Ana səhifə / Müsahibə / Əjdər Zeynalov: “İftixar Piriyev teatra rəhbər gələndən, alverlə məşğul olub”

Əjdər Zeynalov: “İftixar Piriyev teatra rəhbər gələndən, alverlə məşğul olub”

Aktyorla teatr rəhbərinin qalmaqalı davam edir; aktyor Əjdər Zeynalov: “Məmur özbaşınalığına son qoyulsun, mən qanunsuz olaraq işdən uzaqlaşdırılmışam”

Tanınmış aktyor Əjdər Zeynalovla İrəvan Dövlət Dram Teatrının direktoru  İftixar Piriyev arasındakı qalmaqal davam edir. Aktyor direktorun haqqında səsləndirdiyi  ittihamlara cavab vermək və  məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. Onunla söhbətə İ. Piriyevlə arasında yaranan konfliktin səbəbindən başladıq:

– Öncə onu qeyd edim ki, İftixar Piriyevin müsahibəsini oxuyandan sonra təəssüf etdim ki, onun cəfəngiyyatdan ibarət fikirləri mətbuatda yer alıb. Onun dedikləri tamamilə uydurmalardan ibarətdir. Direktor səlahiyyətindən istifadə edib, qanunsuz işlər görür. Teatrda bütün yaradıcı işlərə baş rejissor cavabdehdir. Direktor menecerdir, tamaşanı satmaq onun başlıca görəvidir. Piriyev yazdığı pyeslərini güclə  səhnəyə  qoyur və teatrı öz gəlir mənbəyinə çevirib. Mərhum prezident Heydər  Əliyev haqqında pyes yazıb və səhnələşdirib. Heydər Əliyev rolunu da özü oynayır. Dünyada bir qanun var, görkəmli dövlət xadimləri haqqında kino çəkilirsə, ya da tamaşa qoyulursa, xüsusi komissiya yaradılır. Komissiya həmin aktyorun dövlət xadimini necə canlandıra biləcəyinə qiymət verir. Amma Piriyev bu qaydaya məhəl qoymadan, özbaşına Heydər  Əliyevin obrazını özü canlandırır. Beləliklə, teatrı ”Xəkəndaz” truppasına çevirib. Direktor işlədiyi müddətdə onlarla istedadlı və təcrübəli aktyorları teatrdan didərgin salıb. Bu haqsızlığa etiraz etdiyim üçün mənimlə düşmən kəsilib.  Qanunsuz olaraq işdən uzaqlaşdırılmışam.

– İftixar Piriyev sizi diplomu olmayan, səriştəsiz aktyor, alverçi adlandırıb.

– Bəli. Deyib ki, diplomum yoxdur, səriştəsiz aktyoram. Küçə alverçisi olmuşam. Mənim diplomum var, universitetdə sənət müəllimlərim də çox nüfuzlu şəxslər  olub. İftixarın məqsədini anlamıram, haqqımda əsassız fikirlər səsləndirir. 30 ildən çoxdur ki, İrəvan Teatrında çalışıram. Son iki aya kimi ayağa qalxmamışam. Onun əməlləri artıq səbrimi tükətdi. 2002-ci ildən bəri İftixar Piriyevin əməlləri bütün çılpaqlığı ilə göstərilir, ortaya fakt qoyulur, lakin heç kim ona “dur” demir. Fəxri adım olmasa da, az-çox sənət aləmində imzam var. Tamaşalarda baş rollar ifa etmişəm. Təəssüf edirəm ki, qədim tarixə malik teatra bu cür səriştəsiz adam rəhbərlik edir. Deyir ki, çəkildiyim filmlərdə ancaq epizodik rollar oynamışam. Əvvəla, klassik ənənə ilə desək, rolun böyüyü, kiçiyi olmaz. Baş rola da çəkilərəm, epizodik rola da. Rejissor aktyoru hansı obrazda görürsə, aktyor da onu canlandırmalıdır. “Əhməd haradadır?” filmində  Azərbaycan teatrı və kinosunun ən dahi sənətkarlarından biri olan SSRİ xalq artisti Ədil İsgəndərov xırda və epizodik rollardan birini, Qoçu rolunu ifa edib. Bu filmdə onun bircə cümləsi var. Burada qəbahət olan nə var ki? Alver etmək də ayıb deyil. O, yaxşı bilir ki, İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirmişəm, diplomum da var. İllərdir tanıyır məni.

ejder.JPG (68 KB)

– O, bu faktları bilə-bilə niyə təhrif edir?

– Onun tək düşüncəsi teatrımızdan qisas almaqdır. Bədii cəhətdən dayaz olan cızmaqaralarını tamaşaya qoyur. Dünya dramaturgiyasına və milli klassiklərimzə üz tutmur. Çünki pul ödəyəcək. O, ancaq dayaz əsərlərlə pul qazanmaq, hər hansı bir vəzifəyə qalxmaq haqqında düşünür. Teatr onu maraqlandırmır. Əgər teatrımızda hər hansı bir uğurlu tamaşalar olubsa, bu, rejissorların təşəbbüsü ilə baş tutub.

– İftixar Piriyevə şəxsən etirazınızı bildirmisinizmi?

“Həmkarlarım, aktyorluğun sirlərini öyrətdiyim insanlar üzümə dayandılar”

– Dəfələrlə bildirmişəm. Bir xüsusiyyəti var ki, ona bir məsləhət verən insanı qaralayır, acığını çıxır. Şər atmaq onun peşəsidir. Onun teatrımızın bütün əməkdaşlarına bir sözü var, xoşun gəlmirsə, ərizəni yaz, işdən çıx. Elə bil bu dövlət idarəsi özünün şəxsi mülküdür. Məni işdən azad edib. Deyir ki, peşəkar deyilsən. Bəs illərdir teatrda necə çalışmışam? Mənə o rollar niyə verilib? Əmək Məcəlləsinin 72-ci maddəsinin “C” bəndi ilə məni işdən azad edib. Guya peşəkarlıq səviyyəm aşağıdır, iş ahəngini və nizam -intizam qaydalarını pozmuşam. Kim onun bu əmrini oxuyursa, gülür. Özünü gülünc vəziyyətə salıb. Dövlətimizə də, qanunlara da  inanıram. Bilirəm ki, əvvəl-axır səsim eşidiləcək, özbaşınalıq edən bu məmur layiqli cavabını alacaq, həqiqət öz yerini tapacaq. Piriyevin yeri haradır bilmirəm, təkcə onu bilirəm ki, mədəniyyət sahəsi deyil. Mənə deyir ki, küçə alverçisisən. Alverçinin yekəsi özüdür. Teatra rəhbər gələndən alverlə məşğul olub. Akademik Milli Dram Teatrında ona rol vermirdilər. Əlində pul olduğu üçün hansısa vasitələrlə gəlib direktor oldu. Yenə də alverlə məşğuldur. Hətta eşitdiyimə görə, Əhmədlidəki maşın bazarında 3-4 dənə “zapçast” mağazası var. Qardaşı, qohumları ilə birlikdə işlədir. Axırıncı dəfə Türkiyəyə qastrola böyük avtobusla gedəcəyimizi desə də, sonda  minibusla getdik. Maşına tamaşanın dekorasiyası, əlbisələr və çamadanlarımız güclə yerləşdi, Azərbaycana dönəndə isə ayağımızın altına çoxlu maşın “zapçast”ı alıb yığdı. İndi sualıma cavab versin, alverçi kimdir? Nazirlər Kabinetinin sərəncamı var. İstər dövlət, istərsə də özəl sektorda işləyən vətəndaş hansısa ölkəyə ezamiyyətə gedəndə azından gündəlik ezamiyyə xərci 165 avro təşkil edir. Oraya hotel və yemək xərcləri aiddir. O qədər qastrollara getmişik, heç birində bizə ezamiyyət pulu verilməyib. Ezamiyyət xərcini dövlətdən alıb, cibinə qoyub. Elə vaxt olub ki, İstanbulda tamaşadan çıxıb gecə ac yatmışıq. 100 lirəyə görə 20 nəfərlik truppanı ac qoyub.

ejder 2.JPG (74 KB)

– Bir müddət əvvəl teatrın təmirsiz olmasından da narazılıq etmişdiniz.

– Hazırda teatrımızın binası qəzalı vəziyyətdədir, amma bu onu maraqlandırmır. Pəncərələri  qırıqdır, oturmağa stulumuz yoxdur. Hər şeyi Mədəniyyət və Turizm Nazirliyinin üstünə  yıxmaq olmaz. Qastrollarda aktyorların alın təri sayəsində dəstə-dəstə pullar qazanıb. Həmin pullardan ayırıb dam örtüyünü düzəltdirə bilərdi. Teatrda ölü canlar var, onların pulu bunun cibinə gedir. İstəsəydi, yaradıcı insanlar, aktyorlar üçün şərait yaradardı. Teatr aktyorların ikinci ailəsi deməkdir. Teatr aktyor üçün həyatdır. Axı biz rollarımızla nəfəs alırıq. Erməniləri başa düşdük, düşməndirlər, yerimizi-yurdumuzu aldılar. Ikinci dəfə  İftixar bizi didərgin saldı. Beləliklə də 135 illik şanlı ənənələri olan teatrı məhvə sürükləyir.

– Qanunsuz olaraq işdən çıxarıldığınızı dediniz. Bu barədə məhkəməyə müraciət etmisinizmi?

– Binəqədi Rayon Məhkəməsinə müraciət etmişəm. İnanıram ki, məhkəmə pozulmuş hüquqlarımı bərpa edəcək. Mənə dedilər ki, Binəqədidə İftixarın vəzifəli dostları var, tapşırtdıracaq, məhkəməni uduzacaqsan. Dövlətimə və  qanunlarına inanıram. Çünki onun verdiyi əmr heç bir məntiqə sığmır. Çünki səhv maddə ilə məni işdən uzaqlaşdırıb. İki gün içində yalançı təqdimat hazırlandı, həmkarlarım, aktyorluğun sirlərini öyrətdiyim insanlar üzümə dayandılar. Əleyhimə qol çəkdilər. Guya işə gecikmişəm. Soruşdum ki, niyə yalanlara şahidlik etdiniz? Dedilər ki, bu addımı atmasaydıq, bizi də işdən qovacaqdı.

– İki aydır işsizsiniz. Başqa təkliflər varmı?

ejder3.JPG (83 KB)

– Yaradıcı insan konfliktdən uzaq olur. Yaradıcılıqdan, sənətdən danışmalıyam. Amma o, məni qəsdən qalmaqalın içinə çəkdi. O, yaxşı bilirdi ki, haqsızlıq və yalan qarşısında susmayacağam. Hazırda heç bir təklif yoxdur. Bəlkə də hamı bu davanın bitməsini gözləyir. Əvvəllər bəzi teatrlardan təklif almışam. Amma 30 il çalışdığım teatrda fəaliyyətimi davam etdirmək istəyirəm. Məhkəmədən cavab gözləyirəm. Orada olan hakimlərin vətənpərvərliyinə, sənətə olan sevgisinə inanıram. İnanıram ki, düzgün mövqe tutacaqlar. Qəzetiniz vasitəsilə prezidentimiz İlham Əliyevə, birinci vitse-prezidentı Mehriban Əliyevaya müraciət edirəm ki, bu haqsızlığın qarşısını alsınlar. Ötən gün 30 nəfərdən ibarət ölkə ziyalıları, tanınmış sənət adamları prezidentimizə müraciət etdilər ki, bu haqsızlığa, məmur özbaşınalığına son qoyulsun və işimə bərpa olunum. Mən də hörmətli prezidentimizdən bunu xahiş edirəm.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …