisdir, ya yox. O gün bir yoldaş mənə deyir, dəhşətə gəlirəm. İnsan da 6 min dollarlıq kostyum geyinərmi?! Mən heç ömrü boyu üst-üstə gəlsən bu qiymətə kostyum geyməmişəm.

– Hər halda dəyişikliyin olacağını gözləmək olar…

– Biz xalq kimi bütün bu prosesdə iştriak etməliyik. Milli mənafe öndə olmaldır. Xalqa xeyir vermək üçün gərək özünün təmizliyini qoruyasan. İctimai fikri düzgün qiymətləndirmək lazımdır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …