Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Müsahibə / “Xersonun azad edilməsi Putin Rusiyası üçün siyasi sonun başlanğıcı olacaq”

“Xersonun azad edilməsi Putin Rusiyası üçün siyasi sonun başlanğıcı olacaq”

Ukraynada müharibə tam gücü ilə davam edir və Ukrayna Ordusu bəzi istiqamətlərdə tədricən üstünlüyə yiyələnməyə başlayır. Son məlumatlara görə, Ukrayna müdafiə qüvvələri Xarkov istiqamətində 50 kilometrə qədər irəliləyib. Müşahidələr göstərir ki, rus ordusu müharibənin yeddinci ayında artıq taqətdən düşüb və hücum potensialını itirib. Vladimir Putin isə hələ də Ukraynanı işğal fikrindən daşınmaq niyyətində olmadığını nümayiş etdirir – Avropaya qaz nəqlini dayandırır, dünyanı gah təbii qaz, gah ərzaq böhranı, gah da nüvə fəlakəti ilə şantaj edir.

Ukrayna mövzusunu Azad Demokrtlar Partiyasının sədri, təhlükəsizlik sahəsi üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə etdik.

– Sülhəddin bəy, Ukrayna savaşında dinamika artır, Ukrayna müdafiə qüvvələri bəzi istiqamətlərdə əks-hücumlar həyata keçirir. Müharibənin gedişatını necə qiymətləndirirsiniz?

– Son müsahibəmizdə əsas döyüşlərin avqustun sonunda və ya sentyabrın əvvəllərində başlayacağını bildirmişdim. Həqiqətən də avqustun 29-da əks-hücum əməliyyatı başlayıb. Halbuki, Ukrayna tərəfi buna ehtiyatla yanaşaraq “əks-hücum fəaliyyətləri” deyir. Ola bilsin ki, bu zaman uğursuzluq risklərini də nəzərə alırlar. Əslində bu, əks-hücumdur. Müəyyən uğurlar da ortadadır. Gözlənilməzlik baxımından bunu uğurlu sayıram. Həm Xerson, həm də Xarkov istiqamətində ciddi irəliləyişlər var. Artıq təşəbbüsün Ukrayna Ordusunun əlinə keçdiyini müşahidə edirik.

Müharibənin ilk günlərində qeyd edirdim ki, Putin Rusiyası strateji məğlubiyyətə düçar olub. Artıq söhbət operativ və taktiki səviyyədə mübarizədən gedir. İndi ikinci səviyyəyə gəlmişik – operativ səviyyə. Bu mərhələdə Rusiya ordusunun hücum potensialı yalnız Baxmut istiqamətində qalıb. Bu gün gələn xəbərləri də nəzərə alsaq deyə bilərik ki, uzağı 72 saat ərzində rus hərbçiləri çıxış yolu tapa bilməsə, Ukrayna əks-hücum kampaniyasını uğurla davam etdirsə, təşəbbüs operativ sahədə də Kiyevin əlinə keçəcək.

– Müharibədə hər iki tərəfdən təxminən 200 minlik ordu prosesə cəlb edilib. Rusiya üçün 200 minlik qruplaşma onun ümumi ordusunun 10-15 faizi deməkdir. Çətin duruma düşən Rusiya müharibə meydanına əlavə hərbi birləşmələr ata bilərmi?

– Bu müharibə göstərdi ki, Rusiya ordusunun nominal sayı barədə məlumatlar ancaq rəqibləri çəkindirmək və qorxutmaq üçün imiş. Əslində, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətli hissələrinin sayı Rusiyanın anoloji qüvvəsindən çoxdur. Ukraynanın 250 minlik döyüş qabiliyyətli qüvvəsi, 150 minlik ehtiyatı var. Hadisələrin gedişi göstərir ki, Rusiyanın isə cəmi 150 minlik döyüş qabiliyyətli hərbi birləşmələri varmış. Son xəbərlərdən də görünür ki, onların yeni ehtiyat qüvvələri yoxdur. Bir neçə gün əvvəl son olaraq cəmi bir ordu korpusunun yaradılması və Ukraynaya göndərilməsindən söhbət gedirdi. Son kəşfiyyat məlumatlarına görə, bu korpusa cəmi 10 min adam toplaya biliblər. Onun da döyüş keyfiyyəti və qabiliyyəti yüksək ola bilməz.

Artıq canlı qüvvə və döyüş texnikasının keyfiyyəti baxımından Ukrayna Ordusu rus qoşununu üstələyir. Məncə, burada ordunun nominal sayına fikir verməkdən daha çox döyüş qabiliyyətli hərbi hissələrə baxmaq lazımdır. Rusiya ordusunun döyüşkən hissələrinin çoxu müharibənin ilk dövründə sıradan çıxarılıb. Əvəzində, Ukrayna Ordusunun Avropa ölkələrində hazırlanan 10 minlərlə yeni döyüşçüsü var. Ən son xəbərə görə, Britaniyada hərbi təlim keçən 4700 Ukrayna əsgəri döyüşə hazırdır.

– Hazırda Ukrayna Ordusu üç istiqamətdə əks-hücum manevrləri həyata keçirir – şimalda Xarkov, şərqdə Donbas və cənubda Xerson. Bu istiqamətlərdə uğurlu irəliləyişə nail olunsa, sonda bu xətlər özündə nəyi birləşdirəcək? Bununla Krıma yol açıla bilərmi?

– Birincisi, Xerson istiqaməti siyasi-strateji baxımdan çox əhəmiyyətlidir. Çünki Xerson yeganə vilayət mərkəzidir ki, Rusiya tərəfindən ələ keçirilib, burada rusların xüsusi əməliyyatı mühüm rol oynayıb. Yəni, əvvəldən burada əməliyyat tədbirləri görülüb və şəhər xəyanət nəticəsində itirilib. Xersonun azad edilməsi isə Putin Rusiyası üçün siyasi sonun başlanğıcı olacaq. Bu baxımdan da siyasi əhəmiyyət daşıyır.

Hərbi-operativ baxımdan isə Xersonun azad edilməsi sualı durmur. Söhbət şəhərin hansı müddətdə və hansı itkilər hesabına azad ediləcəyindən gedir. Artıq Dnepr çayının sağ sahili mühasirədədir və Ukrayna ordusu orada sistemli iş aparır, irəliləyir, ərazini ruslardan təmizləyir. Ukrayna çalışır ki, bir tərəfdən öz canlı qüvvəsini qorusun, eləcə də işğal altında yaşayan mülki əhaliyə zərər vurmasın və yaşayış məntəqələrini dağıtmasın. Odur ki, burada prosesin sürətlə gedəcəyini düşünməyin. Məncə, hazırda hərbi baxımdan əsas əhəmiyyət daşıyan Xarkov bölgəsində başlayan əks-hücum əməliyyatıdır. Əgər Xerson siyasi-strateji baxımdan əhəmiyyətlidirsə, fikrimcə, Xarkov istiqamətindəki hücum hərbi-strateji baxımdan əhəmiyyət daşıyır. Çünki burada məqsəd Kupyanska çıxmaqdır. Kupyansk Şərqi Ukraynanın logistik mərkəzidir. Bura nəzarətə götürüləcəksə, Putinin nəinki cənubi, hətta şərqi Ukrayna ilə bağlı arzuları da puç olacaq.

Həmçinin, İzyumdakı rus ordusu təhlükə altında qalacaq. Odur ki, bu istiqamət mühümdür.

Mən üçüncü hücum xəttini də gözləyirəm. Hələlik bu xətt açılmayıb. Zənnimcə, yeni əks-hücum xətti Melitopol-Krım istiqaməti ola bilər. Bu, mənim indiki vəziyyətdən çıxardığım qənaət və gözləntidir.

– Əgər Ukrayna Ordusu əks-hücum əməliyyatlarına başlayıbsa, deməli Qərb silahları ölkəyə tam miqyasda daxil olub…

– Mətbuatda ABŞ rəsmilərinin açıqlaması var. Onun qısa mahiyyəti budur ki, Ukraynaya əks-hücum üçün nə lazımdırsa, vermişik. Eyni zamanda, əks-hücum əməliyyatına başlamaq üçün Ukrayna Baş Qərargahından Pentaqona və “Ramştayn” qrupuna tələb olunan hərbi yardımın siyahısı təqdim edilib. “Ramştayn” qrupunun növbəti görüşü keçirilir və orada Ukraynaya dəstək məsələsi müzakirə edilir. Bu ərəfədə Ukraynanın uğurlu əks-hücumu isə Qərbə mesajdır. Məncə, Ukrayna tərəfi daha ciddi formada uzaqmənzilli silahlar istəyəcək və buna da haqları çatır. Burada söhbət daha böyük silahlardan – təyyarələrdən, tanklardan, hava hücumundan müdafiə sistemlərindən, daha uzun mənzilli raketlərin verilməsindən gedə bilər.

– Putin son Şərq İqtisadi Forumunda çıxışı zamanı bəyan etdi ki, Ukraynada Rusiya heç nə itirməyib və itirməyəcək də. Bu açıqlama nə dərəcədə reallığa uyğundur və Putin bununla hansı mesajı verir?

– Bu açıqlamalar şərti xarakter daşıyır və onların demək olar ki, əhəmiyyəti yoxdur. Əsas məsələlər fakt, davranış və reallıqlardır. Bu baxımdan Ukraynada gedən proseslər göz önündədir və onun şərh edilməsinə ehtiyac yoxdur. Ən başlıcası arxa planda gedən proseslərdir. Bunun da ana xətti ondan ibarətdir ki, Putin və ətrafı adam qalmayıb ki, Zelenski ilə görüşü təşkil etmək üçün minnətçi salmasın. Bu da Putinin və ətrafının düşdüyü vəziyyəti göstərir.

İkincisi, Putin rus xalqına nə deməlidir? Deyəcək ki, biz ağır vəziyyətə düşmüşük, strateji tələdəyik, artıq operativ hərbi təşəbbüs də Ukraynanın əlinə keçir, itirə-itirə gedirik, tədbir görə bilmirik, vəziyyət daha da pis olacaq və sair? Deyiləcək bir sözü yoxdur.

– Rusiya artıq Avropaya qaz nəqlini dayandırıb. NATO Baş katibi Yens Stoltenberq, habelə aparıcı təhlil mərkəzləri proqnoz edirlər ki, qış fəslində Avropada nümayişlər, etirazlar və problemlər müşahidə olunacaq. Buna hazır olmaq lazımdır. Rusiya bu yolla Avropada hakimiyyətlərin dəyişməsinə, stabilliyin pozulmasına nail ola bilərmi?

– Artıq Putin Rusiyası ən son silahlarını işə salıb. Neftlə bağlı şantaj dekabrın 5-də bitəcək. Bu tarixdən başlayaraq ondan xam neftin alınması dayandırılacaq. Qazla bağlı asılılıqdan da Avropa sürətlə yaxa qurtarmağa çalışır. Demək olar ki, Avropanın qaz anbarları 80 faiz doldurulub. Yəqin ki, soyuqlar düşənə qədər bu rəqəm 90 faiz olacaq. Mən düşünmürəm ki, Avropada enerji daşıyıcıları ilə bağlı bir problem olacaq. Sıxıntılar olacaq, amma bunların da təsirlərini görülən tədbirlər sayəsində aşağı salmaq mümkün olacaq. Hər halda, avropalı rusiyalı deyil. O, bilir ki, övladlarının müharibəyə gedib gəlməməsindənsə, evdə hərarəti 1-2 dərəcə aşağı salmaq daha yaxşı variantdır.

Bir azdan görəcəksiniz ki, enerji ilə bağlı Rusiya Avropadakı “beşinci kolonu”nu işə salır, sosial-iqtisadi durumun ağır olduğunu təbliğ edir və s. Onsuz da pandemiyadan sonra dünyada tədarük zəncirində qırılmalar vardı, ciddi problemlər yaranmışdı, inflyasiya gedirdi. Proses yenicə axarına düşürdü ki, müharibə başladı. Təbii ki, obyektiv amillər də var və onların da prosesə təsiri olacaq. Amma mən bunun həlledici rol oynayacağını düşünmürəm.

Qalır nüvə şantajı. ABŞ və Böyük Britaniya, xüsusilə ABŞ Baş Qərargahı taktiki nüvə silahının işlənəcəyi təqdirdə buna cavab veriləcəyini və bu cavabdan Putinin şəxsən nəsibini alacağını səsləndirib.

Bundan sonra Rusiya Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı şantaja keçdi, amma gördüyünüz kimi MAQATE-nin vasitəsilə bunun da qarşısını almaq üçün addımlar atılır. Qısası, qurbağanın həlim tempraturda tədricən bişirilməsi strategiyası davam edir…

– Demək istəyirsiniz ki, Rusiyanın əlində artıq başqa təsir vasitələri yoxdur?

– Bəli, yollar qapanıb. İndi Putin taxıl şantajına keçir. Deyir ki, Ukrayna taxılı varlı ölkələrə gedir. Amma bunun qarşısını yenidən kəssə, kasıb ölkələrdə də nüfuzdan düşəcək, üstəlik, Türkiyə ilə münasibətləri pisləşəcək. Məncə, bu, Rusiyanın xeyrinə olmazdı. Üstəlik bu, Türkiyə üçün də bəhanə ola bilər. Odur ki, bu açıqlama Rusiyanın özü üçün risklidir.

AzPolitika.info

Həmçinin oxuyun

“Növbəti müharibə Qarabağda deyil, Zəngəzurda olacaq”

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ilə müsahibəni təqdim edirik: – Tofiq müəllim, …