Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “55 yaşlı teatrımız hələ ikinci kateqoriya ilə işləyir” –Firudin Məhərrəmov

“55 yaşlı teatrımız hələ ikinci kateqoriya ilə işləyir” –Firudin Məhərrəmov

Mart ayında Azərbaycan Milli Teatrının 150 yaşı tamam oldu. 150 yaşlı Milli Teatrımızın bayram sevincinə, Sumqayıt Dövlət Dram Teatrı 55 illik yubileyi ilə qoşuldu. Sumqayıt Teatrı martın 14-də 55 yaşına qədəm basdı. Bir yaş da böyüdü, müdrikləşdi, 60-na doğru yol aldı.

Sumqayıt Dövlət Dram Teatrının yubiley günləri ərəfəsində teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovla görüşüb, 55 illik tarixi olan Sumqayıt Teatrının dünəni, bugünü və gələcəyi ilə bağlı söhbət etdik.

-Firudin müəllim, Sumqayıt Teatrının 55 yaşı mübarək. Yubileyi necə qeyd etdiniz?

-Siz doğru vuşrğuladınız ki, mart ayında bir neçə teatr bayramını qeyd etdik.  Bu il Milli Teatrımızın 150 yaşı tamam oldu. Bundan başqa cənab Prezidentin imzası ilə 2023-cü il “Heydər Əliyev ili” adlanır. Sumqayıt Teatrı olaraq, bu bayrama da xüsusi hazırlıq işləri görürük. Bizim yubileyimizə gəldikdə isə, martın 14-də Sumqayıt Dövlət Dram Teatrının binasında 55 yaşımıza start verdik. Yubiley tədbirlərimiz ilin sonuna qədər davam edəcək. Teatrımızın tarixindən uzun-uzadı danışmaq istəmirəm. Bildiyiniz kimi 1968-ci ildə, Gənclər Teatrı kimi fəaliyyətə başlayıb. Sonralar teatra püxtələşmiş aktyorlar gəlib. Sumqayıt Teatrının tarixində elə adlar var ki, onları xatırlayanda, bu teatrın səhnəsindən neçə-neçə böyük sənətkarların keçdiyinin şahidi oluruq. Rza Əfqanlı, Barat Şəkinskaya, Məlik Dadaşov, Əliağa Ağayev, Ağakişi Kazımov və daha kimlər, kimlər… Sonralar Akademik Milli Dram Teatrında çalışan aktyorlarımızdan, rəhmətlik  Ramiz Novruz ilk sənət addımlarını Sumqayıt Teatrında atıb. Xalq artisti Hacı İsmayılov Sumqayıt Teatrının ilk tamaşası “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasında çıxış edib. Nəsir Sadıqzadə teatrımızın ilk baş rejissoru olub. Onun İncəsənət Universitetindən gətirdiyi aktyorlar teatrımızın ilk aktyorları kimi səhnəyə çıxıblar. Bir sözlə, Sumqayıt Teatrı bir çox teatrlar üçün aktyor baxımından baza, tramplin rolunu oynayıb. Elə indinin özündə Bakı teatrlarının əksəriyyətində Sumqayıt Dövlət Dram Teatrında çıxış edən aktyorlar çalışırlar. Məsələn, Sabir Məmmədov, Kazım Abdullayev, Almaz Amanova və.s. Bu siyahını uzatmaq olar. 55 illik tarixi boyunca Sumqayıt Teatrında bütün janrlarda tamaşalar hazırlanıb. Teatrımız  1982-ci ildə Moskvada keçirilən Beynəlxalq Teatr Festivalında çıxış edib. Həmin festivalda Məlik Dadaşov Nəriman Nərimanov obrazını ifa edib.

-Nəriman Həsənzadənin  “Bütün Şərq bilsin” tamaşası ilə…

– Bəli. Həmin tamaşaya Ulu öndərimiz Heydər Əliyev gəlib baxmışdı və çox bəyənmişdi.  Bildiyiniz kimi bizim teatrın 40 il binası olmayıb. Sumqayıt Teatrı uzun illər kirayələrdə məskunlaşıb.

– Kimyaçıların Mədəniyyət Sarayında da fəaliyyət göstərmisiz

– Elədir. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə bir müddət Kimyaçıların Mədəniyyət Evində fəaliyyət göstərdik. Heydər Əliyev Sumqayıt Teatına xüsusi diqqət və qayğıyla yanaşıb. Onun göstərişi ilə Sumqayıt Teatrına Kimyaçıların Mədəniyyət Evində yer verilmişdi. Daha doğrusu o binanı teatr üçün tikmişdilər. Amma sonradan o binanı bizə vermədilər. Həmin ərəfədə Heydər Əliyev Moskvaya çalışmağa getdi və hakimiyyət dəyişdi. Sumqayıt Teatrının bina məsələsi unuduldu. Amma teatrımız harada və hansı çətinliklərə sinə gərərək, fəaliyyət göstərməsinə baxmayaraq, özünün şərəfli tarixini yaradıb. Hazırda repertuarda 300-dən çox tamaşamız var. Sumqayıt Teatrının aktyor potensialı həmişə güclü olub.

– Amma çox təəssüf ki, Sumqayıt Teatrı Bakının iki addımlığında olsa da, bölgələrdə fəaliyyət göstərən əyalət teatrlarına göstərilən münasibət sizə qarşı da tətbiq olunub

– Həqiqətən də Bakının iki addımlığında olsaq da, özümüzü əyalət teatrı saymasaq da, ciddi problem yaşayanda əyalət teatrı olduğumuzu hiss edirik. Bizə qarşı olan münasibət ucqar yerlərdə fəaliyyət göstərən teatrlarla eyni səviyyədə olur. Düzdür, uzun müddətdən sonra teatrımızın öz binası oldu. Sumqayıt Teatrının 40 illik yubileyi ərəfəsində cənab Prezidentin fərmanı ilə 40 il kirayənişin olduğumuz teatr binası nəhayət ki, teatra verildi.  2017-2018-ci illərdə Sumqayıt  Teatrı yenidən təmir edildi. Binamız yaxşı təmir olunub.

– Gözəl binanız var. Yaxşı da təmir olunub. Amma təmirdən sonra sizin binanın istilik və səs problemi olduğunu da bilirəm

– Doğru diqqət etmisiz. Səs məsələsində problemlərimiz var. Onu da gərək teatrı bilən mütəxxəssislər həll etsinlər.

– Amma Sumqayıt Teatrında əsas problem istilik sistemidir.  Mənim yadımdadır, qış ayında tamaşaya qalın üst geyimləri olmadan baxmaq qeyri mümkündür

– İstilik problemimiz indi də var. Problem həllini tapmayıb. Mən, keçmiş mədəniyyət naziri ilə görüşəndə bu məsələni ona bildirmişdim. Bizə demişdi ki, mütəxəssis göndərib, problemi həll edərik. Bilirsiniz, bizim teatrın dam sistemi elədir ki, orada mütləq hava oynamalıdır. Amma məşq edəndə görürük ki, oradan içəri külək gəlir.  Baxmayaraq ki, teatrda kondisioner işləyir, amma soyuğun qarşısını ala bilmirik.

– Təmir zamanı istilik sistemini düzgün quraşdırmayıblar?

– Ola bilər ki, təmir zamanı hansısa bəzi məsələlər gözdən yayınıb. Amma binanın ümumi görünüşü gözəldir. Özunuz də dəfələrlə bizim teatrda olmusunuz və mənim sözlərimi təsdiqləyərsiz.

– Təbii ki, gözəllik önəmlidir. Amma əsas məsələ istilik problemidir…

– Sözsüz ki, səhnənin istilik problemi var. Necə ki, zal soyuqdur, eləcə də səhnədə istilik yoxdur. Bu çox ciddi məsələdir. Biz problemi gizlədə bilmərik.  Aktyorlarımız qış aylarında həmişə xəstələnirlər. Soyuq səhnədə nə qədər məşq etmək, tamaşa oynamaq olar?  Elə tamaşalar var ki, aktyorlar səhnədə nazik paltarla çıxış etməlidirlər. Həmin tamaşalardan sonra həftələrlə xəstə yatan aktyorlarımız olur. Həmçinin mənim özümdə məqşlərdə əziyyət çəkirəm. Bizdə istilik sistemi düzgün quraşdırılmayıb. Foyedə döşəmənin altından istilik sistemi quraşdırılıb.  Ona görə də foyemiz isti olur. Amma zal və səhnə çox soyuqdur.

– Aktyor səhnəyə rahat şəkildə çıxmalıdır. Titrəyə-titrəyə, soyuqlayıb səhnəyə çıxan aktyor hansı yüksək sənəti nümayiş etdirə bilər?

– Düzdür,  bizim aktyorlarımız fədakardılar. Soyuq səhnədə məşq edirlər, tamaşa oynayırlar. Amma istilik sistemi məsələsi həll edilməlidir. Sumqayıt Teatrının əsas problemi kateqoriya məsələsidir. Belə ki, Sumqayıt Teatrının 55 yaşının olmasına baxmayaraq,  hələ də ikinci kateqoriya ilə işləyir. Bilirsiniz, həm imic, həm də aktyorların maaşı baxımından, cox istərdik ki, teatrımız birinci kateqoriyada olsun. Biz böyük bir şey istəmirik. Teatrımızın 40 illik yubileyini qeyd edəndə bizə söz verildi ki, bu məsələyə baxılacaq. Sumqayıt Teatrı birinci dərəcəli kateqoriyada  olacaq. Sonra 5 il keçdi. 50 illik yubileyimiz olanda bizə yenə də söz verdilər .

– Bu il 55 illik yubileyiniz oldu. Necə düşünürsüz, bu problemlər 60 illik yubileyə qədər həll ediləcək?

– Vallah, ümidlə yaşayırıq. Ümid edirik ki, Azərbaycan Milli Teatrının yaranmasının 150,  Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi şərəfinə nəhayət ki, bu problemlər həll edilər. Kollektivimiz səbirsizliklə gözləyir ki, bizim teatrımız nəhayət ki, birinci kateqoriya alacaq.

– Firudin müəllim, oxucuların çoxu birinci kateqoriya söhbətini başa düşməyə bilər. Birinci kateqoriya olanda teatr hansı üstünlərə sahib olur?

– İlk növbədə kateqoriya məsələsi aktyorların maaşlarına təsir edir. Həmçinin teatrın bütün yaradıcı kollektivi üçün böyük motivasiyadır. Məsələn, Lənkəran Dövlət Dram Teatrı birinci kateqoriyadır. Mən bunu başqa mənada demirəm. Lənkəran Teatrı gözəl teatrdır. Mən özüm də Lənkəran Teatrında tamaşa hazırlamışam.

– Həm də özünüz də o tərəflərdənsiz…

– (Gülür)  Bəli, özüm də o tərəfdənəm. Lənkəran Teatrının kollektivini də çox sevirəm. Amma Sumqayıt Teatrının da Lənkəran Teatrı kimi birinci kateqoriya almasını istəyirəm.

– Lənkəran Bakıdan nə qədər uzaq məsafədə yerləşir. Həmçinin Lənkəran Teatrı da…

– Təbii ki, məsafə baxımından elədir. Onlar da layiqdirlər. Buna sözüm yoxdur. İnanıram ki, bizim məsələmiz də nəhayət özünün müsbət həllini tapacaq. Bizim ən əsas problemimiz budur. Daha sonra digər mühüm problemimiz ondan ibarətdir ki, teatrımıza gənc kadrlar lazımdır. Bunun üçün də teatra əlavə ştatlar verilməlidir. Bizdə cəmi iki nəfər gənc aktrisa var. Onların da yaşı artıq 30-u ötüb. Bizə 19-23 yaşında gənc aktrisalar, aktyorlar lazımdır. Müraciət edənlər çox olur. Mən də çox istəyirəm ki, kollektivdə gəncləşmə olsun. Amma təəssüf ki, ştatda yer yoxdur. Daha doğrusu ştat yoxdur. İndi  eşitdiyimə görə bu yaxınlarda təzə ştatlar veriləcək.

– Firudin müəllim, truppada neçə aktyor var?

– 40 nəfərə yaxın aktyorumuz var.

– Neçə nəfərin fəxri adı var?

– Təxminən 9-12 nəfər əməkdar artistimiz var. Amma əvvəllər teatrımızın aktyorları olan Məzahir Süleymanov, Svetlana Həkimova və Valeh Kərimov Xalq artistləri idi. Hazırda teatrda yeganə Xalq artisti  mənəm.

– Yəqin ki, bununla baglı müəyyən əlamətdar günlərdə təqdimatlar göndərilir?

– Təqdimatlar şübhəsiz ki, gedir. Teatrımızda Prezident mükafatları alan aktyorlarımız da var. Amma fəxri adlarla bağlı bizdən təqdimat istəyən olmayıb. Amma biz gözləyirik.

– Mən belə başa düşürəm ki, Sumqayıt Teatrı fədakar olduğuna görə, gözləmə mövqeyində dayanır və səbr edir. Amma sizin əsas probleminiz teatrın bir ildir direktorsuz fəaliyyət göstərməsidir

– Bəli direktorsuz  çalışmaq bizim əsas problemimizdir. Çünki elə məsələlər var ki, onu məhz direktor həll etməlidir. Ötən ilin aprelindən bizim direktorumuz yoxdur. Amma yeni təyin edilən nazirimiz bizim teatra gəlib. Onun da məsələdən xəbəri var. İnanırıq ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq.

– Firudin müəllim, bir il direktorsuz qalan teatrın vəziyyəti çox çətin olar?

– Təbii. Əsasən də yaradıcı adamlar üçün çox çətindir. Çünki yaradıcı ideyası, düşüncəsi olan sənət adamı ilk olaraq  direktorun yanına gəlir. Hansısa tamaşanın səhnəyə qoyulması, həmin tamaşa üçün müəyyən işlərin görülməsi, pul vəsaitinin ayrılması, festivallarda iştirak etmək və.s. məsələləri direktor həll edir.  Həmçinin, teatrın qaza, işığa, suya borcu var. Düzdür həmin borcları yavaş-yavaş ödəyirik. Amma yenə də çətindir.

– Sizin teatrı kommunal borclardan azad etmək olmaz?

– Heç bir teatrı azad etməyiblər.

– Yəni, istisna hal kimi Sumqayıt Teatrına müəyyən güzəştlər etmək olmaz?

– Vallah, nə deyim…  Etsələr, yaxşı olardı. Biz tamaşalarımızı oynayırıq. Teatra müəyyən pul gəlir. Amma direktorumuz olmadığına görə, maddi və yaradıcı məsələləri həll etməkdə çətinlik çəkirik. Bizə gənc, enerjili, teatrı sevən işləmək əzmi yüksək olan direktor lazımdır.

– Firudin müəllim, teatra gələndən neçə direktorla çalışmısınız?

– Deməli, maraqlı fakt ondan ibarətdir ki, mən bu teatra gələndə Sumqayıt teatrının direktoru yox idi. Müvəqqəti direktor vəzifəsini, baş rejissor Vaqif Ağayev icra edirdi. Vaqif Ağayev Əliağa Ağayevin oğlu idi. 1987-ci ildə gənc rejissor kimi ilk dəfə  tamaşa hazırlamaq üçün teatra gəlmişdim. Elə o zaman da kimə yaxınlaşım, müəyyən məsələləri kiminlə həll edim, bu mənə böyük çətinlik yaratmışdı.  Sonralar Niyazi Aslanov bir neçə il Sumqayıt Teatrında direktor oldu.  Ağalar İdrisoğlu, Mehman Şükürov, İslam Həsənov, Mübariz Həmidov teatrımızın direktoru olub. Mən, gördüklərimi, kiminlə işləmişəm, onları deyirəm.  Bu günə qədər beş direktorla çalışmışam. Hazırda Sumqayıt Teatrın direktor əvəzi Vidadi Məmmədovdur. Amma ümid edirik ki, bu günlərdə teatrımızın direktor məsələsi nəhayət ki, həll olunacaq.

– Ötən ilin sonunda Sumqayıt Teatrında direktorun olmaması və maaşların gecikdirilməsi ilə bağlı aktyorların haqlı narazılıqları yaranmışdı. Teatrın aktyorları sosial şəbəkələrdə çıxış edib, etirazlarını bildirdilər. Yenidən belə hal yaransa,  kollektivin bu dəfəki addımı necə olacaq?

– Mən ümid edirəm ki, növbəti dəfə belə bir hal yaşanmaz. Tezliklə direktor məsələmiz həll edilsə, inanıram ki, bütün məsələlər öz həllini tapacaq.

– Bir anlıq düşünək ki, teatra direktor göndəriblər, amma Sumqayıt Teatrından ümumiyyətlə xəbəri yoxdur…

– Sözün açığı sizin dediyiniz məsələ bizi də narahat edir. Çünki namizədlər arasında elə adamların adları çəkilirdi ki, onların həqiqətən də bizim teatra dəxli yox idi. Amma inanmaq istəyirəm ki, Sumqayıt Teatrına direktor təyin ediləcək adamın müasir dünya teatrından, teatr aləmində baş verən proseslərdən xəbəri olacaq. Teatr direktoru məmur olmaqla yanaşı, həm də yaradıcı adam olmalıdır. Çox vaxt elə olur ki, teatr haqqında təsəvvürü olmayan adamı direktor təyin edirlər. Sözsüz ki, elə adamla işləmək çətin olur. Ümumiyyətlə, teatrı bilməyən, sevməyən adamla çalışmaq mümkün deyil.

– Son illərdə belə fikirlər səslənir ki, teatr direktoru yaradıcı məsələləri bilməsə də olar. Əsas odur ki, kommersiya məsələlərindən başı çıxsın. Amma baş rejissor olaraq yaradıcılıqdan anlayışı olmayan direktorla çalışmaq çətin olar

– Təbii ki, çətindir. Amma sizə deyim ki, kommersiya məsələlərini güclü bilən direktorla yaradıcılıq baxımından ortaq nöqtədə birləşmək olur. Vay o gündən ki, direktor hər iki tərəfdən də bixəbər ola. Eşitdiyimə görə, nazirlik yeni layihələr üzərində çalışır və teatrlarla bağlı elə bir sistem üzərində işləyirlər ki, teatrların xeyrinə olsun. Yəni, teatrlarımız müasir dünya teatrına inteqrasiyada axsamasın. Artıq bu proses getməlidir.

– Firudin müəllim, niyə baş rejissor həm də direktor kimi fəaliyyət göstərməsin. Bir çox teatrlarda bu ənənə hələ də var

– Yox, bilirsiniz baş rejissorun yükü, məsuliyyəti çox ağırdır. Teatrın bədii yükü baş rejissorun çiyinlərindədir. Mən, özüm hazırladığım tamaşalardan başqa, teatrda tamaşa hazırlayan bütün rejissorların məşqlərində iştirak edirəm. Baş verəcək xırda səhv baş rejissorun diqqətindən yayınmamalıdır. Hər tamaşanın məşqləri iki-üç ay çəkir. Mən bütün tamaşaları diqqətlə izləməliyəm, səhvlər yerindəcə düzəlməlidir. Bundan əlavə özüm də tamaşa hazırlayıram. Elə vaxtlarda olub ki, baş rejissor kimi ildə 5 tamaşa hazırlamışam.

– Həm də başqa teatrlarda müxtəlif tamaşalara quruluş vermisiz

– Bəli. Akademik Milli Dram Teatrında, Musiqili Teatrda, İrəvan, Qazax, Lənkəran teatrlarında tamaşalar hazırlamışam.  2011-ci ildə Amerikada Azərbaycan özəl teatrı açmışdıq. O, zaman mən üç ay Amerikada qaldım. M.F.Axundzadənin 200 illiyi ilə bağlı “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasına quruluş verdim.

– Həmin teatrı Amerikada kim yaratmışdı?

Bir zamanlar  Sumqayıt Teatrında Telman Cəlil adlı baletmeyster var idi. Sonralar Amerikaya köçmüşdü və orada Mədəniyyət Mərkəzində çalışırdı. Onun dəvəti ilə 3 ay Amerikada qalıb, tamaşa hazırlamışdım. İndi də dəvət edirlər, amma getməyə vaxt yoxdur. Burada işlərim çoxdur. Amerikada olarkən, bir məsələyə qısqanclıqla yanaşdım. Belə ki, Amerikada yəhudilərin, ermənilərin, hətta türklərin belə özəl teatrları fəaliyyət göstərir. Amma Azərbaycan adını daşıyacaq teatr yox idi. O illərdə həmin teatrı biz yaratdıq.

– Amerikadan  Sumqayıta qayıdaq…

–  (Gülür) Qayıdaq gözəl Sumqayıtımıza. Mən Sumqayıtı çox sevirəm. 1959-cu ildə  bu şəhərdə doğulmuşam. Sumqayıt mənə doğmadır.

– Sumqayıt Teatrında çalışdığınız illər ərzində yəqin ki, başqa teatrlardan iş təklifləri almısız…

– Təkliflər çox olub. Əvvəllər lap çox idi. Amma mən Sumqayıtı qoyub, başqa teatra  getmək istəməmişəm. Kollektiv mənə çox doğmadır. Bilirsiniz, problemsiz yer yoxdur. Amma problemləri dilə gətirmək lazımdır ki, həllini tapsın.

– Tamaşalarınızı izləməyə Bakıdan gələnlər olur? Yoxsa bütün tamaşaçılarınız Sumqayıt əhalisidir?

– Tamaşaçılarımız əsasən Sumqayıt əhalisidir. Amma dəvət olunanda Bakıdan da müəyyən tamaşaçılar tamaşalarımızı izləməyə gəlirlər. Şəhid ailələri və qazilər teatrımızın xüsusi qonaqları qismindədir. Teatrımızın qapıları onların üzünə hər zaman açıqdır. Sumqayıt Teatrı yaşayır, çalışır, yaradır. Tamaşaçılarımız çox olur. Əsasən də, uşaq tamaşalarımıza gələn balaca dostlarımızın sayı çoxdur. Tamaşaçılarımızın daha da çox olmasını istəyirik. Sumqayıt Teatrını diqqətdən kənarda saxlamasınlar. İnşallah, bu yaxınlarda bir neçə tamaşamızı Bakıda oynamaq, paytaxt tamaşaçılarına təqdim etmək istəyirik. Sentyabr ayında isə Mədəniyyət Nazirliyinin xətti ilə  Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə keçiriləcək “Cavid həftəsi”ndə çıxış edəcəyik.  Planlar, düşüncələr, yeni tamaşalar çoxdur. 55 yaşlı Sumqayıt Teatrının görəcəyi işlər, yeni-yeni uğurları hələ qarşıdadır.

– Yubileyiniz, iki beşiniz mübarək!

Azpost.info

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …