Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Müsahibə / AYB-də tanınmış tənqidçi sədr olmaq istəyir

AYB-də tanınmış tənqidçi sədr olmaq istəyir

Tənqidçi Əsəd Cahangir son dövrlər gündəmdə olan məsələlərlə bağlı Bakupost.az-a müsahibə verib.  – Əsəd müəllim, hazırda nə üzərində işləyirsiniz?  – Gənc yazarların antologiyasını hazırlayıram. Antologiyalarda adətən janr təsnifatı olmur. Mənim ədəbi gənclər haqda ön sözümlə açılan bu antologiya isə şeir, nəsr, dramaturgiya və tənqid olmaqla, 4 bölümdən ibarət olacaq. Adətən antologiyalar şeirlə açılır. Mən bu stereotipi də qırmaq istəyirəm. Bu antologiyada ön sözdən sonra Günel Eyvazlının “Postinsan” essesi gələcək.

– Niyə belə?  – Məncə, dövrün ümumi fəlsəfi-estetik mənzərəsində ədəbiyyat daha aydın görünür. Günelin son dövrün aparıcı fəlsəfi anlayışlarından biri olan postinsan barədə yazısı bu mənzərəni yaratmağa xidmət edir. Bu, kinematoqrafik dillə desək, bir növ ümumi plandır. Sonra konkret planlar – yəni ayrı-ayrı yazarların bədii materialları gələcək.  Antologiyalarda adətən əruz vəznində yazılan şeirlər yer almır. Bu, klassikaya ögey yanaşan sovet dövründən, hətta proletkultun “daloy qəzəl”indəın qalan arzuolunmaz ənənədir. Bu kəsiri aradan qaldırmaq üşün Ağasəlim Əmri, Nicat Nəsri, Kamal Hüseyn, Vəlixan Abdullayev, Kamal Hüseyn, Tahirə Bərraq, Zaur Rəxşan kimi istedadlı əruz şairləri antologiyaya daxil edilib. İndiyə qədər antologiyalara bölgələrdə yaşayanlar daxil edilmirdi. Bu antologiyada Cəlilabaddan Xəttat Kilimçi, Qazaxdan Nuranə Təbrizin də şeirləri yer alıb. Amma antologiyaya daxil olan yazarların çoğrafi konturları sadəcə Azərbaycanla məhdudlaşmır. Moskvada yaşayan Nilufər Şıxlı, Türkiyədə yaşayan Ziyad Quluzadə də antologiyaya daxil olan yazarlar sırasındadır.

– Nə əcəb ön sözü Anar müəllim yazmadı?  – Mən də elə istəyirdim. Çünki Anar müəllimin Leyla Əliyevanın təşəbbüsü ilə işıq üzü görən ədəbi gənclər antologiyasına yazdığı ön sözü hələ də unutmamışam. Ona görə bu barədə ona sən deyən təklifi etdim. İşinin çox olduğunu bildirib, bu işi mənə həvalə etdi.  
– Antologiyada tanınmış gənc yazarlardan kimlər yer alıb?  – Antologiyaya təxminən 60 gənc yazar daxil olacaq. Bunlar arasında Pərvin Nurəliyeva, Fərid Hüseyn, Qismət Rüstəmov, Cavid Zeynallı… var. Nə dərəcədə tanınırlar, bunu artıq oxucu deyə bilər.
– Antologiyanın bir vəzifəsi də tanınmayanları üzə çıxarmaqdır.  – Bahəddin Salmanı geniş oxucu kütləsi hələ tanımır. Antologiyada onun “Qozbelin son duası” hekayəsi yer alıb. Məncə, oxucuların diqqətini çəkəcək. Yaxud Savalan Talıblını hamı jurnalist kimi tanıyır. Antologiyaya daxil olan “Qəza” hekayəsi isə onun nasir potensialından xəbər verir. – Əsəd müəllim, Kəramət Böyükçölü yazıçı kimi necə qiymətləndirirsiniz?  – Kəramət Böyükçöl diqqəti çəkən statuslar yazır. Amma status ədəbiyyatdırmı? Və yaxud qalmaqallı müsahibələr alır. Müsahibə ədəbiyyatdırmı? Onu kimsə aldadıb ki, sən yazıçısan, yanlış məcraya salıblar. Ordan nə qədər tez geri dönsə, bir o qədər faydalı olar, özünə də, başqalarına da. Və yaxud elə sənin özün.
– Bəs deyirlər tənqidi yazılarımı siz yazırsınız. Niyə məni öyrədirsiniz?  – Bunun günahını səndə görürəm. Çünki bir dəfə də olsun yazmırsan ki, bu yazıları mənə heç kim diqtə etmir, özüm yazıram. Mənə aydın deyil ki, öyrədilən adam imici sənin nəyinə lazımdır? Şəxsən, mənə öyrədən adam imici lazım deyil. Üstəlik, əgər bu böhtandırsa.  
– Bəs, siz niyə buna etiraz etmirsiniz?

– Əvvəla, bir dəfə elə sənin aldığın müsahibədə bu böhtanı təkzib etmişəm. İkincisi isə bəzi adamlar məni intiriqaya çəkmək, başımı qatmaq istəyirlər. Mənim onlara alət olmaq fikrim yoxdur. Kim nə yazırsa, deyirlər ki, guya mən öyrədirəm. Özüm öz gücümə heyran qalıram. Belə çıxır ki, ədəbiyyatı gizli surətdə mən idarə edirəm. Bir nəfər, iki nəfər yox, çoxları belə düşündüyündən bunu cəmiyyətin gizli şüuraltı istəyi kimi başa düşürəm. Odur ki, bu şüuraltı sosial sifarişi gerçəkləşdirmək, növbəti qurultayda sədrliyə namizədliyimi irəli sürmək fikrindəyəm.  
– Sizcə, qalib gələ biləcəksiniz?

– Şərt qələbədə yox, ədəbiyyatın durğunluqdan çıxması üçün göstərilən cəhddə, yeniləşmədədir.  
– Sizcə, Anar müəllim AYB-ni idarə edə bilmir?
 – Bunu bir dəfə demişəm, təkrar olsa da, bir də deyim. Anar nəinki AYB, hətta ABŞ-ı da idarə edə bilər. Amma özü gedəcəyi barədə dəfələrlə açıqlamalar verib.  
– Deyirlər yazıçı, jurnalistləri ev alandan sonra itiririk.  – Əgər ucuz çayxana və kafelərdə görünməməkdən söz gedirsə, bu fikirlə razıyam. Prezidentimizin bizə ev bağışladığı il yarımda yazdığım məqalələri toplasan, bir kitab eləyər. Üstəlik, müntəzəm teleçıxışlar, görüşlər, təqdimatlardakı aparıcılıq. Son vaxtlar Fərid Hüseynin təklifi ilə “Artkaspi.az” saytı nəzdində videodərs layihəsinə başlamışam. İlk dərs “Dantenin “İlahi komediya”sına həsr olundu və çox da yaxşı qarşılandı. Son yazılarımdan biri – Yekaterina Qabaşvilinin Cəlil Məmmədquluzadəyə təsiri xüsusunda İsa Həbibbəyliyə yazdığım açıq məktub idi. Onun necə qarşılandığını deməyə, məncə, ehtiyac yoxdur. Təkcə elə “Analoq.az” saytında yazını 6 mindən çox adam oxudu. Daha bundan artıq neyləməliyəm ki?  
– Heç nəyi bəyənməyən Əsəd Cahangir Elçinin “Baş romanını niyə çox bəyəndi?  – Elçin özünün “Baş” romanı ilə ədəbiyyatımızda yeni mərhələ başladır. Ən qısa şəkildə bunu belə formulə etmək olar: 1920-50-ci illərin sovet yazıçı-şairləri deyirdi ki, bircə həqiqət var, partiyanın həqiqəti; 60-70-ci illərin yazıçıları Anarın Təhminəsinin diliylə dedi ki, bircə həqiqət var, qəlbin həqiqəti; Muğanna “İdeal”da dedi ki, bircə həqiqət var, sözün həqiqəti; Elçin isə “Baş”da deyir ki, bircə həqiqət var, ruhun həqiqəti.  
– Siz bu həqiqətlərdən hansına inanırsınız?  – Partiyanın həqiqətindən danışmaq gülünc olardı. Qəlbimiz bizi aldada bilər. Söz təhrif oluna bilər. Yeganə həqiqət ruhun həqiqətidir.

– Daim gündəmdə olan yazarlar haqqında nə deyə bilərsiz? Məsələn, Kamal Abdulla. – Məncə, Kamal Abdulla gündəmpərəst adam deyil. Sadəcə, umacağı olan bir sürü adam onun adını hallandırır.
– Bir ara aranızda qalmaqal yaşandı.  – Düzdür, axıra yaxın polemika sərhədlərini aşmışdı. Amma o, qalmaqaldan daha çox, əslində, “Yarımçıq əlyazma” romanı ətrafında gedən polemika idi. Mən onun romanını necə yazıbsa, elə şərh etmək istəyirdim. Çünki onun əsərlərini adətən düzgün şərh eləmirlər.

– İndi münasibətiniz necədir? – Bizim onunla münasibətimiz yazıçı-tənqidçi münasibətləri çərçivəsini aşmayıb. İndi də bu münasibətlər qalır. Bütün ad-sanına, yaşına, vəzifəsinə baxmayaraq, Kamal Abdullanın içində bir uşaq var, mənim üçün o uşaq maraqlıdır. Çünki ədəbiyyatı yaradan o müdrik uşaqdır. Danışıb razılığını almışam, bu yaxınlarda onunla postmodernizm barədə bir videosöhbət eləyəcəm. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Bir neçə şair-yazıçı var, mənə elə gəlir ki, onları ən yaxşı mən çözə bilərəm. Onlardan biri də Kamal Abdulladır. Eqoist səslənmədi ki?
– Bir az…  – Amma bu, gəlişigözəl söz deyil. Məsələn, Füzulini heç bir tədqiqatçı düzgün çözmür. Çünki Füzuli özü istəməyincə, heç kəs onu çözə bilməz. Bizdəki füzulişünaslıq mənə biletin ətrafında danışmaq təsiri bağışlayır. Bircə Sabir Əliyev yaxınlaşmışdı, amma o da mətəyə çatmadı. Alimlər ədəbiyyaşünaslıq terminlərini, dağ kimi qalaqlanmış füzulişünaslıq trafaretlərini yarıb, birbaşa sözün içinə girə bilmirlər. Söz gözəli niqabını açıb, camalını onlara göstərmir. Onların gördüyü elə bu niqab olur. Kamal Abdulla haqqında yazılanlar da eləcə. “Unutmağa kimsə yox” haqda min məqalə yazılıb, amma biri də ordakı məhəbbəti “Leyli-Məcnun”dakı məktəb səhnəsi ilə müqayisə etməyib. Bir dəfə “Yarımçıq əlyazma” barədə Kamal Abdullaya bir-iki söz dedim, gördüm ki, bəzi şeylər onun özünə də aydın deyil, şüuraltı yazıb. Onda qalmış, başqaları ola. Yeri gəlmişkən, Kamal Abdulla bu gün Xalq Yazıçısı adına layiq görülüb. Onu da, digər ad alanları da təbrik edirəm. 
 Hamısı bu adlara çoxdan layiq idi. Sadəcə, Vaqif Bayatlı da Xalq şairi adı alsa, daha yaxşı olardı. Sözün qədrini bilən cənab Prezidentimizə ədəbiyyat adamları adından çoxlu-çoxlu təşəkkürlər.
– Bu gün, sizcə, sıçrayışlı istedad var? – 2000-ci ildən sonra beləsi olmadı, amma 90-larda varıydı – Həmid, Murad, Salam, Fəxri, Qulu… Onlar özlərini nə dərəcədə realizə etdilər, bu başqa söhbətdir. Amma potensial olaraq bu sıçrayış onlarda var idi.
– İndi də Qismət, Aqşin var. – Bu adamlar haqda fikirlərimi dəfələrlə demişəm. Özünütəkrara yol vermək istəmirəm.
– “Azərbaycan” jurnalında işləyirsiz. Jurnalın keyfiyyətindən razısınız? – Jurnal barədə fikrimi də dəfələrlə bildirmişəm. Ordakı inzibati islahatı isə artıq mən etməli deyiləm. Bu gün hansı jurnal, qəzet normal çıxır ki, “Azərbaycan” da çıxsın? Sadəcə, Azər və Qulu cavan adamlar olduqlarından ən azı dizayn yeniliyi edə bildilər. Səksəni haqlayan İntiqam Qasımzadədən bunu tələb etmək insafsızlıq olardı. O nə bacarırsa edib, indi sadəcə, estafet təzələnməlidir.
– Sizcə, bugünkü ədəbiyyatın ən böyük problemi nədir? – Elə bu dediyim məsələ. Yaşlılar estafeti gənclərə vermək istəmir. Bütün problemlər burdan qaynaqlanır. Bu problem təkcə ədəbiyyat yox, ictimai həyatın digər sahələrində də yaşanır. Əgər bu problem yuxarıdan sivil qaydada çözülməsə, yaxın bir neçə ildə kortəbii nizamlanmaya səbəb ola bilər.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …