Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Bilirdim ki, Hacı Gülnarəni sevir” – Aydınçik illər sonra+Video

“Bilirdim ki, Hacı Gülnarəni sevir” – Aydınçik illər sonra+Video

Müğənni-bəstəkar Aydın Vəliyevin (Aydınçik) “Qafqazinfo”ya müsahibəsi:

– Bir müddətdir ki, efirlərə çıxmırsız, gündəmdən uzaq düşmüsüz. 

– Gəncliyim bir qədər şuluq olub. Müəyyən yerlərə düşmüşəm, bu barədə efirdə tez-tez suallar verirlər, adamı qıcıqlandırırlar. Bu səbəbdən bəzi proqramları seçirəm, dostumla məsləhətləşirəm. Verilişdən verilişə fərq var. Elə aparıcılar var ki. reytinq yığmaq üçün daha dərinliklərə gedirlər.

– Hansı mövzuda suallar veriləndə əsəbiləşirsiz?

– Ümumiyyətlə, ailə mövzusunda sual verəndə qıcıqlanıram. Şəxsi işlərim, keçmişimə qayıdanda çalışıram ki, qısa cavab verim.

– Bəs indi nə işlə məşğulsuz? Xəbər yayıldı ki, ticarət sahəsinə maraq göstərirsiz. Doğrudurmu? 

– Ticarət yox. Amma ümumiyyətlə sənətim var. Ayaqqabı fabrikində köhnə ştamplar var. Onun mühəndisiyəm. Ayaqqabının detalları ilə məşğul olmuşam. İndi isə yaşlaşmışam, bu gün-sabah 60 yaşım olacaq.

– Oxuyursuz? Toy bazarında rəqabət apara bilirsiz? 

– Müğənnilik peşəsindən uzaqlaşmamışam. Son 4-5 ildə isə daha çox işləməyə başlamışam. Özüm mahnı yazmaqdan başqa kənar müəlliflərdən bəstə almışam. Görürəm ki, öz üslubuma uyğundur. Bəyənirəmsə, ifa edirəm.

İndi toy bazarında rəqabət aparmıram, çox çətindir. Məni öz toylarına çağıranlar isə köhnə dostlarım, əvvəlki nəsildir. Onlar da nostalji hisslər yaşamaq üçün dəvət edirlər. Allaha qurban olum, ac qalmıram, xalq doyuzdurur.

– Siz daha çox orta yaşlı təbəqənin yadında qalmısız. Bunu nə ilə əlaqələndirə bilərsiz? 

– Deməzdim ki, ancaq orta yaşlı insanlar, axır vaxtlar məni tanıyan cavanlar da çoxalıb. Bəlkə də o illərin populyar insanı olduğum üçün yaddaşlarında qalmışam.

– Niyə məhz “Aydınçik”? Bu adı sizə kim verib? 

– İçərişəhərdə yaşayırdım. O vaxtlar Bakıda müxtəlif xalqın nümayəndələri bir arada qalırdı. Məhəllədə otururduq, gitara ilə çalıb-oxuyurduq. O zamanlar məhəllədə 3-4 Aydın adlı oğlan var idi. Onlar arasında ən balacası mən idim. Soruşanda ki, hansı Aydın “Kasoy Aydın”, “Mişoppa Ayın” ləqəbləri olan uşaqları sadalayırdılar. Məni nəzərdə tutanda isə balaca Aydın, Aydınçik deyirdilər. “Aydınçik”, yəni balaca mənasında qoyuldu. O vaxtdan bu ləqəblə yaşayıram.

– Yaş öz sözünü dedikcə insanlar onlara verilən ləqəbdən utanır. Siz necə düşünürsüz?

– Mən buna görə əsəbiləşmirəm. Fərq eləmir, necə istəyirlərsə, elə də çağırsınlar.

– Mahnılarınızı o qədər sənətçi ifa edib ki, bəzən müəlliflərdə yanlışlığa yol veririk. Ən çox məşhurlaşan hansı mahnıların ilk ifaçısı, yaxud müəllifi sizsiz? 

– Mahnılar çoxdur. O vaxtlar çox mahnı yazırdım. Ən birinci 12-13 yaşlarımda qardaşıma mahnı yazmışdım. Sözün düzü, pis alınmışdı, sözlərində məna yox idi. Onu yeganə şirinləşdirən səsim idi. Ona görə az-maz bəyənilirdi. Daha sonra “Elnarə” mahnısını yazdım. İlk aşiq olduğum xanım idi, ilk məhəbbətim… Bir qədər satirik və məzəli alındı. Şairlərlə çox oturub-durmuşam. Molla Məmməd Maştağalı, Nizami Rəmzi və başqalarını misal çəkə bilərəm. Meyxanaya bir qədər həvəsli idim. Toyda meyxana deyənlər arasında ən balaca mən olduğum üçün ifa etməyim onlara ləzzət edirdi. Mənim mənfi bir xasiyyətim olub ki, yazdıqlarımı harasa qeyd etməmişəm. Hər bir şair yazdığını saxlayır. Məndə alınmayıb. Bir dəfə “Şeron” qrupunun solisti Rüstəm Zeynallı ilə oturub hesabladıq. Təxminən 53 mahnı ortaya çıxdı. Onların yarısının da müəllifi özüməm. Hərdən mənə deyirlər ki, Aydın, mahnılar artıq sənin deyil, xalqındır.

– Mahnılarınızdakı obrazları real həyatdan götürmüsüz, ya özünüz xəyal etmisiz?

– Çalışmışam ki, reallığa bənzəsin. Bundan başqa, bir qədər satirik mövzulara meyilli olmuşam.

– Elnarə, Gülnarə, Humay və neçə digər xanım adı… Niyə adlarla bağlı ifa etdiyiniz mahnılar üstünlük təşkil edir?

– Bəli, xanım adları ilə mahnılarım olub. Xumar adlı sinif yoldaşım var idi. Məndən xahiş etdi ki, onun üçün mahnı yazım. Humay üçün də bəstələdim. Kim xahiş edirdisə, onun üçün mahnı yazırdım.

– “Bir yarı var Hacının, onun adı Gülnarə idi”. Gülnarə və Hacı kimdir?

– Hacı mənim məhəllə uşağım idi. Deməli, kinostudiyada işıqçı işləyirdim, daha sonra AzTV-yə işə düzəldim. O vaxtlar bu mahnı ərsəyə gəldi. “Hindski Oktay”la bir çalışırdım. Eyni zamanda gecə məktəbində oxuyurdum. Tez-tez Hacıgilin sinfinə gedirdim. Bilirdim ki, o, Gülnarəni sevir. Hacı xahiş etdi ki, mahnı yazım. İnanın, yarım saat ərzində bu mahnı ərsəyə gəldi.

– Hacı ilə Gülnarə qovuşdu? 

– Yox, Allah Hacıya şəfa versin. İnsult olub. Gülnarə də öz hayında. Yox, bir araya gəlmədilər.

– Aydınçikin bir məşhurluq dövrü var idi. O dövrdən sonra sizinlə daha çox kimlər maraqlanırdı? 

– Birinci deyim ki, insanların azaldığını hiss etmədim. 1977-ci ildən 86-cı ilədək Bakıda olmadım. Rusiyada yaşadım, ayaqqabı fabrikində çalışdım. Amma qayıdandan sonra “Sara TV” məndən müsahibə aldı. Bundan sonra ilk dəfə efirə Kamran Həsənli çağırdı. İndi ətrafımda çox insan var. Çalışıram ki, bir qədər kənar gəzim. Məsələn, adi votsapı götürək, heç nədən yazırlar, hamısına da cavab vermək olmur. Feysbuku da bura daxil edə bilərik.

– Bakılılar şikayətlənir ki, indi paytaxtda bakılı qalmayıb. Bəs siz Bakının hansı kəndindənsiz? Harada qalırsız?

– İçərişəhərdə böyümüşəm, yaşamışam. O vaxtlar İçərişəhərdən köçdüm, Rəşid Behbudov küçəsində yaşayıram. Gördüm ki, İçərişəhərdə ab-hava dəyişib, cavanlar çılğındılar. Mən ümumiyyətlə ayrı-seçkilik etmirəm. Anam qarabağlıdır, atam bakılı… Vətənimiz Azərbaycandır. Ayrı-seçkilik çoxdur, bu da adama toxunur. Bakılı görəndə ki, hərə özünü bir yerdən təqdim edir, o yazıq da deyir ki, mən də bakılıyam.

– Bəzən adama elə gəlir ki, siz əsl bakılılar “Sovetski” kimi məkanlar söküldükcə gözə görünmürsüz. Elə bil ki, sizin ilham mənbəyimiz oralar idi…

– Gözə görünmək yox! Mən hazırda Bakıda gəzirəm. Görürəm ki, heç yeri tanımıram. 16 yaşımda Bakının elə yeri yox idi ki, tanımayım. Artıq o yerləri mən görmürəm. İçərişəhərdə olan yeniliklər mənə təsir edir. Bir az elə bil ki, mənim üçün xoşagəlməzdir. “Sovetski”nin sökülməsi mənə təsir etdi. O məhəllələrdə böyümüşəm. Bilmirəm, bəlkə də o hissləri keçirə bilmədiyim üçün təsir etdi. Əvvəlki ab-havanı ala bilmirik. Mən o vaxtın mühitini görmüşəm, indi internet, kompüter var. O vaxtın da qəşəng məşğuliyyətləri olub. Qabaqlar tələbə üçün hər şey pulsuz idi.

– Sənətinizin davamçıları varmı? Övladlarınız bəs?

– İki övladım var, heç bir davamçım yoxdur. Düzdür, onlar musiqini sevirlər, dinləyirlər. Hətta, axır vaxtlar nəsə mahnı yazanda məni yoxlayırlar, məsləhət verirlər. Amma oxumağa meyilli deyirlər. İkisi də böyükdür. Biri Azərbaycan Dillər Universitetinin məzunudur, digəri Ukraynada təhsil alıb. İkisi də oğlandır. Hələ xeyir işlərini görməmişəm.

Elvin Elxan

Foto-Video: Nuran Məmmədov

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …