Ana səhifə / Müsahibə / “Biz ermənilərin dərsini verdik, Kreml də göz yumdu” – Zərdüşt Əlizadə

“Biz ermənilərin dərsini verdik, Kreml də göz yumdu” – Zərdüşt Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, siyasətçi Zərdüşt Əlizadənin müsahibəsini təqdim edirik:

– Sərhəddəki son təxribat Ermənistanın nəyinə lazım idi? Ermənistan bununla nəyə nail olmaq istəyirdi?

– Əvvəlcə Ermənistanın strateji məqsədi tənzimləmə prosesinə ATƏT-in Minsk qrupunun digər iki həmsədrini (ABŞ və Fransa) cəlb etməkdir. Dünənə qədər Rusiya ona himayədarlıq edirdi. 44 günlük müharibə ərazində Ermənistan gördü ki, artıq Rusiya ona hamilik etmir. O isə hamisiz yaşaya bilməz, çünki öz imkanları çox məhduddur. Ermənistana uzunmüddətli himayədar lazımdır. O hazırda Fransanı və ABŞ-ı bu rolda görür. 

Görünür, İrəvandakı Amerikan səfirliyində Paşinyana məsləhət görüblər ki, 10 noyabr bəyanatında üzərinə götürdüyün öhdəlikləri icra etmə, bir az müddəti uzat, qoy, vəziyyət gərginləşsin və yeni genişmiqyaslı qanlı müharibə təhlükəsinin qarşısını almaq üçün cəmiyyəti inandıracağıq ki, məsələyə qarışmalıyıq.

Gün kimi aydındır ki, Zəngəzur yolunun açılması hələ 2 ildən sonra olacaq. Amma indi razılıqlarını versələr, Ermənistan, təbii ki, müasirədən çıxacaq, artıq mövcud dəmiryolları vasitəsilə Rusiyaya da, İrana da gedib-gələcəklər.

Daha sonra xəritələri qarşıya qoyub delimitasiya məsələsini həll etməlidir. Bu prosesdə sərmayə tələb olunmur. Siyasi iradə lazımdır, amma bunu etmirlər. Yenə də eyni səbəbdən. Yəni sonda desinlər ki, Rusiya bacarmır, sülhməramlı vəzifəsinin öhdəsindən gələ bilmir, bölgəyə mütləq Fransa və ABŞ gəlməlidir.

Rusiyanın Azərbaycandan istəyi isə budur. Biz ermənilərin dərsini verdik, Kreml də göz yumdu. İndi yeni müdafiə naziri Suren Papikyan Sergey Şoyquya, Armen Qriqoryan Dmitriy Medvedyevə, Nikol Paşinyan da Vladimi Putinə zəng edir. Hər şey əvvəlki minvala qayıdıb. Halbuki yeganə çıxış yolu 10 noyabr bəyannaməsini icra etməkdir.

– Son hərbi toqquşmada Paşinyanın məsuliyyəti nə qədərdir?

– Ermənistan Respublikasının bir nömrəli məsul şəxsi Nikol Paşinyandır. Gördünüz ki, Arşak Karapetyanı da çıxardı, öz yaxını olan Suren Papikyanı müdafiə naziri postuna təyin etdi, hərçənd o, peşəkar hərbçi deyil, tarixçidir. 

Parlament də Paşinyanın əlindədir. Müxalifət gücsüzdür, mitinq keçirirlər, mitinqlərdə çoxlu gurultulu çıxışlar edirlər, hoppanıb-düşürlər, amma vəziyyətə təsir etmək imkanları yoxdur.

Bununla belə, Nikol Paşinyanın əsas məqsədi Rusiyadan yaxa qurtarmaqdır. Rusiya zəli kimi yapışıb Ermənistanın yaxasından və bunun da ilk səbəbi budur ki, erməni xalqını xəstə təfəkkürlə tərbiyə edirlər; ikincisi, erməni xalqına yad hakim zümrə sırıyıblar. İndi Nikol Paşinyan Ermənistanı Rusiyadan ayırmaq, biryolluyq Qərbə üz tutmaq istəyir. Rusiya artıq Ermənistana hər şeyi borca verir. O da gələcəyini artıq Qərbdə görür, artıq Rusiyadan əlini üzüb. 

– Qərbmeyillilər azlıqdadır, seçici bazası da çox məhduddur. 

– Amma indi bir çox sabiq sovet ölkələri Qərbə yönəlir. Baltikyanı ölkələr, Gürcüstan, Moldova, Ukrayna. Rusiyanın müttəfiqləri getdikcə azalır. Rusiya artıq onlar üçün cazibədar ölkə deyil. Heç kim ona oxşamaq istəmir. Ola bilər ki, Rusiya zəngin ölkədir, gözəl ədəbiyyatı, musiqisi, istiqanlı xalqı var, amma siyasi hakimiyyət zibildir, yaddır, oğrudur… Putin və komandası Rusiyanın bir nömrəli düşmənidir. Xalq deyir ki, niyə biz oğru dövlətə oxşayaq, gəlin “ağıllı dövlət”ə oxşayaq. Rusiya örnək bir dövlət ola bilmir. Sadə məntiqlə hər kəs özünü Somaliyə yox, İsveçrəyə oxşadar. Çünki həyat səviyyəsi yaxşıdır. Qanunun aliliyi var, vətəndaş ləyaqətlə yaşayır. Ermənistan da bunu istəyir.  Yenisabah.az

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …