Şənbə , Fevral 27 2021
Ana səhifə / Müsahibə / Vəfa Rəşidova: “Qazimizin intiharı bizim üçün SOS siqnalı olmalı idi, amma…”

Vəfa Rəşidova: “Qazimizin intiharı bizim üçün SOS siqnalı olmalı idi, amma…”

Müharibənin fəsadları, itkilər və pandemiyanın hələ də davam etməsi toplumun psixologiyasına ciddi təsir göstərir. Bunun fəsadlarını artıq cəmiyyətdə müşahidə etməyə başlayırıq. Müharibədən yenicə çıxan Azərbaycan cəmiyyətinin indi ən əsas problemlərindən biri də qazilərin, şəhid ailələrinin yaşadığı psixoloji gərginliklər, onun ortaya çıxardığı fəsadlardır.

Psixoloq Vəfa Rəşidova bu və digər məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Müharibədən yeni çıxan, pandemiya ilə mübarizə aparan  cəmiyyətimizin indiki psixoloji vəziyyətini necə dəyərləndirirsiniz?

– Cəmiyyətin psixoloji vəziyyəti əlbəttə ki, çox gərgindir. Müharibə və pandemiyanın bir arada olması xüsusən də rahatlığa alışan bir toplum üçün çox çətindir. Vətən müharibəsinin başlaması çoxumuz üçün spontan oldu. Yəni böyük əksəriyyət bunu gözləmirdi. Müharibə gözlənilməz anda başladığı kimi, qısa bir zamanda – 44 gündən sonra başa çatdı. Eləcə də pandemiyaya qədər belə bir xəstəliyin ola biləcəyini gözləmirdik. Pandemiya başlayandan insanlar arasında “bu xəstəlik bizdən nə alacaq, nələri itirəcəyik?” deyə qorxular var idi. Vətən müharibəsindən əvvəl Birinci Qarabağ müharibəsini yaşadığımız üçün müəyyən qədər bilirdik ki, itkilərimiz ola bilər. Eyni zamanda milətimiz   bu müharibəni arzulayırdı və arzuladığımız da oldu, biz qalib gəldik. Lakin insanlar pandemiya ilə müharbənin eyni vaxtda olmasına tab gətirə bilmir, nevroloji, depressiv hallar yaşayır. Beləliklə, son vaxtlar mənə üz tutan pasiyentlərdən deyə bilərəm ki, insanların əskəriyyəti dərin depressiyadan əziyyət çəkir. Artıq depressiya bəzi insanlarda özünü daha kəskin şəkildə göstərməyə başlayıb. Hətta depressiyadan ayağa qalxmaq istəməyənlər var. Ümumiyyətlə, müharibə yaşayan ölkələrə, illərə nəzər salanda görürük ki, müharibədən sonrakı  dövründə posttravmatik stresslər, intihar və digər aqressiv hallar artır. Bu, bütün dövrlərdə, əsrlərdə belə olub. Müharibənin qızğın dönəmi o qədər də təsirli olmur, nəinki müharibədən  sonrakı dövr. Bugünkü psixoloji vəziyyətimizi toparlamaq üçün bizə zaman tələb olunacaq. Biz bu vəziyyətdən yalnız bir-birimizə yardım etməklə çıxa bilərik. Zatən insanlar bir-birilərindən bunu gözləyir.

Bir məsələni də qeyd etmək istərdim, pandemiya öz fəsadları ilə insanlar arasında münasibətlərə son qoydu. Xalqımızın özünəməxsus mental xüsusiyyətləri, xarakterimiz var idi ki, o da pandemiya üzündən dağıldı. Bir-birimizə qonaq getməyi, hal-əhval tutmağı yadırğadıq. Lakin müharibə bizi birləşdirdi. Yəni pandemiyanın dağıtdığı məqamları müharibə bərpa etdi, möhkəmləndirdi, insanlar bir-birinə dəstək olmağa başladı. Bacardığımız qədər əsgərlərimizə, qazilərimizə, şəhid ailələrinə maddi və mənəvi cəhətdən dəstək olmağa çalışdıq.

–  İndi əsas problemlərdən biri də müharibədən çıxan qazilərimizin psixoloji durumu ilə bağlıdır. Məlum olduğu kimi, bugünlərdə iki qazimiz intihar etdi. Bu, həyəcan siqnalı deyilmi?

– Bu, çox həssas bir mövzudur. İndi əsas problemlərimizdən biri müharibədən çıxan qazilərimizin psixoloji vəziyyəti ilə bağlıdır. Bəli, artıq müharibədən çıxan əsgərlərimizin vəziyyəti maksimum dərəcədə bizi narahat etməlidir. Bu gün qazilərimiz, əsgər anaları, eyni zamanda şəhid ailələri dəhşətli bir dönəm yaşayırlar. Biz onların yanında olmalıyıq. Bəs bunu necə etməliyik?

Birinci qazimizin intiharı SOS siqnalı idi. İkinci intihar isə problemin həllinə  gecikmişik deməkdir. Əlbəttə ki, toplum olaraq əsgərlərimizin, şəhid ailələrinin yanındayıq, lakin bu yetərli deyil. Xeyli sayda psixoloqlar var ki, könüllü öz dəstəyini verməyə çalışır. Amma görünür ki, bunu daha sistemli, mərkəzləşdirilmiş, komanda şəkildə təşkil etməliyik. Bununla da bütün əsgər, qazi və şəhid ailələrinə psixoloqlar yönləndirilsə, öz müsbət nəticəsini verər. Eyni zamanda bu məsələ üçün peşəkar psixoloqlara üstünlük verilməlidir, nəinki tələbə, təcrübəsi olmayan psixoloqlara. Bir daha qeyd edirəm, iki qazinin intiharı cəmiyyətimiz üçün böyük həyəcan siqnalıdır. Qazilər müharibə zamanı böyük dəhşətlər yaşayıblar. Yanlarında əsgər yoldaşları, dostları, komandirləri şəhid olub. Əsgərlərimiz bütün resurslarını ortaya qoyub, var güclərini sərf edib,  döyüşlərdə qələbə qazanıblar. İndi itirdikləri resusları bərpa etməyin zamanıdır. Bunu da yalnız peşəkar psixoloqlar edə bilər.

Bəli, bəzi qazilərimiz var ki, psixoloqa müraciət etməyə çəkinir, utanır və yaxud ümumiyyətlə istəmir, özlərinə zaman verərək sanki adaptasiya dönəmindən özlərinin keçə biləcəyinə inanırlar. Lakin bir daha qeyd edirəm ki, travma alan qazilərimizin mövcud vəziyyətdən özlərinin təkbaşına çıxması mümkün deyil. Burada mütləq şəkildə peşəkar şəkildə müdaxilələr, dəstəklər lazımdır. Əlbəttə ki, biz psixoloqlar öz təşəbbüsümüz və yaxud yaxınlarının köməyi ilə bir sıra qaziləri seanslara cəlb edə bilirik. Lakin bundan kənarda qalanların sayı da xeyli çoxdur.

– Qazilərdən və yaxud şəhid ailələrindən sizə müraciət edənlər olubmu?

– Əlbəttə ki, olub. Hətta indi də bir neçə qazimizlə çalışıram. Lakin qazi və əsgərlərimizin adətən belə bir psixologiyası var, sanki bizə əziyyət verməkdən utanırlar. Bəziləri hətta deyir ki, “Vəfa xanım, sizin vaxtınızı almaqdan, sizə əziyyət verməkdən utanıram”. Mən isə cavabımda deyirəm ki, “sizlər xalqımızın, bizlərin rahat yaşaması üçün bütün canınızı, qanınızı verərək, əlinizdən gələn hər şeyi etdiniz. Sizə nə qədər vaxt ayırsaq belə, yenə də azdır”. Amma görürük ki, əsgərlərimiz yenə də çox təvazökardırlar. Bəzən etdikləri qəhrəmanlıqları belə təvazökarcasına danışmaq istəmir, yalnız dostlarının göstərdiyi şücaətlərdən söz açırlar. Beləliklə, bir psixoloq kimi mən də qazilərimizə, şəhid ailələrinə dəstək verməyə çalışıram. Lakin bu mənim kimi 5-10 psixoloqla yetmir. Əgər məsələni sistemləşdirilmiş şəkildə etsək, onların hər biri bunu vacib qəbul edib, qeydiyyatdan keçib, seanslara qatılarlar.

– Bununla bağlı hansı məsləhətləriniz var?

– Əslində mövzu haqqında çoxlu məsləhətlər vermək olar. Deyim ki, təkcə Vətən müharibəsi deyil, həm də bundan əvvəl birinci Qarabağ müharibəsi iştirakçıları ilə də çalışmışam və hazırda bu işi davam etdirirəm. Təsəvvür edin ki, birinci Qarabağ mühribəsinin iştirakçısı olan qazilərimiz bu ilə qədər, yəni qalibiyyətimizə qədər hələ də travmalarından qurtula bilmirdilər, çünki məğlubiyyət travması almışdılar. Onlarla fərqli tərəfdən yanaşıb, peşəkarcasına çalışmalıyıq. Bəzən təcrübəsiz psixoloqlar qazilərimizə qeyri-peşəkar, qeyri-həssas suallar verirlər. Bunu dəfələrlə efirlərdə də görmüşük. Əlbəttə ki, bu zaman qazilər psixoloqlarla çalışmaqdan çəkinirlər. Halbuki biz onlarda özümüzə qarşı qıcıq, aqressiya yaratmamalıyıq. Lütfən, təcrübəsiz psixoloqlar bu məsələyə qoşulmasınlar. Bəzən görürük ki, psixoloq qazi ilə seansdan sonra onunla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşır. Hətta qazinin özünün razılığı olsa belə, psixoloq bu cür addım atmamalıdır.

– Bir ildir ki, dünya pandemiya bəlasından əziyyət çəkir. Amma insanlar bu virusu sanki artıq əvvəlki qorxu ilə qarşılamır, “soyuq başla” mübarizə aparmağa çalışır.

– Deməzdim ki, son vaxtlar insanlar pandemiya ilə soyuqqanlı mübarizə aparır. Əksinə, son zamanlar daha tədbirlidirlər. Çünki indi hər kəs bilir ki, nəyi necə etmək, hansı tədbirlər görmək, qorunmaq lazımdır. Artıq müşahidə edirik ki, insanlar qaydalara daha çox riayət etməyə çalışır. Xatırlayırsınızsa, pandemiyanın ilk vaxtlarında insanlar bu qaydalara uymaq istəmirdilər. Bunu da anlamaq olurdu, çünki gözlənilmədən həyat rejimimiz tamamilə dəyişmişdi. Beləliklə, ilk vaxtlarda insanlar bu məsələdən çox əziyyət çəksə də, artıq indi qaydalara riayət etməyə, özünü qorumağa çalışır. İnsanlar bilir ki, müalicə alaraq bu virusdan qurtulmaq olur. Yəni toplum artıq buna alışıb və daha sakit formada mübarizə aparmağa çalışır.

– Bütün bunlara həm də qış depressiyası da əlavə olunur…

– Bəli, bütün fəsillərin özünəməxsus depressiyası olduğu kimi, qış mövsümünün də depressiyası var. Ümumiyyətlə, qışda depressiya daha da kəskinləşir. Çünki günəş olmur, həyatımız bir qədər dinamiksizləşir. Pandemiya və postmüharibə dövrü bu depressiyanı bir qədər də aqressivləşdirir. Əgər pandemiya və postmüharibə dövrü olmasaydı, qış depressiyası bir qədər yüngül keçərdi. Lakin bu gün mövcud vəziyyətlə əlaqədar qış depressiyası ağır keçir. Məsələn, hazırda pasiyentlərim var ki, qış depressiyasını çox kəskin yaşayır. Müşahidə edirəm ki, illər öncə qış depressiyasından əziyyət çəkən pasiyentlərimlə indikilərin arasında böyük fərq var. Çünki daha çox ev şəraitində olur, dostlarla görüşmür, gediş-gəlişdən çəkinir, təbiətlə az ünsiyyətdə oluruq. Əlbəttə ki, bütün bunlar həm fiziologiyamızda, həm də psixologiyamızda fəsadlar əmələ gətirir və kəskin dəyişikliklər baş verir. Hazırda çox kritik dönəm yaşayırıq. İndi çoxları qışın bitməsini böyük səbirsizliklə gözləyir. Çünki qış depressiyası xüsusi depressiyadır və digər fəsillərdən fərqli olaraq daha dərin yaşanır. Bu səbəbdən insanlar mütləq şəkildə psixoloji dəstək almalıdırlar. Ağır depressiyalar bir sıra hallarda intiharlara gətirib çıxarır. Bunların yaşanmaması üçün hər bir ailənin psixoloqu olmalıdır”.

Həmçinin oxuyun

“Ay alçaq, yaşayırdın da!“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, Sovet vaxtı ermənilərlə birgə yaşamısınız, onlar sizin …