Ana səhifə / Müsahibə / “Bu gərginlik Azərbaycanın xeyrinə deyil” – Müsahibə

“Bu gərginlik Azərbaycanın xeyrinə deyil” – Müsahibə

Politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik:

– Cümşüd bəy, son 10 gündə İran ətrafında vəziyyət özünün ən pik dövrünü yaşayır. Körfəzə ABŞ gəmiləri toplanır, İranən neft ixracatının sıfır həddə salması üçün işlər aparılır və Tehrana açıq deyilir ki, uranın zənginləşdirilməsi prosesindən imtina et. Gözləntiləriniz nədən ibarətdir?

– Amerikanın qeyri-adi prezidenti var. Onun ətrafında olan yəhudi şəbəkəsi istədiyini həyata keçirir. İsrail İranı özünün bir nömrəli düşməni hesab edir və uzun illərdir ki, İrandan bunun hesabını sormağa çalışır. Yəni açıq desək, İranı ram etmək istəyirlər. Fikirləşirlər ki, İran nəhayət, ram olacaq.

Sizə deyim ki, İran ram olacaq ölkə deyil, amma bunlar da geri çəkilmək istəmir. Mən inanmıram ki, Amerika açıq şəkildə İrana hücum etsin. Amma Tramp “Demokil qılıncı” kini İranın başı üstündə durur. Mayın əvvəlindən İrana qarşı ikinci sanksiyalar başlayıb.Bunun ikinci mərhələsi 30 gündən sonra başlanacaq. Qənaətimcə, yayda ABŞ istədiyinə çatmayacaq. Ümumiyyətlə, tarixi faktlar göstərir ki, Amerikanın Şərqdə apardığı müharibələr onun öz əleyhinə yönəlib. Müharibə ehtimalı olmasa da, ABŞ-ın hərbi həmləsinin olması mümkündür. İran da zəif dövlət deyil, üstəlik Çin və Rusiya imkan verməyəcək ki, İran xərclənsin.

– ABŞ Prezidenti Donald Tramp elan edir ki, İran uranın zənginləşdirilməsindən birmənalı imtina etməli, ümumiyyətlə, danışıqlara gəlməlidir. Sizcə, İran ona qarşı son həmlələrin qarşılığında hansı addımları ata bilər?

– Nəzərə almaq lazımdır ki, İran uzun illərdir ki, sanksiyalar altında yaşayıb və mövcudluğunu qoruyub saxlaya bilib. İkincisi, Donald Trampın dedikləri əslində heç bir məntiqə sığmır. Əgər İranın nüvə silahının olmasını istəmirsənsə, nədən belə silah İsraildə var və ona bir söz demirsən? Əslində sizə deyim ki, Pakistandan sonra istəmirlər ki, hər hansı ikinci bir müsəlman ölkəsində nüvə silahı olsun. Buna görə də onların İrana qarşı atdığı addımların əks nəticəsi olacağını düşünürəm.

– Yəni iddia edirsiniz ki, son nəticədə İran nüvə silahına malik olacaq?

– Hesab edirəm ki, Rusiya və Çin nüvə dövləti kimi maraqlıdır ki, İranın da nüvə silahı olsun. Çünki İranda nüvə silahı olsa, onu Amerikaya qarşı istifadə edə bilər. Məhz Rusiya və Çindən fərqli olaraq Amerika bu səbəbdən istəmir ki, İran nüvə silahı əldə etsin. Ancaq bütün hallarda Avropanın mövqeyi də əhəmiyyətlidir.

– Yeri gəlmişkən, İran məsələsində Avropa konkret olaraq hansı mövqeni bölüşür?

– Hesab edirəm ki, Avropanın mövqeyi olduqca əhəmiyyətlidir. Məlumat üçün bildirim ki, ABŞ dövlət katibi Mayk Pompeonun Avropaya səfəri oldu. ABŞ rəsmisi bir neçə gün ərzində Avropa ölkələrini gəzdi və İran ətrafında müzakirələr apardı. Nəhayət, Pompeo hətta Rusiya səfərini bir günlük təxirə salaraq bu gün Brüsselə səfər etdi, Avropa Birliyinin rəhbərləri ilə müzakirələr apardı. Yeri gəlmişkən, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi xanım Mogerini istəyir ki, İranla danışıqlar davam etdirilsin. Başqa sözlə, Avropa rəsmi şəkildə ABŞ-ın İran siyasətini dəstəkləmir. Hər halda bu qarşıdurma xoş nəticə ilə bitməyəcək. İntəhası, bölgədə belə bir gərginliyin olması və davam etməsi Azərbaycanın xeyrinə deyil. Çünki İran həm bizə qonşu dövlətdir, həm də soydaşlarımızın böyük hissəsi orada yaşayır. Baxmayaraq ki, İran bizi sevmir, amma biz istəməzdik ki, qonşu dövlətdə gərginlik olsun.

– Fars körfəzinə ABŞ-ın silahlar toparlaması nə məqsəd daşıyır?

– Əslində Amerika ilk dəfə deyil ki, belə addım atır. Əksər hallarda qarşıdakını qorxutmaq məqsədilə bu tipli addımlar atırlar. Amma Fars körfəzində Amerika hərbi addım atsa, proses özünə qarşı yönələcək. Bir daha qeyd edirəm ki, İranı zəif dövlət hesab etməyin. Hazırda İranda xüsusi torpeda istehsal edilir. Təsəvvür edin ki, bu torpedalar suyun üzərində 40 santimetr məsafədən uçur və bu silahı heç bir sistem tuta bilmir. Bu mənada Amerika gərginliyi artırsa bir-iki böyük hərbi gəmisini itirə bilər. Bu isə ABŞ üçün ölüm deməkdir, çünki bu ölkə bütün dünyaya məhz elə bu gəmiləri ilə xox gəlir, qorxuzur. Həm də İranın itirəcəyi bir şey yoxdur, itirən Amerika olacaq.

– Mayın 12-də Birləşmiş Ərəb Əmirliyinin 4, Səudiyyə Ərəbistanının isə 2 gəmisi Fars Körfəzinin Ərəb Əmirliyinə yaxın sularında hücuma məruz qalıb. Bu, İranın izidir?

– Siz Füceyra limanı yaxınlığında baş verən insidenti nəzərdə tutursunuz. Bu barədə mənim də qısa informasiyam var. Ancaq söhbət ondan gedir ki, ABŞ İranı gözdən salmaq üçün istənilən addımı atacaq. O cümlədən də körfəzdə bu işləri görəcək. Mən inanmıram ki, indiki şəraitdə İran özünü müharibəyə cəlb etmək üçün başqa ölkələrin gəmisinə hücum etsin. Bu, ağlabatan deyil. Amma iş ondadır ki, körfəzdə hər zaman sahibsiz qüvvələr olub. Əslində bu qüvvələr də ABŞ tərəfindən yönəldilir. Odur ki, bu hadisənin İran tərəfindən edildiyi ehtimalı sıfırdır, amma təxribatın olduğu da ortadadır. Bu prosesin davam edib-etməyəcəyini gözləmək lazımdır. ABŞ İranla qarşıdurmaya getmək üçün hər cür provokasiyadan istifadə edir, ona sərf edən yalanları danışır. İraqa və Əfqanıstana müdaxiləsi zamanı da ABŞ yalan danışıb. Bu ssenari İranla bağlı da gündəmə gətirə bilər. Amma İran Əfqanıstan və ya İraq deyil. (Teleqraf.com)

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …