Ana səhifə / Müsahibə / ”Ağdamdan nigaran qayıtdım…”

”Ağdamdan nigaran qayıtdım…”

Yazıçı, publisist Vahid Qazinin ”Yeni Sabah”a müsahibəsi:

– Hər zaman yazılarınızda ürək ağrısı ilə vəsf etdiyiniz Ağdama səfər etdiniz. Bu haqda təəssüratlarınızı yazmısınız. Səfər necə baş tutdu? Siz uzun illər idi ölkədən kənarda yaşayırdınız. Ölkəyə qayıdıb Ağdama getmək çətinmi oldu?

– Düşünürəm, sualın təəssüratla bağlı hissəsinə sizin də dərc etdiyiniz ”Donuq duyğuların canlı xəyalı: Ağdam” yazısında ətraflı cavab var. Səfərin necə baş tutmasından deyim. Ağdama qrup halında getmək istəmirdim, orada konkret marşrutla hərəkət edilir. Mənimsə əsas istəyim evimizi görmək idi. Bir ildən sonra nəhayət bir dostum dedi ki, imkan var, gəl. Mən də bilet alıb gəldim. Gələndə məlum oldu ki, xüsusi icazəsiz mümkün deyil. Belə olan halda tələbəlik dostum, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızına müraciət elədim. Sağ olsun, kömək elədi.

– Ağdamı fotolarda, videolarda deyil canlı olaraq gördünüz. Yəni indiyə kimi foto-videolarda gördüyünüzdən fərqli təəssürat yarandımı sizdə?

– Foto-videoların neqativ təsvirləri olur. Bax, yaddaşımdakı şəhərin neqativ halı kimi görürdüm gördüyümü. Orda olduğum müddətdə hansısa təəssüratdan danışa bilmərəm. Keyimiş haldaydım açığı. Ağrılar duyğuların keyi açılanda başladı.

– Bundan sonrakı yaradıcılığınızda Ağdamla bağlı təqdim edəcəyiniz duyğularda dəyişiklik olacaqmı?

– Onu zaman göstərəcək. İndi məndə olan nigarançılıqdır. Nigaran qayıtdım ordan. Erməni-rus qoşunları Qarabağdan çıxmayınca o nicarançılıq bizi tərk etməyəcək.

– Ağdamın bərpa prosesi başlayıb. Sizin yazıların birində Ağdamın azad ediləndən sonra necə bərpa olunacağı haqda qeydlər var. Orada küçələr, döngələr, ağaclar və hətta güllərə qədər detallı təsvirlərdən istifadə olunub. Yeni Ağdamın layihəsi ilə tanış olmusunuzmu? Sizin arzularınıza, təxəyyülünüzə nə qədər uyğundur?

– ”Ruhlar şəhəri” kitabının ”Xəyal memarı” bölümünü deyirsiniz. Oradakı fikirlər bədii təxəyyül olsa da mən bəzilərini realda da saxlayardım. Küçələrin adıyla bağlı yerini, məsələn. Hər küçəyə bir ağac əkib küçəni o adla adlandırmaqla fərqli bir mənzərə sərgiləmiş olarıq.

Başa düşürəm ki, istər Ağdamı, istərsə də azad olunmuş başqa şəhər və kəndləri əvvəlki halında bərpa etmək mümkün deyil, bəlkə heç lazım da deyil. Əvəzində daha gözəl, müasir şəhər salınar. Amma tarixilik baxımdan bir çox işlər görülə bilər. Plana görə yeni şəhər Ağdamı və ətraf 8 kəndi əhatə edəcək. Demək, Mingəçevir, Əli Bayramlı, Sumqayıt kimi şəhər salınacaq. Kəndlərin adı şəhərin həmin ərazilərinin adında saxlanıla bilər. Söhbət inzibatı bölgüdən getmir, sadəcə Ağdamın müxtəlif ərazisi bir vaxt mövcud olmuş o kəndlərin adı ilə adlanar, məsələn, Seyidli, Ətyeməzli, Əhmədavar və sair. O kəndlərin məhəllə adlarını belə saxlamaq mümkündür. Bilirsiniz necə? Dayanacaqlarda. Şəhərdaxili avtobus, deyirlər tramvay da olacaq, marşrutu boyu dayanacaqlara o məhəllərin adı verilə bilər. Məsələn, Ağdamın Seyidli hissəsindən keçən avtobus marşrutu boyu dayanacaqlar bu adla sıralana bilər: Tülkütutanlar, Mollalar, Ayağıyalınlar, Təpəməhlə, Molla Qurbanlılar, Tillər, Qazılılar, Hacı İsmayıllılar. Bu halda şəhərin öz məhəlləri də bu dayanacaq adlarında yaşayar: Sarıtəpə, İmarət, Köhnə hamam, Beş mərtəbə, Bombey və başqaları.

– Ağdam bərpa olunandan sonra ölkəyə həmişəlik qayıtmaq fikriniz varmı?

– Şəhər azad olunanda hamı kimi biz də eyforik duyğular yaşadıq. Şəhərin bərpasında iştirakdan tutmuş, qalıb yaşamağa, işləməyə qədər fikirlər gəlirdi ağlımıza. Xanımım İsveçdə ibtidai sinif müəllimidir. Dedik, gedib məktəbdə işləyərik, yaxud uşaq baxçası açarıq. Amma bilirsiniz, hər eyforiyanın sonunda adam bir posteyforik hal da yaşayır. Deyirlər şəhərin tikintisi 2040-cı ilə qədər çəkəcək. Adamların nə vaxt köçürüləcəyi bilinmir. Sağlıq olsun.

– Ölkədən getdiyiniz günlə müqayisədə ümumilikdə Azərbaycanda hansı dəyişikliyi müşahidə etdiniz?

– İlk dəyişikliyi havada duydum. Bakının havası Havananın havasını xatırlatdı. Bilirsiniz, Kubada əsasən ötən əsrin 50-60-cı illərinin köhnə maşınlarıdır. Şəhər bu maşınların tüstüsü ilə nəfəs alır. Bizdə isə belə başa düşdüm ki, əhaliyə keyfiyyətsiz benzin, dizel satıldığından belə boğanaqdır hava. 

Pessimist görünmək istəməzdim. Amma adamları çox qayğılı gördüm. Ədalətsiz cəmiyyətdə insanlar qanunsuzluğun, dərəbəyliyin gətirdiyi əzablarla yaşayırlar. 1991-ci ildə heç birimiz müstəqilliyin 30-cu ilini belə təsəvvür edə bilməzdik. İnkişaf nağıllarına məncə heç kim inanmır. Hər kəs rifahı süfrəsində, gündəlik həyatında duyar, əgər belə rifah varsa, insanlar niyə kasıb, aqressiv, ümidsizdilər? Sanki biriləri burada qəsdən təhsilsiz, cahil cəmiyyət quruculuğu ilə məşğuldur.

Neyləmək, nədən başlamaq sualına isə ”Təməldən bir də qur(ul)maq” yazısında cavab var. Siz də dərc etmişdiniz onu. Keçid qoysanız, oxucu dostlarımız nəyi nəzərdə tutduğumu oxuyub bilərlər. 

”Ağdamdan nigaran qayıtdım, erməni-rus qoşunları Qarabağdan çıxmayına kimi...” 

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …