Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / “Əfv olunsa, ölənə qədər prezidentə xidmət edəcəyini yazmışdı” – Müsahibə

“Əfv olunsa, ölənə qədər prezidentə xidmət edəcəyini yazmışdı” – Müsahibə

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Qafqazinfo”ya geniş müsahibə verib. 
Müsahibənin birinci hissəsini təqdim edirik:

– Bu ilin əvvəlindən başlayaraq dövlət başçısı sosial sahədə bir neçə istiqamət üzrə əməkhaqlarını artırıb. Ancaq artım söhbəti eşidilən kimi ərzaq bazarında qiymətlər bahalaşmağa başladı. Vətəndaşlar da hesab edir ki, bu artımlar elə çoxalan xərclərə sərf olunur və cibdən gedir. Sizcə, bu məsələyə necə nəzarət edilməlidir? 

– Məsələyə ciddi şəkildə nəzarət etmək lazımdır ki, süni artımlar ortaya çıxmasın.  Bilirsiniz ki, qiyməti qaldıran dövlət yox, ayrı-ayrı ticarət müəssisələridir. Bunlar da xüsusi mülkiyyətdir. Onlar da artımları eşidən kimi daha çox qazanc əldə etməyə çalışırlar. Vətəndaşların hətta öz səhvi belə olsa dövlət yükü öz üzərinə götürür. Bundan da bəhrələnmək istəyənlər var. Pensiyaçının pensiyası artıbsa  şəkərin, soğanın, qiymətinə hansısa əlavələr etmək ancaq möhtəkirlərin, süni şəkildə qiymət bahalaşdıranların fəaliyyətidir. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi strukturu yaradılıb. Hesab edirəm ki, bu məsələlərlə bağlı əlavə səlahiyyətlər həmin quruma verilməlidir. Həmçinin inhisarçılığa qarşı mübarizə aparan digər strukturlar da bu prosesə qoşulmalıdır. 

– Soğandan bəhs etdiniz. Elə soğanın qiyməti də kəskin bahalaşıb. Bu da əhalinin əsas istifadə etdiyi kənd təsərrüfatı məhsulu olduğuna görə, bir qədər narazılıq yaradıb. Daxili bazarda soğanın qiymətini tənzimləmək mümkündürmü?

– Rayon və kənd yerlərində yaşayan insanlar bilir ki, mart ayı bir fəslin bitməsi digər fəslin başlamasıdır. Bu zaman köhnə məhsul başa çatmaq üzrədir, yenisi isə hələ yoxdur. Yəni, yeni soğan çıxana kimi proses ola bilsin ki, belə olsun. Təbii ki, burada süni şəkildə vəziyyətdən istifadə etmək də var. Daxili bazarın qorunması məsələsində fermer razı, vətəndaş isə narazı qalır. Hesab edirəm ki, bu cür məsələlərlə bağlı proqnozlaşdırma olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi ölkə üzrə hansı məhsullara təlabatın nə qədər olmasını müəyyənləşdirməlidir. Həmçinin, dövlət vətəndaşlarla müqavilə bağlamalıdır ki, əgər o, hansısa məhsulu istehsal etsə, onu kəndlidən alacaq. Təbii fəlakət baş versə qarşılıqlı anlaşma şəklində məsələnin həlli razılaşdırılmalıdır. O zaman bu məsələlər həllini tapacaq.

– Dövlətin vətəndaşların problemi ilə bağlı məsələni öz üzərinə götürdüyünü vurğuladınız. Ancaq ekspertlər hesab edir ki, dövlət büdcəsini bu qədər yükləmək olmaz. O büdcə vətəndaşların ödədiyi vergilərdən formalaşır…

– Təbii ki, bir neçə hallar var, bunlar aradan qaldırılmalıdır. Bunlardan birincisi sığorta sistemidir. Məsələn, mənim deputat seçildiyim Naxçıvan Muxtar  Respublikasında bütün dəyəri olan əmlaklar sığortalanıb. Bu proses davam edir.  Orada da bəzən deyinmələr olur ki, niyə sığorta haqqı ödəməliyəm?! Sonradan effektini görəndə bunu başa düşürlər. Cənab prezident də çıxışında dedi ki, sığorta sistemində yeniliklər olmalıdır. Vətəndaşlarımız da çalışmalıdır ki, bu sahədə köməklik etsinlər. Hər biri öz evini, nəqliyyat vasitəsini sığortalatdırsın. “Diqlas” ticarət mərkəzində malları yanan sahibkarların və icarədarların çıxışlarına qulaq asıram. Biri deyir ki, malının sayını bilmir. Necə sayını bilmirsən? Bir qələmin itsə göydə bilirsən ki, o itib. Bu cür yanaşma düzgün deyil. Böyük bir restoranın sahibi oradakı pomidor-xiyarın sayını əzbər bilir. Sən bilmirsən ki, satdığın mal nə qədərdir? Axı gündəlik hesabat aparırsan. Araşdırmaq üçün yarım saat vaxt lazımdır ki, səmimi şəkildə orada olan əmlakları ilə bağlı komissiyaya məlumat versinlər. Biri deyir ki, 2 milyon malım var. Sual olunur, bu qədər mal haradan gəlib? Bunun gömrüyü, vergisi var. Dövlət bu qədər addım atıb yükü öz üzərinə götürüb. Vətəndaş, sahibkar da gərək buna qarşılıqlı cavab versin. 

– Sığorta şirkətlərinə “niyə ticarət müəssisələrini sığortalamırsız?” sualını verəndə deyirlər ki, onlar malların uçotunu düzgün aparmırlar. Bir çox ticarət müəssisələri heç vətəndaşlara kassa çekləri də vermirlər. Müvafiq dövlət qurumları nəzarəti gücləndirməli deyilmi?

– Mütləq. Vətəndaşlar özləri də çekləri tələb etməlidir. Azərbaycan nağdsız ödəniş sisteminə keçib. Ona görə mütləq ticarət müəssisəsi kassa aparatından istifadə etməlidir. Görürük ki, kassa aparatından istifadə olunmur. Burada vətəndaşın da məsuliyyətini düşünməliyik. O bilməlidir ki, verdiyi puldan vergi veriləcək, o da sonradan vətəndaşa qayıdır. Ona görə də biz buna göz yummamalıyıq. Bəzən görürsən ki, çekdə aldığı qiymətdən başqa qiymət yazılır. Qanunsuz halları görəndə sosial şəbəkələrdə yaza bilərlər, qurumların qaynar xəttinə də müraciət edə bilərlər. Biz bunların heç birini etmirik. Gərək birinci addımı özümüz ataq. 

– Bəzən də elə olur ki, iri sahibkarlar öz məsələlərini həll etməyərək vətəndaşı incik salır. Elə bu günlərdə Şərurlu İsfəndiyar kimi tanınan tikinti maqnatının şəhid ailəsinə qarşı narazılıq yaradan müəyyən hərəkətləri oldu. Birinci vitse-prezident bu işə qarışaraq ailəni evlə təmin etdi. Amma tək onlar yox, həmçinin bu tikinti maqnatından narazı qalan başqa vətəndaşlar da var…

– Mən məsələni mətbuatdan oxudum, başa düşmədim ki, kim təqsirkardır. Bunun ən düzgün yolu məhkəmə qaydasında araşdırmadır. Hesab edirəm ki, şəhid ailəsinə hər birimiz diqqətlə yanaşmalıyıq. Hətta ödənişi həyata keçirə bilməyibsə də, şirkət imkanlıdırsa onun sosial proqramı olmalıdır. Bundan da istifadə edib dəstək göstərilməlidir. Mənə də onlarla müraciət daxil olur. Elə hallar var ki, orada vətəndaş haqlıdır. Bəzi hallarda isə vətəndaş qanunsuz halda sahibkardan mənzil tələb edir. Hələ də sosializm düşüncəsi cəmiyyətdə qalmaqdadır. Sahibkar deyəndə mütləq beyinlərdən keçir ki, bu, oğrudur, quldurdur və. s. Ancaq bu sağlam şəkildə iqtisadiyyatı bilən insandır. Bu psixologiyadan tədricən çıxmalıyıq. Məhkəmələr bunu araşdırmalıdır. Bununla bağlı islahatlar gedir. Qərar da dərhal icra olunmalıdır, mexanizm mütləq işləməlidir. 

– Məhkəmələrdə hansı islahatların aparılması gözlənilir?

– Biz istəyirik məsələ qaldıraq ki, məhkəmələrdən təkrar qətnamə qaytarmaq məsələsi olmasın. Bir instansiya qərar qəbul edir, sonra Apelyasiyaya verilir,  sonra Ali Məhkəməyə məsələ gedib çıxır. Ali Məhkəmə yenidən qərarı ilkin instansiyaya göndərir. İlkin stansiya səhv qərar çıxarıbsa, ilk növbədə, o cəzalandırılmalıdır. Məhkəmənin qərarı dövlətin adından çıxarılır. Deməli, ya məsuliyyətsizlik edib, ya öz sahəsini bilmir. Ya da dolayısıyla hansısa marağı olub ki, bu qərarı qəbul edib. Ona görə də kifayət qədər işlər bu günə qədər gəlib çıxır və icra etmək mexanizmi qalır. Bu da illər çəkir. Bir iş 4 dəfə geri-irəli gedib-gəlir. Nəticədə vətəndaşın əsəb sistemi pozulur. Biz bunu dərk edirik. Hesab edirik ki, məhkəmə strukturlarında yenilik olmalıdır. 

– Elə onlar da siz dediyiniz ki, get- gəllərdən əsəblərinin pozulduğunu vurğulayırlar. Üstəgəl, məhkəmə həmin şəxsləri zərərçəkmiş kimi də qəbul edib, amma icra mexanizmi yoxdur. Dələduzluğa məruz qalıblar.

– Şirkət dələduzluq etməyə çalışır. Gərək vətəndaş da buna aldanmasın. Əmlak məsələləri ilə bağlı yeni sistemə keçilib. Artıq bu məsələlərin hamısı ciddi nəzarət altındadır. Vahid tikinti reyestri var və sənədlər də orada qeydiyyatdan keçib. İlkin dövrlərdə, tikinti bumu başlayanda belə hallar baş verdi. Bir mənzili bir neçə nəfərə satmaq halı oldu. İndi bu kimi hallar tamamilə aradan qalxıb.

– Dövlət rəhbəri iclasların birində təhsil sahəsində islahatların aparılacağına toxundu. Orta məktəb şagirdləri və valideynlər dərsliklərin qəliz dildə yazıldığını, 1-ci və ya 2-ci sinif uşağının onları qavramağının çətin olduğunu qeyd edirlər.  Bununla bir növ təhsilsizliyə getdiyimizi vurğulayırlar… 

– Ümumiyyətlə, təhsildə vahid bir sistem mövcud olmalıdır. Mən indi bu sahədə olan insanları qınamıram. Amma çoxu sovet psixologiyasından əl çəkə bilmir. Deyir ki, bir- iki dəfə müdafiə etməlidir. Elmlər namizədi olmalıdır, sonra doktor olmalıdır. Buna görə də biz 10 il “Təhsil haqqında” qanunu qəbul edə bilmədik. Hər alim özünün düşündüyünü tətbiq etmək istəyir. Bir az Avropadan, bir az Asiyadan, bir az postsovet məkanından götürməklə olmaz. Vahid bir sistem olmalıdır. Şagird də belə olanda sxemə düşə bilmir. Sovet dövründə I sinifdə oxuyanda bilirdin ki, ya 10-cu sinifdə ali məktəbə gedəcəksən, ya da 8- ci sinifdən peşə təhsilinə gedəcəksən. Amma indi 2 ildən bir qərar qəbul olunur. Tutaq ki, şagird birinci sinifdə nəzərdə tutub ki, dəqiq elmlər sahəsinə gedəcək. Dəyişiklik olanda bu da şagirdə təsir edir. Test sistemi yaxşıdır. Oxuyan gedib universitetə daxil ola bilir. Bu sahədə inkişaf var, amma müəyyən dəqiqləşdirilmələr də getməlidir. 

– AMEA-nın ləğvi mümkün ola bilərmi?

– Hesab etmirəm. Çox ciddi işlər gedir. Milli Elmlər Akademiyasının strukturu iki hissədən ibarətdir. Bir sahə dövlət üçün lazım olan sahədir. Gəlir gətirməsə belə, dövlətin tapşırıqlarını yerinə yetirir. Elə sahələr də var ki, onlar dövlət büdcəsindən vəsait almaqla yanaşı, ayrı-ayrı şirkətlərlə müqavilələr bağlayıb qrantlar alırlar. Məsələn, ərəb ölkələrində akademiya yoxdur. Bu da millətin səviyyəsini müəyyənləşdirir. Bizdə hələ dövlətin nəzarəti altındadır. Ayrı-ayrı institutlar var ki, onlar özləri də qazanc əldə edir. 

– Bu günlərdə 31 Mart soyqırımı qeyd olundu. Ancaq bu soyqırımları xarici auditoriyaya tanıtmaq lazımdır. Bunun üçün də ən təsirli vasitə film çəkməkdir. Amma illərdir ki, kino sahəsinə pul ayrılsa da, bunlarla bağlı fundamental film çəkilməyib. Sizcə, niyə?

– Bu fikirlə mən razıyam. Birinci ssenari olmalıdır. Çəkəndə isə onu yüksək texnologiya əsasında çəkmək lazımdır. 1905, 1918-ci ilin soyqırımları, Xocalı soyqırımı. Məsələn, Xocalı soyqırımını öz gözümüzlə görmüşük. Biz daxildə ağlaşma kampaniyası üçün yox, xaricə erməni vəhşiliyini tanıtmaq üçün film çəkməliyik. Eyni zamanda, ermənilərin havadarları da burada öz əksini tapmalıdır. Bu məsələdə maliyyə ilə yanaşı, vətənpərvərlik ruhu və vətəndaşlıq məsuliyyəti da olmalıdır. Türkiyədə tarixi sərkərdələrlə bağlı seriallar çəkirlər. Bizim də dövlət quran sərkərdələrimiz olub. Məsələn, Şah İsmayıl Xətai ilə bağlı bir dənə də filmimiz yoxdur. Ancaq baxırsan ki, hər kanalda serial gedir. Bunu orada öldürdülər, bunu burada öldürdülər. Bəs biz hara baxırıq? Bunları niyə görmürük? Bu ölənin bir yası olmalıdır da. Biz nəyi təbliğ edirik? Rusiyanın kriminal aləmindən ssenari götürüb onu Azərbaycanlaşdırırlar. Ordan bunu gətirib Azərbaycanda serial çəkməyin nə mənası var? 

– Belə kinolara baxanda da gənc nəsl kriminal aləmə rəğbət bəsləməyə başlayır…

– Bilirsiniz, onlar keçmiş sistemi görməyiblər, gördükləri bunlardır. Ancaq bir nəfər binadan yıxılanda da Azərbaycanda bütün kanallar, sosial şəbəkələrdə məlumat gedir. Bəs bu qədər qırğınlar harada baş verdi? Çəkilişlər olanda bu reallığı əks etdirməlidir. Film canlı həyatın reallığıdır. Bunlardan da cəmiyyət bir tərbiyə almalıdır. Ancaq gəldim, zalda insanları güldürdüm, getdim şəklində olmamalıdır. Xarici ədəbiyyatlara müraciət olunmalıdır. Keçmiş  dramaturqlarımızın əsərləri yenidən səhnəyə qoyulmalıdır. 

– Qeyd etdiniz ki, ermənilərin vəhşiliyi ilə bağlı film çəkmək üçün vətənpərvərlik olmalıdır. Onda belə çıxır ki, bizim yazıçılarımızda bu hiss yoxdur? Məsələn, xalq yazıçısı Anar niyə bu təşəbbüslə çıxış etmir? Prezidentin mədəniyyət xadimləri ilə görüşündə də ictimaiyyət onları tənqid etdi ki, hərə öz problemini qaldırdı. Kimsə bu cür məsələ ilə bağlı çıxış etmədi…

– O görüş çox əhəmiyyətli bir görüş idi. Ulu öndərimiz, hazırkı dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət xadimləri ilə  mütəmadi olaraq görüşüb. Onların həm şəxsi, həm də mədəniyyət sahəsində olan məsələləri həll edilir. Bir çox ölkələrdə yaradıcı təşkilatlar ümumiyyətlə, özəl təşkilatlardır. Azərbaycanda isə bu təşkilatlar dövlət büdcəsindən maliyyələşir. Dövlət buna da diqqət və qayğı göstərir. Bu, lazımdır. Yeni nəslin də inkişafına yol açır. 50 nəfər gənc yazıçıya əlavə təqaüd verilir. Rəssamlara, bəstəkarlara və başqalarına da dəstək göstərilir. Büdcədən ayrılan vəsaitdə, məsələn, siyasi partiyalara ayrılan vəsaitdə qeyd olunur ki, onun neçə faizi əməkhaqqı, neçə faizi isə  digər sahələrə sərf olunmalıdır. Bu zaman hesabatlılıq bilinir. Həmin təşkilatlara da ayrılan vəsaitin konkret proqramı olmalıdır. Əgər vəsaitə ehtiyac varsa, dövlətə müraciət edilməlidir. Özəl sektor da buna diqqət göstərməlidir. 

– Sizin otağınızdakı şkafın üstündə Quranla bağlı bir neçə kitab var. Çoxu Quranı evinin ən hündür yerinə qoyur, amma oxumur. Maraqlıdır ki, bəs siz bu kitabları oxumusunuzmu? 

– Mən parlamentin dini qurumlar komitəsinin sədri olmamışdan qabaq həm din tarixi, həm də müasir dövrlə bağlı maraqlanmışam. Hansı ölkəyə gedirəmsə orada kilsəyə də, sinaqoqa da, məscidə də gedirəm. Çin-Azərbaycan dostluq qrupunun rəhbəriyəm. Orada buddanın çox böyük abidələri var. Bütün bu yerlərin hamısını gəzirəm. Biri deyir ki, mən Quranı 8 dəfə oxumuşam. Quranı istəsən 20 dəfə oxu, əgər ona qədər 50-yə yaxın kitab oxumasan, Qurandan heç nə başa düşəsi deyilsən. Quranda cümlə yoxdur, surə və ayələr var. Bu kitaba gəlib çatmaq üçün bütün dinlər, onların yaranma tarixi, müsəlman hüquq məktəbləri, ayrı-ayrı cərəyanları, qopmaları bildikdən sonra deyə bilərsən ki, tutaq ki, Nur surəsinin 31-ci ayəsində göstərilən məsələ nəyi əhatə edir. Yoxsa 10 dəfə yuxarıdan aşağıya oxusan da heç nə dərk edə bilməzsən. 

– Son zamanlar siyasət cameəsində aktivlik müşahidə olunur. Müəyyən təşkilatlar yaranır. Prezidentin əfv sərəncamı ilə azadlığa çıxan Əli İnsanov hakimiyyət əleyhinə açıqlamalar verir. Bütün bunlarla bağlı nə deyə bilərsiniz? 

– Birincisi, siyasət cameəsində aktivləşmə deyəndə burada sui- istifadədən söhbət gedir. Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra Azərbaycan xalqının yekdilliklə cənab prezidenti dəstəklədi. Seçkinin çox yüksək səviyyədə keçirilməsi, demək olar ki, bir dəfə də olsun neqativ halın baş verməməsi Qərbi və bəzi dairələri, o cümlədən Amerikanı, Azərbaycanı istəməyən qüvvələri və erməni lobbisini narahat edir. Partiyanın təbliğatında iştirak edən şəxslər seçicilərlə 1000-dən artıq görüş keçiriblər. Bu görüşlərdə toplanan bütün məlumatlar, təkliflər, şikayətlər cəmləşdirilərək cənab prezidentə təqdim olundu. Dövlət büdcəsi də təsdiq olunanda bu layihələrin əksəriyyəti onun tərkibinə daxil edildi. Yanvar ayından bu tərəfə isə dövlət büdcəsinin icrası başlanıldı. Artıq bunlar gördülər ki, nədən yapışmaq istəyirlərsə həll olunub. Bu yaxınlarda aprelin 6-da mitinq keçirmək istəyirdilər. Bundan qabaq Əli Kərimli çıxış edərək “Diqlas” da  zərərçəkən sahibkarları mitinqə dəvət etdi. Deyir ki, gəlin iştirak edin, sizin haqqınız müdafiə olunacaq. Bu insanların problemlərindən sui-istifadə etmək cəhdidir. Ona görə də bunlar məsələ qaldırır ki, 19 yanvarda keçirilən mitinqdə etdikləri çıxışlara görə hökumət sosial layihələrlə bağlı qərar verdi. Əslində isə buna hazırlıq 1 il qabaqdan gedirdi. Mitinqlə heç nəyi həll etmək mümkün deyil.  Bunlar 1989 və 1990-cı illərin düşüncəsində qalıblar. O cümlədən Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Ölkədə bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var. Elə adamlar var ki, bu gün Avropadadır. Onların bizdə ərizələri var.  Biz indi o ərizələri açıb göstərmirik, çünki düzgün çıxmaz. Əfv müraciətlərində yazıb ki, əgər əfv olunsa, ölənə qədər prezidentə sədaqətlə xidmət edəcək. Bizdə ərizəsi var. 

– Son əfv sərəncamıyla azadlığa çıxanlar arasında da beləsi var?

– Ondan qabaqkıları da var, sondakılar da. Bir çoxunda var. Amma həbsdən çıxanda hərəsi bir cür bəyanat verir. Qohumları, valideynləri cənab prezidentə onlarla müraciət ediblər ki, məhkumun səhhəti ağırlaşıb, onu əfv etsin. Yaxud tabeliyində uşaq var. Əfv Komissiyasına 1000-dən artıq müraciət daxil olmuşdu. Komissiyada bunların hər birinə baxılır. Çünki rəsmi şəkildə müraciət daxil olmadığı halda ona baxıla bilməz. Bundan əlavə, qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən şəxslərdən də cənab prezidentə xahişlər daxil olub. Cənab prezident də bütün bunları nəzərə alaraq konstitusion hüququndan istifadə edərək bunları əfv edib. İndi çıxıb kimsə nəsə danışırsa, bu, artıq cəmiyyəti aldatmaqdır. 

– YAP-ın qurucularından olan, “91”lərin nümayəndəsi Əli Nağıyevin  partiyadaşları haqqında söylədiyi fikirlərə diqqət çəkmək istəyirəm. Hansı ki, YAP-çı deputatlar da bunu təhqir hesab edirlər. Sizcə, Əli Nağıyev niyə incikdir

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …