Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / “Biz Ağdərə-Kəlbəcər yolunun açılması məsələsini ciddi şəkildə rusların qarşısında qaldırmalıyıq” – DEPUTAT

“Biz Ağdərə-Kəlbəcər yolunun açılması məsələsini ciddi şəkildə rusların qarşısında qaldırmalıyıq” – DEPUTAT

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Qüdrət bəy, məzuniyyət başa çatır, Milli Məclisin payız sessiyasında hansı məsələlərin müzakirəsini vacib hesab edirsiniz?
 
-29 siyasi partiya “Siyasi partiyalar haqqında” qanuna əlavə və düzəlişlər təqdim edib. İqtidar yəqin ki, həmin təklifləri ümumiləşdirib Milli Məclisə vahid layihə təqdim edəcək. Bundan başqa, hesab edirəm ki, dövlətin idarəetmə xərcləri azaldılmalı və bu işə Nazirlər Kabinetindən (NK) başlamaq lazımdır. Bunun üçün “Nazirlər Kabineti haqqında” qanunun qəbuluna ehtiyac var. NK-nın strukturu qanunla müəyyən olunmalı, iclasları mütəmadi olaraq keçirilməli, hər bir nazirlik özü üçün bir hökumət olmamalı, NK-nın Milli Məclisə hesabatının doğurduğu hüquqi nəticələr qanunda təsbit olunmalı, ”Nazirlər Kabinetinin hesabatı haqqında” Konstitusiya Qanunu ləğv olunmalıdır. MDB daxil dünyanın əksər ölkələrində “Nazirlər Kabineti haqqında” qanun, yaxud Konstitusiya Qanunu var. Həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişikliklər edilməli, ən azı rentabelli olmayan dövlət müəssisələrinin özəlləşdirilməsinin məcburiliyi qanunda öz əksini tapmalıdır. “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər edilməli, elə mexanizmlər yaradılmalıdır ki, tender keçirənlər son ana qədər nə tenderdə iştirak edənlərin kimliyi, nə də təkliflər barədə məlumat əldə edə bilsinlər. Bir sözlə, iqtisadi sferada şəffaflığın artırılması, biznes mühitinin yaxşılaşdırılması, ölkədə qanunun aliliyinin və məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində bir çox qanuna əlavə və düzəlişlər edilməlidir. “Energetika haqqında” qanuna dəyişiklik edilməli, yaşayış məntəqələrində texnogen qəzalar nəticəsində əhalinin sağlamlığına ciddi zərər vura bilən istehsal müəssisələrinin yaradılması və fəaliyyəti qadağan olunmalı, Bakının mərkəzində yerləşən neftayırma zovodu kənara köçürülməlidir. İqtisadiyyatın inkişafını və korrupsiyaya qarşı effektli mübarizə istəyiriksə, dövlət inhisarçılığına son qoyulmalı, bütün sahələrdə rəqabət mühiti yaradılmalı, ümumiyyətlə, dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır.
 
-Üç ölkə liderinin Qarabağ tənzimlənməsinə dair Moskvada keçiriləcək görüşündən gözləntiləriniz nədir?
 
-Ermənistanın bütün təxribatlarına baxmayaraq, noyabrın 10-u 2020-ci ildə 3 ölkə liderinin imzaladığı Birgə Bəyanatda Laçın rayonunun işğalçılardan nəzərdə tutulandan daha tez təmizlənməsi bizim növbəti uğurumuz, düşmənlərin isə növbəti dəfə mənən sındırılmasıdır. Bununla yanaşı, Bəyanatın 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Bəyanatın 7-ci maddəsinə əsasən, qaçqınlar Qarabağa BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qayıtmalıdır. Soyqırımdan xilas ola bilmiş Xocalı sakinlərinin öz yurdlarına qayıdış məsələsi artıq gündəmə gətirilməlidir. Naxçıvanı Azərbaycanın qərb rayonlarına birləşdirəcək yolu qoyaq bir kənara, Azərbaycan maşınları hətta öz torpaqlarımızdan – ermənilərin yaşadığı Ağdərədən maneəsiz, rusların müşayiəti olmadan keçib Kəlbəcərə gedə bilmir. Biz Murovdağın altından tunel çəkmək zorunda qalmışıq. Ağdərədən sərbəst keçid məsələsi Ermənistandan yox, Rusiyadan asılıdır. Qarabağ və orda yaşayan erməni icması Rusiyanın nəzarətindədir. Biz bu məsələləri çox ciddi şəkildə qaldırmalı və dərhal həllini istəməliyik. Tunelin çəkilişini isə partlatma üsulu ilə həyata keçiririk və 13 kilometrlik yolun tikintisinin başa çatmasına uzun zaman lazımdır. Bu iynə ilə gor qazmağa oxşayır. Bir dəfə məsələ qaldırdım ki, tunel qazan maşın almaq lazımdır, dedilər çox bahalıdır, sonra nə edəcəyik?. Sonra həmin maşından Bakıda metro tikintinsində istifadə olunmalıdır. Bakıda ictimai nəqliyyatın normal fəaliyyətini təmin etmək üçün çox böyük işlər görülməlidir. Gəlin, Londonla kiçik bir müqayisə aparaq. Əlimdəki rəqəmləri sizə təqdim edim. Londonun əhalisi 8 milyon 982 min nəfərdir, Bakı əhalisindən təqribən 3 dəfə artıq. Londonda 675 avtobus yolu var və hər gün marşruta 9300 ikimərtəbəli avtobus çıxır. Avtobus dayanacaqlarının sayı 19 min, metro stansiyalarının sayı isə 272-dir. Bakıda metro stansiyalarının sayı 27-dir. Londonda 4 tramvay xətti, 36 dayanacaq, kanat və su daşımları da mövcuddur. Şəhərin 20 000 avtomobil parkı var ki, bu parklarda 4 milyon maşın dayana bilər. Sakinlərin 2 milyon 560 min avtomobili var. Qoy Bakı şəhər İcra hakimiyyəti bizdəki vəziyyəti açıqlasın, insanlarımız müqayisə apara bilsin. Məncə onda Bakıda hamının niyə şəxsi avtomobil almaq istəməsi aydın olacaq. Bunu da yeri gəlmişkən dedim.
 
Sualınızla bağlı isə sonda onu demək istəyirəm ki, Rusiya ədalətli vasitəçi kimi iki qonşu xalqı barışdıra bilər və bu imkanı qaçırmamalıdır. Bunu etməklə Rusiya həm də digər postsovet respublikalarına göstərə bilər ki, onunla dost olmaqla problemləri çözmək olar. Rusiya həm də onun üçün çətin olan indiki zamanda dünyaya nümayiş etdirə bilər ki, o hansısa problemin həllinə tövhə verə bilər. Münaqişənin sona qədər tam həll olunmaması Türkiyə və Azərbaycanda, keçmiş sovet respublikalarında, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız arasında ona olan inamı sarsıdacaq. Rusiya bütün bunları nəzərə almalıdır.(elchi.az)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …