Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Artilleriya rəisi: “Talışda düşmənin Xüsusi Təyinatlı taborunun cəmləşdiyi binanı vurduq”

Artilleriya rəisi: “Talışda düşmənin Xüsusi Təyinatlı taborunun cəmləşdiyi binanı vurduq”

“Sərrast atış nəticəsində düşmən darmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinin taborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdən çox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları) məhv edildi, xeyli sayda yaralıları var”.
“O, mənim xidmət etdiyim ərazi ilə üz-üzə dayanan X dağatıcı alayına qərargah rəisi gəlmişdi. O həmin istiqamətdə də aktivlik göstərərək ard-arda törətdiyi təxribatları ilə yadda qalırdı. Bir gün məlumat gəldi ki Borsunlu-Talış istiqamətində cəmləşmə müşahidə olunur və bölmələrimiz atəşə tutulur… Mən dərhal cavab atəşi açdım. Sonra məlumat gəldi ki, həmin qərargah rəisi ölüb”.

Ordu.az-ın budəfəki müsahibi aprel döyüşləri iştirakçısı, “N” saylı hərbi hissənin keçmiş artilleriya rəisi, Hüseynov Eldəniz Zakir oğludur. O, 1976-cı il martın 19-da Ağdam rayon Şıxlar kəndində anadan olub. Orta təhsilini doğma kəndində əla qiymətlərlə başa vurub. 1994-cü ildə Bakı Ali Birləşmiş Komandandirlər məktəbinə daxil olub. Orada yerüstü artilleriya ixtisası üzrə təhsil alıb. 1998-ci ildən 2017-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində qüsursuz xidmət aparıb. Hərbi hissənin artilleriya rəisi vəzifəsinə qədər yüksəlib. Silahlı Qüvvələrin ehtiyata buraxılmış polkovnik-leytenantıdır. Ailəlidir. 2 övladı var.

– İlk hərbi rütbənizi alıb, işə başladığınız illər necə yadınızda qalıb?

– Əlbətdəki bütün zabitlər kimi mən də hərbi məktəbi bitirib, ilk hərbi rütbə olan leytenant rütbəsini aldım və öz ixtisasım üzrə xidmətə başladım. Leytenant olmağıma baxmayaraq, qarşıma qoyulan bütün öhtəlikləri layiqincə bacardığıma görə üç ay sonra bölük (batareya) komandiri təyin edildim. Bir amalım var idi – qarşıma qoyulan tapşırıqları nöqsansız yerinə yetirim və hərbi biliklərə daha da dərindən yiyələnim. Bununla yanaşı bütün öyrəndiklərimi həmişə tabeliyində olan şəxsi heyyətə öyrətmişəm. Bu da yüksək komandanlığın diqqət mərkəzində olurdu.

– Cənab polkovnik, hesab edirəm ki zəhmətkeş insana qiymət veriləndə o tutduğu yolda daha da əzimkar və mübariz olur. Sizin zəhmətiniz necə, yəni ilk dəfə nə vaxt təltif olunmusunuz?

– Çox düz vurğulayırsınız. Həqiqətən insanın zəhmətinə qiymət veriləndə o daha da mübarizləşir. Mən ilk dəfə elə leytenant olanda təltif olunmuşam. Göstərdiyim qüsursuz xidmətə, hərbi hissənin ictimai-siyasi məsələlərində fəal iştirak etdiyimə və birlik daxili yarışlarda qalib olduğuma görə dəfələrlə üst komandanlıq tərəfindən orden, fəxri fərmanlarla təltif edilmişəm.


– Siz başqa ixtisas da seçə bilərdiniz. Artilleriyaya həvəs hardan yaranmışdı?

– Düzünü deyim ki, mənim uşaq vaxtından silahlara böyük həvəsim olub. Mümkün qədər silahlar haqqında məlumatlar toplayıb onları öyrənirdim. Amma nədənsə top, minaatan və raket sistemlərinə sevgim artırdı. Qarşıma məqsəd qoydum ki, Eldəniz, sən artilleriyaçı olmalısan. Və bir gün gözümü açdım ki, mən batareya komandiriyəm…

(Nəmli gözlərində Vətən nisgili, qisas hissinin yükünü – od-alovunu daşıyan polkovnik gülümsəyir. Əslində sözarası diqqətinizə çatdırım ki mən ondan müsahibə razılığını heç də asanlıqla almamışam. Ona hər dəfə müsahibəyə razılıq verməsi barədə xahiş edəndə o, təmkinlə: – Hələ müharibə bitməyib, səbirli ol ki daha böyük nəaliyyətlər barədə daha çox söhbət edərik, – deyirdi…)

– Kifayət qədər xidmət yolunuz və təcrübəniz var. Əlbətdə ki, xırda çaplı atıcı silahlardan istifadə edən zabitlər cəbhə xəttində düşmən hədəfinə kifayət qədər atəş açıb. Bəs siz necə, yəni təlim atışlarından fərqli olaraq artilleriya vasitələrindən düşmənə nə zaman atəş açmısınız?

– Maraqlı sual oldu… Bildiyiniz kimi, ön xəttə düşmən tərəfindən atəşkəs rejimi hər gün pozulur. Bu indi də baş verir, sabah da olacaq. Ancaq onlar siz qeyd etdiyiniz kimi əsasən atıcı silahlardan – avtomat və pulemyotlardan istifadə edərək təxribat törədirdilər. Ancaq günü-gündən quduzlaşan işğalçı ordunun hərbçiləri cəbhədəki vəziyyəti daha da gərginləşdirmək üçün 2014-cü ildən başlayaraq öncə kiçik kalibirli minaatan silahlarından, sonra daha iri kalibirli minaatanlardan bölmələrimizi atəşə tutmağa başladılar. Əlbətdə düşmənə cavab atəşi açmamaq, düşməni susdurmamaq və susmaq bizi ruhdan salardı. Mən də düşmən hədəflərinə ilk tutarlı artilleriya zərbələrini həmin tarixdən endirməyə başladım. Belə deyim ki, bölmələrimiz arasında topdan da ilk atəşi 2015-ci ilin avqust ayında mən açdım.

– Sosial şəbəkələr vasitəsi ilə düşmənin yaydığı videolardan məlum olurdu ki, düşmən artilleriya vasitələri ilə birbaşa bölmələrimizi, dayaq məntəqələrimizi vurmağa, Azərbaycan ordusuna ağır itkilər verməyə can atırdı. Bəs sizin tabeliyinizdə olan bölmələr layiqincə necə cavab verə bilirdi?

– Əminliklə deyirəm ki, heç zaman düşmənin başıboş artilleriyaçıları kimi nagümana atəş açmamışam. Minaatan bölmələrimin atdığı bütün mərmilər demək olar ki, konkret hədəfə atılıb və ürəkaçan nəticələri ortaya çıxıb. Dəfələrlə düşmənin atəş mövqelərinə atdığım mərmilər düşmənin canlı qüvvəsini, hərbi texnikasını və artilleriya silahlarını məhv edib. Düşmən bunu öz ictimaiətindən gizli tutmağa çalışsa da, əldə etdiyimiz kəşfiyyat məlumatlarında, həmçinin atışdan öncə ərazidə çəkiliş aparmağa göndərilən PUA-ların qeydlərindən düşmənin ağır itkiləri təsdiqlənirdi.

– Bəs topdan atəş açılma zərurəti necə yarandı?

– Düşmən, Ağdam istiqamətində yerləşən taboru toplardan və 120 mm-lik minaatanlardan atəşə tutmuşdu. Həmin atəş nəticəsində Ağdam rayonundan olan müddətdən artıq hərbi qulluqçu həlak olmuşdu. Etiraf edim ki, əsəbimə hakim ola bilmirdim. Əlimdə olan məlum hədəflərə toplardan atəş açmağa can atırdım. Lakin hərbçi peşəsi soyuqqanlılığı, təmkinli olmağı sevir və tələb edir. Özümü toplayıb səbr etdim. Həmin atəşə tutarlı cavab verəcək hədəf axtarışına başladıq. Çox keçmədən dəyərli məlumat əldə etdik. Belə ki, Madagiz istiqamətində düşmənin cəmləşməsinin müşahidə olunduğu deyildi. Ərazinin koordinatlarını çıxarıb toplara atəş əmri verdim. Sərrast atış nəticəsində düşmən darmadağın oldu. Sonra məlum oldu ki, düşmənin Xüsusi Təyinatlı Qüvvələrinin taborları sertifikat alma mərasimi keçirirmiş. Top atəşimiz nəticəsində beşdən çox yüksək rütbəli zabitləri, iyirmidən artıq hərbi qulluqçuları (xüsusi təyinatlıları) məhv edildi, xeyli sayda yaralıları var. Həmin hadisədən sonra isə top atışları mütamadi hal aldı. Bu, aprel döyüşlərinə qədər davam elədi…


– Bəs sizcə düşmənin, Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sertifikatla təltifetmə mərasimini bölmələrimizin müşahidə edə biləcəyi ərazidə keçirməsində məqsədi nə ola bilərdi?

– Ön cəbhədəki təcrübəmi nəzərə alsaq, mən daima düşmənin təxribatdan öncə, ya xüsusi snayper qrupunu ön xəttə çəkməsini, ya da Xüsusi Təyinatlı Qüvvələrinin cəbhədə boy göstərməsini müşahidə etmişəm. Ona görə də son dönəmlər gördüyüm cəmləşməni bağışlamamışam. Ümumiyyətlə mən düşmənin xüsusi təyinatlarının cəmləşmə nöqtəsinə iki dəfə atəş açmışam. Ən pis halda – atəşimin birində 7 nəfər itiriblər…

– Cənab polkovnik, maraqlıdır… Atəş əmri verməzdən öncə nə düşünürdünüz…? Axı mərminin partlaması…

(Komandir nə deyəcəyimi anlayıb sözümü kəsir. Əslində, ondan sərt cavab gözləyirdim. Hətta müsahibənin yarımçıq qalacağı ehtimalı da az deyildi. Ancaq o öz peşəkarlığını ortaya qoyub, daraq kimi bir-birinə keçirdiyi barmaqlarını ayırıb, əllərini masanın üzərinə qoyaraq heç düşünmədən davam etdi.)

– Bilirsən necədir?! Biz düşmənin ərazisində oturmamışıq. Onlar bizim dədəbaba torpaqlarımızı minlərlə günahsız insanın qanın tökərək işğal edib. Bizim ata yurdumuzda səngər qazıb. Həmin səngərlərdən açdıqları atəş nəticəsində hərbçilərimiz həlak olub. Ya da sağlamlığını itirib. Ona görə də bizim bilavasitə borcumuz düşmənə öz torpaqlarımızda rahatlıq verməməkdir. Əgər biz onlara rahatlıq veririksə, deməli işğalla barışırıq. Birmənalı şəkildə və bir Azərbaycan zabiti kimi qeyd etmək istəyirəm ki, cəbhədə həlak olan bir nəfərin belə qanı yerdə qalmayacaq və bir qarış da olsun tarixi Azərbaycan torpağı düşmənə güzəşt edilməyəcək.

– Komandir, az öncə düşmənin cəbhədəki itkilərini – üstəlik təkcə sizin bölmələrin verdikləri itkilərdən danışdıq. Amma hər zaman işğalçı rejimə hökmüranlıq edən qüvvələr cəbhədəki itkilərini erməni ictimaiyyətindən gizlətməyə müvəffəq olurlar. Sizcə məqsəd nədir?

– Sizin bu sualınızı siyasi ekspertlər daha yaxşı şərh edə bilər. Ancaq mən də öz bildiklərimi diqqətinizə çatdırım. Ermənistan respublikasında istər siyasi-iqtisadi, istərsə də sosial-mədəni vəziyyət əhalini həddindən artıq sıxır. Artıq Ermənistan ictimaiyyəti bu acınacaqlı duruma tab gətirə bilmir. Üstəgəl Qarabağdakı itkilərinin açıqlanması onlar üçün vəziyyəti daha da gərginləşdirə bilər. Mənim fikrimcə məhz bu səbəbdən onlar itkilərini qismən gizlədir və sonra da başqa səbəblərlə əlaqələndirib açıqlayırlar.

– Həmin hadisələr zamanı qarşı tərəfdən, özünüzə rəqib görürdünüzmü? Yəni bir məqsədlə o adamı məhv etməlisiniz.

– Bəli, belə bir şey olub. Cəbəhənin Ağdam istimamətində düşmənin IV alayı var. Hansı ki, o əlahiddə alay idi. Orada xidmət aparan erməni zabiti dəfələrlə təxribatlar eldiyi üçün Ermənistan Müdafiə Nazirliyi tərəfindən qiymətləndirilərək yuxarı vəzifəyə təyin edilmişdi. O, mənim xidmət etdiyim ərazi ilə üz-üzə dayanan X dağatıcı alayına qərargah rəisi gəlmişdi. O həmin istiqamətdə də aktivlik göstərərək ard-arda törətdiyi təxribatları ilə yadda qalırdı. Bir gün məlumat gəldi ki Borsunlu-Talış istiqamətində cəmləşmə müşahidə olunur və bölmələrimiz atəşə tutulur… Mən dərhal cavab atəşi açdım. Sonra məlumat gəldi ki, həmin qərargah rəisi ölüb.

– Bəlkə bir az da aprel döyüşlərindən söhbət açasınız…

– Aprel döyüşləri mənim qürur yerimdir. Erməni mifini sındıran, ordumuzu xalqımıza tanıdan qısamüddətli döyüş idi. Məlumat əldə etdik ki düşmən mövqelərdə cəmləşmə aparır. Daha sonra təxribata əl atdılar. Biz də üst komandanlığın müvafiq tapşırığına uyğun olaraq cavab tədbirləri gördük.

– Döyüşlər zamanı cəbhənin Talış istiqamətində böyük bir qüvvəni idarə edirdiniz. Ümumilikdə döyüş çətin idi?

– Asan keç nə yoxdur. O ki qaldı müharibəyə bəli, çətindir. Amma biz bu çətinliyi asanlaşdırmışdıq. (Gülür…) Belə ki, bir zabitə döyüş o zaman asan olur ki, onun tabeliyində olan şəxsiyyət öz silahını yaxşı bilsin. Mən buna nail olmuşdum. Mənim canavarlarım silahlardan çox böyük ustalıqla istifadə edirdilər. Ona görə də biz döyüş tapşırığını layiqincə yerinə yetirdik. Düşməni ağır itkilərə məruz qoymağı bacardıq.

– Yəni əsgərlərinizdən razısınız…

Əlbətdə ki, artilleriyada xidmət edən əsgərlərin heç biri beş gün istirahət eləmədən döyüşdülər. Mən döyüşlərdən sonra hər bir əsgərimlə şəxsən görüşüb onlara təşəkkür elədim.


– Aprel döyüşlərində iştirak edən əksər zabitlər artilleriya rəisi Eldəniz Hüseynovun dəqiq atəşindən söhbət açır. Siz bu qədər dəqiqliyi, belə desək nöqtə atışını nəyə bocluydunuz?

– Haçansa bu döyüşün başlayacağını bilirdim. Ona görə də heç vaxt özümə rahatlıq vermirdim. Durmadan onların bütün hədəflərinin koordinatlarını işləyirdim. Döyüşlər başlayanda isə 11 ədəd müşahidə məntəqəsindən istifadə edirdim. Bütün bunlardan başqa atış zamanı hava şəraitini dəqiqliklə nəzərə alırdım.

– Döyüşlər zamanı özünüzün nəaliyyət hesab elədiyiniz atəş zərbələri nə ilə nəticələnib?

– Düşmənin Xüsusi Təyinatlı taborunun Talış kəndində cəmləşdiyi binanı vurduq. Digər düşmən xüsusi təyinatlılarının hücumunun qarşısın aldıq, onları ağır itkilərə məruz qoyduq və bir qərargahlarını dağıtdıq. Ümumilikdə o döyüşlərin özü nəaliyyət idi…

– Yüksək komandanlıq tərəfindən döyüşlər necə idarə olunurdu?

– Bir kəlimə ilə maksimum səviyyədə peşəkar, soyuqqanlı, vətənpərvər şəkildə… Məhz bizim bu əzmlə döyüşməyimizə zəmin yaradan amillərdən biri komandirimin mənimlə çiyin-çiyinə olması idi. Baxmayaraq ki o generaldır…

– Bəs qarşı tərəf?…

– Birincisi, onlara imkan vermədik. İkincisi, generalları generalımızın bilgisinin 10 faizə qədərinə də malik deyildi. Artilleriyaları isə… sıfırın altında idi.

– Növbəti döyüşə hazırsınızmı?

– Hər zaman, hər an hazıram…

– Redaksiyamız vasitəsi ilə gənclərimizə sözünüz varmı?

– Mənim komandirim H.Həsənovun belə bir sözü var: “Dünyanın ən güclü silahı axmağın əlində dəmir parçasıdır”. Birinci növbədə hərbi biliklərə yiyələnsinlər. Sonra isə sevsinlər… Vətəni, analarını, şəxsi dəyərlərini sevsinlər. Belə olsa onlar heç vaxt xəyanət etməyəcəklər. Hələ qarşıda bizi gözləyən namus, vətən davası var. Meydandan alnıaçıq çıxmalıyıq.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …