Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / Azər Həsrət: “Mətbuat Şurası sədrliyi mənim çapımda adam üçün çox kiçik vəzifədir”

Azər Həsrət: “Mətbuat Şurası sədrliyi mənim çapımda adam üçün çox kiçik vəzifədir”

 “Mən mövqeyimi dəyişəcəm, amma o zaman ki… ”

Azərbaycan mediasının tanınmış siması, hazırda isə beynəlxalq arenada ölkəmizin haqq səsini dünyaya çatdıran Azər Həsrət son günlərin ən populyar simalarından biridir. O, artıq beynəlxalq tədbirlərdə ermənilərlə baş-başa gəlir və onları arqumentləri ilə susdurur. Bununla belə, mübahisəli personalardan sayılır. Deputatlıq arzusu, keçmişdəki yazıları, Mətbuat Şurası sədri iddiaları… Bütün bunlarla bağlı danışmaq üçün onu redaksiyamıza dəvət etdik və bizi maraqlandıran bütün suallara cavab tapmağa çalışdıq. Həmkarım Elşad Paşasoyla birlikdə xeyli sual hazırladıq və həmkar səmimiyyəti ilə onu cavablandırmasını istədik.

Azər Həsrət:

– Hə, “sizi niyə deputat qoymadılar” sualının cavabını tam verə bilmədim. İstərdim, ona qayıdım…

(Əvvəli ötən saylarımızda)

R.Arifoğlu:

– Nəinki deputat qoymurlar, heç ev də vermədilər.

S.Telmanqızı:

– Amma məncə, evdən siz özünüz imtina etmişdiz… Təşkilatınızın 4 üzvünə verdilər evi. Düz bilirəm?

-Yox, 4 deyil, 6 üzvünə. Ona da aydınlıq gətirəcəm. Amma öncə deputat olmağa niyə qoymadılar sualının cavabından başlayım. Mənə elə gəlir ki, bu suala məni deputat qoymayanlar, bunu məsləhət bilməyənlər cavab verə bilər. Amma mən yüz faiz əminəm ki, Azərbaycanı hazırda parlamentdə əyləşənlərin 90 faizindən daha yaxşı təmsil edə bilərəm.

R.Arifoğlu:

– Çox iddialı olmadımı, bu rəqəm? Bəlkə, bir az aşağı düşəsiniz?

– Xeyr, düşə bilmərəm. Niyə, bilirsizmi? Azərbaycan hökuməti ikidə bir deyir ki, Avropa Şurası, Avropa parlamenti bizə qarşı qətnamə qəbul etdi və sair. Niyə qəbul edir, bilirsizmi? Çünki parlamentdə oturanların 90 faizinin deputatlıqdan xəbəri yoxdur. Hətta bəziləri kartlarını da başqalarına verirlər ki, onun yerinə səs versin.

S.Telmanqızı:

– Azər bəy, bu qədər iddialı olmanızın arxasında “mən ingilis dilini bilirəm”  arqumentimi dayanır? Siz bununla öyündüyünüz üçün özünüzü o 90 faizdən üstün hesab edirsiniz?

“Mətbuat Şurası sədrliyi mən çapda adam üçün çox kiçik vəzifədir”

– Xeyr. Sizə ingilis dilini bilmədiyi halda məndən daha uğurlu adam misal çəkə bilərəm ki, bu da Umud Rəhimoğludur. Doğrudur, o da ingilis dilini öyrənir, amma özünün və təşkilatının çəkisi məndən artıqdır. Onun imkanları və sair yetərincə böyükdür.

S.Telmanqızı:

– Keçək ev məsələsinə…

– Mən ağlamağı, sızlamağı sevən biri deyiləm…

R.Arifoğlu:

– (dəqiqləşdirməyə çalışır) Bakıda yaşadığınız evin göstəricilərini bilə bilərik?

– Təbii. Panel evdə yaşayıram. Ailəmiz 4 nəfərdən ibarətdir. Bir oğlum, bir qızım var. 42 kvarat metr sahəsi olan evdə yaşayıram. Bu isə sıxıntılıdır.

S.Telmanqızı:

– Şəxsən sizə ev təklif edilibmi? “Mətbəx”i hamımız bilirik. Birbaşa deyilir, soruşulur, təklif edilir…

– Xeyr. Mənim küsməyim, inciməyimin əsasında başqa məqam dayanır. Açığı, mən jurnalistlərin binasından ev almağı uyğun saymıram. Çünki mən gedib beynəlxalq təşkilatlarda iştirak edirəm, beynəlxalq tribunalarda çıxış edirəm. Bu Emin Hüseynov dostumuz da bütün beynəlxalq tədbirlərdə çıxış edir, zaman-zaman məni başqalarına əli ilə göstərib.

S.Telmanqızı:

– Yəni ev verilsin, amma jurnalistlərin binasından yox… Düz başa düşdüm?

– Məsələ onda deyil ki, mənə ev verilməlidir. Ən azından nəzakət xatirinə təklif edilməli idi. Mən də deməliydim ki, xeyr, ehtiyac yoxdur, təşəkkür edirəm.

R.Arifoğlu:

– Elə bir fakt varmı ki, kiməsə şəxsən təklif etsinlər?

– Bəli, olub, mən də elə buna görə inciyirəm.

R.Arifoğlu:

– Azər bəy, bu qədər fəalsız və illərdir mediadasız, yazırsız, verilişlər aparırsız. Niyə indiyə qədər bir media quruluşu – sayt, qəzet  yaratmamısız? Neçə ildir mediadasınız?

“Bir də görürsən, dünənki bir uşaq çıxır ortaya və deyir ki, sənin videonu paylaşım? Sanki mənim yataq videom var bunun əlində”

– Davamlı olaraq 97-ci ildən mediadayam.

S.Telmanqızı:

– Amma səhv etmirəmsə, siz bir ara mediaya fasilə verdiniz, maşın biznesi ilə məşğul oldunuz.

– Maşın biznesi deməyək ona. Ticarət qurmaq istədim, amma özüm-özümə nifrət elədim. Onun da əhvalatı belə idi ki, mən Almaniyaya gedib-gəlirdim, orda özümə tərəfdaş da tapmışdım. Maşın ticarəti ilə məşğul olan bir dostumuz vardı.

S.Telmanqızı:

– Media və maşın biznesi… Bir-birindən nə qədər də fərqli sahələr…

– Bəli, amma biz 2005-ci ildə inqilab etmək istəyirdik. Azərbaycanda da bu proseslərdə öndə getməkdə iddialı birilərindən idim.

S.Telmanqızı:

– (zarafatla) Azər bəy, bu faktları indiki məqamda yada salmaq qorxulu deyil sizinçün?

-Xeyr, əsla. Mən 2004-cü ildə Ukrayna inqilabının ab-havası ilə gəlib, Azərbaycanda da onun təkrarlanmasına çalışırdım. 2004-cü ildə 2 ay yarım mən  Ukraynada Çerkasso vilayətinin koordinatoru olmuşam. Narıncı inqilab zamanı seçki missiyasının rəhbəri idim. Təbiidir ki, A-dan Z-yə qədər bütünlüklə prosesdə iştirak etmişəm. Ukraynalılar mənə həmin zaman deyirdilər ki, siz burada bir ukraynalıdan daha çox çalışırsız. Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən “Enemo” adlı təşkilatın xətti ilə çalışırdım. Təchizatımız yüksək səviyyədə idi, hər cür şəraitimiz vardı, maddi durumumuz yüksək səviyyədə idi. Sadəcə, biz bu proses nəticəsində Ukraynanın demokratikləşəcəyini, digər MDB ölkələrində də bu dalğanın yayılacağını məqbul hesab edirdik, buna inanmışdıq.  Amma sonrakı proseslər göstərdi ki, Ukrayna narıncı inqilabdan sonra özünü bərbad bir vəziyyətə saldı. Ukrayna bu gün elə bir girdaba düşüb ki, mən düşünürəm, nə yaxşı, Azərbaycanda həmin vaxt o proseslər baş tutmayıb.

S.Telmanqızı:

– Bəy, qayıdaq sizin bu proseslərdən iyrənib, maşın biznesi ilə məşğul olma qərarınıza. Yarımçıq qaldı o hissə..

-Hə, 2005-ci ildə  nə baş verdi? Xudat mərkəz olmaqla 56 saylı seçki dairəsindən namizəd oldum. “Azadlıq” blokunun namizədlərindən biri idim. Mənə orda ən böyük dəstəyi müsavatçılar verirdilər. Müsavat Partiyasının orda çox mütəşəkkil bir dəstəsi var. AXCP isə orda sıfır səviyyəsindədir, gözə dəymirdilər. Baxmayaraq ki, mən ora yaxın idim. Bizim rəqibimiz AzTV-nin sədri Nizami Xudiyev idi. YAP ona dəstək verirdi. İlk gündən bizə mane olanlar görüşlərimizi, bizə olan dəstəyi, qətiyyətimizi görüb, bir müddət sonra qabağımızdan çəkildilər. Nə polis, nə bələdiyyə, nə icra nümayəndəsi biz olan yerdə gözə dəyirdi. 85 görüş keçirdik. Bizim kampaniyanın uğuru da onda idi ki, mən ilk gündən seçicilərə deyirdim ki, mən öndə olmadıqca heç kim küçəyə çıxmasın. Nə qədər ki, mən öndəyəm, arxamca gələcəksiz. Gördüz ki, mən yoxam, qətiyyən küçəyə çıxmayın. Zərbə gələcəksə, döyülən də, vurulan da, yaralanan da mən olmalıyam. Nəticə də o oldu ki, xalq mənə səs verdi. Amma nə baş verdi? Gecə 2-də mərkəzlə – “Azadlıq” Blokunun ADP-dəki qərargahı ilə əlaqə saxladıq. Ordan bizə dedilər ki, hələ gözləyin. Gözləməklə inqilab olmur. Çünki mən bu prosesi Ukraynada görmüşdüm. Bunlar qətiyyətsiz davrandılar. Bundan başqa, blokdan seçilən 4 nəfər bizim fikrimizi belə almadan gedib parlamentdə əyləşdilər. Daha sonra mən təklif verdim ki, alternativ bir parlament siyahısı hazırlayaq – orda YAP-çılar da, YES blokunun üzvləri də, biz də olaq. Buna heç kim qulaq asmadı. Gördük ki, günlərin bir günü o 4 nəfər seçilmiş deputatlar gedib parlamentdə oturdular, bizi heç dinləyən də olmadı. Halbuki bu yola bir yerdə çıxmışdıq. Ondan sonra mən qərar verdim ki, biz siyasi qüvvə olaraq zəifik, İlham Əliyev bizdən qat-qat güclüdür, onu yenəcək gücümüz-qüvvəmiz yoxdur. Üstəlik, bunların bu oyunundan sonra İlham Əliyev daha yaxşı lider kimi görünür. Ona görə də mən bir kənara çəkildim.

S.Telmanqızı:

– Nə qədər müddət oldu? Səhv etmirəmsə, üç il oldu.

“Bioqrafiyamda çox zəngin məqamlar var, o adları qazanmaq üçün insanlar milyonlar ödəyirlər”

– Yox, iki il. Mən əslində düşünürdüm ki, kəndə köçüb yaşayım, özümə biznes qurum. Bir xeyli Almaniyaya gedib-gəldim, orda özümə rəsmi tərəfdaş tapdım. Maşın ticarəti ilə məşğul olacaq, burda özümüzə ofis quracaqdıq. Amma bir il gedib-gələndən sonra Azərbaycan gömrüyündən, polisindən iyrəndim, Qırmızı Körpünü keçəndə özüm-özümdən iyrəndim. Düşündüm ki, mənim burda nə işim var? Gedirsən bir kabinetə, orda ağzından süd iyi gələn bir uşaq rüşvət alır səndən. A4 kağızı 10 manat qarşılığında kserokopiyadan çıxarır. Ona görə də başını buraxdım və başladım tərcüməçiliklə məşğul oldum. İngilis, rus-azərbaycan dilləri üzrə. Filmlər tərcümə edirdim, Amerika səfirliyinin xətti ilə İREX sifariş etmişdi. Azərbaycanın regional TV-lərinə seriallar hədiyyə etmişdilər. Günə 80-100 dollar qazanırdım. 1 il bunla məşğul oldum, amma gördüm ki, dözə bilmirəm. Azərbaycanın ictimai-siyasi həyatındakı aktivlikdən kənarda dayanmaq mənimçün çətindir. Amma bu dönəmdə hər zamankı davamdan – Türk dünyası davamdan da vaz keçmirdim. Səssiz şəkildə öz işimlə məşğul olurdum. Bunu mediaya çıxarmırdım. İndi də bunu edirəm. Bəzən səs-küylə, bəzən səssiz.

S.Telmanqızı:

– Bu günə qədər gördüyünüz işlərdən danışdız. Arzularınızdan birini də dediz: deputatlıq. Bəs digər hədəfləriniz?

– İki istiqamət var. Bayaq Rauf bəy Mətbuat Şurası sədrliyinə toxundu. Mətbuat Şurası sədrliyi mən çapda adam üçün… Bunu təkəbbür kimi qəbul etməyin. Amma siz şahidsiz ki, mənim kifayət qədər qabarıq, deputatların demirəm, hətta bəzi nazirlərin qibtə ilə baxacağı bir bioqrafiyam var. Həddən artıq qabarıq…

S.Telmanqızı:

-Həddən artıq qabarıq deyərkən? Söhbət media və “Azadlıq” blokundakı namizədliyinizdən gedir?

-Xeyr, onlar xırda şeylərdir. Mən indi bir kitab üzərində işləyirəm, öz həyat yolum haqqında. Adını hələlik şərti olaraq “Əməkdar jurnalist” qoymuşam. İndiyədək 20 min söz yazmışam, yazdıqca yadıma nələr düşür. Orda elə detallar var ki, məhz mənim bioqrafiyamdadır və heç bir azərbaycanlı onu tarixdə təkrarlaya bilməyəcək.

S.Telmanqızı:

– Yəni, deyirsiz ki, avtobioqrafiyanız o qədər zəngindir ki, Mətbuat Şurası sədrliyi sizin üçün kiçikdir…

– Bəli, kiçikdir. Mətbuat Şurası bir QHT-dir. Sanballı QHT-dir. Bilirəm ki, bəzi deputatlar Milli Məclisdə olmaqdansa, Mətbuat Şurası sədri olmağı istəyərdilər. Amma mən orda neyləyəcəm? Mən Əflatun Amaşov kimi yumşaq deyiləm. Amaşov dialoqa, güzəştə gedən adamdır.

S.Telmanqızı:

– Siz də hökumətə münasibətdə loyal və güzəştli birisiz. Niyə uyğun olmasın ki?

– Xeyr, söhbət hökumətdən getmir ki. Ümumiyyətlə, münasibət və mövqedən söhbət gedir. Tutaq ki, Əflatun Amaşov hər cür adamla rahat danışa bilir. Mən danışa bilmirəm. Əflatun Amaşovdan nəsə xahiş edilə bilər, o da baxar, mümkünsə edər. Amma mən baxaram ki, bu, qanundur, prinsipdir, bundan keçmərəm. Bu isə problem yaradır. Mətbuat Şurasına məhz Amaşov kimi rəhbər lazımdır. Bəlkə də mən zamanında radikallıq edib, sədrliyə iddia etmişəm, öz yerində. Amma indi baxıram, orda Amaşov tipli adam lazımdır.

S.Telmanqızı:

– Amma mənə elə gəlir ki, sizə konkret olaraq sədrlik təklif olunsa, imtina etməzsiniz. Sadəcə, o təklif birbaşa gəlməyib yəqin ki.

– Yox e, yox. Mən zatən o statusda bir adamam.

S.Telmanqızı:

–  O zaman siz nazirlik iddiasındasız…

– Mən özümü deputat yerində ona görə görürəm ki, o yerdə mən həqiqətən özümü realizə edəcəm. Dil bilgisi bir arqumentdir. Axı mənim beynəlxalq təcrübəm də var. Təşkilatlarda məni tanıyırlar. Üstəlik, mənim bioqrafiyam çox zəngindir. Mənim bu yaxınlarda Əl-Cəzirədə bir yazım getmişdi. Altında da bioqrafiyam yer almışdı. Orda o qədər sanballı məqamlar var idi ki. Təkcə o bioqrafiyaya baxanlar mənə qiymət verə bilərlər. Çünki orda çox zəngin məqamlar var. O adları qazanmaq üçün insanlar milyonlar ödəyirlər.

S.Telmanqızı:

– Bioqrafiyanızdakı qürur duyduğunuz məqamları sadaladınız bayaq. Təmsil olunduğunuz beynəlxalq təşkilatlar, gördüyünüz işlər, çıxışlarınız, yazılarınız… Bəs bioqrafiyanızdan silmək istədiyiniz məqamlar, anlar varmı? (zarafatla) Məsələn, “Azadlıq” qəzetinizdəki yazılarınızı?

– Əsla. Bu dəqiqə şansım olsa, onların hamısını yenidən çap edərdim. Elə bu tribunadan da istifadə edib, bir daha deyirəm: kimin əlində mənimlə bağlı nəsə varsa, ortaya qoysun. Mitinqlərdəki çıxışlarımı, qəzetdəki yazılarımı.

S.Telmanqızı:

– Niyə bu çağırışa ehtiyac duydunuz?

– Bir də görürsən, dünənki bir uşaq çıxır ortaya və deyir ki, sənin videonu paylaşım? Sanki mənim yataq videom var bunun əlində. A bala, bu, mənim çıxışımdır. Özüm onu internetə qoymuşam. Əli Həsənov bu yaxınlarda bir tədbirdə dedi ki, “bizə hərdən gəlib Azər Həsrətlə bağlı deyirlər ki, o, vaxtilə belə çıxış edib-falan. Mən də o adamlara deyirəm ki, biz bunları çox yaxşı bilirik. Amma onu da bilirik ki, Azər Həsrət ölkə daxilində nə qədər radikal olubsa, ölkə xaricində Azərbaycanı, onun maraqlarını bir o qədər müdafiə edib”. Yazılara gəlincə, mənim zamanında sərt yazılarım olub. Məsələn, o vaxt Milli Məclisin sədri Murtuz Ələsgərov bir açıqlama vermişdi ki, Heydər Əliyevi tənqid edirsiz, heç kim onun haqqında yazmasın. Yazsa, cəzalandırılacaq. O zaman mənim əsas hədəfim Heydər Əliyev idi. Çünki hökumətin başında o dayanırdı.

R.Arifoğlu:

– Sevinc xanım, Azəri çox təhlükəli yollara çıxardın…

– Yox, icazə verin cavab verim. Mən o çıxışın səhəri günü belə bir köşə yazmışdım – “Heydər Əliyev haqda yazı. Surəti Murtuz Ələsgərova”.

S.Telmanqızı:

– Çox təhlükəli tənqid sayılmaz.

– Bunun tərkibi də vardı axı.

R.Arifoğlu:

– (zarafatla) Azər, çox provakasiyalara uyma.

– Hakimiyyətdə məni istəməyən “n” qədər adam var. Niyə? Çünki onlar dilimizi-dilçəyimizi, keçmişimizi bilirlər. Birincisi, düşünürlər ki, yox, bunlar bizə alternativ olarlar. İkincisi də, keçmişi müxalifətçidir, qorxulu ola bilər. Amma mən də xaraktercə elə adamam ki, arxada heç kimlə heç bir iş görmərəm. Nə varsa, üzdədir.

R.Arifoğlu:

– Məsələn, Əli Kərimli ilə gizlində, aşkarda heç bir əlaqəniz yoxdurmu?

– Mümkün deyil.

R.Arifoğlu:

– Niyə? O elə oynamağı, gizli əlaqələri sevir axı.

– Bu, onun xarakteridir, mənim xarakterim deyil ki. Onun xarakteri belədir ki, oynayıb, oynayır və gələcəkdə də çox güman ki, oynayacaq. Mən bu gün deyirəmsə ki, Rauf Arifoğlunun arxasındayam, tərəfdarıyam, bu, birmənalıdır.

S.Telmanqızı:

– Amma dəyişə də bilərsiz mövqeyinizi…

– Bilirsiz nə vaxt dəyişəcəm? Görsəm ki, Azərbaycan bizim vaxtilə uğrunda mübarizə apardığımız xətdən başqa istiqamətə gedir, o zaman mövqeyim dəyişər. Məsələn, Rusiyanın vassalına çevrilir, demokratik dəyərlərdən imtina edir, o zaman edərəm. Düzdür, belə bir ehtimal yoxdur. Çünki İlham Əliyevin xətti, siyasəti bəllidir.

R.Arifoğlu:

– Facebook səhifənizdə İlham Əliyevlə yan-yana gedərkən, ona nəsə dediyinizi əks etdirən bir foto var. Orda ona nə deyirdiniz?

– (gülür) Hə, bu sualı mənə dəfələrlə veriblər. Mənim qazax dostlarım dünyanın bütün ölkələrində səfərlərdə olmuşdular. Bir dəfə də mən onlara Bakıya gəlmələrini söylədim. Onlardan biri şəhərimizə gələn kimi Bakının çox ecazkar şəhər olması barədə bir status yazdı: “noçnoy qorod, nebesnoy krasotı”…. Mən də İlham Əliyevlə söhbət zamanı dedim ki, insanların Bakı haqqında ilkin təəssüratı belədir. Zaman vardı ki, biz Azərbaycana qonaq dəvət etməyə utanırdıq. Amma indi insanlar  özləri bizim şəhərə gəlməyə can atırlar.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …