Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / “70 yaşlı məmurun gördüyünü 25 yaşlı gənc görə bilməz” – Siyavuş Novruzovdan ilginc açıqlamalar

“70 yaşlı məmurun gördüyünü 25 yaşlı gənc görə bilməz” – Siyavuş Novruzovdan ilginc açıqlamalar

“Nöqsana görə, vəzifədən uzaqlaşdırılan məmurlar İlham Əliyevin təbliğat-təşviqat məsələsinə görə, zəng edib, öz dəstəklərini təklif edirlər”.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Unikal.org-a müsahibə verib. O, söhbət əsnasında seçkiöncəsi vəziyyət, ölkədəki ictimai-siyasi durum və digər məsələlərlə bağlı maraqlı fikirlər səsləndirib.

-Siyavuş müəllim, artıq seçki ərəfəsindəyik, hazırda ölkədə seçkiöncəsi mühiti necə dəyərləndirirsiniz?

-Ümumilikdə götürdükdə, Azərbaycanda seçki mühitinin normal formalaşması üçün öncə qanunvericilik yaxşı olmalıdır. Hesab edirəm ki, istər Azərbaycan Konstitusiyasına, istərsə də Seçki Məcəlləsinə uyğun olaraq bu mühit ölkəmizdə var. Qanun imkan verir ki, hər bir şəxs prezident seçkilərində iştirak etsin. Həm seçmək, həm də seçilməklə bağlı hüquqlar Seçki Məcəlləsində öz əksini tapıb. O baxımdan da ölkədə yaranan ictimai-siyasi mühit, sabitlik, seçki mühiti, bütün namizədlər üçün bərabər şəraitin yaradılması Azərbaycanda tam demokratik, ədalətli seçki keçirilməsinə imkan yaradır.

Bu baxımdan, qarşıdan gələn seçkilərlə bağlı heç bir problem yoxdur. Nəticə etibarı ilə də, Azərbaycanda bu seçkilərə start verilən gündən çoxlu sayda siyasi partiyalar öz namizədlərini irəli sürdülər. Lazım olan sənədləri, imza vərəqələrini toplayıb, Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 8 nəfər qeydiyatdan keçdi.

Bildiyiniz kimi, hazırda seçkilərlə bağlı ikinci mərhələyə start verilib. Namizədlərin təbliğat-təşviqat kampaniyaları aparılır. Hər bir namizəd üçün bərabər şərait yaradılıb. Hər bir namizəd bu şəraitdən istifadə edərək təbliğatını qurur, öz seçki proqramını seçicilərə çatdırır. Prezident seçkiləri xalqın müqəddəratı ilə bağlı olan seçkilərdir. Azərbaycan xalqı növbəti 7 il üçün öz dövlət başçısını seçir. O baxımdan da, xalqımız üçün seçkilər çox həssas bir məqam daşıyır. Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyətindədir. İkinci bir tərəfdən, dünyada baş verən hadisələr, ölkəmizin əhatəsində olan dövlətlərdə stabilliyin pozulması və digər məsələləri nəzərə alsaq, görərik ki, bugünkü gündə seçkilərin nə qədər əhəmiyyət kəsb elədiyi vacib amillərdən biridir.

Deputatdan anons: “Dəyişikliklər gözləniləndir”

-Hər seçkidən sonra yeni bir dönəm başlayır və dəyişikliklər gündəmə gəlir. Seçkilərdən sonra nə kimi tarixi dəyişikliklər gözlənilir?

-Təbii ki, dəyişikliklər gözləniləndir. Birinci növbədə, tarixi dəyişiklik ondan ibarətdir ki, prezident 5 illik müddətə deyil, 7 il müddətində seçiləcək. Görünür ki, biz bir müddətdən başqa bir müddətə keçmişik. İkinci bir tərəfdən Konstitusiyada aparılan dəyişikliyə əsasən yaş məhdudiyyəti aradan götürülüb. Yəni, istənilən vətəndaş müəyyən tələblərə uyğun olaraq, ali təhsilli, 10 il müddətində Azərbaycan ərazisində yaşamış şəxs prezidentliyə namizədliyini irəli sürə bilər. Keçmişdə 35 yaş idisə, bu da bəzi hallarda prezident seçilmək istəyənin hüququnu pozurdu. Bu və ya digər məsələləri götürsək, Konstitusiyamızda seçkilərlə bağlı lazımi addımlar atılıb. Hər gün bir yenilik ortaya çıxır, yaxud beynəlxalq təşkilatlar yeni bir qərar qəbul edir. Buna adekvat olaraq sürətli inkişaf sistemi və tərzi götürməyə ehtiyac var. Bu baxımdan da cənab prezidentin indiyə qədər atdığı və bundan sonra atacağı addımlar həm xaricdə, həm də daxildə olan Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını qorumasına yönələcək.

-Bu gün Azərbaycan cəmiyyətinin seçkilərə münasibətini necə qiymətləndirirsiniz, ümumiyyətlə, xalqımız seçki istəyirmi?

– Azərbaycanda cəmiyyət seçkiyə tam hazırdır. Cəmiyyət hər şeyi yaxşı dərk edir. Azərbaycan xalqı digər xalqlardan fərqli olaraq savadlıdır. Xalqımız hələ əsrin əvvəllərində öz demokratik respublikasını qurub və bu il də biz bunun 100 illiyini qeyd edirik. Əhalimizin böyük bir hissəsi ali və orta təhsillidir. Əhatəmizdə elə dövlətlər var ki, əhalisinin 50 faizi orta məktəbi qurtarmayıb. Bu gün ölkəmizdə ibtidai təhsil almayan insan yoxdur. Bunun nəticəsidir ki, elm, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizin dünyada xüsusi yeri var. Bu baxımdan, Azərbaycan xalqı dünyada və ölkəmizdə gedən prosesləri gözəl bilir. Bəziləri siyasətçilərdən prosesləri daha yaxşı başa düşür. Bu gün hər bir Azərbaycan vətəndaşı başa düşür ki, bizə hər şeydən öncə ictimai-siyasi sabitlik və təhlükəsizlik lazımdır. Biz qaçqın və məcburi köçkün həyatını yaşamışıq və bilirik ki, bu necə ağrılı prosesdir. Çox ölkələr indi qaçqınlıq həyatı yaşayır. Hərdən deyirlər ki, tarixi yada salmamalıyıq. Amma böyüyən yeni nəsil elə bilir ki, hər şey elə belə firavan olub. Amma bilmirlər ki, Azərbaycanda vaxtilə çörək tapmayanlar olub. Ölkəmizdə də çatışmazlıqlar olub. İş yerləri demək olar ki, yox idi. Ölkəmizdən beyin axını Türkiyə və digər ölkələrə gedirdi. O cümlədən, incəsənət, mədəniyyət adamları bir tikə çörəkdən ötrü başqa-başqa ölkələrə üz tutmuşdular. Bu baxımdan da, Azərbaycanda məhz, belə bir problemləri görən insanlar artıq ictimai-siyasi sabitliyi tam şəkildə dəstəkləyirlər. Hesab edirəm ki, Azərbaycan xalqı əvvəlki seçkilərdən daha aktiv 11 aprel seçkilərində iştirak edəcəklər.

Müxalifətin virtual məkanda mübarizəsi…

-Radikal müxəlifət xalqı seçkini boykot etməyə çağırır. Ümumiyyətlə, YAP olaraq müxalifətin bu çağırışına münasibətiniz necədir?

-Söhbət müxalifətin bir hissəsindən gedir. Daha dəqiq, söhbət iki partiyadan gedir. Azərbaycanda 90-a yaxın partiya var və onun 45-i qeydiyyatdan keçib. Onların da bir hissəsi Milli Məclisdə təmsil olunur, digər hissəsi də təmsil olunmur. Ümumilikdə götürdükdə parlamentdə təmsil olunan və yaxud olunmayan partiyalarda bu gün prezident seçkilərində iştirak edir. Bir qismi iştirak etmir ki, onların da sosial bazası, elektoratı yoxdur. Seçkiləri boykota çağıran bəzi partiyaların funksionerləri cəmiyyətin deyil, kompüterin içindədirlər. Onlar virtual məkandadırlar. Virtual məkanla real məkan tamamilə fərqli anlayışdır. İnsanlarla ünsiyyətdə olmaq tam başqadır. Virtual məkanda bir şəkil qoyub, onun altında nə istəsən, yazmaq olur. Bu adamların kimliyini isə bilmək olmur. Ola bilər “Həsənin”, “Hüseynin” adından hansısa xristian və yaxud başqa ölkənin vətəndaşı qeydiyyatdan keçib, kiminsə ünvanına təhqiramiz fikirlər yazır. Mən bunu nəyə əsasən deyirəm? Bir dəfə sosial şəbəkədə gənclər arasında interaktiv yarış keçirdik. Qalibi müəyyənləşdirdik. Sonra onu araşdırıb gördük ki, bu adamın, ümumiyətlə, sosial şəbəkədən anlayışı yoxdur. Məlum oldu ki, anası onun adından qeydiyyatdan keçib və oğlu sonda qalib gəlib. Bu gün istər daxildə, istərsə də xaricdə ünvanımıza nalayiq fikirlər səsləndirən adamların ölkədəki reallıqdan xəbəri və yaxud məlumatları yoxdur. Onların oturduğu, yaşadığı mənzilin həyətində və binasında yaşadığı adamlardan məlumatı yoxdur.

-Bəlkə elə bu səbəbdən müxalifətin mitinqinə az adam gəlir?

-Təbii… Bunların mitinqinə gələn adamlar hansısa ideya daşıyıcısı, yaxud hər hansı bir fikrin davamçısı deyillər. Onların mitinqinə tamaşa qismində gələn adamlar da olur. Bunlar arasında dindarlar və yaxud Avropaya inteqrasiya etmək istəyənlər də var. Övladları həbsdə olan, banka borcu yaranan və sair müxtəlif kateqoriyalı adamlar da bunların mitinqinə gəlir. Təbii ki, istənilən ideal cəmiyyətdən də narazı qalan insan var.

YAP 250 min şəxslə canlı görüş keçirib

-YAP olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz?

-Martın 21-dən bu günə qədər YAP seçicilərlə 3 mərhələdə görüş keçirir. Birinci mərhələdə bizim hər bir rayon təşkilatında təbliğat qrupları var. Burada rayonun ziyalıları, tanınmış insanları, hörmətli adamları yer alır. Bunlar kəndlər, yaşayış məntəqələrində görüş keçirirlər. Biz canlı təmasa üstünlük veririk. Çalışırıq ki, bütün respublikanı əhatə edək. Bugünə qədər onlar tərəfindən 363 görüş keçirilib. Təxminən 259 mindən çox insanla görüşüblər. Bakıda 45 görüş keçirilib. Paytaxtın hər rayonunda gündə bir neçə görüş keçiririk. Bu görüşlərdə ümumilikdə 18-19 min insan iştirak edib. Bundan başqa, YAP-ın 11 böyük mitinqi keçirilib. Mitinq konsert proqramı ilə bir yerdə baş tutub və burada iştirak edənlərin sayı da 96 mini ötüb. Üst-üstə götürəndə YAP olaraq 400 mindən çox seçici ilə görüş keçirilib. Bu gündən etibarən görüşlərin sayı gündəlik 120-130-a çatacaq. Təyin olunan yerlər üzrə görüşlər keçirilir. Hər bir namizəd üçün də bu yerlər açıqdır.

-Seçicilər görüşdə nə kimi problemləri qaldırırlar və bir sözlə, onların istəyi, tələbi nədən ibarətdir?

-Biz görüş xatirinə bunları təşkil etmirik. Biz eyni zamanda, cəmiyyəti maraqlandıran, narahat edən məsələləri də dinləyirik. Bunların hər biri toplanılır və təhlili aparılır. Seçki prosesindən sonrakı dövrdə artıq bu məsələlər öz həllini tapır. Bundan əvvəlki seçkilərdə də belə olub. Bundan sonrada belə olacaq. Biz hətta seçkidən öncə hər bir rayonda partiya qruplarımız vasitəsilə vəziyyəti öyrənirik. Bilirik ki, bu bölgənin maraqları nədən ibarətdir? İstər seçki şuarı, istərsə də seçki proqramında bu məsələlər öz əksin tapır. Bu baxımdan da, insanları narahat edən müxtəlif məsələlər var. Bununla belə çoxlu təkliflər də var.

“Müəyyən qüvvələr var ki, ölkədə siyasi sabitlik istəmirlər”

-Məlum hadisə ilə bağlı siz müxalif partiyaların rəhbərlərinə çağırış etdiniz. Bu çağırışdan sonra verilən cavablar sizi qane etdimi?

-Onların bir neçə nəfərin çıxmaq şərti ilə, bu müraciətə öz münasibətini bildirdi. Bundan başqa bilirsiniz ki, YAP-da dialoq komissiyası var. Bu Komissiyanın rəhbəri partiyanın idarə heyətinin üzvü, prezident köməkçisi Əli Həsənovdur. Bir neçə dəfə siyasi partiyalarla müxtəlif məsələlərlə bağlı müzakirə aparmışıq. Hər bir məsələnin yazılı şəkildə təklifini almışıq. Təkliflər müxtəlif yönlü olub. İqtidar siyasi partiyalarla hər zaman dialoqa hazırdır. Bunu öz əməli işi ilə də mütəmadi olaraq sübut edibdir. Amma bəzi qüvvələr bu dialoqa da “don geyindirməyə” çalışıblar. Bu da onların özlərindən asılı olan məsələ deyil. Çünki bu müxtəlif təşkilatlarla bağlı olan məsələdir. Onlar bu təşkilatlardan qrantlar alırlar. Bununla belə, Azərbaycan daxilində müəyyən qüvvələr var ki, ölkədə siyasi sabitliyi, xalq-iqtidar birliyini istəmirlər. Əsasən bu qüvvələr xaricdən idarə olunur. Azərbaycanda ictimai-siyasi vəziyyəti pisləşdirmək istəyən təşkilatların icazəsi olmadan məlum partiyalar nə seçkidə, nə də dialoqda iştirak edə bilər. Ancaq bu partiyalara sözügedən təşkilatların qurduğu sxem əsasında addım atmağa icazə verilib.

“Söyüşlə, iqtidarla mübarizə aparanlara əhəmiyyət verməyin”

-Xaricdə özlərini siyasi mühacir kimi təqdim edən şəxslər bu gün ölkə başçısından tutmuş, siyasi proseslərdə iştirak edən hər bir kəsi təhqir edirlər. Bu məsələ hara kimi gedəcək?
-Bununla bağlı yuxarıda qeyd etdiyim kimi, müraciət etdim. Bu günədək iqtidar tərəfindən hər hansısa bir siyasi partiya rəhbərinin ailəsi, şəxsiyyəti təhqir olunmayıb. Mübarizəni gərək kişi kimi aparasan. Fərdin özü ilə, sistemlə, quruluşla gərək mübarizə aparasan. Əlavə adamları bu məsələyə qatmaq yersizdir. Söyüşə yol verməyin də heç bir əhəmiyyəti yoxdur və cəmiyyət tərəfindən də bu birmənalı olaraq qəbul olunmur. İkinci bir tərəfdən o adamların Azərbaycandakı rolunu götürək. O, insanların Azərbaycanın ictimai-siyasi həyatındakı rolları nə qədər var? Bu gün istənilən sadə Azərbaycan vətəndaşından soruşsan, onlar ünvanımıza təhqirlər yağdıran adamları tanımırlar. Bu gün onlar virtual məkanda səs-səda yaradırlar ki, Azərbaycanda inqilab olacaq! Azərbaycanda nə inqilab ola bilər? Sizdən qat-qat yuxarı olan siyasi partiyanın rəhbəri rəhmətlik Elçibəy də YAP-la mübarizə apardı. Amma cəmiyyət iqtidarla bir yerdə olduğunu dedi və bunu da əməli ilə sübut etdi. İndi siz bizimlə hansı mübarizəni aparırsınız? Özüdə söyüş üslubu ilə… Bu da mənasız bir “mübarizədir”. Mən hesab edirəm ki, söyüşlə, iqtidarla mübarizə aparanlara əhəmiyyət vermək lazım deyil.

“Kimin kimdənsə xoşu gəlmirsə, hansısa mətbuat orqanına sifariş verir…”

-Qeydə alınmış namizədlər debatlarda hökuməti ciddi tənqid edirlər. Xüsusən məmur özbaşınalığına qarşı daha kəskin fikirlər səsləndirilir. Bu fikirlər YAP-ı narahat etmirmi?

-Bu gün qeydiyatdan keçmiş namizədlər Seçki Məcəlləsinə uyğun olaraq dini, milli və irqi ayrıseçkiliklə bağlı fikirlər səsləndirmək qadağa qoyulub. Bununla belə anti-dövlət məsələləri ilə bağlı hər hansı bir çağırışların edilməsi qadağandır. Yerdə qalan istənilən fikri söyləməkdə azaddırlar və onlara heç kim fikrinə görə qadağa qoya bilməz. Bu seçki kampaniyasıdır. Əgər namizədlər kimisə tənqid deyil, təhqir edirsə, onun həll yolu məhkəmədir. İqtidar tərəfdən deyə bilərik ki, biz debatlarda iqtidarın ümumi fəaliyyətini müdafiə edirik.

-Seçkilərdə cənab prezident İlham Əliyev növbəti dəfə qalib gələrsə, hökumətdə hansı dəyişikliklərin edilməsi gözlənilir?

-Bəzən görürsən ki, çoxları cənab prezidentin səlahiyyətlərinə girişirlər. Bildirirlər ki, filankəs təyin olunacaq, filankəs vəzifəsindən azad olunacaq. Cənab prezident bu məsələləri hamıdan yaxşı bilir. Hansı sahədə ciddi nöqsanlar üzə çıxırsa, dərhal orada dəyişikliklər aparır. İstər nazirlik, yerli icra strukturları, istərsə də komitələr olsun, dəyişiklik edilir. Bu, prezidentin səlahiyyətində olan məsələdir. Bu qurumların rəhbərləri prezident qarşısında hesabat verirlər. Cənab prezident özü də jurnalistlərə bildirdi ki, “siz mənim köməkçilərimsiniz. Hansı sahədə nöqsan görürsüzsə, ondan yazın”. Bundan artıq nə olmalıdır? Amma yazanda da gərək obyektiv yazasan. Kiminsə kimdənsə xoşu gəlmirsə, hansısa mətbuat orqanına sifariş verir ki, onun haqqında yaz və artıq bunun sifarişçisi bəlli olur. Amma ümumilikdə götürəndə istənilən ciddi məsələyə Azərbaycanda dərhal reaksiya verilir. Biz bunun dəfələrlə şahidi olmuşuq.

“70 yaşlı məmurun gördüyünü 25 yaşlı gənc görə bilməz”

-Siyavuş müəllim, bir şəxsin eyni vəzifədə uzun müddət qalması cəmiyyətdə narazılıq yaradır. Sizcə, məmurların uzun müddətli vəzifədə qalması nə ilə bağlıdır?

-Məmurların uzun müddət vəzifədə qalmasının yaxşı və pis cəhətləri var. Yaxşı cəhəti çoxdur. Biz yeni müstəqillik əldə edən ölkəyik. O kadrların yetişib hazırlanması vacib məsələdir. Bəzən görürsən ki, vəzifədə olanları yaşının çox olmasına görə fərqləndirirlər. “Bu yaşlıdır, hesab edirik ki, o adam vəzifədə işləməməlidir” fikirlərini eşidirik. Yaxud da, başqa kateqoriyalara bölürlər. Vəzifə yaşa və yaxud başqa cəhətlərə görə verilmir. Bəzən deyirlər ki, filankəs xaricdə təhsil alıb və o mütləq vəzifə ilə təmin olunmalıdır. Bu ölçü vahidi deyil. Yaxud filankəs ingilis dilini bilir, dərhal buna yüksək qurumlara tərcüməçi kimi təyinat almalıdır fikirləri də səsləndirilir. Onda elə çıxır ki, biz bütün xarici dil bilənlərə xüsusi dövlət vəzifəsi ilə təmin etməliyik? Bu göstərici deyil. Bu göstəricilər tamam başqa bir şeydir. 70 yaşlı adam var ki, 25 yaşlı gəncdən daha yaxşı düşünür, təcrübəlidir və işgüzardır. 70 yaşlı adama tapşırılan işin fərqi ilə 25 yaşlı gəncə tapşırılan işin fərqi yerlə-göy qədərdir. Yəni, çox vaxt 25 yaşlı gənc işin heç öhdəsindən gələ bilmir. 70 yaşlı şəxs isə dərhal təcrübəsindən istifadə edib, işinin öhdəsindən layiqincə gəlir. Yəni, yaşlı və yaxud cavan nəsilə vəzifə barədə yanaşma kateqoriyası bir qütblü olmamalıdır. Nə yaşla, nə dillə, nə də başqa cəhətlə vəzifə verilmir. Dövlət idarəçiliyinin öz yanaşma tərzi var və buna görə də kadrlar təyinat alır. Yeni müstəqillik əldə etmiş ölkələrdə kadrların formalaşması çox zaman çətinliklə mümkün olur. Biz balaca bir dövlətik. Əhatəmizdə çoxlu dövlətlər var. Sözügedən dövlətlərin hər biri öz agenturasını burada yerləşdirərsə, artıq bizdə idarəçilikdə hərcmərclik olacaq. Bu gün Azərbaycanda yaranan ictimai-siyasi sabitliyin əsas cəhətlərindən biri stabil kadrların olmasıdır. Misal üçün qonşu Gürcüstanı götürək. Burada yüksək vəzifələr mütəmadi olaraq dəyişir. Görün, orada nə qədər dəyişikliklər baş verib! Gənclər Gürcüstan hökumətindəki sistemi darmadağın etdilər. Dövlətə hər il dəyən ziyan 20 illərlə bərpa olunmur. Bu, çox çətin məsələdir. O baxımdan da, stabil kadrların olması, idarəçiliyin düzgün aparılması, prezidentin siyasətinin düzgün çatdırılması məsələsi illə və yaxud yaşla ölçülə bilməz. Məsələn, ABŞ-da baş verən hadisələrə nəzər salaq. Aya bir müxtəlif dövlət vəzifəsi dəyişir. Tamamilə sistem darmadağın olur. Hələ bu ölkənin 200 ildən artıq dövlət təcrübəsi var. Amma bütün hallarda hər bir kadrın dəyişikliyi o sistemdə müxtəliflik gətirir. Azərbaycan torpaqlarının 20 faizi düşmən tərəfindən niyə işğal olundu? Səbəb birdir. Ermənistanda 5 il müddətində bir nəfər prezident oldu. Azərbaycanda isə 5 nəfər. Bax, bu 5 nəfərin hər biri gəldikcə müxtəlif dəyişikliklər baş verdi və nəticə etibarı ilə biz 20 faiz ərazimizi itirdik. Bu kadr məsələsi çox ciddi məsələdir. Vəzifədə çox qalmağın bir pis cəhəti var. Bir adam bir yerdə çox oturduqca, o yer onun üçün adiləşir və o vəzifəyə çox zaman yenilik gətirə bilmir. Bunu bu cür şərh edirlər. Bu gün Azərbaycanda bütün siyasəti ölkə başçısı aparır. Məmurlar isə icraçıdırlar. O siyasət aparıldıqca məmurlar məcburdurlar ki, o yenilikləri gətirsinlər.

-Sonda bir məsələni soruşum. Vəzifədən çıxarılan nazirlər təbliğat-təşviqat kampaniyası müddətində İlham Əliyevə dəstək vermək istədiklərini ifadə edirlərmi?

– Görürsən ki, bu gün bəzi KİV-lərdə vəzifədən çıxarılan nazirlər və yaxud yüksək vəzifədə çalışmış insanlarla bağlı nələrsə yazırlar. Bəli, bu gün vəzifədən kənarlaşdırılan və haqqında istintaq işi aparılan adamlar var. Amma hər bir vəzifədən getmiş eks məmurlar ən azı zəng edib, öz köməkliklərini təklif edirlər. Onların bəziləri müyyən sahələrdə də iştirak edirlər. Azərbaycanda elə bir adam yoxdur ki, ondan düşmən obrazı yaradasan. Çünki eyni quruluşdu və eyni sistemdir. İndi işində nöqsanı olub vəzifəsindən kənarlaşdırılıb. Vəzifə əbədi deyil ki? Veriləndə yaxşı idi, çıxarılanda pis? Bu gün o adamlar işdən çıxarılıbsa, o demək deyil ki, heç bir işlə məşğul ola bilməzlər! Onların bəziləri müəllim işləyir və bəziləridə digər sahələrdə çalışırlar. Həzrəti Əli 25 il ağac əkdi, yol, su çəkdi, quyu qazdı və sonda gəldi xəlifə oldu.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …