Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Bu əməliyyatı Avropada ilk biz etmişik…” – Azərbaycanlı cərrah

“Bu əməliyyatı Avropada ilk biz etmişik…” – Azərbaycanlı cərrah

Azərbaycanlı gənc həkim bu yaxınlarda unikal bir əməliyyatın öhdəsindən uğurla gələrək Avropada bir ilkə imza atıb. Söhbət İsveçrənin Cenevrə Universiteti Xəstəxanasında ürək-damar cərrahı ixtisası üzrə rezidentura təhsili alan Kamran Əhmədovdan gedir. 

Gənc həkimlə “Qafqazinfo”ya müsahibə üçün çoxdan sözləşsək də, əməliyyatların sıxlığından vaxt tapıb söhbətləşə bilmirdik. Hətta həftəsonları daxil olmaqla hər gün işdə olan həkim təcili əməliyyatlara girməli olurdu.

İseçrədə peşəkar ürək-damar cərrahı kimi öz adını tanıdan həmyerlimiz 1988-ci il də Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Həkim olmaq uşaqlıq arzusu olan Kamran Əhmədov bu peşəyə yiyələnməyi məktəb vaxtından qarşısına məqsəd qoyub:

“Bu gün dünyada ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların sayı çoxdur. Hər il yüz minlərlə insan bu xəstəlikdən xüsusilə, konjenital (anadangəlmə) ürək xəstəliklərindən çox gənc yaşlarında dünyasını dəyişirlər. Xəstələrə yardım etmək, bu sahənin inkişafına öz töhfəmi vermək həvəsi ilə ürək cərrahiyyəsi ixtisasını seçdim”.

– Cenevrədə təhsilinizin tamamlanmasına 1 ay qalıb. Xaricdə təhsil alan gənc həkimlərin çoxu geri dönmür. Sizin seçiminiz necə olacaq?

– 2012-ci ildən burada təhsil alıram və 6 il uzun bir zamandır. Buraya ilk gəldiyimdə də təhsilimi, işimi bitirib öz ölkəmə qayıtmaq istəyim var idi. Düşünürəm ki, artıq o vaxt gəlib çatıb. Yəni ölkəmə qayıtmaq lazımdır. O ki qaldı, bəzi gənclərin geri qayıtmamasına, hesab edirəm ki, yeni xəstəxanaların açılması ilə ölkədə daha çox mütəxəssisə ehtiyac olacaq, bu da xaricdəki gənclərin gələcəkdə ölkəyə qayıtmasına kömək edəcək.

– Hazırda İsveçrənin ən böyük uşaq cərrahiyyəsi xəstəxanasında fəaliyyət göstərirsiz. Yerinizdə olmaq istəyən çox həkim var. Bütün bunları qoyub geri qayıtmaq sizcə nə dərəcədə uğurlu addımdır?

– Bu gün Türkiyədə, Avropanın nüfuzlu universitetlərində yüzlərlə gənclərimiz təhsil alır. Onların bir çoxu ölkəmizə qayıdır, digərləri xaricdə davam etdirməyi üstünlük verir. Dediyim kimi mən hər zaman qayıtmağa üstünlük vermişəm. Məncə, ölkəmizdə bizə ehtiyac var.

– Mütəmadi olaraq İsveçrədən Bakıya əməliyyat üçün gəlib qayıdırsız. Bu proses necə həyata keçirilir? 

– Artıq bir ilə yaxın müddətdir ki, hər 2-3 aydan bir İsveçrədəki həmkarlarımla birlikdə Azərbaycana gəlib, burada bir çox mürəkkəb əməliyyatlar icra edirik. Əslində, bunu uzun zamandır ki, etmək istəyirdim. Sonunda nail olduq. İndiyədək xeyli sayda uğurlu əməliyyatlar edərək insanlarımıza şəfa vermişik. Bu, bizi sevindirməyə bilməz. Bunun üçün İsveçrədəki həmkarlarıma, eləcə də Azərbaycanda bizə kömək edən, dəstək olan hər kəsə təşəkkür edirəm.

– Elə bu yaxınlarda da ölkəmizdə unikal bir ürək əməliyyatı həyata keçirmisiz. Bu əməliyyatın əsas fərqi nədədir? 

– Bəli, anadangəlmə mürəkkəb ürək qüsuru ilə doğulmuş körpə ürəkdən çıxan damarların  transpozisiyasi diaqnozu var idi. Bundan əlavə isə həmin damarların birinin – pulmonar damarın qapağında güclü daralma müşahidə olunurdu və bununla  yanaşı ürəyin koronar damarlarının da anomaliyası var idi. Bütün bunlar cərrahi müdaxiləni mürəkkəbləşdirirdi. Belə olduğu zaman, bu tip patologiyalarda adətən icra olunan “Arterial Switch”və “Rastelli” əməliyyatını icra etmək mümkün olmur. Bunları nəzərə alaraq daha fərqli və unikal bir əməliyyatı, pulmonar qapaq və arteriyanı translokasiyasi əməliyyatını icra etdik. Bu əməliyyat Avropada ilk dəfədir ki, icra olunur. Əməliyyat çox uğurlu alındı, 1 həftə sonra balaca balamız xəstəxanadan evə buraxıldı.

– Təhsilinizi xaricdə davam etdirmisiniz. Hər tələbənin bu imkanı olmur. Sizcə, ölkəmizdəki tibb təhsili nə dərəcədə təcrübəli həkim yetişdirir? Xarici təhsil vacibdirmi?

– Xaricdə təhsil almaq hər zaman və bütün peşələr üzrə vacibdir. Xarici ölkələrdə təhsil alan həkimlərin, eləcə də digər peşə sahələri üzrə gənclərin sayı nə qədər çox olsa, ölkəmizdə təhsilin, səhiyyənin, digər aidiyyəti sahələrin inkişafı da o qədər yüksək olar. Müqayisəyə gəldikdə isə Avropada tibb təhsili alan tələbələr xəstələrlə daha yaxından təmasda olur. Bunun da onların gələcəkdə öz işlərində daha da sərbəst və məsuliyyətli olmalarına kömək etdiyini düşünürəm. Bizim peşəmizdə təkcə biliklər kifayət etmir. Bu baxımdan hesab edirəm ki, təcrübi dərslərin tələbənin mütəxəssis kimi yetişməsində mühüm rolu danılmazdır.

– Ölkəmizdə həkim çatışmazlığı olmadığı deyilsə də, hər il yüzlərlə xəstə müalicə üçün xarici ölkələrə müraciət etməli olur. Bunu nə ilə əlaqələndirmək olar?

– Bunun bir çox səbəbləri var. İlk olaraq iqtisadi faktorları deyərdim. Eyni zamanda bəzi vətəndaşlarımızın həkimlərimizə qarşı inamsızlığı var. İnkişaf etmiş cəmiyyətlərdə həkimlər ən yüksək hörmətə layiq olan şəxslərdir. Bu, bir cəmiyyətin inkişafı üçün çox önəmlidir. Azərbaycanda istənilən sahədə kifayət qədər peşəkar həkimlər çalışır. Sadəcə onların gördüyü işləri düzgün təbliğ etməyə ehtiyac var. Hesab edirəm ki, ölkədə tibbi sığorta sisteminin tətbiqi həkimə olan inamı artıracaq. Xaricə müalicə üçün gedən xəstələrin sayı artıq azalıb, yəni insanlarımız öz ölkəmizdə müalicəni üstün tutmağa başlayıblar.

– Azərbaycanda səhiyyəni ümumi olaraq necə qiymətləndirirsiz?

– Son illərdə ölkəmizdə səhiyyə inkişaf edir və bu proses davam edir. Ola bilsin, müasir xəstəxanalarla potensiallı həkim çatışmazlığı arasında boşluq olsun. Hesab edirəm ki, bu boşluq da xaricdə təhsil alıb ölkəmizə qayıdan, eləcə də peşəkar gənc həmkarlarımızla qısa zamanda öz həllini tapacaq. Əlbəttə, bu, hələ işin sonu deyil. Daha keçilməli uzun yol var. Bu yolda da əsas yük həkimlərimizin üzərinə düşür.

– Avropanın yaşam keyfiyyətləri yüksək olan şəhərlərindən birindəsiz. Qayıtdıqdan sonra sizə çətin olmayacaq ki?

– Zənnimcə, bunu zaman göstərəcək. Amma elə bir çətinliklə üzləşəcəyimi düşünmürəm. Çünki mən öz peşəmi dərindən sevərək seçmişəm və öz ölkəmdə xidmət etməyi qarşıma məqsəd qoymuşam.

– İsveçrəlilərin səhhətinə qarşı münasibəti necədir? Bizim vətəndaşlarımız, adətən, vəziyyət ağırlaşmamış həkimə müraciət etmək istəmirlər.

– Bəli. Bu mövzuda İsveçrə ilə Azərbaycan arasında çox böyük fərqlər var. İsveçrədəki insanlar öz sağlamlığının qayğısına qalır, mütəmadi olaraq müayinələrdən keçirlər. İsveçrədə bütün vətəndaşlar üçün məcburi sığorta var. Bu baxımdan onlar üçün daha əlverişlidir. Azərbaycanda da yaxın zamanlarda bu sistemin tətbiq olunacağı deyilir. Düşünürəm ki, həm vətəndaşlarımız, həm də ümumilikdə səhiyyə sistemimizin inkişafı üçün bu mühüm bir addım olacaq. İkinci məsələ, isveçrəlilər öz həyat tərzlərinə həssas yanaşır, mütəmadi olaraq idmanla məşğul olur, yeyib-içdiklərinə diqqət edirlər.

– Xaricdə yaşayan bir azərbaycanlı kimi “Qarabağ”ın səfər oyunlarında öz dəstəyinizi tribunada göstərmisiz. Klubumuzun uğurları sizi necə sevindirdi?

– Elədir, yəqin bunları sosial şəbəkədə paylaşdığım şəkillərdən görmüsüz. Uşaqlıqdan həm futbola baxmağı, həm də oynamağı çox sevirəm. Xaricdə olarkən də burada yaşayan digər həmyerlilərimizlə birlikdə Qarabağın, eləcə də Milli komandamızın oyunlarına getməyə çalışırıq. Çox maraqlıdır ki, mənim Avropada canlı izlədiyim oyunların heç birində komandalarımız məğlubiyyətlə qarşılaşmayıb. Ümid edirəm ki, onların uğurları davamlı olacaq.

 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …