Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Artur Rasizadə dedi: gedin Moskvaya, bıçağı soxun onların qarnına…” (VİDEO)

“Artur Rasizadə dedi: gedin Moskvaya, bıçağı soxun onların qarnına…” (VİDEO)

20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı ilin Bakı qırğınlarından bir neçə gün əvvəl Naxçıvanda da vəziyyət son dərəcə gərgin idi. Naxçıvan artıq ilk şəhidlərini verməyə başlamışdı. Ermənilər xüsusən Sədərək kəndi istiqamətində hücumlar təşkil edir, Naxçıvanı işğal etməyə cəhd göstərirdilər. Paralel olaraq bölgəyə Ermənistan ərazisindən – Qərbi Azərbaycandan qovulan on minlərlə azərbaycanlının köçü də gedirdi.

Bu dəhşət dolu hadisələrin növbəti ildönümündə həmin vaxt Şərur rayon (O vaxtkı adı ilə İliç rayonu-red.) Partiya Komitəsinin Birinci katibi vəzifəsini tutmuş Məmməd Abbasovla söhbəti təqdim edirik.

Məmməd Abbasov 1949-cu ildə Naxçıvan Muxtar Respulikası, (NMR) Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. 1988-1991-ci illərdə Şərur rayon Partiya Komitəsinin Birinci katibi, 1991-2013-cü illərdə Naxçıvan MR Baş nazirinin müavini-kənd təsərrüfatı naziri vəzifələrində çalışıb və təqaüdə çıxıb.

M.Abbasov videomüsahibəsində Şərur rayonuna rəhbərlik etdiyi dövrdə baş verən ictimai-siyasi hadisələr haqqında danışıb. O, 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlıların Naxçıvana gəlişi, erməni quldurlarının Muxtar Respublikanın kəndlərinə basqınlar törətməsi, bu günlərdə qəsb olunmasından 33 il keçən Kərki kəndinin işğal tarixçəsi, Ayaz Mütəllibovun Sədərək kəndinə səfəri, bu kəndin rayona çevrilməsi, Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti, Şərur rayonunda mitinqə qatılması, habelə İranla Azərbaycan arasında sərhədlərin açılması zamanı baş verən olaylar haqqında söhbət açıb.

Məmməd müəllim Moskvada Sov. KP.MK-nın İctimai Elmlər Akademiyasını bitirib, Azərbaycan SSRİ-yə qayıtdığı zaman Vəzirov hakimiyyəti tərəfindən üzləşdiyi təzyiqlərdən də bəhs edib: “Təyinatla göndərilsəm də, Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Əbdürrəhman Vəzirov Naxçıvandan olduğuma görə məni 2 ay işə qəbul etmədi. Vəzirov haqqımda belə ifadə işlətmişdi ki, İctimai Elmlər Akademiyasının buraxılışından cəmi bir nəfər azərbaycanlı var, o da naxçıvanlı… Bir müddət sonra Vəzirov məni çağırıb dedi: “Partiya məsləhət bilir ki, siz öz rayonunuzda Partiya Komitəsinin Birinci katibi vəzifəsində işləməlisiniz”. Ona dedim ki, siz naxçıvanlı olduğuma görə məni Mərkəzi Komitədən uzaqlaşdırırsız. Cavabında bildirdi ki, “mən də naxçıvanlıyam, xalam oradandır”… 13 sentyabr 1988-ci il tarixində Şərur rayon Partiya Komitəsinin plenumunda Birinci katib kimi təqdim etdilər. O dövrə qədər bu vəzifədə Tahir Əliyev çalışırdı…”

M.Abbasov bildirir ki, 1988-1991-ci illər onun həyatının ən mürəkkəb, gərgin və maraqlı dövrü olub: “Çünki SSRİ-nin çöküşü başlamışdı. Rayonda isə vəziyyət gərgin idi, bir çox gənc ailələrin torpağı, həyətyanı sahələri yox idi. Digər tərəfdən, ölkəmizdə, həmçinin Şərur rayonunda yeni siyasi qüvvələrin yaranması prosesi gedirdi”.

“Qıvraq polkunun şəxsi heyətini cəlb etməklə azərbaycanlıları deportasiya etdilər…”

Məmməd müəllim xatırladır ki, Şərur coğrafi mövqeyinə görə Ermənistan, Türkiyə və İranla həmsərhəd rayondur. Həmin vaxtlar Ermənistanda yaşayan azərbaycanlıların sıxışdırılmasına başlanmışdı. Oradan köçən azərbaycanlıların bir hissəsi də Şərur rayonuna sığınmışdılar: “Həmin dövrdə Naxçıvan şəhərində böyük mitinq təşkil edildi, aksiyada iştirak edən kütlə Naxçıvan Vilayət Partiya Komitəsinin binasına tərəf yönəldildi və bina onlar tərəfindən dağıdıldı. Olay SSRİ rəhbərliyinin diqqətini cəlb etdi, general Makaşov Naxçıvana göndərildi. O, araşdırma aparıb belə məruzə elədi ki, xalq partiyaya yox, partiyanın yerli rəhbərliyinin nöqsanlarına görə binaya basqın edib. Nəticədə, Vilayət Partiya Komitəsinin plenumu çağırıldı və Birinci katib vəzifəsindən azad edildi. Makaşov Şərura da gəldi, o, ictimaiyyətlə görüşdə insanlara sual verirdi ki, siz Birinci katibdən razısız? Cəmi br aya yaxın idi işləyirdim, haqqımda mənfi fikir deyən olmadı. Daha sonra Makaşov Ermənistandan gələn azərbaycanlıları qəbul elədi. Onlar bildirdilər ciddi təzyiqlərlə üzləşirlər, kəndlərə basqınlar olur, insanlar döyülür, incidilir. Makaşov daha sonra Moskva ilə əlaqə saxladı. Belə qərara gəldilər ki, Şərur rayonuna yaxın olan ərazilərdə – Vedidə, Arazdəyəndə, Masisdə, Şiddidə yaşayan azərbaycanlıları mütəşəkkil qaydada Naxçıvana gətirsinlər. Daha sonra Qıvraq polkunun şəxsi heyətini cəlb etməklə, yük maşınları Ermənistana göndərildi və azərbaycanlıları həmin bölgələrdən deportasiya elədilər. Onların yerləşdirilməsi üçün Şərur rayonunun bütün imkanları səfərbər edildi. Bir hissəsinə torpaq ayrıldı, evlər tikildi, qalanları isə qatar vasitəsi ilə Bakıya gəldilər. Bakıda böyük ajiotaj yarandı ki, onları niyə göndərirsiz, orada yerləşdirin…”

Kərki kəndinin işğal tarixçəsi

M.Abbasov xatırlayır ki, deportasiyadan sonra Ermənistan tərəfdən Şərurun kəndlərinə basqınların sayı artmağa başladı. Onun sözlərinə görə, bu zaman anklavda olan Kərki kəndi ilə bağlı ciddi problem yaranmışdı. Məmməd müəllim bu kəndlə bağlı olayları belə təsvir edir: “Kərkinin 500-ə yaxın sakini, min hektara yaxın ərazisi vardı, kənd hər tərəfdən Ermənistan əraziləri ilə əhatə olunmuşdu. Hər gün atəş açıb əhalini qorxu altında saxlayırdılar, yolunu kəsirdilər. Kənd sakinləri bizimlə rabitə vasitəsi ilə əlaqə saxlayırdı, daha sonra rayon Partiya Komitəsindən Kərkiyə növbətçilər göndərirdik ki, camaat hökumət nümayəndələrinin yanlarında olduğunu bilsinlər. Nəhayət, 1990-cı ilin 15 yanvarında Kərki kəndinə basqın oldu. Bu kənddə Daxili Qoşunların əsgərləri, ruslar vardı, onlar camaata bildirdilər ki, biz sizin təhlükəsizliyinizə təminat vermirik. Biz o dövrə qədər kənd əhalisinin 90 faizini, mal-mülkü ilə birgə oradan çıxarmışdıq. Orada qalan 10-15 nəfərin silahı yox idi. Ov tüfəngləri ilə müdafiə olunmağa məcbur idilər…”

Ətraflı

“Camaat Zəngəzur dəhlizində dəmir yolunu bağladı…”

Məmməd Abbasov müsahibəsində daha sonra yerli əhalinin Bakı-İrəvan dəmir yolunu bağlamasından danışır: “Bax, indiki Zəngəzur dəhlizi vasitəsi ilə İrəvanın təchizatı yüksək səviyyədə həyata keçirilirdi, yüklərin demək olar ki, 70 faizi Ermənistana gedirdi – yanacaq, ərzaq, sənaye məhsulları daşınırdı. İndi Ermənistan bu yolu açmır, baxmayaraq ki, bu yolun onlara faydası çoxdur. Həmin dövrdə əhali erməni basqınlarına etiraz olaraq bu yolu bağladı. Qatarlara imkan verilmədi ki, İrəvana getsin. Mərkəzi Komitədən bizə basqılar olurdu ki, yolu açın. Amma biz deyirdik ki, gəlin, özünüz baxın, yolu xalq bağlayıb. Ermənilər bizim kəndlərə basqın edir, camaat da buna etiraz olaraq yolu bağlayıb”.

Artur Rasizadə naxçıvanlılardan nələr tələb edib?

Məmməd müəllim Azərbaycanın keçmiş Baş naziri Artur Rasizadənin “Naxçıvan missiyası” haqqında danışır. Deyir ki, o zaman Azərbaycan SSRİ Nazirlər Sovetinin birinci müavini olan Artur Rasizadə Naxçıvana gəldi: “Mənə dedi ki, səni partiyadan xaric edəcəyik, çünki bu işləri sən təşkil edirsən. Dedim, bir vəziyyəti aydınlaşdırın, sonra belə ifadələr işlədin. Ona qalsa, indiki vəziyyətdə partiya adamlara gərək də deyil. Mən Artur müəllimə Arazdəyən tərəfdə ermənilərin basqın edib yandırdığı 8-9 evi, xəstəxanaya gətirib yaralıları göstərdim. Artur Rasizadə dedi ki, dəmir yolunu bağlayanlarla görüşmək istəyir. Getdik ora, camaat da onu əhatəyə aldı. Artur müəllim soruşdu ki, yolu niyə bağlamısız? Camaat da dedi ki, buradan Ermənistana hər cür yüklər gedir, onlar da oradan bizim kəndlərə hücum çəkir, insanları öldürür, evləri yandırır. Soruşdu ki, ermənilərdən kimlərdən narazısız. O zaman Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqanbekyan, onun köməkçisi Şahnazarov vardı. Camaat dedi ki, Qorbaçovun yanındakı ermənilər bizi bu günə qoyur, bəs siz hara baxırsız? Bizi gəlib məcbur edirsiz ki, dəmir yolunu açaq?!

Artur müəllim nə desə yaxşıdır? Dedi, onlardan xoşunuz gəlmir, gedin Moskvaya, bıçağı soxun onların qarnına!… İnsanlar Artur müəllimin adına görə fikirləşirdi ki, onda başqa meyillər var… Mən ona dedim, gəlin buradan gedək, yoxsa, xoşagəlməz hadisələr baş verə bilər. Artur Rasizadə vəziyyəti görəndən sonra başa düşdü ki, burada kənar təsir yoxdur”.

“Hiss olunurdu ki, bunlar qurama işlərdi…”

M.Abbasov müsahibəsində Azərbaycanın yeni tarxinin ən məşhur hadisələrindən olan İranla sərhədlərin dağıdılması olaylarına da aydınlıq gətirir: “1989-cu ilin sonlarında, 20 Yanvar hadisələri ərəfəsində Xalq Cəbhəsi İranla sərhədlərin götürülməsi tələbini irəli sürdü. 31 dekabra qədər vaxt qoymuşdular, təbliğat belə gedirdi ki, İranda bizim bacılarımız, qardaşlarımız, soydaşlarımız var, onlarla birləşməliyik. Amma sərhədlərin toxunulmaz olduğunu deyib, bu aksiyanın əleyhinə olanlar da vardı. 31 dekabrda sərhədlər dağıdılandan sonra Moskvada “Vremya” proqramında dedilər ki, Azərbaycanda narkomanlar, əyyaşlar dövlət sərhədini dağıtdı. Sonra məlum oldu ki, ölkədə fövqəladə vəziyyət elan etmək, 20 Yanvar hadisələrini törətmək üçün onlara bu fakt lazımdır. Doğrudur, deyirdik ki, sərhədləri götürürük, o taydakı xalqımızla birləşmək lazmdır, amma hiss olunurdu ki, bunlar qurama işlərdir…”

Məmməd Abbasovun maraqlı müsahibəsinin tamamını videodan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=7TmBC8tFYuk

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …