Ana səhifə / Müsahibə / “Artıq tam döyüş əməliyyatlarının keçirilməsi barədə danışmaq lazımdır” — Hərbi ekspert

“Artıq tam döyüş əməliyyatlarının keçirilməsi barədə danışmaq lazımdır” — Hərbi ekspert

Artıq 40 günə yaxındır ki, 29 dekabr tarixində ermənilərin əlinə keçən əsgərimiz Çingiz Qurbanovun nəşi geri qaytarılmayıb. Bu azmış kimi, dünən bir hərbçimiz Elnur Hüseynzadə düşmənə əsir düşüb.

Əsgərimizin meyitinin və əsirimizin geri qaytarılması üçün müxtəlif fikirlər səsləndirilir.

Bununla bağlı hərbi ekspert Abuzər Əbilov fikirlərini Ölkə.Az-la bölüşüb:

“Xüsusi əməliyyat keçirməyin əleyhinəyəm. Xüsusi əməliyyatlarla mövcud şəraiti dəyişmək olmaz. Bu utopiyadır. Əməliyyat keçirib, hansısa dığanın qulağından tutub gətirməklə, dəyiş-dəyiş oyunu oynamaq artıq keçilmiş bir mərhələdir.

Əməliyyat keçirilməlidir, amma xüsusi və istiqaməti yox. Artıq tam döyüş əməliyyatlarının keçirilməsi haqda danışmaq lazımdır. Apreldəki kiçik uğurların artıq əleyhimizə işləməyə başladığı şəksizdir. Mənim fikrimə görə, ümumqoşun lokal əməliyyatların keçirilməsi vacibdir. Böyük müharibəyə daxili və xarici siyasətdə gücümüz çatmırsa, kiçik əməliyyatlar və düşmənə bir daha güc nümayiş etdirmək üçün vaxt yetişib. Sözsüz ki, MN-nin də daxilində belə fikirlər az deyil. Hər halda son hadisələr MN-ə və onun ordu və xidmət strukturuna böyük təhqirdir. Bu təhqiri isə ancaq bir yolla yumaq olar. Düşmənin zəbt etdiyi əraziyə həmlə etmək, postlarını dağıtmaq, maddi və mənəvi zərər vurmaq. Məncə diskussiyanın mövzusu bu olmalıdır. Yoxsa futbol oyunu çox uzun çəkəcək. Mənə elə gəlir ki, biz stadionda deyilik.

Bundan əlavə, hər iki tərəfdə termal, vizual və hər cür hava şəraitində işləyən kameralar bir çox istiqamətlərdə mövcuddur. Kameralardan keçməyin bir çox yolları var. Bunlardan ən əsası infraqırmızı və digər şüaları qaytarmayan xüsusi hərbi geyimlərdir. Cəbhənin bir çox istiqamətləri və ərazisi mövqelərlə qorunur və kameralar yoxdur. Bu kimi hadisələrin olmasının bir anlamı var, xidmətin yararsız aparılması, yerlərdə komandir heyətinin etinasızlığı, mövqelərin lazımi qaydada qorunmaması. Bu da artıq hərbi cinayətdir. Düşünürəm ki, MN-ində bu saatlarda artıq bu məsələlər üzrə tədqiqatlar başa çatıb. Yəqin kimsə cəzalanacaq. Lakin hər dəfə əsgər, MAXE itirməklə, sonradan kiçik komandir heyətini cəzalandırmaqla problem həll olmayacaq.

Son texnologiyalı silahla anbarlarda yatmaq üçün yox, Azərbaycan vətəndaşının həyatını və sağlamlığını qorumaq üçündür. Əgər onlar bu tapşırığı yerinə yetirə bilmir və istifadə olunmursa, o zaman ölkənin bu vaxtında onlara bu qədər pul xərcləmək lazım deyil.

Bundan əlavə, yalnız bəsit və hərbidən xəbəri olmayan insanlar düşünə bilər ki, müharibə şəraitində şərait dəyişməz qala bilər. Bunu düşünən ya hərbi elmdən xəbəri yoxdur, ya da populistdir. Hərbi əməliyyatlar keçirilən zaman bir tərəf hansısa səviyyədə uğur qazanırsa, uduzan tərəf bu zaman öz səhvlərini analiz edib, onların yerini əks-cavabla doldurmağa calışır. Aprel döyüşlərində Ermənistan həm hərbi, həm siyasi, həm də mənəvi cəhətdən sarsıntılar keçirdi. Erməni ictimaiyyətində narazılıqlar, orduda başıpozuqluqlar baş verdi. Lakin bunun uzun sürməyəcəyi hamıya məlum idi. Düşmən səhvlərindən mütləq nəticə çıxarmalı idi. Lokal savaş əməliyyatlarına hələ də hazır olmayan Ermənistanın daxilindəki bu təlaşları kiçik əməliyyatlar bahasına boğmaq istəyi şəksizdir. Bu məsələ üçün bir çox tədbirlər görülür. Hətta Ermənistan xüsusi xidməti tərəfindən 650 nəfərlik ASALA terror təşkilatının say-seçmə keçmiş döyüşçülərinin Dağlıq Qarabağ ərazisinə gətirilməsi də bu tədbirlər planının kiçik bir hissəsidir. Başqa tərəfdən, şəxsən məni məyus edən məsələ MN-in müvafiq strukturlarının bir çox belə qabaqlayıcı tədbirlərə loyal yanaşması, ehtiyatda olan ixtisaslı zabitlərin bilavasitə yerlərdə döyüşən orduyla təmasını çox ləng qurmasıdır. Bundan əlavə, son hadisələr ictimaiyyətdə və gənc nəsil arasında “erməni əjdahadır, onların spesnazı güclüdür, onlar bacarıqlıdır” kimi imic yaradır və bu da psixoloji müharibənin kiçik də olsa bir aspektində bizim zəiflədiyimizi göstərir. Bütün bu kimi aspektlər çox vacib və təxirəsalınmaz müddəaların yerinə yetirilməsini tələb edir. Son durumlar bir çox xidmət və mütəxəssislərin işində də qəbahətlərin olmasını, bəzi sahələrdə zəiflik olmasını gündəmə gətirir. Ordumuzun güclü olmasını aşağılamaq fikrindən uzağam və mən də onun bir parçasıyam. Hər bir qəbahət və suç mənim də adıma yazılır. Lakin gəlin düşünək cənablar, bəlkə sonra gec oldu”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın