Ana səhifə / Müsahibə / AzTV-nin keçmiş aparıcısı: “Gördüm ki, batıram…” – Qalmaqal

AzTV-nin keçmiş aparıcısı: “Gördüm ki, batıram…” – Qalmaqal

Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olmuş və sonuncu dəfə AzTV-də çalışmış teleaparıcı Hüsniyyə Məhərrəmova müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Hüsniyyə xanım, yaxın günlərdə İTV-nin yaranmasının 15 illiyinə həsr edilən verilişdə iştirak etdiniz. Yenidən sizi televiziyada görəcəyik?

– Hələ ki televiziyadan elə bir təklif almamışam. Maraqlı layihə olsa, aparıcılıq edə bilərəm. Amma televiziyada çalışmaq istəmirəm. 2014-cü ildə efirdən uzaqlaşmışam, halımdan, vəziyyətimdən razıyam. Təcrübə bir daha göstərdi ki, yenidən televiziyaya dönmək böyük bir səhv idi. Ona görə də hansısa layihə təqdim edilsə, çalışaram, amma televiziya daxilində işləmək fikrim yoxdur.

– Televiziyalarımızın savadlı və intellektual aparıcılara ehtiyacı var. Efirdən uzaqlaşmağınıza səbəb nədir?

– Düşünürəm ki, televiziya bir bataqlıqdır və orada inkişaf yoxdur. O bataqlığa düşürsən, müəyyən vaxtdan sonra hiss edirsən ki, səni də ardınca aparır. Tutalım, stabil maaş… Hər şey o qədər stabildir ki, sənin inkişaf etməyinə heç bir motivasiya yoxdur. Aylıq şablon veriliş təqdim edirsən və onun əvəzində maaşını alırsan, hansı səviyyədə işləməyindən asılı olmayaraq…

Aydan-aya eyni işi görəndə və dəyişklik olmayanda insan paslanır. Mənimlə işləyən insanlar vardı, hələ də televiziyadadırlar. Televiziyadan gedənlər də oldu, müxtəlif prodakşnlarda çalışanlar da var. Çünki kənarda işləyəndə işləsən də, işləməsən də sənə heç kim ayın axırı maaş verməyəcək. Ona görə də yaxşı yaşamaq və qazanc əldə etmək müasir tendensiyalar öyrənməyə məcbursan.

Çalışıb, vuruşub öyrənirsən ki, özünü vəziyyətdən çıxarasan. Elə insanlar daha çox inkişaf edirlər, nəinki daim eyni televiziyada işləyənlər…

– Televiziyaya layihə ilə müraciət edə bilərsiniz…

– Ümumiyyətlə, televiziyaya marağım qalmayıb. Kamera qarşısına keçməyi, çəkiliş prosesini sevdiyimə görə aparıcı kimi çalışaram. Pula görə televiziya məhsulu istehsal etmək, veriliş hazırlamaq, şou yaratmaq və sair mərhələni keçmişəm və həmişə onunla məşğul olmaq istəmirəm.

Televiziya mənim əsas işim deyil, o kitabı yavaş-yavaş bağlayıram. Çünki ondan daha maraqlı işlər görürəm və daha maraqlı həyatım var. Həyatda televiziyadan da maraqlı işlər var. Ölənə qədər televiziya ilə məşğul olan deyiləm ki?..

İnsan var, stabilliyi sevir və özünü ömürboyu bir işə sərf edir. Amma mən onu özümə yaraşdırmıram. Ömür boyu eyni işlə məşğul olsam, darıxıb ölərəm.

– Son zamanlar İTV-də baş verən dəyişlikləri necə dəyərləndirirsiniz?

– İTV-də verilişlər çox yaxşıdır, dəyişiklər milli televiziyalarımızda hiss olunur. Oranın çox güclü komadası var, müasir televiziya tələblərinə uyğun verilişlər hazırlayırlar. Mən onlara uğurlar arzu edirəm. Özüm isə o işin bir parçası olmaq istəmirəm. İndiki gördüyüm işdən daha razıyam.

– Televiziya işçilərinə bu sahədən uzaqlaşmaq çətindir. Görünür ki, bu, sizə təsir etmir.

– Mən də bu sahənin içindəyəm, televiziyadan tam uzaqlaşmamışam. Gördüyüm iş yenə də televiziya ilə bağlıdır, çəkilişlər və sair. Prodakşndır, amma öz şirkətim deyil.

Televiziyadan uzaqlaşmışam, üç fərqli sahədə çalışıram, biri də mediadır. Deyə bilmərəm ki, bu sahədən yüz faiz uzaqlaşmışam. Bəlkə müəyyən vaxtdan sonra tam gedəcəm, amma hələ yox… Video prodakşn, çəkiliş – bunlar çox böyük anlamdır. Sən veriliş hazırlaya, reklam, bədii və sənədli film çəkə bilərsən. Yəni ki, bunun hamısını edə bilərsən, niyə özünü yalnız televiziya çərçivəsinə salmalısan?

Hazırda televiziya, yutub kanalı, korporativ sifarişlər və kommersiya layihələri üzərində işləyirəm. Hamısı video prodakşndır. Bunun hamısını edə bilirəmsə, niyə televiziya çərçivəsinə qapanmalıyam?!

– Bir müddət əvvəl qadağalardan danışdınız. Sizə qarşı televiziyada hər hansı qadağa vardımı?

– Mənə heç vaxt qadağa qoyulmayıb. Nəyi qadağan edə bilərdilər? İnsan qadağanı ya qəbul edir, ya da əksinə.

Mən yasaqları heç vaxt qəbul etməmişəm. Mənimlə çalışan insanlar xasiyyətimi bilirlər.

O vaxt İTV-də işləyəndə balaca bir qadağa var idi, efirə şalvar geyinmək olmazdı. İclasda deyildi ki, efirə şalvar geyinmək olmaz, amma bu, Hüsniyyəyə aid deyil. Onda “Qaraj” verilişini aparırdım.

Dediyim kimi, TV-də mənə qadağa tətbiq edilməyib, amma şəxsi həyatımızda qadağalar var, çoxdur…

– Xalq artisti Murad Dadaşov Xəzər televiziyasına rəhbər təyin edildikdən sonra bir çox dəyişikliklər etməyə başladı. Necə düşünürsünüz, bu dəyişiklik nəticə verəcəkmi?

– Murad Dadaşov kimi bir insan televiziyaya rəhbərlik edirsə, o, nə edəcəyini çox yaxşı bilir.

– Azarbaycan Dövlət Televiziyasında yayımlanan “1 AzTV” verilişindən getməyinizə səbəb nə oldu?

– Çünki televiziyadan çıxdım… Verilişdə necə qala bilərdim? İnsana bir şey zövq vermirsə… Son illər xaricilərdən, çox ağıllı insanlardan dərslər alıram. Demək olar ki, hamı eyni şeyi deyir. Bircə söz var: “Həyatda uğur qazanmaq istəyirsənsə, yalnız sənə zövq verən işlə məşğul olmalısan”. Əgər bir şey sənə zövq vermirsə, onun nə adı, nə də mənası var. Sənə bir yerdə işləmək xoş deyilsə, çıx get. Mən də o prinsiplə yaşayıram. Başa düşdüm ki, televiziya işçisi olmaq mənlik deyil.

Gördüm ki, yavaş-yavaş bataqlıqda batıram, verilişdən uzaqlaşdım. Veriliş aparım, efirdə görsənim kimi şöhrət xəstəliyi məndə yoxdur. Yaxşı veriliş, yaxşı komanda olsa, aparıcı kimi təklif alsam, başqa məsələ… Qəbul edərəm.

Yaxşı komanda və texniki təchizat olanda hər şeyi vaxtında edirsən. 30 dəqiqəlik verilişi 9 saata çəkmirsən. Və sənin gücün yalnız bir verilişə sərf edilmir.

– Sizi AzTV-yə Ranar Musayev dəvət etmişdi. Onunla münasibətiniz dəyişdi?..

– Xeyr, Ranar Musayev mənim dostumdur və bizim münasibətimizə heç nə təsir edə bilməz.

– Siz özünüz həmkarlarınızdan nə ilə fərqləndirirsiniz?

– Mən heç kimdən özümü heç nə ilə fərqləndirmirəm, nə aparıcılardan, nə də digər azərbaycanlılardan. Özümü nə aşağı, nə də yüksək hesab edirəm. Sadəcə hərənin öz auditoriyası var.

– Bir müddət əvvəl Maltaya köçməyiniz haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğru idi?

– 2011-ci ildən başlayaraq ildə ən azı on dəfə Maltaya gedirəm. Onsuz da demək olar ki, iki ölkədə yaşayıram. İnstaqramda hekayə bölümündə yazdım ki, mən burada yaşamaq istəyirəm. Onu da jurnalistlər paylaşdı. Mən müəyyən müddətdən sonra bütün dünyada yaşamaq istəyirəm. Məsələn, bir müddət Maltada, bir müddət Fransada. Sevdiyim ölkələr var, fasilələrlə orada yaşamaq istəyirəm, bir il, beş il… Hansı ölkədə yaşamaq nə qədər xoşuma gələrsə… Mən həyatımı bir yerdə keçirmək istəmirəm.

– Maltaya ailənizlə gedirsiniz?

– Bəli, Maltaya övladlarımla bir yerdə gedirəm. Onlar bir neçə il sonra xarici universitetlərə daxil olacaqlar və yanımdan köçəcəklər. Mən də onların yanına gedəcəm.

– Xaraktercə sərbəst insansınız?

– Sərbəst yox, sadəcə kompleksli deyiləm. Sovet dönəmində başımıza o qədər vurublar ki, indi də söz deməyə qorxuruq. Sanki heç nə dəyişməyib. 30 ildir sovet dönəmindən çıxmışıq, amma içimizdən sovet dövrü çıxmayıb.

Başqa ölkədə yaşamağı insanlar sərbəstlik kimi qəbul edirlər. Halbuki normal haldır. Ən pisi odur ki, bəzi gənclər də sanki 90 yaşında və 70 il sovet rejiminin altında yaşayan insanlardır. Niyə valideynlər uşaqlarını dəyişmirlər?

Mən bunun üçün valideynlərimə minnətdaram. Baxmayaraq ki, mən də sovet dönəmində doğulmuşam. Amma ailəmizdə heç vaxt sovetə sevgi, hörmət görməmişəm. Kifayət qədər azad mühitdə yaşamışam.

– Heç vaxt sosial şəbəkədə övladlarınızın fotosunu paylaşmamısınız. Bu, nə ilə bağlıdır?

– Heç vaxt mətbuatda ailəm haqqında danışmıram. Mənim üçün bölgü var, ailə və ictimai həyat. Sosial şəbəkələr mənim ictimai həyatımı göstərir. Ailə isə ailədir, onu heç vaxt göstərmək istəmirəm. Ailə qapalı və şəxsidir. Onu ictimailəşdirmək istəmirəm.

– Bildiyimizə görə iki övladınız var.

– Bəli, bir qızım, bir oğlum var.

– Həyat yoldaşınız musiqiçidir?

– Bəli, həyat yoldaşım musiqiçidir. Siz yavaş-yavaş şəxsi həyat haqqında suallara keçirsiniz ( gülür). Şükür Allaha, hər şey yaxşıdır, hər şey normaldır.

– Tez-tez xarici ölkələrdə səyahətlərdə olursunuz. Hansı ölkənin adət-ənənələri sizi təəccübləndirib?

– Hindistanda Nepal şəhəri mənə fərqli gəlmişdi. Nepalda məbəd var, orada induizm dininə sitayiş edirlər. İnsan ölərkən cəsədi yandırır və külü çaya atırlar. O zaman insanın növbəti həyatının daha yaxşı olacağına inanırlar. Başqa ölkələrdə induizm dininə sitayiş edənlər də oraya gəlməyə və ölməyə çalışırlar. Bir çay var, onun bir tərəfində kasıblar, digər tərəfində isə varlıları yandırırlar. Hətta orada da ayrıseçkilik var. Bir insanın yandırılmasına üç saat vaxt tələb olunur. Mənim üçün maraqlı idi… Sanki bir neçə kilometr uzaqlarda insanlar başqa planetdə yaşayırlar. Adət-ənənə, düşüncələr fərqlidir. Bu məni heyrətləndirmişdi.

Ölü adamı yandırmaq məni qorxutmur, diri adamlara işgəncə verəndə incidir. Meyit yandırılan zaman qohumları yanında oturmuşdu və sevinirdilər ki, onun bu həyatda yaşadığı əzab-əziyyət bitir. Növbəti həyatı daha yaxşı olacaq.

Məni Nepal qədər təəccübləndirən başqa şəhər olmayıb. Onlarla müqayisədə biz gələcəkdə yaşayırıq. Buna baxmayaraq insanların üzündə kədər, məyusluq yoxdu. Bu, yəqin ki, induizm dinindən irəli gəlir. Sən nə qədər bu həyatda pis yaşayırsansa, o biri bir o qədər həyatda yaxşı yaşayacaqsan. Çox xoşbəxtdirlər…

– Siz daim Leyla Quliyeva ilə müqayisə olunursunuz. Eyni kanalda çalışmısınız və tanınmısınız. Maraqlıdır ki, onunla münasibətiniz necədir?

– Mənim Murad Arif və “V element” verilişinin aparıcılarından başqa heç bir aparıcı ilə əlaqəm, dostluq münasibətim yoxdur. Başqaları ilə necə, Leyla xanımla da münasibətim elədir, salam-sağ ol səviyyəsində. O vaxt İTV-də 1000-ə yaxın işçi çalışırdı. Hamı ilə dost olmaq olmur axı.Teleqraf

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …