Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “ABŞ-da müəllimlikdən bir ildə qazandığımı, Azərbaycanda 12 ilə qazanaram”

“ABŞ-da müəllimlikdən bir ildə qazandığımı, Azərbaycanda 12 ilə qazanaram”

Azərbaycanın tanınmış iqtisadçı-alimi, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bu günlərdə müəllim fəaliyyəti ilə məşğul olduğu ABŞ-dan Azərbaycana gəlib. Onun gəlişi Azərbaycanda bir neçə mühüm hadisələrin baş verdiyi ərəfəyə təsadüf edib. Q.İbadoğlu ilə görüşərək, həm ölkə daxilində, həm ölkədən kənarda baş verən hadisələrlə bağlı söhbət etdik.

– Qubad bəy, neçə ildir xaricdə müəllimlik fəaliyyətinizlə bağlı uzun zaman kəsiyində Azərbaycanda olmursunuz. İndi bildiyim qədəri ilə müvəqqəti gəlmisiniz. Bu gəlişinizdə Azərbaycanda diqqətinizi cəlb edən hansısa yenilik varmı?

– Əvvəla, təşəkkür edirəm ki, Azərbaycanda olduğum qısa müddətdə mənə danışmaq imkanı yaradırsınız. Mən Azərbaycandan 3 ay əvvəl çıxmışdım. Bu, Azərbaycan kimi ölkələrdə dəyişiklik olması üçün qısa müddətdir. Amma bütövlükdə yerləşdiyimiz bölgədə ciddi dəyişikliklər olub. Bu dəyişikliklərə iştirakçısı olduğum Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda bir daha əmin oldum. Gələndən iki gün sonra mən Tiflisə səfər etdim. Tiflisdə Vətəndaş Cəmiyyəti Forumunun 10-cu illik toplantısı keçirilirdi. Bu toplantı məni xeyli pərişan elədi. Bu mənada ki, bütövlükdə bölgədə gedən proseslərdə Ermənistanın önə çəkilməsi, Avropa Birliyi nümayəndələri tərəfindən ermənilərin pozitiv tonda təbliğ olunması, Azərbaycanın isə avrointeqrasiya və demokratik quruculuq sahəsində həm Ermənistan, həm Gürcüstanla müqayisədə geridə qalan bir ölkə kimi təqdim edilməsi, təbii ki, bir azərbaycanlı, bir vətəndaş, bir mütəxəssis kimi məni çox narahat etdi.

– Hansı məqamlar idi sizi narahat edən?

– Orada gördüm ki, Ermənistanda baş verən və məxməri inqilab adlandırdıqları hakimiyyət dəyişikliyi, ondan sonra keçirilmiş parlament seçkiləri son nəticədə Ermənistanın mövqeyinin möhkəmlənməsi üçün əsaslar yaradıb. Bu əsasda, təbii ki, Azərbaycanda dəyişikliyin müşahidə olunmaması adamı narahat edir. Çünki biz Şərq Tərəfdaşlığında bir bölgəni təmsil edirik. Bu bölgədə baş verənlər Azərbaycan üçün müəyyən dərslər, nəticələr çıxarır.

Hesab edirəm ki, bu məsələlərdə həm dövlət, həm cəmiyyət olaraq bizim də ehtiyacımız var ki, daha yaxşı nümunələrlə, Avropaya inteqrasiya istiqamətində daha intensiv danışıqlarla, daha səmərəli fəaliyyətlərlə önə çıxaq.

Bu gün Azərbaycan vətəndaşları Avropaya gediş-gəliş sahəsində nə qədər çətinliklərlə üzləşirlər. Viza məsələsində mövqeyimiz Ukrayna və Gürcüstanla müqayisədə xeyli pisdir: onlar vizasız gediş-gəliş hüququ qazanıblar. Çox güman ki, müəyyən müddətdən sonra belə bir hüququ Ermənistan vətəndaşları da əldə edəcəklər. Çox istəyərdim ki, Azərbaycan vətəndaşları da bu imkanlardan bəhrələnsin. Burada istər-istəməz adamda bir milli paxıllıq hissi yaranır ki, nədən onlar bunu edə bilirlər, biz yox. Təbii ki, bu prosesin iki tərəfi var, hər şey yalnız bir tərəfdən asılı deyil. Hesab edirəm ki, prosesi irəli aparmaq üçün Azərbaycan hakimiyyətinin üzərinə düşən məsuliyyət və öhdəliklər daha çoxdur. Amma bütövlükdə biz Forumda bütün bu məsələləri qaldırdıq, beynəlxalq təşkilatların nümayəndələri də narahatlıqlarını ifadə etdilər. Ki, bütövlükdə Avropanın özünün məsələyə münasibətində ikili standartı var.

IMG_2774.JPG (4.60 MB)

“Bütün maraqları kənara qoyub, Azərbaycanın maraqları baxımından çıxış etmək lazımdır”

– Söhbət hansı standartlardan gedir?

– Yəni Avropa üçün də, Amerika üçün də iqtisadi maraqlar, təhlükəsizlik maraqları, xüsusilə Azərbaycana münasibətdə önə çıxır. Bu isə proseslərin kənar amillərin təsiri ilə ləngiməsinə gətirib çıxarır. Avropadan Azərbaycana baxış daha çox enerji resurslarına görə, Azərbaycanın yerləşdiyi strateji coğrafi mövqeyə görə, təhlükəsizlik müstəvisindəki roluna görə yuxarı qiymətləndirilir. Amma Azərbaycan xalqının həmişə böyük potensialı olub: həm elmi baxımdan, həm təhsil baxımından, həm mədəniyyət-incəsənət nöqteyi-nəzərindən. Hesab edirəm ki, bu istiqamətlərdə tarixən biz heç zaman nə Ermənistandan, nə də Gürcüstandan geri qalmamışıq. İndiki əhəmiyyətli bir zamanda da Azərbaycanın proseslərin arxasında qalması, təbii ki, bir vətəndaş kimi bizi narahat edir. Burada hakimiyyətin də məsuliyyəti var. Azərbaycan cəmiyyətini çox qapalı edib. İnsanın inkişafı üçün yalnız məktəblər, universitetlər əhəmiyyətli institut deyil, həm də cəmiyyətin özünün də bir rolu, töhfəsi var. Azərbaycan cəmiyyəti getdikcə daha çox açıq olmalıdır. Burada azad mətbuatın, vətəndaş cəmiyyətinin rolu, hesab edirəm ki, çox əhəmiyyətlidir. Bu baxımdan, indiki halda Azərbaycanda gedən proseslər həm də insanı inkişafdan geri saxlayır. Cəmiyyətin açıq olmaması – inteqrasiya prosesindən geri qalmağımız, Avropaya səfər imkanlarının məhdud olması bütövlükdə Azərbaycan insanının inkişafına mənfi təsir göstərir. İndiki dünya açıqdır: həm insanların hərəkəti baxımından, həm də ideya və fikirlərin mübadiləsi nöqteyi-nəzərindən. Biz bu imkanlardan lazımi səviyyədə istifadə edə bilmirik.

Bu gün Azərbaycanın ən önəmli problemi Qarabağ problemidir. Mənim narahatlığım ondan ibarətdir ki, bu gün Ermənistanda baş verənləri sabah Qarabağda təkrarlaya bilərlər. Yəni Qarabağda da yenidən hakimiyyətin formalaşması, demokratik seçkilərin keçirilməsi yolu ilə qondarma hakimiyyətin formalaşdırılması bizim maraqlarımıza qətiyyən cavab vermir. Bu, beynəlxalq aləmdə Ermənistanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarar. Bu məsələlər məni çox ciddi şəkildə narahat edir. Çünki belə variant bizim Qarabağın işğaldan azad olunması istiqamətindəki cəhdlərimizin nəticəliliyini azaldacaq. Ermənistan bu məsələdə daha çox dəstək qazana biləcək və biz Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdə ciddi çətinliklərlə üzləşəcəyik.

Digər tərəfdən də hesab etmirəm ki, Azərbaycanın iqtisadi potensialı Ermənistandan, Gürcüstandan aşağıdır. Bizim iqtisadi sahədə ən azı önə çıxmaq, əvvəlki dövrdəki nəticələri bərpa etmək imkanlarımız var. Amma təəssüflər olsun ki, devalvasiyadan sonra biz iqtisadi sahədə mövqelərimizi itirmişik. Doğrusu, bundan da narahatlıq keçirirəm ki, bu qədər iqtisadi potensialı olan ölkənin vətəndaşının yaşayışını xarakterizə edən sosial parametrlər Ermənistanla, Gürcüstanla müqayisədə çox yaxşı görünməlidir. Bunun üçün də Azərbaycanda ciddi iqtisadi islahatlara ehtiyac var. Təbii ki, iqtisadi islahatların baş verməsi üçün siyasi baza olmalıdır, fundamental dəyişikliklər olmalıdır  – azadlıqlar və digər nöqteyi-nəzərdən.

“İnqilabdan sonra Ermənilər dünyada özlərini mədəni millət kimi göstərməyə çalışırlar” 

– Tiflisdəki Forumda Azərbaycan hökumətini kimlər təmsil edirdi?

– Təəssüflər olsun ki, hakimiyyət nümayəndələri tədbirə qatılmadılar. Bildiyiniz kimi, Vətəndaş Cəmiyyəti Forumu 6 ölkəni və Avropa Birliyi dövlətlərini birləşdirir. 150-dən çox nümayəndə var idi, Gürcüstan hakimiyyəti tərəfindən çox yüksək səviyyəli ev sahibliyi həyata keçirildi. Baş nazir bizi qəbul etdi, ziyafət verdi. Eyni zamanda parlament öz plenar iclas zalını müzakirələr üçün açdı. Bu müzakirələrdə parlamentin spikeri, Ermənistan və Gürcüstanın, Pribaltika ölkələrinin xarici işlər nazirləri iştirak etdilər. Demək olar ki, ən aşağı səviyyə xarici işlər nazirləri və onların müavinləri idi. Yalnız Belarus nazirliyin departament rəhbərini göndərmişdi. Azərbaycan hakimiyyəti isə ümumiyyətlə, təmsil olunmurdu. İştirak edən yalnız vətəndaş cəmiyyəti idi. Vətəndaş cəmiyyəti olaraq Ermənistanın xarici işlər naziri çıxış edəndə suallar ünvanladıq. Qarabağ münaqişəsi ilə bağlı mövcud siyasətdə hansı dəyişikliklərin olacağını soruşduq. Erməni nazir diplomatik cavab verdi ki, Ermənistan danışıqlara hər zaman açıqdır, sülhü dəstəkləyir, eyni zamanda Ermənistan hesab edir ki, biz dözümlü olmalıyıq, bu sahədə müharibə və digər qarşıdurmanı boykot edirlər və sair. Yəni o, ermənilərin mədəni millət olduqlarını qabartdı. Ümumiyyətlə, ermənilər hakimiyyət dəyişikliyinin heç bir zorakılıq olmadan baş verməsini böyük qələbə, erməni millətinin mədəni olmasının əlaməti kimi təbliğ edirlər. Deyirlər ki, ABŞ-ın Ermənistandakı səfiri onlara deyib ki, belə böyük dəyişikliyin bir şüşə sınmadan baş verməsi böyük nailiyyətdir, sizi təbrik edirəm. Onlar bunu özlərinin demokratikliyi, mədəniliyi kimi təqdim edirlər. Bu isə bizim maraqlarımıza cavab vermir. Cavab vermir deyəndə ki, hər bir millətin öz inkişaf yolunu seçmək haqqı var, heç kim buna müdaxilə edə bilməz. Amma əgər bütövlükdə bütün dünya bu inkişaf yolunu seçirsə, hesab edirsə ki, demokratik, azad seçkilər, demokratik institutların fəaliyyət imkanlarının genişləndirilməsi daha düzgün yoldur, onda hesab edirəm ki, biz də bu yolla getməliyik. Azərbaycan dövləti yalnız hakimiyyətdə təmsil olunanların potensialından istifadə etməli deyil.

 

“Ermənistanda baş verənləri sabah Qarabağda təkrarlaya bilərlər. Yəni Qarabağda da yenidən hakimiyyətin formalaşması, demokratik seçkilərin keçirilməsi yolu ilə qondarma hakimiyyətin formalaşdırılması bizim maraqlarımıza qətiyyən cavab vermir. Bu, beynəlxalq aləmdə Ermənistanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarar”

– Kimləri nəzərdə tutursunuz?

– Məsələn, bu tədbirdə iştirak edən vətəndaş cəmiyyətinin çox dəyərli nümayəndələri var ki, orada Azərbaycan dövlətinin maraqlarını müdafiə etməklə məşğul olurdu. Biz orada Paşinyanın müşavirinin çıxışından sonra suallar qaldırdıq. Ermənistanda korrupsiya, oliqarxlarla münasibətlərlə bağlı. Bununla auditoriyaya çatdırmağa çalışdıq ki, Ermənistan heç də bir inqilabla, bir seçki ilə problemlərini tamamən həll etməyib, onun çox ciddi problemləri hələ qalır. Amma hər halda, onlar özlərini elə təqdim edirlər ki, o problemlərin həlli istiqamətində proqramları, konsepsiyaları var. Təbii, oradakı dəyişikliklərin nə dərəcədə davamlı, sabit və möhkəm olacağını zaman göstərəcək. Oradakı dəyişikliklər geri də dönə bilər. Amma istənilən halda mən bütün bu məsələləri Qarabağ kontekstindən dəyərləndirirəm. Bu baxımdan, bizim beynəlxalq aləmdə nüfuzumuzu artıran proseslərin başlanmasına ehtiyac var.

“Vətəndaş cəmiyyəti də daxili intriqalardan bir addım geri çəkilməlidir”

– Bu günlərdə Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın fəaliyyəti müvəqqəti dayandırıldı. 2 illik müddətdə icra olunması üçün tədbirlər təqdim olunub hökumətə. Siz o planın icrasını mümkün sayırsınızmı?

– Açıq Hökumət Tərəfdaşlığı demokratik proseslərin təşviq olunması sahəsində mühüm platformalardan biridir. 2016-cı ildə bu platformada Azərbaycanı qeyri-aktiv üzv statusu verilmişdi, müəyyən tövsiyələr irəli sürülmüşdü. Lakin bu tövsiyələrin icrası sahəsində görülən işlər Təşəbbüsün rəhbər komitəsini qane etmədi. Tövsiyələrin bir istiqaməti vətəndaş cəmiyyəti institutlarının dövlət qeydiyyatına alınması ilə, ikincisi onların əməliyyat fəaliyyətinin asanlaşdırılması, üçüncüsü isə xarici donorların ölkədə fəaliyyət imkanlarının bərpa olunması idi. Təəssüflər olsun ki, bu sahədə ciddi bir irəliləyiş baş vermədi, hətta bəzi istiqamətlərdə vəziyyət daha da pisləşdi. Bundan sonra yenidən tövsiyələrin icra vəziyyətinin dəyərləndirilməsi prosesi getdi. O dəyərləndirmədə mən də iştirak etmişəm, apardığım tədqiqatın nəticələrini təqdim etmişəm. Onlar mənimlə də Azərbaycanın bu platformada növbəti dövr üçün fəaliyyət ssenarilərini müzakirə ediblər. Bir neçə ssenari təklif olunurdu: Bir ssenari Azərbaycanın təşəbbüsdən tamamilə çıxarılması, digəri eyni statusda saxlanaraq, müəyyən müddətin verilməsi idi. Mən ikinci ssenarini dəstəklədim, bildirdim ki, Azərbaycanın çıxarılması vətəndaş cəmiyyətinin vəziyyəti baxımından heç də yaxşı olmayacaq. Son qərar belə oldu ki, Azərbaycan bu Təşəbbüsdə qalır. Bu ilin sentyabrından altkomitənin qərarı ilə qeyri-aktiv ölkələrə fəaliyyəti müvəqqəti dayandırılmış ölkə statusu verildi. Azərbaycan da belə statuslu ölkə hesab edildi. 2021-ci ilədək icra edilməsi vacib hesab edilən fəaliyyətlər toplusu təqdim olunub.

– Sizcə, bu fəaliyyətlərin icrası realdırmı? Hökumətin hansı addımları Rəhbər Komitəni qane edə bilər?

– Birinci addım 2019-cu ilin martın 31-dək bütün maraqlı tərəflərin iştirakı ilə yol xəritəsinin hazırlanması, Azərbaycanın Təşəbbüsdə ən azı nazir səviyyəsində təmsilçiliyin təmin olunması. Bundan sonra Milli Fəaliyyət Planı hazırlanmalıdır. Həmin Plan müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. 2021-ci ilin dekabrınadək fəaliyyət planının icrası təmin olunmalıdır.

Düşünürəm ki, ilk addım Azərbaycandakı Açıq Hökumət Platformasını yenidən təşkil etmək, orada bütün maraq qruplarının iştirakını təmin etmək olmalıdır. Bu platforma yaradılanda heç də hamının orada iştirakına şərait yaradılmadı, xüsusi seçimlə hərəkət etdilər. Platforma vətəndaş cəmiyyəti institutları tərəfindən yaradılmalıydı, amma burada dövlət qurumu olan QHT Şurası təşəbbüskar oldu. Ona görə də legitimlik qazanmadı. Hazırda hakimiyyətin əsas işi bu Platformanın legitimləşdirilməsi olmalıdır.

 

“ABŞ-da dərsə girəndə elə bil bütün dünya sənin qarşında olur. İştirak edən tələbələr arasında hindistanlı, pakistanlı, çinli, cənubi koreyalı, yaponiyalı, ispan mənşəli, müxtəlif ştatların nümayəndələri, fransızlar, ingilislər, almanlar var” 

– Deyirsiniz, Platforma açıq deyil. Amma Platforma üzvləri deyirlər ki, açıqdır, kim istəsə gəlib qoşula bilər…

– Biz özümüz müraciət etmişik, Platformanın işində iştirak etmək üçün marağımızı ifadə etmişik. Amma hələ də bizə heç bir cavab verilməyib. Platformaya üzvlük dəvət əsasındadır, dəvət üçün seçimi də QHT Şurası həyata keçirir. Çoxlu sayda fiskal sahədə, Açıq Hökumət sahəsində, antikorrupsiya sahəsində ixtisaslaşmış QHT-lər var ki, kənarda qalıb. Mən konkret adları çəkmək istəmirəm, amma onların kim olduğunu vətəndaş cəmiyyəti cameəsində hamı yaxşı bilir.

Hesab edirəm ki, indiki zamanda bütün maraqları kənara qoyub, Azərbaycanın maraqları baxımından çıxış etmək lazımdır. Kimsə özünün haqlı olduğunu sübut etməyə çalışmamalıdır. Ona görə də ilkin addım olaraq Platformada dəyişikliklər aparılmalı, yenidən təşkil olunmalıdır. Onun idarəçiliyində, qərarların qəbulunda dəyişikliklər edilməlidir. Platforma vətəndaş cəmiyyəti institutlarının birliyi olmalıdır. Dövlət orqanında təmsil olunub, həm də platformada vətəndaş cəmiyyətini təmsil etmək maraqlar konflikti yaradır. Bunu Platformadakı hüquqşünaslar çox gözəl bilirlər. Platforma üzvləri azad və müstəqil təşkilatlar olmalıdır. Ola bilər ki, onların arasında hökumətin mövqeyini dəstəkləyənlər də olsun, dəstəkləməyənlər də. Bu, müsbət bir şeydir. Vətəndaş cəmiyyətində rəngarənglik, fikir müxtəlifliyi olmalıdır. Platforma yalnız eyni fikirlərin daşıyıcısı olan QHT-lərin toplumu  olmalı deyil.

– Bəs platforma yenidən formalaşdırılarsa…?

– Platforma yenidən formalaşdırılarsa, sonrakı addım yol xəritəsinin hazırlanmasına başlamaq ola bilər. Bu prosesdə hökumət də təmsil olunmalıdır. Vətəndaş cəmiyyəti və hökumət birlikdə xəritəni hazırlamalıdır. Düşünürəm ki, burada çətin bir şey yoxdur. Sadəcə, siyasi qərar olmalıdır və bu qərar nə qədər tez qəbul olunarsa, o qədər də Azərbaycanın dövlət maraqlarına uyğun olar.

Eyni zamanda vətəndaş cəmiyyəti də daxili intriqalardan bir addım geri çəkilməlidir. Çünki bütövlükdə ölkəmiz üçün həlledici mərhələdəyik.

“Azərbaycanda çoxları elə bilir ki, xaricdə doktorantura təhsili almaq asandır. Xaricdə doktorluq təhsili almaq əsgəri xidmət çəkmək kimi bir şeydir” 

– Qubad bəy, bu ərəfə Azərbaycanda həm də büdcə müzakirələri ilə yadda qaldı. Bu büdcədə sizi ən çox qane edən, eləcə də qane etməyən məqamlar hansılardır?

– 2019-cu ilin büdcəsi Azərbaycanda ilk dəfə olaraq maliyyə qaydaları əsasında qəbul olundu. İlk növbədə qeyd edim ki, bu qaydaların özü təkmil deyil, boşluqlar var. Xüsusilə də neftin qiymətinin aşağı düşdüyü şəraitdə büdcə üçün ciddi problemlər yarada bilər. Yəni indiki halda neftin qiyməti yüksəkdir və bu qaydalar Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmində elə bir məhdudiyyətlər qoymur. Amma qiymətlər aşağı düşəndə icmal büdcənin gəlirləri və xərcləri azalanda həmin qaydaların tətbiqi problemlər yaradacaq. Bu qaydalar dünya bazarında qiymət konyukturasından çox asılı bir şəkildə hazırlanıb. Bu, onun ən zəif tərəflərindən biridir. İkincisi, bu qaydalarla manipulyasiya etmək imkanları genişdir. Bu da düzgün deyil, qaydalar konkret olmalı, bütün manipulyasa imkanları kənarlaşdırılmalıdır. Bütün bunlara baxmayaraq, büdcənin bu qaydalarla qəbul olunmasını pozitiv məqam hesab edirəm. Çünki indiyədək dəfələrlə belə qaydaların olmasının vacibliyini qeyd etmişik, hətta təkliflər də hazırlayıb vermişik. Təəssüflər olsun ki, o təkliflərdən istifadə olunmayıb.

Büdcənin ikinci pozitiv tərəfi sair xərclərin ümumi xərclərdə payının aşağı düşməsidir. Bu o deməkdir ki, biz daha çox xərcləri detallaşdıra bilmişik. Başqa bir müsbət tərəf sosial ipotekaya ayrılan vəsaitlərin artırılmasıdır. Bu da sosial baxımdan mühüm əhəmiyyət kəsb edir. Nəhayət, gələn ilin büdcəsindəki pozitiv məqamlardan biri icbari tibbi sığortanın tətbiqi baxımından səhiyyə xərclərinin artırılmasıdır. Gələn ildən başqa rayonların da pilot layihəyə cəlb olunması nəzərdə tutulur.

Ümumilikdə götürdükdə, büdcə zəif hazırlanıb. Hazırlanma prosesində büdcə danışıqları aparılmayıb. Daha bir zəif tərəfi büdcənin nəticə əsaslı proqramlarla tərtib olunmamasıdır. Müasir dünyanın büdcə təsnifatında önəm verdiyi əsas məqam nəticə əsaslı proqram təsnifatıdır. 2014-cü ildə Qırğızıstanda çalışarkən oradakı əsas işlərimdən biri bu ölkənin Maliyyə Nazirliyi üçün proqram əsaslı büdcənin hazırlanması və onun kodlaşdırılması olub. Hazırda Qırğızıstan büdcəsini həmin proqram əsasında müvəffəqiyyətlə hazırlayır. Belə büdcə imkan verir ki, hökumətin fəaliyyətini konkret proqramlar üzrə nəzərdə tutulan nəticələrə görə qiymətləndirmək mümkün olsun. Bizim büdcədə bu təsnifat yoxdur.

Büdcəyə Neft Fondundan transfertlərin artırılması büdcənin zəif tərəflərindən biridir. 2015-ci ildən bu transfertləri azaltmışdılar, amma 2019-cu ildən yenidən artırılır. Bu, yanlış siyasətdir.

Büdcədə qeyri-neft daxilolmaları cari xərcləri qarşılayacaq həcmdə deyil. Bu isə onun dayanıqlığının aşağı olması deməkdir.

– Büdcə neftin dünya bazar qiymətinin 60 dollar həcmi ilə hesablanıb. Son bir ayda isə bu bazarda qiymətlər kəskin dəyişikliklərə məruz qalıb. Bir çox mütəxəssislər bu səbəbdən büdcədə neftin qiymətinin 60 dollardan hesablanmasının riskli olduğunu bildirirlər. Sizcə, 60 dollar nə qədər riskli bir həddir?

– Düşünürəm ki, neftin qiymətinin hansı həddə götürülməsi büdcə gəlirlərinin təminatında ciddi rol oynamır. Yəni büdcə gəlirlərinin az qala yarısı Neft Fondundan transfertdir. Qiymət aşağı olsa da, onu təmin etmək mümkündür. Neftin ucuzlaşması şəraitində büdcə gəlirlərində azalma yalnız xarici neft şirkətlərinin ödədiyi mənfəət vergisində ola bilər. Bu da ciddi bir problem yaratmayacaq.

SOCAR-ın büdcəyə ödəmələri qiymətdən asılı olmayaraq müəyyənləşir.

Düşünürəm ki, qiymətin optimist götürülməsinə ehtiyac yox idi. Orta qiymət əsas götürülməli idi. Ümumiyyətlə, büdcənin ən azı neftin 3 qiyməti variantında proqnozlaşdırılması lazım idi. Son illərdə bunu edirdilər, bu il etməyiblər. Halbuki belə ssenariləşdirmə çox vacib idi.

Doğrusu, gələn ilin büdcəsində özəlləşmədən əldə olunacaq gəlirlərin artırılacağını gözləyirdim, amma belə olmadı. Bu, Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı gözlənti idi. Amma büdcə müzakirələrindən də aydın oldu ki, hökumət gələn il də Beynəlxalq Bankı özəlləşdirmək niyyətində deyil.

Amerika və Azərbaycanda müəllimlik: “Orada bir ildə qazandığımı Azərbaycanda 12 ilə qazana bilərəm”

– Bir neçə ildir Amerikada müəllim fəaliyyəti ilə məşğul olursunuz. Ondan əvvəl Azərbaycanda da müəllimlik edirdiniz. İki ölkədə bu fəaliyyət arasında hansı fərqləri görürsünüz?

– Fərqlər çoxdur. Təhsilin idarə edilməsi, müəllimin fəaliyyəti, prosesin özünün qurulmasında bunu asanlıqla görmək, müqayisə etmək olur. Azərbaycanda dərs keçdiyim metodologiyadan Amerikada da istifadə edirəm. Yəni xüsusi metodoloji fərq yoxdur. Sadəcə olaraq, Azərbaycanda bizim metodikanı səmərəli həyata keçirmək üçün mühit yoxdur. Bunun həm texniki tərəfi var, həm siyasi tərəfi. Texniki tərəfi ondan ibarətdir ki, infrastruktur olmalıdır. Bunun üçün həm də tələbələrin bu prosesdə iştirakına dair tələblər fərqli olmalıdır. Siyasi tərəfi ondan ibarətdir ki, akademik azadlıqlar, fərdlərin azadlığı olmalıdır. Məsələn, mən müəllim olaraq 3 dərs aparıram: keçid iqtisadiyyatı, təbii resursların iqtisadiyyatı və beynəlxalq siyasi iqtisad. Heç bir qrupda tələbələrin davamiyyətini aparmıram, bu məsələ demək olar ki, müəllimin vəzifə və funksiyalarına daxil deyil. ABŞ-da qrup formatında dərs yoxdur. Tələbələr özləri fənlərini seçirlər. Ona görə də məsələn, beynəlxalq siyasi iqtisad dərsində 1-ci kursdan da tələbə var, 3-cü kursdan da. Onların bəziləri fakültə olaraq siyasi elmlərdən dərs alır, bəziləri iqtisadiyyatdan, bir qrupu də biznesdən. Sadəcə olaraq, bu dərslər onlara təqdim olunur, bütün əlaqədar fakültələrdən ora qatılanlar olur.

ABŞ-da dərsə girəndə elə bil bütün dünya sənin qarşında olur. İştirak edən tələbələr arasında hindistanlı, pakistanlı, çinli, cənubi koreyalı, yaponiyalı, ispan mənşəli, müxtəlif ştatların nümayəndələri, fransızlar, ingilislər, almanlar var. Orada dərs keçməyin ağırlığı, məsuliyyəti də çoxdur. Tələbələr çox hazırlıqlıdılar, dərsə girəndə tələbənin oxuya biləcəyi bütün istinadlara, bütün ədəbiyyatlara bələd olmalısan. Bu, kifayət qədər əlavə vaxt tələb edir. Müəllimə xüsusi bir nəzarət var. Bizdə daxili audit var, texniki işçilər dəhlizlərdə müəllimlərin davamiyyətinin qeydiyyatını aparırlar. Amerikada belə nəzarət yoxdur, amma heç bir müəllim dərsdən yayınmır, yaxud tələbələri tez buraxmır. Dərsi əvəz etdirmək mexanizmi demək olar ki, yoxdur. Dərs buraxmaq mümkün deyil, online formatda olsa belə dərsini keçməlisən. Tələbələr üçün də dərs yüklü olur, müxtəlif metodoloji vasitələrlə yüklənirlər.

 

“İkili universitetlərdən daha yaxşısı Azərbaycanın özünün ali təhsil modeli yaradılmalıdır. Bu baxımdan, ADA gözəl nümunədir. ADA kimi universitetlərin qurulmasına ehtiyac var”

– Bəs əməyin qiymətləndirilməsində necə?

– Əməyin qiymətləndirilməsində fərq həddindən artıq böyükdür. Amma burada iki amili nəzərə almaq lazımdır. Birincisi, Amerika çox bahalı yerdir. Məsələn, mən orada kirayə, yaşayış xərclərini qarşılamaq üçün əmək haqqının yarısından çoxunu sərf edirəm. ABŞ-da vergilər yüksəkdir. Orada əmək haqqımdan ödədiyim vergi Azərbaycanda universitetdə işlədiyim dövrdə aldığım əmək haqqının demək olar ki, beşqatı qədərdir. Amma əmək haqqı elə səviyyədə təmin olunub ki, ədalətlidir, layiqlidir. Orada müəllimin nəinki yaşayışı,  özünü inkişaf etdirməsi üçün də imkanlar yaradır. Bundan əlavə, orada universitetlərin özlərinin fondları var. Peşəkar inkişaf fondlarıdır. Müəllimlərin ayrı-ayrı konfranslarda iştirakı, dərsliklərin yazılması üçün proqramlar var. Dərsliklər orada da, Avropada da çox bahadır. Əmək haqqının səviyyəsini müəyyənləşdirmək üçün belə bir müqayisə aparmaq olar ki, bir il ərzində Azərbaycanda aldığım əmək haqqını ABŞ-da bir aya alıram. Orada bir il ərzində qazandığımı Azərbaycanda 12 ilə qazana bilərəm. Belə böyük fərq var.

– Təhsil məsələsindən söz düşmüşkən, Azərbaycanda xaricdə yalnız doktorantura təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsinə qərar verildi. Sizcə, buradakı bakalavr və magistr təhsili xaricdə doktorantura oxumağa imkan verirmi?

– Bununla bağlı gələn ilin büdcəsində vəsait də nəzərdə tutulub. Bilirsiniz, Azərbaycanda çoxları elə bilir ki, xaricdə doktorantura təhsili almaq asandır. Xaricdə doktorluq təhsili almaq əsgəri xidmət çəkmək kimi bir şeydir. Xaricdə doktorluq proqramı 4 ildən ibarətdir. Bunun ən azı 2 ilini proqram iştirakçıları mütləq digər tələbələr kimi dərs götürürlər. Kredit sistemi mövcuddur, 2 il ərzində dərs götürür, onu keçəndən sonra doktorluğa namizəd statusu qazanırlar. Bizdə elə tələblər yoxdur: tələbə kimi dərslərdə iştirak, kredit sistemi mövcud deyil. Xaricdə doktor olmaq üçün tələb olunan elmi nəşrlər, məqalələr iştirakçıları çox ciddi şəkildə çalışmağa vadar edir. Çünki bu məqalələrlə beynəlxalq səviyyədə tanınan, qəbul olunan nüfuzlu elmi jurnallarda dərc olunmalıdır. Belə jurnallarda çap olunmaq heç də asan deyil.

Mən əminliklə bəribaşdan deyirəm ki, xaricdə doktorantura təhsili üçün ayrılan vəsaitlərin böyük hissəsi səmərəsiz olacaq. Çünki o tələblərə uyğun gələn magistri, bakalavrı biz yetişdirə bilmirik. Bu baxımdan, gedənlərin çoxu 4 ilə doktor adını ala bilməyəcəklər. Əvvəlki proqram çərçivəsində gedən şəxslər tanıyıram ki, hələ də doktor adını ala bilməyiblər. Bu baxımdan, əvvəlki yanaşmanın qalmasını təklif etmişdim. Sadəcə, bir kriteriya müəyyənləşdirilərdi ki, dövlət hesabına yalnız dünya reytinqində ilk yüzlüyə daxil olan universitetlərdə təhsil maliyyələşdirilir. Təəssüf ki, bu variantı seçmədilər.

İkili diplom praktikası tətbiq olunacaq. Mən müəlliməm, həftənin 2 günü dərsim var. Amma qalan 3 günün ikisini də mən ofis saatlarında oluram – tələbələri qəbul edib, suallarını cavablandırmaq üçün. İkili universitetlər yaradırıq, xaricdən müəllimlər gəlib burada 1-2 ay mühazirəsini deyib, gedəcəklər. Onların tələbələrlə işləmək imkanı olmayacaq. Digər tərəfdən, müəllim tələbə ilə birgə tədqiqatlar aparmalıdır. Bunun üçün də müəllimin universitetdə olması çox vacibdir. Amma ikili diplomlu universitetlərdə xaricdən gələn müəllimlərin belə imkanları olmayacaq. Buna görə də ikili universitetlərdən daha yaxşısı Azərbaycanın özünün ali təhsil modeli yaradılmalıdır. Bu baxımdan, ADA gözəl nümunədir. ADA kimi universitetlərin qurulmasına ehtiyac var. Məncə, diqqət buna yönəldilsə, daha effektiv nəticələr əldə olunardı.

Bütün bunlarla yanaşı, xaricdə doktorluq təhsili almaq istəyən gənclərimizə uğurlar arzulayıram. Düşünürəm ki, hökumət onların təhsildən sonra ölkəyə qayıtması üçün əlverişli mühit yaratmalıdır. Çünki əvvəlki proqram çərçivəsində xaricdə təhsil alanların çoxu ölkəyə qayıtmadı, qayıdanlar da bir müddətdən sonra getdilər. Xarici dövlətlər istedadlı kadrları cəlb etmək üçün əlverişli şərait yaradırlar. Çünki bacarıqlı kadr yetişdirmək elə də asan məsələ deyil. Hökumət bunları nəzərə almalıdır.

– Siz həm də ictimai təşkilat olan Azərbaycan Demokratiya və Rifah Hərəkatına rəhbərlik edirsiniz. Burada vəziyyət necədir? Bir də son zamanlar gələn ilin aprel-may aylarında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyinə dair məlumatlar yayılır. Belə olarsa, Hərəkat olaraq, yaxud özünüz şəxsən iştirak barədə düşünürsünüzmü?

–  Parlament seçkiləri qabağa çəkilərsə, mən buna təəccüblənmərəm. Bu, istisna olunmur. ADR Hərəkatı ictimai fəaliyyətlə məşğuldur. Bu gün siyasi partiya formatında fəaliyyət üçün özümüzü hazır bilmirik. Amma ölkədə baş verən ictimai-siyasi proseslərə müntəzəm olaraq münasibətimizi bildirməyə çalışırıq. Hərəkat mövcud məhdudiyyətlər şəraitində fəaliyyət göstərir. Hələ ki, fəaliyyətimizi genişləndirməyə  maddi resurslarımız, həm də informasiyaya çıxış imkanları baxımından çətinliklərimiz var. Amma çalışırıq ki, gəncləri bu prosesə cəlb edək, bu sahədə müəyyən nəticələrimiz var. Burada olduğum dövrdə Ali Məclisin sessiyasını keçirəcəyik. Sessiyada növbəti dövr üçün fəaliyyət proqramımızı da qəbul edəcəyik. Proqramda parlament seçkiləri ilə bağlı məsələlər də əksini tapacaq – istər 2020-ci ildə olsun, istərsə də gələn il. Mövqeyimiz proqramda əksini tapacaq.

– Son vaxtlar müxalifətin birliyi ilə müzakirələr başlayıb. Bəzi təmaslar, görüşlər olub. Bu prosesi izləyirsinizmi?

– Müxalifətin birliyi ilə bağlı müzakirələrə də münasibətimizi müəyyənləşdirəcəyik. Eyni zamanda Qarabağ Komitəsi də yaradılıb, orada iştirakçılıq məsələsinə də baxacağıq.

Hərəkatın mütəxəssisləri tərəfindən müxtəlif istiqamətlərdə proqramlar hazırlanır. Onların açıqlanması yəqin ki, siyasi fəaliyyətin aktivləşdiyi dövrdə – parlament seçkiləri və digər məsələlər gündəmə gətiriləndə baş tutacaq. (Musavat.com)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …