Ana səhifə / Müsahibə / “82 nəfərlə mühasirəyə düşdük, cəmi 8 nəfər sağ qaldı” – Qəhrəman kəşfiyyatçı

“82 nəfərlə mühasirəyə düşdük, cəmi 8 nəfər sağ qaldı” – Qəhrəman kəşfiyyatçı

Hərb tariximizin şərəfli səhifəsi olan və bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər qədəmimizin dəymədiyi, nəfəsimizin toxunmadığı, həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Bakupost.az -ın bugünkü müsahibi Xocavənd, Füzuli, Cəbrayıl, Hadrut istiqamətində kəşfiyyat bölüyündə döyüşən qazimiz Orxan Quluzadədir. Lənkəran rayonu Girdəni kənd sakini, 29 yaşlı Orxan Quluzadə döyüşə könüllü gedən igidlərimizdən biridir.Orxan 2011-2012-ci illərdə həqiqi hərbi xidməti dövründə kəşfiyyatçı kursunu keçib və kəşfiyyat manqasının komandiri olub.
– Orxan bəy, müharibəyə gedişiniz necə oldu?
– Müharibə iki gün idi ki, başlamışdı, bir yerdə dura bilmirdim. Çayxanaya gedib televizorda xəbərləri eşidəndə qala bilmirdim. Evə gəldim, ilk olaraq xəstə olan anamın yanına gedib dedim ki, kəşfiyyatda manqa komandiri olmuşam, ola bilsin məni aparsınlar. Komandirlərin hamısı döyüşə gediblər, ola bilsin, təzə gələn əsgərlərə təlim keçmək üçün məni aparsınlar.Daha sonra həyat yoldaşımdan da halallıq almaq istədim. Elə bir kəlmə müharibəyə getmək istəyirəm dedim, cavabı da belə oldu: “Orada şəhid olan qardaşlarımızdan artıqsan?!” Mənə bu cavab bəs etdi.
Ertəsi gün səhər tezdən rayon hərbi komissarlığına gedib müharibəyə getmək çün müraciət etdim. Adımı qeyd etdilər, hərbi biletimdə bütün məlumatlar olduğu üçün yarım saat sonra da döyüşə yola saldılar. Artıq oktyabrın 1-i səhər Beyləqana çatdıq. Bizi kəşfiyyat bölüyünə ayırdılar.
– Döyüşlərə hansı istiqamətdə başladınız?
– Dəstəmiz Füzulinin Alxanlı kəndi istiqamətindən döyüşlərə başladı. Oktyabrın 4-5 tarixlərində Füzulidə idik. Döyüş gedə-gedə yağış başladı. Bizdən sol tərəfdə olanlardan bir nəfərin yaralandığını, bir nəfərin isə şəhid olduğunu eşitdik. Yaralını oradan çıxartmaq üçün dolayı yolla aparsaydıq şəhid olardı. Ona görə qərara aldıq ki, su ilə dolmuş səngərin içərisinə uzanaq və onlar gəlib üstümüzdən keçsinlər. Təsəvvür edin, yağış yağır, səngər təqribən 20 santimetrə qədər su ilə dolub. Yalnız bu formada yaralı qardaşımızı oradan çıxara bildik. Döyüş bitəndən sonra həmin yaralı qardaşımızı gördüm. Güllə ağzının içərisindən girib, boynunun arxasından çıxmışdı, amma şükür ki sağ qaldı.

– Əməliyyatların ən qızğını harada idi?

– Keçdiyim döyüşlərin hamısı çətin olub, amma ən çətini Füzuli olub. Çünki hər yer səhradır. Düşmən də səngərdə oturub. Biz açıq ərazidə düşmənin üzərinə gedirdik. Yəni orada qayalıq, ağaclıq olsa taktika ilə hərəkət etmək, sağa-sola nəsə etmək olar. Füzuli istiqamətində 99% yerlər səhralıq idi. Açıq-aşkar düşmənin üzərinə gedirdik. Onları qorxuya salan da bu idi. Düşmən komandiri demişdi ki, əgər siz Füzulini alsanız nəyinki Qarabağı, hətta Yerevana qədər gedə bilərsiniz. Bu belə də oldu. Düşmənin bütün təminat yolu Füzulidən keçirdi. Füzulini biz işğaldan azad edəndən sonra artıq onlar zəifləməyə başladılar və öz razılıqları ilə döyüşü dayandırdılar. Bir növ təslim oldular.
– Yoldaşlarınızdan çox şəhid oldu? Həmin anları necə xatırlayırsız?
– Şəhid qardaşlarım çox oldu. Oktyabrın 7-də 82 nəfər heyətlə Füzuli rayonunun Kürdlər kəndinə qalxanda döyüşə girdik, amma mühasirəyə düşdük. Oradan cəmi 8 nəfər sağ çıxa bildi. Orada çox şəhid verdik, bacardığımız qədər yaralını, şəhidlərimizi döyüş meydanından çıxardıq. Çiyin-çiyinə döyüşdüyümüz və əvvəllər xüsusi təyinatlılarda xidmət etmiş Zaur İsmayılzadə var idi, yanımızda kəlmeyi-şəhadətini deyib gözlərini yumdu.
Mühasirədən ən axırıncı mən çıxırdm, geriyə dönüb baxanda gördüm ki, Xaqani adlı qardaşımız orda qalıb. Xaqanini oradan çıxarmaq üçün yenidən geriyə qayıtdım. Silahımda cəmi 7-8 güllə qalmışdı. Xaqaninin gülləsi bitdiyi üçün olduğu mövqedən çıxa bilmirdi. Düşmənlə 40 metr məsafədə üz-üzə qalmışam. Bir-iki güllə atıb Xaqanini oradan çıxarıb qabağa buraxdım. Düşünün ki, açıq ərazi, gizlənməyə nə bir ağac, nə də kol-kos var. Düşmən də dayanmadan güllə yağdırırdı. Təsəvvür edin düşmən 40 metr məsafədən iki maqazin güllə yağdırdı mənə. Şəxsən oradan sağ çıxmağım möcüzə idi. Allah qorudu deyərdim.

– Şəhid olan silah yoldaşlarınızın sizə vəsiyyəti oldumu?

– Silah yoldaşımız Abıyev Vasif var idi. “Oğlumu sizə əmanət edirəm” deyib gözlərini yumdu. O anları xatırladıqca insan çox dəhşətli dərəcədə pisləşir. Bunlar izah edilə biləcək hisslər deyil. Bir-iki metrliyimdə silah yoldaşlarım şəhid olublar. Yəni elə an olub ki, dörd tərəfim hamısı şəhid olub. Ətrafımda yaralılar da çox olub. Bilmirsən ki, ilk kimə kömək edəsən. Həmin anlar əsla unudulmaz. Bizdə qorxu adlı hiss yox idi, nə şəhid olmaqdan, nə də yaralanmaqdan qorxurduq. Düşündüyümüz yalnız torpaqları işğaldan azad etmək və şəhid qardaşlarımızın intiqamını almaq idi.
– Döyüşdən yadigar saxladığınız nəsə varmı?
– Məndə 2-3 güllə qalmışdı, düşmənlə atışıb qarşımızdakı balaca təpəni qalxmalıyıdıq. Həmin an ermənilər biz tərəfə iki daraq güllə atdılar. Düşmənin atdığı o qədər güllədən biri papağımı dəlib keçdi. Mən güllənin zərbəsini də hiss elədim. Həmin papağı da gətirmişəm, onu döyüşdən yadigar saxlamışam. Beləcə oradan çıxa bildik.
– Hansı istiqamətdə gedən döyüşlərdə yaralandız?
– Mən Xocavənd istiqamətində gedən döyüşlərdə yaralandım. Xocavənddə döyüş zamanı erməni silahlıları olduğum səngərə tərəf minaatan mərmisi atdılar. Mərmi bir neçə santimetr qarşıya düşsəydi, düz başıma düşəcəkdi. Mərminin partlayış dalğası məni səngərə çırpdı. Burnumdan qan açıldı, qulaqlarım tutuldu, amma olduğum mövqeni qəti tərk etmədim. Əvvəl heç nə eşitmirdim, işarələrlə başa düşürdüm, sonra tədricən eşitməyə başladım. Yəni ki, yenə də Allah qorudu.

– Yaralandığınızda ailənizə məlumat verdiniz? Həmin an nə düşündünüz?

– Həmin an əsas övladlarım gözümün qabağına gəldi. Evdə olduğum zaman onlara göstərdiyim qayğı, onlarla bərabər olmağım, yəni, bir sözlə həmin fraqmentlər gözümün qabağına gəldi. 5-10-20 gündən bir mümkün olduğu qədər ailəmlə danışırdım. Xeyir, yaralanmağım barədə ailəmə heç nə deməmişdim. Artıq evə qayıdandan 15 gün sonra ailəmizə yaralanmağım haqqında məlumat verdim. Amma qeyd edim ki, döyüşdə yaralansam da geri qayıtmadım. Yalnız irəli getməyi şəhidlərimizin qisasını almağı düşünürdüm.
– Döyüşdə ən yadda qalan hadisə nə oldu?
– Bir dəfə Füzulidə döyüşdüyümüz vaxt erməni əsgərləri şəhidimizi götürüb öz postuna aparmışdı. Şəhidimiz əslən Yardımlıdan olan mayor idi. Döyüşdə aldığım travmalardan sonra yaddaşım arada itib-gəlir, ona görə şəhidimizin adı, soyadı yadımda deyil. Mən idim, İsmayıl Ağayev idi, Nurlan və Astaradan Vüqar qardaşımız, bir yerdə silahsız gedib şəhidi postdan çıxarmağa qərara aldıq. Günorta vaxtı biz erməni postuna silahsız girib, düşmənin xəbəri belə olmadan şəhidimizi oradan götürüb geri qayıtdıq. Günorta vaxtı gizlicə düşmənin öz postundan şəhidimizi ona görə çıxardıq ki, düşməni vahimə bürüsün. Bizə çox əsgərlərimiz dedilər ki, getməyin böyük riskdir, amma biz inad etdik. Hətta bizim erməni postuna girib şəhidimizi oradan çıxarmağımızı komandanlıq da izləyirdi.
Hücuma keçəndə artıq çox atəş açmağa ehtiyac olmurdu. Bir az güllə atan kimi düşmən əsgərləri bizi görüb qaçırdılar. Onlar artıq fikirləşirdilər ki, gündüz vaxtı gəlib öz şəhidlərimizi onların postundan, özü də silahsız apara bilirksə, gecə ilə onları darmadağın edə bilərik. Müharibə vaxtı çalışdığım qədər düşmən də, onların hərbi texnikasını da məhv etmişəm, “UAZ”larını da vurmuşam. Elə olub ki, düşmənin tankı hücum edərkən üstünə dırmaşıb, tankın içərisinə əl qumbarasını atıb heyətini məhv etmişik.

– Döyüşdən sonra medalla təltif olundunuzmu?

– Biz sırf qisasımızı almağa getmişdik, bu, haqq döyüşü idi. Medal üçün getməmişdik, amma mən ölkə başçısının sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olundum. “Füzulinin azad olunmasına görə” medalı artıq mənə təqdim olunub. Digər iki medalları isə verəcəklər”.
Allah Ali Baş Komandanımıza cansağlığı versin ki, əmr verdi. Bizim müzəffər ordumuz da torpaqlarımzı düşməndən azad etdi. Şəhidlərimizin qisası yerdə qalamadı.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …