Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Müsahibə / Xalq artisti: “Deməmişəm ki, kasıb komasından igid çıxa bilməz”

Xalq artisti: “Deməmişəm ki, kasıb komasından igid çıxa bilməz”

Xalq artisti Afaq Bəşirqızının aparıcı Murad Arifə verdiyi geniş müsahibədə səsləndirdiyi bir fikir rezonans doğurub, yenidən polemika açılıb, ünvanına sərt tənqidlər yazılmasına səbəb olub.

Sosial şəbəkələrdə A.Bəşirqızının daha əvvəlki intervyüsündə söylədiyi “Rayonlardan gəlib ”padval”da uşaq doğanlar…” sözünü sitat gətirərək şəhidlərimizin, əsgərlərimizin məhz həmin zirzəmilərdən çıxan cavanlar olduğunu yazırlar.

Xalq artisti isə M.Arifə müsahibəsində bu reaksiyanı verib: “Yazırlar ki, cəbhələrdə şəhid olanlar həmin o ”padval”larda doğulan uşaqlardır. Ay kəmsavad, bədbəxt, mən demirəm ki, komalarda, kasıb yuvalarında böyüyən igidlər…

Deyirəm ki, yaman gündə, suyun içində, qapı-pəncərəsiz, havasız, şəraitsiz yerdə doğulan uşaqlar…O mənim heç cür əsgərim ola bilməz, çünki o heç uşaq kimi doğulmur.

Mənim sözümü çox adam başa düşmürsə, nə edə bilərəm? Öz doğma torpağımızı, məcburi köçkünlər istisna olmaqla, qoyuruq və durub şəhərə gəlirik. Vaxtından əvvəl evlənirik, 100-200 manat kirayədə qala bilməzsən.

Gedirsən yeni tikililərin zirzəmisində yer götürür, pəncərəsini kardonlayırsan ki, uşaq dünyaya gətirim. Sonra düşürsən verilişlərin canına ki, uşağın başını düzəldin.

Sonra mənə deyirlər, cəbhədə şəhid olanlar o zirzəmidə doğulanlardır. Ay savadsızlar, mən su basmış zirzəmiləri nəzərdə tuturam. Onlar heç uşaq kimi doğulmur: havasız, su içində”.

Ancaq onun bu fikri birmənalı qarşılanmayıb, təhqir kimi qiymətləndirilib və sosial mediada müzakirələr açıb.

Bütün bu söz-söhbətlərə aydınlıq gətirmək üçün A.Bəşirqızının özü ilə danışmışıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

– Afaq xanım, siz Murad Arifə müsahibənizdə cəmiyyəti nəyi çatdırmaq istəmisiniz?

– O müsahibədə dediyim fikri istədikləri şəkildə təhrif ediblər. Yəqin ki, geniş formatına baxmamısınız. Biri yazmışdı ki, o “padval”larda əsgər böyüyür. Mən də dedim ki, o şəraitdə uşaq böyüyə bilməz.

Həmin uşaq ya zibil yeşiyinə qoyulur, valideyn tərəfindən atılır, ya da xəstə doğulur. Ancaq mənim fikrimi başqa cür təhrif ediblər.

Mən deməmişəm ki, kasıbın daxmasından qəhrəman, igid oğlumuz çıxa bilməz. Ona görə də həmin saytla danışmağa gedirəm. Biz müharibə şəraitindəyik, bu şou nəyə lazımdır?

Mən şərh yazanların arasında trolların, ermənilərin əlinin olmasına da şübhə etmirəm. Odur ki, bununla birdəfəlik məşğul olmaq lazımdır.

Bu gün xalqın hörmət etdiyi ziyalıları, sənətkarları gözdən salmaq istəyirlər, millətin özünə zərbə vururlar.

Bəhram Bağırzadə neçə vaxtdır ki, müalicə olunur. Demişdim ki, Allah ömrümdən kəsib ona versin. Amma Bəhrama nələr yazmadılar?! Guya yalandan xəstədir, reklam edir, nələr, nələr… Biz bununla hara gedirik?

Mən bilirəm ki, bunu azərbaycanlılar etmir. Ona görə bu gündən qlobal iş başlayır. Mən bəlkə də yazılanlara göz yumardım. Amma burada şəhid adı çəkilir. Afaq Bəşirqızı canını, sağlamlığını xalq üçün itirib. İndi mənə şər atırlar ki, şəhidləri təhqir etmişəm.

Mən demişəm ki, havasız, şəraitsiz yerdə doğulan uşaq sağlam olmur, əsgər kimi yetişə bilməz. Ancaq sözümü başqa mənaya yozurlar.

Bizim kasıb yuvasından çıxan hərbçilərimiz, əsgərlərimiz var. Normal düşüncəsi olan insan heç fikirləşər ki, Afaq Bəşirqızı şəhidləri təhqir etmək istəsin? Sözsüz ki, bu məsələləri qızışdıranlar da var, sonrakılar isə kor-koranə şəkildə kampaniyaya qoşulurlar. Amma bir çoxları istinadır. Ona görə də daha bəsdir, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Buna artıq son qoyulmalıdır.

– Sizin “padval”da böyüyən uşaq” sözünüz insanların xoşuna gəlməyib…

– Afaq Bəşirqızı özü də Mustafa Sübhi küçəsi 217-də “padval”da böyüyüb. Burada nə var ki? Mənim əvvəlki intervyümdə dediyim “padval” məsələsi başqa idi.

Orada demişdim ki, rayonlardan gəlib erkən nikah quranlar, ailəsinin razılığı olmadan kənddən gəlib burada “padval”da yaşayıb uşaq doğanlar var. Efirə çıxan belə ailələr az görmüşük?

Bunlar ayrı-ayrı məsələlərdir. Mən Murada müsahibəmdə rayonlardakı vəziyyətdən də danışmışam. Murad Arifə verdiyim müsahibəyə tam baxsınlar, ondan sonra fikirlərini yazsınlar.

Amma bu gün mənə şər-böhtan yağdırdılar. Ona görə hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.

Qoy mənə böhtan atanların birinci Allah, ikinici hüquq-mühafizə orqanları cəzasını versin. Daha bəsdir, mənə başqa yol qoymurlar.

Həmçinin oxuyun

Zahid Oruc: “Bu ləyaqətsiz və qeyri-insani hərəkətin cavabı məhz Ermənistanda olmalıdır”

Oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə …